Hüseynin aşiqiyəm eşq izzətimdi mənim
Şüai-tələti şəmi-hidayətimdi mənim
Hüseynə ağlamasam, neylirəm bu gözləri mən Bu şor göz yaşı şirindi, şərbətimdi mənim
Buna görə də dünya.nın istənilən yerində möminlər yığışıb İmam Hüseynə (ə) şerlər, mərsiyələr yazır, əza saxlayırlar. Bu, kiçik məsələ deyil. İmam Sadiq (ə) buyurur: «Kim Hüseyn haqda bir şer yazıb ağlaya və ya (kimisə) ağladsa, Allah taala cənnəti həmin şəxsə vacib edər və onun günahını bağışlayar». İmam Hüseynə (ə) əza saxlamağı Əhli-beytin özü istəmişdir. Əhli-beyt isə heç də adi şəxslər deyil. Hüseynə (ə) kor-koranə əza saxlamaq əlbəttə ki, bəyənliməz bir işdir. Lakin ağıllı insan bu yolda həqiqəti tapmalı və əzadarlığın kor-koranə deyil, məhz Peyğəmbər və Əhli-beytin istəyi ilə həyata keçdiyini bilməlidir. Əhli-beytin də paklığına Quran şahiddir və əgər onlar pak və müqəddəs şəxslərdirlərsə, deməli, heç vaxt səhv etməzlər və istəkləri də eynilə Allahın istəyidir. Yəni, onlar Allahın buyruqlarını layiqincə yerinə yetirmiş, bütün günahlardan uzaq olmuşlar. Əgər bu cür şəxslər İmam Hüseynə (ə) əzadarlıq etməyi lazım bilirsə, onda biz hansı əsasla əzanın yalnış və əbəs iş olduğunu deyə bilərik? Hədisdə deyilir ki, kim bir şəxsi şad edərsə, qəbir evində bu işin nəticəsi bir nur kimi cilvələnər. Ayətullah mərhum Şuştəri «Xəsaisul-Hüseyn» adlı kitabında deyir: «Bir nəfər adi mömin bir şəxsi sevindirdikdə Allah taala ona bu cür savab əta edirsə, gör xanım Zəhranı (s) sevindirən şəxsə Allah hansı savabı əta edər?! Hüseynə əza saxlayan şəxs də məhz xanım Zəhranı (s) sevindirir. Axı Hüseyn (ə) Zəhranın (s) balasıdır». Bax, möminlərin əza saxlamasının fəlsəfəsi də məhz budur. Hüseynə (ə) əza saxlayanlar heç də səhv etmirlər, əksinə, onlara irad tutanlar səhvə yol verirlər. Hüseyn (ə) əzadarı nə etdiyini çox yaxşı bilir. Belə məclislərdə iştirak etmək böyük qənimətdir. Allah taalanın da istəyi budur ki, möminlər hansısa bir işi görərkən bir yerə toplaşsınlar. İmama evdə də əza saxlamaq olar. Lakin hər bir işi dəstəcəm halda yerinə yetirmək tövsiyə edilir. Peyğəmbər (s) buyurur: «Ey insanlar, həmişə bir yerdə olun və heç vaxt parçalanmayın». Duanın da məhz cəm halda müstəcab olması hədislərdə vurğulanmışdır. İmam Sadiq (ə) buyurur: «Dörd nəfər bir yerə yığışıb Allaha dua edərsə, bir-birindən ayrılmamış Allah onların duasını qəbul edər. Ayrılıqda dua etdikdə isə belə olmaz». Budur vəhdətin mənası. O həzrət digər hədisdə buyurur: «Atam (İmam Baqir (ə)) hansısa çətinliklə qarşılaşdıqda, evdəkiləri bir yerə toplayıb dua edər, onlar da amin deyərdilər».
Behiştin yolu məhz İmam Hüseyn (ə) əzasından keçib gedir. İmam Hüseyn (ə) məclisi Cənnətin qapısıdır. Bunu sübut etmək üçün heç başqa məzhəblərin kitabına da baxmaq lazım deyil. Bizə bu barədə Peyğəmbərimiz (s), İmamlarımız və Əhli-beytdən yetişmiş hədislər kifayət edər. Bəzən hansısa müddəanı sübut etmək üçün digər məzhəblərin mötəbər kitablarından istifadə olunsa da, bu məsələdə buna heç bir ehtiyac yoxdur. Bir çox rəvayətlərdə qeyd olunur ki, hər bir şəxs əvvəla Quran oxuyub əməl etməli, sonra da Hüseynə əza saxlamalıdır! Başqa bir hədisdə isə deyilir: «Bizim tərəfdarlarımızdan kimsə Quran öyrənməsə, (təbii ki, bu işdə səhlənkarlıq etməmək şərti ilə) ona qəbirdə Quran öyrədilər». Bəli, Allahın göndərdiyi mələklər həmin şəxsə Quran öyrədərlər. Çünki Quran bilmədən kimsə Cənnətə daxil ola bilməz. Hədisin davamında deyilir ki, kimsə gözəl Quran oxuya bilə, lakin qəlbində Əhli-beyt məhəbbəti olmaya (təbii ki, burada da inadkarlıq və səhlənkralıq olmadan) həmin şəxsi də Bərzəx aləmində saxlayarlar və yalnız Əhli-beyt, xüsusilə Əmirəl-möminin Əlinin (ə) məhəbbəti qəlbinə yol tapdıqdan sonra onu Cənnətə buraxarlar. Çünki qəlbində Əli (ə) və Əhli-beyt (ə) sevgisi olmayan şəxsin Cənnətə daxil olması qeyri-mümkündür. Peyğəmbər buna and içmişdir.
