Acı hadisələrdə imanın rolu9
Bismillahir-Rəhmanir-Rəhim.
Universitet məhəlləsi hadisəsinin araşdırılması
Mənim fikrimcə, bu hadisələr barədə iki növ fikir yürütmək olar: Biri ibtidai yanaşmadır. İnsan bir hadisə, bir faciə, yaxud cinayətlə rastlaşdıqda üzərinə bəzi vəzifələr düşür. Hər kəsin bir vəzifəsi var. Olan bilsin, bir hadisədə bir nəfərin vəzifəsi şikayət etməkdir, birinin vəzifəsi araşdırmaq, başqa birinin vəzifəsi isə kömək etmək. Hadisələrdə hər kəsin üzərinə bir vəzifə düşür. Hər halda, əməli vəzifəni bilmək bir növ yanaşmadır. Ümidvarıq ki, bu hadisə ilə hər hansı yolla əlaqədar olan şəxslərin hər biri bu növ yanaşıb. Əgər yanaşmayıbsa, indi bunu etsin.
Hadisənin, şübhəsiz ki, cinayətkarları və səbəbləri var. O cinayətkarları cəzalandırmaq, səbəbləri tapmaq və onlara qarşı tədbir görmək lazımdır. Bu, hadisəyə bir növ yanaşma tərzidir.
Düzdür, hadisə çox acı idi; müxtəlif cəhətlərdən acı idi. Əvvəla, bir şəxsə deyil, bir təbəqəyə aid idi. Bunun fərqi çoxdur. Biri var insan bir fərdə problem yaradır, məsələn, birini döyür. Bu hadisə isə tələbə təbəqəsinə - cəmiyyətimizin səmərəli bir təbəqəsinə və bu ailənin seçilmiş övladlarına qarşı olmuşdur. Əslində, belədir; tələbə xalqımızdan ibarət böyük bir ailənin dəyərli övladıdır. Təbii ki, onlara qarşı hansısa bir hadisə baş versə, insan daha çox üzülər və narahat olar.
Üçüncüsü budur ki, bu, universitetdə baş verib. Yataqxana da universitetin, universitet məhəlləsinin bir hissəsidir, tələbələrindir. Dördüncüsü budur ki, bu, gecə vaxtı, istirahət zamanı, dinc bir vaxtda baş vermişdir.
Hər halda, bu tip səbəblərin hər biri ayrı-ayrılıqda bu hadisənin insan üçün doğrudan da pis, acı və çirkin görünməsinə səbəb olur. Həqiqətən də acı idi.
Təbii ki, hamının üzərinə vəzifələr düşür. İndi bəziləri bir sıra işlər görürlər. Bu gün buraya gəlmiş yüksək rütbəli məmurların birinə yenə də təkrarladım ki, araşdırsınlar, bəlkə bu məsələdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirə bilək.
Bəli, bu, hadisəyə bir baxışdır. Bundan keçirik, çünki hadisənin baş verdiyi gündən bu barədə söhbət olunur. Mən də söhbət edəndə bu barədə danışdım, digərləri də bu barədə danışdılar. Bildiyiniz kimi, bu barədə müxtəlif baxışlar var. Biri deyir ki, kimin işi idi, biri deyir hiylə idi. Müxtəlif fikirləri olan şəxslərin hamısı hadisəyə bu baxışla baxdılar.
