İstanbulun Osmanlı donanması tərəfindən mühasirəyə alınması. “Utremerə səyahət” əlyazmasına Bertrandon de la Brokerin çəkdiyi miniatür, 1455. Divarların yetərli səviyyədə sıradan çıxarıldığını düşünən Sultan II Mühəmməd mayın 6-sı, gecə vaxtı hücumu başlatdı. Buna baxmayaraq uğur qazanıla bilmədi və ağır itki verən ordu geri çəkilməyə məcbur oldu. Bu hücumdan sonra divarların ən çox sıradan çıxmış bölgəsi olan Müqəddəs Romanos qapısı ətrafını Bizans tərəfi 400 venesiyalı dənizçi ilə qüvvətləndirdi. Bundan sonra topçu hücumu Kaliqariya qapısı ilə Blakernayi sarayı arasındakı ərazidə şiddətləndi. Mayın 12-də divarlarda açılan deşiklərə hücum edən Osmanlı əsgərləri əvvəlcə üstünlüyü ələ alsa da, köməyə gələn Bizans qüvvələrinin müqaviməti nəticəsində geri çəkilməyə məcbur oldu. Yenidən hücuma keçən Osmanlı tərəfi Kaliqariyadan köməyə gələn 1000 nəfərlik Bizans birliyinin müqaviməti nəticəsində yenidən geri çəkildi (İsmail Hakkı Uzunçarşılı, 2019, s. 418-419).