İslam dünyasında fəlsəfi nöqteyi-nəzərdən Qurana yazılmış təfsirlər arasında avanqard olan «Əl-Mizan» təfsirinin müəllifi, Qərb dünyasının böyük filosofları daima qarşısında baş əyərək hüzurunda məktəb uşağı kimi oturan (mən şəxsən bunun şahidi olmuşam) dahi şəxsiyyət mərhum Əllamə Təbatəbai deyirdi: «Kərbəlada seyyid Cavad adlı bir natiq var idi. Onu moizə etmək üçün müxtəlif bölgələrə, hətta uzaq yerlərə də dəvət edərdilər. Günlərin birində onu Kərbəladan 10-15 kilometr aralıda yerləşən bir qəsəbəyə dəvət edirlər. Orada qaldığı bir neçə günü seyyid Cavad camaata moizə edir. Bir gün o, çox nurani bir qoca ilə dostlaşır. Bir az söhbətdən sonra bilir ki, həmin qoca başqa məzhəbdəndir. Bir gün ondan soruşur ki, ağa, sizin şeyxiniz –başçınız kimdir? O, şeyxlərinin kim və necə şəxs olduğunu tam təfərrüatı ilə seyyid Cavada deyir. Bir az keçdikdən sonra o da soruşur ki, seyyid, bəs sizin şeyxiniz kimdir? Seyyid Cavad cavab verir ki, bizim şeyximiz elə bir şəxsdir ki, harada çətinliyə düşdükdə onu çağırsan, dərhal köməyə çatar. Qoca soruşur ki, adı nədir şeyxinizin? Seyyid Cavad cavab verir ki, şeyximizin adi Şeyx Əlidir. Sonra seyyid Cavad həmin qəsəbədən gedir və daha qocadan xəbəri olmur. Bu hadisədən bir müddət keçdikdən sonra seyyid Cavad qoca dostunu görmək üçün həmin qəsəbəyə gəlir. Qocanın evinə gəlib qapını döyür. Qapıya gənc bir oğlan çıxır. Seyyid Cavad qocanın evdə olduğunu soruşduqda həmin gənc özünün qocanın oğlu olduğunu, atasının isə vəfat etdiyini bildirir. Seyyid Cavad da öz növbəsində özünü ona tanıtdırır. Seyyid Cavad sağollaşıb getmək istədikdə oğlan onu buraxmır və deyir ki, bu gecəni bizdə qonaq qal, sabah gedərsən. Seyyid Cavad razılaşıb gecəni orada qalır. Gecə yuxuda görür ki, qaranlıq bir dalandadır, dalanın bir başında isə gözəl bir bağ var. Özünü bağa yetirib görür ki, bir nəfər ayaq üstə dayanıb, iki nəfər isə əyləşmişdir. Ayaq üstə dayananın həmin qoca dostu olduğunu gördükdə soruşur ki, bura haradır və sən burada nə edirsən? Qoca cavab verir ki, bura mənim Bərzəximdir. Seyyid Cavad soruşur ki, nəyə görə irəli getmirsən? Qoca cavab verir: «Bu iki nəfər mənə icazə vermir. Mən öldükdən sonra mələklər məndən sorğu-suala başladılar. Cavab verə-verə gəlib «kimdir imamın?» sualına çatdım. Buna cavab verə bilmədikdə sənin «bizim Şeyx Əli hər bir yerdə köməyimizə çatar» sözün yadıma düşdü. Dərhal «Şeyx Əli, Şeyx Əli» deyə onu köməyə çağırdım. Elə bu an onun başımın üstündə hazır olduğunu gördüm. Məndən soruşdu ki, nə istəyirsən? Vəziyyətimi ona deyib bildirdim ki, səni mənə seyyid Cavad adlı bir şəxs tanıtdırmışdır. Bundan sonra o, həmin mələklərin əlindən tutub harasa apardı və onların əvəzinə bu iki nəfəri bura gətirdi. İndi bunlar Əlinin məhəbbətini mənə qəbul etdirmək üçün burada oturublar». Sonra üzünü seyyid Cavada tutub deyir: «Seyyid Cavad, düzdür, sən mənə dedin ki, şeyxinizin adı Əlidir, amma onun Əli ibn Əbutalib olduğunu axı mənə demədin».
Bəli, Quran bilməyən, lakin bunu bilərəkdən etməyən şəxsə, Quran öyrədildikdən, Əhli-beyt (xüsusilə Əli (ə)) məhəbbəti olmayana da Əhli-beyt məhəbbəti qəbul edildikdən sonra Cənnətə buraxılar. Cənnətin səkkiz qapısı var. Onların səkkizincisi «Şəhidlər qapısı» adlanır. İmam Hüseyn (ə) da şəhidlər ağasıdır. Kim ilk yeddi qapıdan keçə bilməzsə, bu qapıya yaxınlaşar və bu qapıdan Cənnətə daxil olar. Əlbəttə, bir şərtlə ki, həmin şəxs gərək İmam Hüseynə (ə) əzadarlıq etmiş olsun. Əks təqdirdə həmin şəxs Cənnətə daxil ola bilməz.
Dostları ilə paylaş: |