Hadisələrə müsbət və mənfi baxış
Hadisələr barədə başqa bir baxış növü də var. Hər bir insan zahirən acı olan bir hadisədən dəyərli və səmərəli istifadə edə bilər. Hər bir insanın acı hadisə qarşısında zehni və ruhi yanaşma növü fərqlidir. Fərz edin, bir zəlzələ baş verir. Zəlzələ çox acı hadisədir. Siz bəlkə də haradasa zəlzələ görmüsünüz. Mən zəlzələnin dağıtdığı yerlərdə çox olmuşam. Bu, çox acı və üzücü hadisələrdəndir. Lakin zəlzələyə iki cür yanaşmaq mümkündür: Biri budur ki, məruz qalanlar üçün müsbət və faydalı bir hadisəyə çevrilsin. Başqa birisi də budur ki, tamamilə ziyanlı bir hadisə olsun. O şəxslərin özləri iki cür yanaşa bilərlər. Düzdür, onlar savadsız, məlumatsız olsalar, ikinci yanaşmadan istifadənin necəliyini digərləri onlara öyrətməlidirlər. Lakin tələbə təbəqəsi kimi alim, ağıllı, savadlı və məlumatlı olsalar, özləri mənəvi bəhrəni götürüb, onu özlərinə acınacaqlı yox, səmərəli edə bilərlər. Fərz edək, zəlzələdə öz atasını, anasını və digər əzizlərini əldən vermiş, evi uçmuş bir oğlan deyir ki, nəyim vardısa, əlimdən çıxdı. Deməli, əldə olanlara əbədi bir şey kimi baxmaq olmaz. Mən öz gücümə və Allah-Taalanın verdiyi ruhiyyəyə güvənib bu ziyanları aradan qaldırmalıyam. Var olanın bir anda yox olduğu kimi, olmayanın da bir anda, yaxud bir prosesdə var olması mümkündür. Əgər zəlzələdən zərər çəkmişlərin biri, yaxud hamısı bu nəticəyə gəlsə, bu, çox yaxşıdır. Mən 10 il içində Firdovsda, Təbəsdə, Rudbarda, Qəzvində və digər yerlərdə baş vermiş zəlzələləri görmüşəm. Onlar müxtəlif insanlar idilər. Bəzilərində doğrudan da bu ruhiyyə vardı: hadisə baş verən kimi işləməli və itirdiklərini yenidən yaratmalı olduqlarını düşünürdülər. Bu hiss onlar üçün əvvəl malik olmadıqları yeni bir inkişafın qaynağına çevrildi. Əvvəllər hərəsi bir şəhərdə rahat oturmuş, öz işləri ilə məşğul idilər. Sonra isə sıfırdan başlayan və qurub-yaradan həvəskar, aktiv əhaliyə çevrildilər.
O qədər acı olan bir zəlzələyə bu növ yanaşma tərzi ilə 10 ildən sonra baxdıqda görürük ki, bu hadisə həmin xalq üçün faydalı və inkişafa səbəb olub. Ümumilikdə, bu hadisəni mübarək saymaq olar. Əvvəl acı idi, amma əgər bu hadisə baş verməsəydi, onlar eyni tənbəllik və işsizlik halında adi həyat sürəcək və indi də adi bir camaat olacaqdılar. Lakin indi öz qolları, iradə və qərarları ilə bir yol keçmiş və çətin işlər görmüş əhali oldular.
Əgər zəlzələdən zərər çəkmiş insanlar bu fürsətdən ayrı cür istifadə etsələr, yəni desələr ki, yaxşı oldu, biz indiyə qədər hər gün mağazaya gedirdik, lakin indi yük maşını ilə bizə ərzaq gətirirlər. Biz səhərlər yataq, vaxtı çatanda çadırımıza bir şey gətirib verəcəklər və yeyəcəyik. Əgər az versələr, gedib dalaşar və yenə də istəyərik.
Əgər belə bir hal yaransa, - təəssüf ki, mən bəzi yerlərdə bunu da müşahidə etmiş, belə yaşayan bəzi şəxsləri görmüşəm - bu növ yanaşmaya görə zəlzələ doğrudan da bədbəxt bir hadisə olar.
Rifahın müsbət və mənfi tərəfləri
İndi siz zəlzələnin yerinə rifahı qoyun. Varlı bir ailədə yaşayan və heç bir problemi olmayan bir gənci təsəvvür edin. Yaxşı yataq taxtı, mütaliə stolu, avtomobili, isti havada sərinləşdiricisi və soyuq havada filan cihazı var, onun üçün hazır xörək gətirirlər və sair. Əgər bu şərait gənci tənbəl, işsiz və iradəsiz etsə, istedadlarını tanımaz hala salsa, onun üçün bir bəladır. Çünki gələcək həyatında bu şəraiti düzəltməsə, bədbəxt olar və pis yaşayar. Deməli, hadisədən sonrakı qərar və nəticə həlledici ola bilər.
Zərərçəkmişlərin müsbət baxışı
İndi sizin üçün acı bir hadisə baş verib. Bəziləri daha çox zərər çəkib, bəziləri bir qədər az. Hər halda, hamı zərər çəkib. Ən azı budur ki, vahiməyə düşüb, qorxub, otaqlarına çəkiliblər, onlar isə qapını təpiklə açıb, bəzilərini yuxudan oyadıb, bəzilərini təhqir ediblər. Hər halda, kobudluq baş vermişdir.
Bu hadisə acıdır, yəni bir cinayətdir. Lakin birinci dərəcəli acı hadisələrdən deyil. Bu, məlumdur. Bu, quruluşdakı məsuliyyətimə görə mənim üçün zəlzələdən də acı hadisə ola bilər. Çünki burada insani amillər və digər məsələlər var. Mən indi o baxımdan demirəm. Bu, hadisənin zərərçəkmişləri olan sizin baxışınızda birinci dərəcəli acı hadisələrdən olmaya bilər. Fərz edin ki, bundan da pisi raket zərbələrinə məruz qalanlardır. Amma hər halda, bu, acı hadisə idi.
İndi siz bu hadisədən necə istifadə edirsiniz? Yəni sizdə hansı fikrə və nəticəyə səbəb olub? Bunun gələcəyə təsiri var. Bu hadisədən hər növ nəticə çıxarmaq olar və bu nəticələrin hər biri insanın həyatında xüsusi təsir buraxa bilər. Misal üçün, insan axtardığı kamalın bir dərəcəsinə çatmaq yolunda hər bir gözlənilməz hadisənin qarşıya çıxmasının mümkün olduğunu düşünər. Çünki bu hadisə gözlənilmirdi. Yəni sizin ümumiyyətlə, gümanınız yetmirdi ki, belə bir hücum baş tutsun.
Təhsil, öyrənmək, kamilləşmək yolunda, yaxud bir qədər geniş götürsək, ümumiyyətlə, həyatda insanın hesablamadığı və gözləmədiyi hadisələr qarşısına çıxır. Heç kəs səni qınamır ki, siz gecə universitetin yataqxanasında yatdınız, nə üçün düşünmədiniz ki, kimsə təpik vurub qapınızı aça bilər. Bu, ümumiyyətlə, gözləniləsi deyil və ağıllı ehtimal hesab olunmur. Necə ki, evində yatan, misal üçün, sərhəddən uzaq bir şəhərdə yatan şəxs güman etmir ki, birdən gecənin yarısında bir təyyarə gəlib raket atar, bu raket təsadüfən, onun evinin damına düşər, yoldaşı, övladları və digər yaxınları ölərlər. Bu tamamilə gözlənilməzdir. Həyatda belə gözlənilməz hadisələr və buna bənzər minlərlə hadisə baş verə bilər.
Hadisə zamanı imanın rolu
Deməli, bundan bir ibtidai nəticə almaq olar. O da budur ki, insan özünü psixoloji baxımdan bərkidib həyatın müxtəlif hadisələrinə hazırlasın. Bu necə olur? İnsan özünü necə bərkidə bilər? Təbii ki, insan maddi işlər üçün öz bədənini möhkəmləndirir. Bəs bir tərəfi insanın ruhu ilə bağlı hadisələrə qarşı nə etməlidir? Məncə, insan öz imanını gücləndirməlidir. İnsan öz imanını əsaslı, etimadlı və toxunulmaz bir nöqtə ilə möhkəmləndirməlidir. Bu iman olsa, insan həyatın heç bir mərhələsində ümidsizliyə qapılmaz. Diqqət yetirirsinizmi?! Ümumiyyətlə, insanı məhv edən ümidsizlikdir. Bu zaman insan addım ata bilmir. O, insanı məhv edir, bütün qüvvəsini sıradan çıxarır. İnsan daha yola davam edə bilmədiyini duysa, bitmişdir. Bəs bu hissə mane olan nədir? Bir başlanğıca iman. Bu, Allaha və qeybə iman ola bilər, – bu, ən yaxşısıdır - bəziləri üçün bir ideal insana iman da ola bilər, insani ideyaya iman da. Dünyada bəziləri bir ideya və düşüncəyə iman bəsləyirlər. O ideya tam ilahi olmaya da bilər. Yenə də zehnə və ruha aid mənəvi bir ideya olsa da, Allahla əlaqəsi yoxdur.
