On dördüncü fəsil Buraxılış kursu
Uiton kollecinin prezidenti, Birinci dünya müharibəsi iştirakçısı və Ekvadorda keçua hindularının keçmiş missioneri doktor Reymond Edmen kollecdə ruhani atmosfer kimi akademik atmosferin də yaxşı olmasının nə qədər vacib olduğunu hamıdan yaxşı bilirdi. O, bu vəzifəni tutan kimi tədris təqviminin ayrılmaz hissəsi olan «Ruhani güc həftəsi»ni təsis etmişdi. Mənim buraxılış kursum gəlib çatanda qarşıdakı həftənin əsas spikeri Uiton kollecinin məzunu və Merilend ştatının Betes şəhərindəki dördüncü presviterian məbədinin pastoru Riçard Halverston idi.
Siz, bu ölkənin gənclərinin ən parlaq və ən perspektivli nümayəndələrinin sıralarındasınız, — bu həftə ərzində özünün sonuncu çıxışı zamanı doktor Halvertson bizə belə təntənəli sözlərlə müraciət etdi. — İtaətli olmaq istəyirsinizmi? Yeşaya 6-cı fəsildə oxuduğumuz kimi Tanrının çağırışını eşitmək istəyirsinizmi?
Bu yaxınlarda açılmış «Edmen-çepel» zalına güclə yerləşmiş bütün tələbə korpusu nəfəsini içinə alaraq onun hər bir sözünü diqqətlə dinləyirdi. Mən auditoriyanın ortasında Dik Pernellə Frenk Kiferin yanında oturmuşdum. Doktor Halverstonun bu sözü məni qorxutdu. Onun sözləri zınqırov zərbəsi kimi guruldayaraq tribunadan eşidilməyə davam edirdi.
Bu gün bu zalda çağırışı mühəndis olanları görürəm. Sizin çağırışınız sizə məlumdur. Siz riyaziyyatı və fizikanı sevirsiniz. Hətta gecələr yuxuda da riyazi bərabərlikləri görürsünüz! Lakin siz bütün ənamlarınızı Onun ayaqları altına qoymağa hazırsınızmı? Bu gün mən burada həkimləri, ticarətçiləri, hüquqşünasları və siyasətçiləri, müəllimləri və musiqiçiləri görürəm. Dostlar, hansı sahəni seçməyiniz vacib deyil. Sizin öz ənamlarınızı qurbangaha gətirməyə hazır olmanız və razılığınız vacibdir. Yeşaya 6-cı fəsildə bizim üçün açılan Rəbbin çağırışına kim cavab verəcək? Kim öz ənamlarını qurbangahın qarşısına gətirərək: «Budur mən, məni göndər» deyəcək?
Mən kurs yoldaşlarımı gözdən keçirdim. Onlar öz həyat və bacarıqlarını Tanrıya xidmətə həsr edərək bir-birinin ardınca yerlərindən qalxıb səhnəyə çıxırdılar. Mən, hətta bir tələbənin loqarifmik xətkeşini cibindən çıxararaq doktor Halverstonun ayaqları altına qoyduğunu gördüm. Tibb fakültəsində oxuyan Dik ayağa qalxıb mənim böyrümdən sıxılaraq keçdi. Onun ardınca isə Frenk çıxdı. Getdikcə daha çox tələbələr çıxışlara çıxırdılar. Mən də ayağa qalxdım. Var gücümlə qaçmaqdan özümü bir təhər saxlayaraq çıxışa tərəf üz tutdum.
Dostlarım məni otaqda çarpayıda uzanaraq yorğanı başıma çəkmiş vəziyyətdə tapdılar.
Məndən nə istəyirsiniz? — az qala qışqıraraq dedim.
Hər şey qaydasındadır? — Dik soruşdu. Lakin mən cavab vermədim.
Coş, sənə nə oldu, axı? — o, təkrar etdi.
Məni rahat buraxın! — deyə mən qışqırdım.
