İBADƏTİN NÖVLƏRİ VƏ İNSANLARIN MÜNASİBƏTİ
Bəşərin təbiət və fitrətində maddi təminatlara, o cümlədən, var-dövlətə, övlada və cana möhkəm əlaqə vardır. Yaşayış üçün lazım olan bu üç ünsür Allah-Təalanın hüzurunda müəyyən həddə kimi bəyənilmiş işlərdəndir.1
Ən üstün əlaqə və məhəbbət isə aləmlərin Pərvərdigarına olan eşq və məhəbbətdir. Həqiqi məhəbbət və bütün məhəbbətlərin sultanı məhz budur.2
Lakin bəzən maddiyyata olan istək və əlaqə həqiqi məhəbbəti kölgədə qoyur. Buna görə də Haqq-Təala insanların qəlblərini bütlərin (maddi istəklər) məhəbbətindən təmizləyib ona zinət vermək, həqiqi məşuquna qovuşdurmaq və batildən ayırmaq üçün bir sıra ibadətlər müəyyənləşdirmişdir. Onlar üç hissəyə bölünmüşdür:
Bədənə aid ibadətlər:
Bu növ ibadətlərə namaz, oruc, Quran oxumaq, azan demək, müxtəlif zikr və dualar daxildir.
Mal və sərvət vasitəsilə yerinə yetirilən ibadətlər:
Məs; sədəqə vermək, xüms-zəkat ödəmək və s.
Can vasitəsilə olan ibadətlər:
Buraya isə Allah yolunda cihad, haqq uğrunda canıyananlıq və s.daxildir.
Bir qrup insanlar öz bədənlərinə həddindən artıq qulluq edib, bədən vasitəsilə olunan ibadətlərə (namaz, oruc və s.) çox da əhəmiyyət vermir, bəzi vaxtlar səhlənkarlıq göstərirlər. Lakin mümkündür ki, bu qəbil şəxslər Allah yolunda öz var-dövlətlərindən heç nə əsirgəməsinlər. Nəticədə belələrinin bədənpərəstliyi allahpərəstliyindən daha çox olur.
İkinci qrup isə əksinə, bədən vasitəsilə yerinə yetirilən ibadətlərdə heç də səhlənkarlıq etmir, fürada namazını (tək qılınan namaz) və camaat namazını vaxtlı-vaxtında qılmaqla yanaşı dualarda iştirak edir, günahlarına görə göz yaşı axıdıb Allahla raz-niyaza qatılır. Lakin mallarını, pullarını haqq yolda sərf etmək onlar üçün olduqca ağır gəlir və infaq etməklə razılaşa bilmirlər. Bunlar malpərəst, pulpərəst, inəkpərəst və mülkpərəstdirlər.
Üçüncü qrup yuxarıda zikr olunan iki qrupdan fərqlənir. Belə ki, bu şəxslər həm bədən və həm də mal vasitəsilə edilən ibadətlərə böyük əhəmiyyət verir, haqq yolda hər iki əmri can-başla yerinə yetirirlər. Lakin can vasitəsilə ibadət önə gəldikdə imanlarının zəifliyi ucbatından Allah yolunda canlarını qurban verməkdən çəkinirlər.
Lakin dordüncü qrup o üç qrupdan tamamilə fərqlənir. Belələri Allah-taalanın razılığını əldə etmək xatirinə bədən, mal və can vasitəsilə ibadətləri ürəkdən yerinə yetirməklə yanaşı haqqa qovuşmaq üçün heç nəyi əsirgəmirlər. Məsələn, tovhid qəhrəmanı həzrət İbrahim (əleyhissalam) bir sıra imtahan və çətinliklərdən üzüağ çıxaraq öz məşuqunun yolunda əziz övladını belə qurban verməkdən çəkinmədi.
Həmçinin İbrahim peyğəmbərin (əleyhissalam) varisi, məhəbbət vadisinin qəhrəmanı imam Hüseyn (əleyhissalam) Allaha qovuşmaq və Onun razılığını əldə etmək üçün canını, malını, ailəsini, övladlarını və əzizlərini fəda etdi.
Dostları ilə paylaş: |