Allaha bağlı ideyanın gözəlliyi budur ki, insan güvəndiyi tərəflə alış-veriş edə bilər. O sizin qarşınızda olan bir varlıq və həqiqətdir; sözünüzü eşidir, qarşılığında sizə deyəcək sözü də var. Mənim əzizlərim! Əhəmiyyətli olan budur ki, Allahla mənəvi əlaqə əsla birtərəfli deyil, ikitərəflidir. Bu, ilahi maarifdən və mənəvi əlaqələrdən uzaq olan bəzi şəxslərə çox qəribə görünə bilər: “Allah insanla necə danışa bilər?” Bəli, danışır. Siz bunu hiss edəcəksiniz. Bu, mümkündür. Allah çox yaxındır.
Namazda qəlbin hüzuru
Namaz zikrlərinin mənasını zehninizdən keçirin. Əgər insan əvvəldən mənaya fikir versə, diqqəti başqa bir yerə yönəlmədən doğrudan da Allahla danışsa, yetər. Necə ki, indi sizinlə söhbət etdiyim müddətdə siz bir an da mənim zehnimdən çıxmırsınız, həmişə sizə müraciətlə danışıram. Bu, çox böyük bir şey deyil. Bizdən bundan artığını istəməyiblər.
Qəlbin hüzurunun təsirləri
Siz bir adamla danışanda həmişə diqqətiniz ondadır, sözlərinin mənasını anlayırsınız, ona nə dediyinizi bilirsiniz. Namazda Allahla da belə danışın. Əgər bir namaza belə başlasanız və bu hal davam etsə, ortalarda birdən hiss edəcəksiniz ki, qəlbiniz haradansa bir şey alır; hansısa bir yerdən bir hissi dərk edir, sizinlə danışılır və almalı olduğunuz cavabı alırsınız. Düzdür, bu, əvvəllərdə bir qədər analşılmaz ola bilər.
Əlbəttə, siz gənclər nurlusunuz, sizin işiniz bizdən çox asandır. Siz Allahın sözünü daha tez və çox aydın dərk edirsiniz. Allah sizinlə danışır, sizə cavab verir və siz bu cavabları ürəyinizdə hiss edirsiniz.
Bu etimad nöqtəsinin digər xəyali, yaxud həqiqi etimad nöqtələri ilə fərqi budur. Bəzilərində belə etimad nöqtələri var. Bəzən ondan istifadə də edirlər, işlərinə də yarayır. Lakin onda daha belə xüsusiyyətlər yoxdur.
Arzuların həyata keçməsində imanın rolu
Mən deyirəm ki, siz özünüz üçün hansı gələcəyi seçsəniz, ya arzu etsəniz, - mümkündür biri həkim olmaq istəsin, biri müəllim, biri iqtisadçı, biri siyasətçi, biri rəhbər; hər bir şəxs özü üçün bir gələcək təsvir, tərif, ən azı, arzu edir - bu gələcəyə nail olmaq üçün gərək qəlbinizdə imanı, özü də ayıq imanı gücləndirəsiniz. İmanın hətta ayıq olmayanı da faydalıdır. Məsələn, avam bir insanın imanı var, lakin çox bilgisi yoxdur. Hətta o da möcüzə edir. Lakin bilgi ilə yanaşı olsa, təsiri min qat artıq olar. Siz gənclər bunu bacararsınız.