Onlar məndən əl çəkdilər və mən onların uzaqlaşan addım səslərini eşitdim. Hava lap qaralanda mən çarpayıdan qalxaraq tələbə şəhərciyini gəzmək qərarına gəldim. Artıq gecəyarı idi. Mən Uitonun mərkəzindəki sutka ərzində işləyən kafeyə getdim. «Necə də yorğunam» — öz-özümə dedim. Yəqin ki, belə vəziyyətdə bir qəhvə azlıq edəcək. Bu, fiziki yorğunluq deyildi. Mən riyakarlıq etməkdən yorulmuşdum. Doktor Halverstonun sözləri heç cürə başımdan çıxmırdı: «Yeşaya 6-cı fəsildə bizim üçün açılan Rəbbin çağırışına kim cavab verəcək? Kim öz ənamlarını qurbangahın qarşısına gətirərək: «Budur mən, məni göndər» deyəcək?»
İstənilən məsihçi kimi mən də hər dəfə eşidirdim ki, Tanrı mənim qabiliyyət və bacarıqlarımı Öz izzəti üçün istifadə etmək istəyir. Lakin mən Tanrıya nə təklif edə bilərəm — uğursuzluqlarımı? Mən bu uyğunsuzluqlara görə özümə hesabat verirdim. Çoxuna elə gəlirdi ki, məni parlaq gələcək gözləyir. Mən yaxşı oxuyurdum və müəllimlərimdən kimsə məndən birinci dərəcəli hüquqşünas çıxacağını demişdi. Ola bilsin ki, elə belədir. Lakin mən birinci dərəcəli məsihçi idimmi? Mənim həyatımda düzəldilməsi mümkün olmayan çox şey var və hərdən mənə elə gəlir ki, tez-tez kəkələməklə və qrammatik səhvlər buraxmaqla özünü göstərən dərin dəyərsizlik hissindən azad ola bilməyəcəyəm. Mən həyatımın bütün sahələrinə keçən, mənim bütün yaxın münasibətlərimə təsir edən cinsi alçalma, fiziki zorakılıq, ailə dağıntılarının yara yerlərini daşımaqda davam edirdim. Mən bu qüsurları və natamamlığı başqa insanlardan gizlətməyi məharətlə bacarsam da, onları özümdən gizlətməyim mümkün idimi? Mən hələ güzgüdə öz əksimə diqqətlə baxmalı idim. Bəli, pastor Loqan, siz haqlısınız. Məsihçi həyatı, marafon yarışıdır və onu tam həsr olunma ilə qaçmaq lazımdır. Lakin mən daha qaça bilmirəm.
Mən kafedən çıxdım və heç bir məqsəd olmadan küçələrdə veyllənməyə başladım. Payızın ortalarına yaxın idi və havada təravətli sərinlik var idi. Mən hara getdiyimi düşünmədən elə hey gedirdim. Ayağımın altındakı xışıldayan quru yarpaqlar, sanki xatirələrimi canlandırırdı. Bu da, Məsih demək olar ki, fiziki gücdən istifadə edərək mənə yaxınlaşanda, vəftiz zamanı basdırıldığını zənn etdiyim hər şeyi, sınaq və günahları xatirə yaddaşımda canlandırırdı. Mən indi özümü əbədi olaraq lənətlənmiş hiss edirdim və bu hiss güc çatmaz ağırlıqla çiyinlərimdən basırdı. Bir dənə ümidim o idi ki, atam Rəbbin çağırışına cavab vermədiyimi bilməyəcəkdi. Kaş ki, Pastor Loqan indi mənim yanımda olaydı. Belə vəziyyətlərdə nə etmək lazım olduğunu o, yaxşı bilirdi. O mənə lazımlı məsləhət verərdi. Amma o, yanımda deyildi. Onun xeyirxah gözlərini, hər şeyi bilmək istəyən və bu dəfə mənə sonsuz kədər və mərhəmət hissi ilə dolu görünən baxışlarını xatırlamaya bilərəmmi?
Yunion-stritdə küçə fənərinin yanında dayananda saat təxminən səhərə yaxın dörd idi. Yadıma Müqəddəs Kitabda, aclıqdan əziyyət çəkən insanları doydurmaq üçün bir neçə balıq və çörəyini təklif edən uşaq haqqındakı hadisə düşdü (Mark 6:1-13-ə bax). Mən indi özümü həmin oğlan kimi hiss edirdim. Bir fərq var idi. Bu da mənim əlimdə olan az şeyi daha əhəmiyyətli bir şeyə çevirən möcüzənin həyatımda olmaması idi.
