Quran və problemlərin həlli7
Bismillahir-Rəhmanir-Rəhim.
İslam baxımından müsabiqə
Hər bir xeyir işdə müsabiqə Quranın və İslamın tövsiyəsidir. Səbəbi də budur ki, müsabiqə və yarışlarda insanların bütün gizli istedad və bacarıqları üzə çıxır. Bu müsabiqələrdə yaranan qüvvə bəzən adi halda yaranmır. Amma heç bir şey insanın ilahi maariflə, özü də ən orijinal qaynaq olan Quranla tanış olmasına çatmaz.
Quran müsabiqələrinin əhəmiyyəti
Mən Quran müsabiqələrini böyük iş sayıram. Tələbələrin, əziz gənclərin ürəkdən bu işə qoşulduqlarına görə çox sevinir, Böyük Allaha şükür və sizi təbrik edirəm.
Quranın əzəməti və dərinliyi
Mənim əzizlərim! Quran çox böyük və uca kitabdır. Məhduddur, 300-400 səhifədir, amma aktiv və dinamik beynin aləmin həqiqətini tanıması üçün lazım olan bütün təlimlər çox dərin formada bu kitaba yerləşdirilmişdir; özü də müəyyən bir səviyyə üçün yox. İnsan elmi hansı inkişaf mərhələsinə çatsa, hələ də bu dərin okeana baş vurmağa və öyrənməyə ehtiyacı var. Bunun özü böyük bir möcüzədir. Siz dərin elmi bir kitabı təsəvvür edin. Adi insan onu anlamır. Bir qədər elmi artandan sonra ondan nələrsə anlayır. Elmi yüksəldikcə ondan maksimum istifadə edir, daha yüksələndə bəzən nəyisə yada salmaq üçün ona müraciət edir və bəhrələnir. Lakin insanın elmi bundan da artıq inkişaf edəndə daha bu kitab onun üçün faydasız olur. Məsələn, bir elmi dərindən mənimsəmiş bir insan uyğun sahədə hansısa dərin kitabı 100 dəfə dərs demiş, mütaliə etmiş, çox məsələlərini öyrənmiş, yaxud rədd etmişdir. Daha həmin kitabda onun üçün yeni bir şey yoxdur. Quran isə belə deyil. Quranın hətta Peyğəmbərimizin ömrünün son anlarına qədər onun üçün də təzə sözü olmuşdur. İnsan Quranda nə qədər dərinə varsa, daha çox söz tapır. Mən burada özümü misal çəkməyə xəcalət çəkirəm, çünki mən bir okean üzərindəki saman çöpünə bənzəyirəm. Quranın dərininə getsəm, doğrudan da bundan artıq olmaz. Özümü misal çəkməyim bundan ötrüdür ki, mənim övladlarım kimi olan siz əzizlər bir qədər məsələnin mahiyyəti ilə tanış olasınız.
Quranla ünsiyyətin mərhələləri
Fərz edin mən 50 ildir Quranla ünsiyyətdəyəm; yəni yeniyetməlik illərindən. Bəlkə də 40 ildir Quran üzərində təfəkkür edirəm, oxuyanda mənalarına diqqət yetirirəm. İnqilabın qələbəsindən qabaq Məşhəddə illərlə təfsir dərsi demişəm. Amma indi də Quran oxuyanda, hətta az rastlaşdığım surələrdə yox, bəzən hər gün təkrar olunan surə və ayələrdə elə məqamlara rast gəlirəm ki, çox təəccüb edirəm. Öz-özümə deyirəm ki, 40-50 illdir Quranla ünsiyyətdəyəm, amma bu ayədə bu məqamı anlamamışdım. Yəni yeni bir baca açılır. Quran belədir.
Əlbəttə, bizim gənclik dövrümüzdə Quran oxumaq və Quranla ünsiyyət yalnız fərdi bir iş idi, mühit heç bir yardım etmirdi. Hər kəs öz həvəsinə görə bu işlə məşğul olurdu. Siz universitetdə, elmi mühitdə, məktəbdə, ictimai, yaxud siyasi fəaliyyətlərdə Quranla məşğul olursunuz, hər yerdə Qurandan, Quran müsabiqəsindən və Quran dəyərlərindən söhbət gedir. Mühit çox yaxşıdır, insan çox asanlıqla özünü bu çeşməyə yaxınlaşdırıb doyura bilər. O zaman isə belə deyildi, bizim şəxsi iradəmizə bağlı idi və bəllidir ki, şəxsi iradə o qədər də güclü deyil.