Elm, əməl və iman birliyi
İnsanın həyatında belə hadisələrdən çox olur. Bu hadisələr bəzən insanın yolunu dəyişdirir, qarşısındakı yolları çıxılmaz göstərir. Əgər belə olmasını istəmirsinizsə, həyatın düzgün yollarını davam etdirmək üçün heç zaman həvəsinizi, iradənizi, qüdrətinizi və möhkəm iradənizi itirməyin, öz daxilinizdəki ayıq imanı gücləndirin; həm iman, həm ayıqlıq. Ayıqlığı kitabla, bilgi sahiblərini dinləməklə əldə edin. İmanı da mənim fikrimcə, indi malik olduğunuz iman mayasını işlətməklə artırın. Bu iman çox qəribə bir sərmayədir. Allaha şükür olsun ki, sizin hamınız mömin uşaqlarsınız, mömin ailələrdə tərbiyə almısınız. Siz indiki imanınızı işlətsəniz, yəni ona saleh əməl əlavə etsəniz, günah etməsəniz, bacardığınız qədər savab iş görsəniz, insanın xudpəsəndliyi ilə bağlı olan günahlardan, digərinə zülm hesab olunan günahlardan daha çox çəkinsəniz, bəzi qeyri-uyğun sözlərdən çəkinsəniz, zehninizi bəzi məsələlərdən uzaqlaşdırmağı bacarsanız, bu saleh əməllər sözügedən iman mənbəyini artırar. İman belədir; əməllə birgə olsa, günbəgün artar. Ayıqlıq da saleh əməllə birgə olsa, o da artar: “Kim Allahdan çəkinsə, (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”10. Allah onun qəlbini hidayət edər. Nəzərdə tutduğum ayə bu idi. Təqvanın özü insanı hidayət və imanını möhkəm edir.
Siz əzizləri görməyə çox sevindim. Bu hadisədən mənim qəlbimdə yaranan və indi də mövcud olan bu nigaranlıq, qəm-qüssə sizləri görməklə bir qədər azalacaq. İnsan sizin enerjili və gülər üzlərinizdən təsəlli alır. Mən təkidlə demək istəyirəm ki, bu ruhiyyənizi əldən verməyin; xüsusən də bu əzizimiz.11 Sizin gözlərinizdən ötrü çox narahat oldum. Mən belə eşitməmişdim. Hadisə barədə çox eşitmişdim, deyirdilər ki, qəbul imtahanlarında birinci yeri tutan gənclərin biri xəsarət alıb. Amma gözünün belə olduğunu deməmişdilər. Mən çox kədərləndim. Allah Məhəmməd və Ali-Məhəmməd (s) haqqına, Özü ən gözəl şəkildə əvəzini versin!
Bir tələbənin çıxışı
“Sizi salamlayıram. Görüşün əvvəlində buyurdunuz ki, mənim ürəyim yaralanmışdır. Biz özümüz üçün Allahdan min dəfə ölüm istədik. Bunu əminliklə deyirəm. Ağa can, mən sizə bütün uşaqların, gəlmək istəyən və gələ bilməyənlərin hamısının salamını çatıdırıram. Hamısı dua etmənizi istədilər. Hamısı deyirdilər ki, bizim salamımızı ağaya çatdırın. Bütün vücudumuzla sizdən üzr istəyirik, çünki bizim aramızdan və bizim adımızla bəzi şəxslər sizə hörmətsizlik etdilər. Ağa can, elə bilməyin ki, biz sakit idik. Bütün vücudumuzla sizdən üzr istəyirik. İnşallah, sizin xeyir-dualarınız bizimlə olsun. Sizə söz veririk ki, son nəfəsimizə qədər sizinlə və imamla bağladığımız əhdə sadiq qalacağıq. Sizin yanınızda həzrət Mehdiyə (ə) deyirik ki, biz möhkəm dayanmışıq, sən bizim bütün məsul şəxslərimizə yardım et”.