Tanrı, — özüm üçün də gözlənilmədən mən dedim, — mənim qəlbimdə Sənə xidmət etmək üçün böyük arzu var. Lakin mən Sənin ayaqların altına nə qoya bilərəm? Səmimi olaq, utanmadan Sənə təklif edəcək bir şeyim yoxdur. Mən xüsusi bacarıqlarımla fərqlənmirəm, keçmişim isə özündə dərin yaralar daşıyır. Lakin əgər Sən istəyirsənsə, qoy indi bu yer bu səhər vaxtı mənim malik olmadığım hər şeyi qoyacağım qurbangah olsun. Əldə etmədiyim hər şeyi mən Sənə verirəm, Rəbb. Sən mənim gücümü götürə bilməzsən, çünki mənim Sənə təklif edə biləcəyim gücüm də yoxdur. Sən mənim bacarıqlarımı da götürə bilməzsən, çünki mən özümdə xüsusi bacarıq və ənamlar da görmürəm. Amma bütün bunlara baxmayaraq... əgər Sən istəyirsənsə Rəbb... əgər Sən mənim zəifliklərimi və məğlubiyyətlərimi götürüb onlar vasitəsilə izzətlənmək istəyirsənsə, ey Tanrım, son nəfəsimə qədər, bütün ömrüm boyu sənə xidmət edəcəyimə söz verirəm.
Mən orada nə qədər dayandığımı və daha nələr üçün dua etdiyimi bilmirəm. Yalnız tələbə şəhərciyinə qayıdarkən səhərin açıldığını bildirən, səmada şərq tərəfdən çıxan aydın işıq zolağını xatırlayıram. Günahın və lənətin dəhşətli neştəri üzərimdən götürülmüşdü və mən yeni günü salamlamağa hazır idim. Mən yenə də qaçışda iştirak etməyə hazır idim. Təxminən üç həftədən sonra qarşıda olan ruhani marafon üçün vacib olan hazırlığı mənə verən insanla görüşdüm.
****
Bill Brayt İsa Məsihin ikinci gəlişindən əvvəl ümumdünya miqyasında möhtəşəm müjdə missiyasını icra etmək üçün güc və enerji ilə dolu olan əsl xarizmatik şəxsiyyət idi. O, ölkəyə səyahət zamanı Uiton tələbə məbədində ibadət vaxtı çıxış edərək, tələbələri on il əvvəl onun tərəfindən yaradılmış «Campus Crusade for Christ»6 təşkilatı ilə tanış etmiş və ora könüllülər seçmişdi. İndi biz, təxminən on nəfər tələbə kafeteriyasında onun ətrafında əyləşərək onun özü və təşkilatı haqqında daha çox şey bilmək arzusu ilə alışıb yanırdıq.
Yalnız sizin həyatınızı deyil, yolunuz üstünə çıxacaq hər bir adamın həyatını dəyişə biləcək konsepsiya haqqında sizinlə bölüşmək istəyirəm. — O bizə dedi. Biz daha sıx oturduq. Billi Brayt isə kağız salfeti götürdü və qələm çıxartmaq üçün əlini pencəyinin iç cibinə saldı. — Dünyada üç cür insanlar var. Bu həm qadınlara, həm də kişilərə aiddir. Lakin asan izah etmək xatirinə sadəcə «insan» deyək. Beləliklə, bu, fiziki insan, cismani insan, ruhani insandır.
O, salfet üzərində bir-birinin ardınca üç dairə çəkdi və bu üç dairənin hər birinin ortasında stula bənzər bir şey çəkdi.
Fiziki insandan başlayaq. — O, dairələrdən birincini göstərərək dedi və stulun söykənəcəyinə «mən» yazdı. — Fiziki insan öz «mən»ini taxta yerləşdirib.
Cənab Brayt dairədən kənarda , yanında «üstəgəl» işarəsi qoydu. O, danışmağa başlayanda mən başa düşdüm ki, bu, üstəgəl deyil, məhz Məsihin çarmıxını təsvir edən çarmıx işarəsidir.