Siz indi Quranı asanlıqla əzbərləyə bilərsiniz. İndi bizdə nə qədər Quran hafizi var. Sizin aranızda 1 cüz, 2 cüz, yaxud bütün Quranı əzbərləyənlər ola bilər. İndi cəmiyyətimizdə çoxdur. Bu, böyük üstünlükdür. Sizin Quranı əzbərləməniz və onunla ünsiyyətdə olmanız Quran məfhumları ilə tanış olmaq üçün daha böyük imkan yaradır. Bu imkanı dəyərləndirin, Quran anlayışları ilə ünsiyyətdə olun.
Mənim əzizlərim! İlk addım Quranın mətni ilə tanışlıqdır. Bunu etməlisiniz. Növbəti addım Quranla ünsiyyətdə olmaq, yəni tez-tez Quran oxumaqdır. Quran oxumağı buraxmayın. Bu arada kimsə Quranı əzbərləyə də bilsə, bir neçə addım irəliyə düşmüş olur və digər işlər asanlaşır. Hər halda, sonrakı addım Quran ayələri üzərində təfəkkür etməkdir. İnsan Quranın hər bir ayəsinə, ona deyilən düşünülmüş söz kimi yanaşmalıdır. Danışan düşünərək danışırsa, biz onun sözünü anlamaq üçün diqqətli olmağa məcburuq. Qurana belə yanaşın. O, sizinlə düşünərək danışır.
Siz Quran oxuduqda görürsünüz ki, bu sözlərin hamısı dərindir. Hər bir ayədə bu dərinliyi axtarmaq lazım deyil. Xeyr, siz ayələrin tərcüməsini bilsəniz, təfəkkür imkanı yaranacaq. Ayələrin tərcüməsini bilmək mütləq lazımdır. İnsan ayələr üzərində düşünmək istəyirsə, Quranın mənasını bilməlidir. Bu, vacib şərtdir.
Quran üzərində təfəkkürün asanlığı
Bu işlərin hamısı asandır, çətin olduğunu sanmayın. Bu iş bəzən üç-dörd kimya, yaxud riyaziyyat formulu əzbərləməkdən də asan olur. Bunlardan çox asandır. İnsanın zehni Quranla tanış olduqda avtomatik olaraq onu özünə sarı çəkir. Quran belədir.
Quranın gözəlliyi
Mənim əzizlərim! Bu mətn dünyanın ən gözəl mətnlərindən biridir. Bildiyiniz kimi, dil daim inkişafdadır. İndiki ərəb dilinin Quran dili ilə fərqi var. Amma eyni zamanda bu gün ərəblər gözəl danışmağa çalışanda mütləq Quran ayələrindən sitat gətirirlər. Yəni bu sözlər o qədər gözəldir ki, bu gün bu qədər vaxt ötdükdən sonra gözəl bir qaş kimi nitqi bəzəyir. Bu qədər gözəldir.
Siz baxın, o zaman Məkkədə təəssübkeş, beyni qapalı, həddən artıq kobud, cahil ənənələrə bərk bağlı və bəziləri Quranın sözündən çox qorxan və narahat olan insanlar bu kəlamın ahəngdarlığı, gözəlliyi, fəsahəti və dərinliyi qarşısında diz çökdülər. Onların bəzisinin ürəkləri yumşaldı, iman gətirdilər, bəziləri də məhz bununla məğlub edildilər.
Quran - bütün problemlərin əlacı
Bizim əlimizdə bu möhtəşəm mətn belə bir şeydir. Bunun qədrini bilin. Quran düşüncə problemlərini, düyünlərini, psixoloji və duyğusal problemləri həll edir. İnsan yavaş-yavaş Quranla ünsiyyət qurduqca, duyğusal, əxlaqi, yaxud düşüncə baxımından çıxılmaz vəziyyətə düşdükdə qəfildən bir ulduzun parladığını görür, ona sarı gedir və yol açılır. Quran belədir.
Quranı uca tutun, onunla ünsiyyətdə olun. Mən bu işlə məşğul olan qardaş və bacılara, sizin hamınıza, xüsusən də sizə bu imkanı yaradanlara təşəkkür edirəm. İnşallah, cəmiyyətimizdə Quran dalğası günbəgün genişlənsin, dərinləşsin və biz özümüzü bu zülal çeşməyə vurub Allahın izni ilə yetərincə bəhrələnək. İnşallah, müvəffəq olasınız.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |