IV фясил. VİRTUAL MÜHARİBƏ METODLARI
Davranış və düşüncələrin neyrostrateji proqramlaşdırılması metodu
(«Atom bombasına qarşı psixoloji bomba»)
Kitabın birinci hissəsində insanlara təsirin ümumi mexanizmi izah edildi. Lakin orada izah edilənlər bu metodların qeyri-sistemli dağınıq təsviri idi. Adi həyatda bunlar çox az halda bir-birindən fərqləndirilərək ayrı-ayrılıqda tətbiq edilir. Yəni insanlar hansısa məqsədi əldə etmək üçün öz dünyagörüşlərinin, baxışlarının, təcrübələrinin, imkanlarının, qabiliyyətlərinin və s. onlara icazə verdiyi cəmi vasitələrdən kompleks şəkildə istifadə edirlər ki, bu da bir çox hallarda yuxarıda sadalanan vasitələrin eyni zamanda bir neçəsini əhatə edir. Lakin burada müəyyən bir paradoks var: Bəzən eyni bir məqsədlə bağlı sadalanan cəmi bu vasitələrin hamısını tətbiq etməklə heç nə əldə etmək mümkün olmadığı halda, əksinə, bir başqası onlardan cəmisi bir-ikisi vasitəsilə lazımi nəticəni əldə edə bilir. Bütün problem isə bu cəmi təsir vasitələrini harada, hansı kombinasiyada işlətmək məsələsindədir. Belə ki, bu fəndlərin qeyri-sistemli, xaotik tətbiqi, xeyirdən daha çox ziyan gətirə bilər.
Nümunə üçün, məs., Qarabağ müharibəsinin bir çox döyüşlərində azərbaycanlılar ağır texnika baxımından erməniləri üstələsə də, qələbə çətinliklə başa gəlirdi və ya heç mümkün olmurdu. Bütün problemsə ondan ibarət idi ki, dağlıq şəraitdə (ələlxüsus, sürüşkən qış aylarında) bütün növ ağır texnikanın (məs., 60 tonluq ağır tankların), düztuşlanan bütün artilleriya növlərinin (məs., «Qradların») və b.-nın effekti «mənfi sıfır»dan da aşağı olduğu halda, Azərbaycan öz qoşunlarını əsasən bu tip silahlarla təchiz etməyə çalışırdı. Qarşı tərəfsə əksinə, öz qoşunlarını bu baxımdan maksimum effektli olan yüngül silahlarla (məs., qranatomyot, pulemyot, qumbara, snayper, gecəgöstərən binokl, AQS, zirehli paltar [bronojilet] və s.-lə – hansılar ki, bizdə bütöv rotaya cəmisi bir-iki ədəd düşür, ya düşmürdü) Şvarsneggersayaq tam təchiz edilmiş çevik quru qoşunları şəklində komplektləşdirməyə üstünlük verirdi (bizdə olan məlumata görə Azərbaycan ordusunda indi bu baxımdan vəziyyət dəyişilib).
Konkret sistem ardıcıllığı ilə təsir isə müəyyən bir proqram əmələ gətirir ki, aşağıda biz belə kombinasiya variantlarından birini tərtib etməyə cəhd edirik.
Müasir elmdə bu kateqoriyadan olan hələlik cəmisi bir psixoloji aparat mövcuddur – «Neyrolinqvistik proqramlaşdırma» (NLP) metodu. Lakin o, bir sıra zəifliklərdən, qüsurlardan, məhdudiyyətlərdən də xali deyil ki, bunların bir qismi aşağıda sadalanacaq. Hələliksə onun məzmunu barədə müxtəsər olaraq:
«Neyrolinqvistik proqramlaşdırma»da ilk əvvəl təsir obyektinin beynində qütb təşkil edən, bir-biri ilə rəqabət aparan inam, baxış və maraqları, eləcə də, buna görə yaranan dissonansı, diskomfortluğu axtarılıb tapılır, müəyyənləşdirilir. Sonrakı mərhələdə, xüsusi fəndlər vasitəsilə, ona bu vəziyyətinin (sosial, iqtisadi, mədəni, fiziki və s., bunun nəticəsi olaraq isə psixoloji vəziyyətinin) qeyri-əlverişli, diskomfort olduğu ona başa salınır və həyati situasiyanı başqa cür qavraması, insanlarla münasibətini başqa cür qurması üçün təbliğat vasitəsilə şüurunda müvafiq dəyişikliklər edilir. Təsirgöstərən şəxsin, yəni instruktorun bu təsiri ilə obyekt bu diskomfortluğu necə dəf edib, rahatlığa necə nail olmağı, bunun üçün onun nə etməli olduğunu, ondan nə tələb olunduğunu ‘‘başa düşdükdən’’ sonra, artıq müstəqil olaraq (daha doğrusu, beyninə yeridilmiş həmin yeni qavrayış stereotipinə uyğun olaraq) öz vəziyyəti, yaşantıları, gündəlik fəaliyyəti və s. barədə informasiya toplamağa başlayır. Özünün hazırkı (real) və arzuolunan (mümkün) vəziyyətlərini müqayisə edərək, tərəfdaş özünün hiss və əhvalının komfortluğuna nail olmaqdan ötrü hansı resurslarını səfərbər edib, hansı addımları atmaq lazım olduğunu öz-özü üçün müəyyənləşdirir (bax: ədəbiyyatlara ~ 211; 264; və s.).
Adından və məzmunundan da göründüyü kimi «Neyrolinqvistik proqramlaşdırma»: 1) Yalnız sırf təbliğat metodları ilə insanların davranış və düşüncəsinə təsiri nəzərdə tutur və qeyri-təbliğat metodlarını – hansılarını ki, biz burada təşviqat və sanksiya metodları adlandırırıq – nə adına, nə də məzmununa görə heç cür özündə ehtiva edə bilmir; 2) Bu təbliğat qaydalarının özü də mükəmməl deyil. Belə ki, bu mövzu ilə əlaqədar bizə məlum olan ədəbiyyatların heç birində göstərilmir ki, nəyinsə subyektiv dəyərini konkret adresatın nəzərində artırıb-azaltmaq üçün konkret olaraq nəyi, necə etmək lazımdır; 3) Bu metod, ümumiyyətcə, rəy və baxışlarda olan hazır problem, çat, ziddiyyət, tərəddüd və s. zəminində işləkdir. Onların süni yolla generasiyası üçün ‘‘Neyrolinqvistik proqramlaşdırma’’nın praktik olaraq vasitə arsenalı kifayət deyil; 4) Burada, həmçinin düşüncələrdə formalaşdırıla bilinən hansısa təmayüllərin davranışlara ‘‘tərcümə olunub’’ praktik realizə sferasına keçməsi məsələsi, faktik olaraq, həll oluna bilmir. Əksinə, obyekt ‘‘iki ayağını bir başmağa dirəyib’’ hansısa ‘‘leksiyalara’’ qulaq asmaqdan imtina etsə və yaxud belə spekulyasiyalara qarşı immunitetə malik olsa, o zaman bu metod boş ‘‘çərənçilik’’ hüdudundan o yana gedə bilmir.
Bir sözlə, adi həyatda insanlar bir-birinin davranış və düşüncələrinə, əhvallarına, meyllərinə və s. təsir göstərmək, onlardan öz məqsədləri üçün istifadə etmək üçün adi rüşvət verməkdən, vəzifədə irəli çəkməkdən tutmuş, hədə-qorxu, sui-qəsd, diversiya-terror, sabotaj, şantaj, fiziki güc tətbiqi, uşağını oğurlatma, evini, maşınını yandırma, işdən çıxarma, ona acıq verən hərəkətlər etmə, polisə müraciət etmə və s. kimi yüzlərlə metodlardan istifadə edirlər ki, «Neyrolinqvistik proqramlaşdırma» bu kimi təsir üsullarını öz arsenalı hüduduna aid edə bilməkdən yerlə-göy qədər uzaqdır.
Nisbətən bəsit dildə deyilsə o, bir növ adi ‘‘moizə’’ qaydalarıdır ki, xalq arasında çoxdan bu kimi metodlarla təsirin azeffektliliyini göstərmək üçün bir sıra ifadələr yaranıb, məs., «‘‘Kiş!’’ deməklə sürünü zəmidən çıxarmaq olmaz», «‘‘Çax-çux’’ baş ağrıtsa da, dəyirman öz bildiyini edər» və s. kimi.
Deyilənlər, müasir elmdə davranış və düşüncələrin, meyllərin, ovqatların və s. modelləşdirilməsi məqsədilə yaradılmış və hazırkı dövrdə hələlik yeganə və ən aktual təsir metodu olan «Neyrolinqvistik proqramlaşdırma» üsulunun mükəmməllikdən nə qədər uzaq olduğunu göstərmək üçün elə bilirik, kifayət edər. Məhz bütün bu səbəblərdən burada, sadalanan həmin qüsurları aradan qaldırılmış yeni bir psixoloji diversiya proqramı işlənib-hazırlanır (qurulmasına cəhd göstərilir) ki, bizim fikrimizcə bu variant effektliyinə görə indiyə qədər yaradılmış digər bu səpkili cəmi proqramlardan, o cümlədən, ələlxüsus bugünkü Qərbdə əlahiddə populyarlıq qazanmış həmin o «Neyrolinqvistik proqramlaşdırma» üsulundan qat-qat üstün olmalıdır, o cümlədən:
1) Bizim təklif etdiyimiz bu variant mövcud və mümkün bütün təsir üsullarını özündə ehtiva etməsinə və ya çatışmayanlara boş yer saxlamasına görə indiyəqədərki bütün bu tipli təsir metodlarından daha universal, ümumi və sistemlidir. Bu xüsusiyyətinə görə onu – informatika dili ilə deyilsə – müəyyən mənada «Neyrolinqvistik proqramlaşdırma» üsulunun «2001-ci il versiyası» adlandırmaq olar; 2) «Neyrolinqvistik proqramlaşdırma»dan fərqli olaraq burada təsirin bir təkcə verbal deyil, eyni zamanda, həm də çoxsaylı qeyri-verbal və qeyri-psixoloji formalarından istifadəyə də geniş yer ayrılır; 3) Burada təsir üçün, belə deyilsə, ‘‘əl altında’’ hazır psixi komponent (qüvvə və ya fəaliyyət, mövqe və ya maraq, oxşarlıq və ya fərq və i.a.) yoxdursa, bütün hallarda müvafiq detonasiya qaydaları ilə onların süni təşkil edilməsi variantları nəzərdə tutulur, şərh edilir ki, son nəticədə obyektin (individ və ya çoxluğun) rəy və baxışlarının, davranış və xarakterinin, əhvalının, meylinin və s. korrektə edilməsi bu kontekstdə ümumi detonasiyanın reduktiv effekti kimi meydana çıxır; 4) Metod psixoanalitika, analitik psixologiya və s. kimi təlimlərin də prinsiplərini özündə ehtiva edir; 5) Metod universal olub, sosial (irqi, irsi, etnik, sinfi, siyasi, regional və s.) mənsubiyyətindən asılı olmayaraq istənilən fərd və ya, sosial tərkibindən asılı olmayaraq? istənilən qrup, cəmiyyət, dövlət və s. üçün eyni dərəcədə yararlıdır (şübhəsiz, burada deyilməyən şeylər də hələ yetərincədir ki, biz burada yalnız geniş dairəyə yayılması məsləhət bilinən məqamları açıqlayırıq).
Son olaraq bir daha qeyd edirik: burada bütün bu «qadağan olunmuş» metodların müfəssəl açıqlanmasından yeganə məqsəd ondan ibarətdir ki, onsuz da onların çoxu güclülərə məlumdur və onlar tərəfindən zəifləri itaətdə saxlamaq üçün aktiv istifadə olunur. Eyni zamanda, onların atom bombasından tutmuş insanı məhv etməyin ən çeşidli növlərinə qədər hər cür silah cəbbəxanaları var. Qoy zəiflər də onların atomlarından müdafiə üçün belə sadə də olsa silaha malik olmuş olsunlar. Həmçinin, ümumi oyun qaydalarından hamının xəbərdar olması kimlərinsə məlumatsızlığından spekulyasiya məqsədilə istifadə imkanlarını məhdudlaşdırır. Eyni zamanda, bu qaydaların mexanizminin açıqlanması, istər-istəməz onlara qarşı müdafiə variantlarının yaradılmasını da stimullaşdırmalıdır.
Dostları ilə paylaş: |