İsa Məsih bu insanın dünyasından kənarda qalır, — o, çarmıxı göstərərək dedi, — ola bilsin ki, bu adamı heç vaxt Rəbbə gətirməyiblər, ya da o özü Məsihi öz Xilaskarı kimi inkar edib. Bu insanın həyatında Məsih yoxdur.
Cənab Braytın barmağı ikinci dairəni göstərdi:
Bu isə cismani insandır. — O, yenə də stulun söykənəcəyinə «mən» yazdı, lakin üstəgəli bu dəfə dairənin içində, stulun ayaq tərəfində idi.
Fiziki insan kimi, — o, davam etdi, — cismani insan da özü özünü taxta qaldırıb. O, məsihçidir, lakin heç bir bəhrə gətirmir. O, məsihçi həyatı yaşamaq üçün öz şəxsi gücünə güvənir. Məsih kənara itələndiyi üçün belə insan dolğun həyat yaşamır.
Cənab Brayt qəhvəsindən bir qurtum içərək üçüncü dairənin içindəki stulun söykənəcəyində çarmıx çəkdi.
Qalan ikisindən fərqli olaraq ruhani insan Məsihi öz həyatının taxtına ucaldır, özünü isə, öz «eqo»sunu... — cənab Brayt yenə də qələmi götürərək taxtın ayaq tərəfində «mən» yazdı — mərkəzdən götürür. O Müqəddəs Ruhun bütün dolğunluğuna bürünür və Məsihdə qələbə dolu həyat yaşayır. Lakin bir məsələ qalır. Əgər mən sizdən Müqəddəs Ruhun gücünü necə əldə etmək lazım olduğu barədə sual versəm, siz nə etmək lazım olduğunu biləcəksinizmi?
Düşünürəm ki, birinci məsələ, Məsihin həqiqətən mənim həyatımın taxtında əyləşdiyinə əmin olmağımdır, — Frenk dedi.
Çox yaxşı, — cənab Brayt dedi. — Aranızda basketbol oynayanlar bunu əsas mövqeyin tutulmasına bənzədə bilərlər.
O, baxışlarını stol ətrafında əyləşənlərin üzərində gəzdirdi:
Sizlərdən kim Müqəddəs Ruhun bəhrələrini sadalaya bilər?
Dik Pernel kiməsə ağzını açmağa imkan vermədən onları bir-birinin ardınca sadaladı: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. (Qalatiyalılara 5:22, 23-ə bax).
«Dostum, deyəsən sən özünü gözə soxmaq üzrə ustasan», — deyə mən fikirləşdim.
Cənab Brayt sevinclə başını yellədərək dedi:
Biz Məsihi öz həyat taxtımıza qaldıraraq, Müqəddəs Ruhdan bizi doldurmasını və doldurmağa davam etməsini xahiş edəndə məhz bu keyfiyyətlər ön plana çıxır.
Doldurmağa davam etsin? — mən soruşdum.
Oğlum, Müqəddəs Ruh səni, hətta qıraqlarından dolub daşana qədər doldurmaq istəyir. Axı Müqəddəs Ruhla birlikdə sizi qarşıda ciddi işlər gözləyir! — cənab Brayt qrupumuza göz gəzdirdi. Biz onun sonra nə deyəcəyini gözləyərək nəfəsimizi içimizə çəkmişdik.
Oğlanlar, mən özüm Oklaxomadanam. O yerlərdə həmişə quyular qaynayır, neft axtarırlar. Texasın ucqarlarında bir kovboy yaşayırdı. Qocaldıqda heyvanları otarmağı buraxdı və özünün heç kəsə lazım olmayan baxımsız fermasında yaşamağa başladı. O, öləndə onun sahəsinə axtarış şirkətindən gəldilər, quyunu qazdılar, oradan isə neft çıxdı. Elə-belə neft yox, o qədər neft çıxdı ki, qoca kovboy qızıla bürünə bilərdi. Neft, sanki bir xəzinə kimi onun torpağında gizlənmişdi, o isə həmişə yuxarıda oturaraq nəyin üstündə oturduğunu heç ağlına belə gətirməmişdi. Cibində bir qəpik də olmadan ölmüşdü. Bax, Müqəddəs Ruhun da gücü o neft kimidir. Əgər siz Məsihə maliksinizsə, Ruh artıq sizin üzərinizdədir və sizdən püskürmək üçün fürsət axtarır... quyudan püskürən neft kimi! Siz Onun gücünə bağlanmalısınız. Bunu isə dua vasitəsilə etmək olar.