Rəhbər: “Allah sizi qorusun! Siz mənim əziz övladlarımsınız. Mən də sizə qarşı eyni hissdəyəm. Allah həmişə sizinlə olsun!”
Daha bir tələbənin çıxışı
“Deyilənlər hamının ürək sözü idi. Bir söz də mən deyirəm. Bizi vuranda "Ya Zəhra!", "Ya Hüseyn!" deyirdilər. Bəziləri də deyirdilər ki, Fəqihin rəhbərliyinə qarşı çıxanlara ölüm olsun. Nə üçün bunlar din adından istifadə edirlər? Biz özümüz xəbərlərdən sizin sözlərinizi eşitdik. Sizin, "mənim qəlbimi yaraladı" deməyiniz bizim qəlbimizə xəncər vuran bu hücumdan da ağır zərbə idi. Biz sizin bu sözünüzdən daha çox narahat olduq. Gözyaşardıcı qazlardan təsirlənənlərin bəzisi bəlkə hörmətsizlik də etdilər, amma o mühitdə nə dediklərini anlamırdılar. Çoxları indi peşman olublar, bunu demək istəmirdilər. Siz onları bağışlayın və dua edin mühitmiz elə olsun ki, əsl din dərdi birinci olsun, dindən başa düşülən və din adı ilə özümüzü göstərməyimiz yox. Biz həmişə çalışmışıq ki, bu toplantıları sakitləşdirək. Lakin bəlkə bizim hərəkətlərimiz də sizin inciməyinizə səbəb olub. İnşallah, bizi də bağışlarsınız”.
Din adı altında dindən qovmaq
İnşallah, müvəffəq olasınız. Dediniz ki, onlar din adı altında, "Ya Zəhra!", yaxud digər müqəddəs adlarla daxil oldular. Mənim fikrimcə, bu məqam üzərində zehni baxımdan bir qədər iştənməlidir. Yəni baxmaq lazımdır ki, hansı məqsədlər var. Adam belə hiss edir. Mən inana bilmirəm ki, bir nəfər gəlib tələbənin otağını döysün və desin ki, sən Zəhra (ə) ilə, rəhbərlə düşmən olduğun üçün döyülməlisən. Mən ümumiyyətlə, inana bilmirəm. Əgər bu sözü deyənləri tapa bilsək, - yəqin ki onların hamısı demirdilər, bəziləri deyirdilər - güman edirəm ki, onda başqa məqsədi kəşf etmək olar. Bu, çox mühüm məsələdir. Bunu kim kəşf etməlidir? Bu, başqa məsələdir. Nə zaman kəşf etsinlər, düzgün kəşf etsinlər, etməsinlər? Bunlar da başqa məsələlərdir. Lakin indi qayıdaq sözügedən ikinci baxışı burada icra edək. Biz nə iş görək ki, bu tələbə gənc o qərəzli, yaxud cahil əmələ görə dindən çıxmasın. Mənim və sizin burada doğrudan da məsuliyyət hiss etməli olduğumuz budur. Bəli, qoymayın dindən çıxsınlar, çünki dindən belə çıxmaq ən acı hallardandır.
Mən bir zaman söhbətlərimdə buna dair misallar vurmuşam. İndi bir qədər yorulmuşam, davam etdirməyə taqətim yoxdur. Əgər başqa vaxt gəlsəniz, yadıma salın ki, Mövləvinin, bir şəxsi dindən qovmaq üçün “Ya Hüseyn!” və “Ya Zəhra!” üslubunu işlətdiyi dastanını danışım. Bu, dindən qovma üsuludur. Bəlli olur ki, Mövləvinin dövründə də belə şeylər olub. İndi bəziləri qəsdən edirlər, o zaman isə səhvən olmuşdur. Sizin kimi mömin, saleh və nurlu gənclər buna imkan verməsinlər. Kimsə bu yolla insanları dindən qovur. Siz onun əksini düşünürsünüz, gərək qoymayasınız. Allahdan uğur diləyin. O sizə uğur bəxş edəcək.
Allahın salamı və rəhməti olsun sizə!
Dostları ilə paylaş: |