Cənab Brayt düz mənə baxdı:
Nə deyirsən? Müqəddəs Ruhun gücünü almaq istəyirsən?
İndi?
Elə indi.
Bəli, cənab, bu əla olardı.
Cənab Brayt stolun ətrafında gəzərək hər birimizə həmin sualı verdi. Hər kəs «hə» cavabını verdi, sonra isə cənab Brayt dua edərkən biz gözlərimizi yumduq:
Əziz Atamız, bizim Sənə ehtiyacımız var. Biz etiraf edirik ki, bütün bu vaxtlar ərzində həyatımızı özümüz idarə etmişik və nəticədə Sənə qarşı günah etmişik. Məsih vasitəsilə günahlarımızın bağışlanmasını əldə etdiyimizə görə həlimliklə Sənə minnətdarlığımızı bildiririk. İndi iman vasitəsilə hər birimiz Məsihi, Ona layiq olan yeri, həyatımızın taxtını tutmağa dəvət edirik. Biz yenə də iman vasitəsilə Səndən xahiş edirik ki, Öz Kəlamında vəd etdiyin kimi bizi Müqəddəs Ruhla doldurasan. Sənə minnətdarıq və Səni izzətləndiririk. Məsihin adı ilə, amin.
Amin! — biz birlikdə dedik.
İndi isə dərindən nəfəs alın, — cənab Brayt özü də dərindən nəfəs alaraq dedi. Hər birimiz dərindən nəfəs aldıq. — İndi isə nəfəsinizi buraxın.
Biz birlikdə nəfəsimizi buraxdıq. O, tapşırığı təkrar etdi:
Nəfəsinizi çəkməklə Müqəddəs Ruhu qəbul edin, nəfəsinizi buraxmaqla isə günahlarınızı çıxarın — o, dedi. — Ondan tamamilə azad olun. Yenə də Tanrının bağışlamasını qəbul edin. Mərhəmətli Müqəddəs Ruhu qəbul edin.
Bu zaman o, susdu və bizə göz gəzdirdi:
Müqəddəs Ruh Şəxsiyyətdir. Bunu heç zaman unutmayın. O, gəldi ki, bizə təsəlli versin, öyrətsin və dünyanın ucqarlarına qədər Onun şahidləri olmağımız üçün bizə güc versin. İndi isə, cənablar, mən Nyu-York qatarına tələsməliyəm. Sizinlə görüşün mənə nə qədər xoş hisslər bəxş etdiyini sözlə ifadə edə bilmirəm və sizlərdən bəziləri ilə yenə də görüşəcəyimizdən əminəm.
Bizim üçün dua etdiyiniz üçün təşəkkür edirik, — mən ayağa qalxıb onun əllərini sıxaraq dedim.
Məmnuniyyətlə... — o, adımı deyəcəyimi gözləyərək susdu.
Coş. Coş Makdauell.
Cənab Brayt mehribanlıqla başını yellədərək cavab verdi:
Nəfəs almağı unutma, Coş.
Oho, bunu heç zaman unutmayacağıma əminəm!
Sən adi vaxtlarda nəfəs aldığın kimi nəfəs almalısan. Belə yox ki, bir dəfə nəfəs aldım və vəssalam, unutdum. Bu, fasiləsiz olaraq, bu gün, sabah və beləliklə, günbəgün davam etməlidir. Bunu həmişə, ömrünün sonuna qədər etmək lazımdır, başa düşürsən?
Başa düşürəm, cənab. Marafon kimi.
Cənab Brayt maraqla mənə baxdı və öz çantasını götürüb iri addımlarla kafeteriyadan çıxaraq dəmiryol vağzalına yollandı.
Dostları ilə paylaş: |