ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə18/25
tarix21.10.2017
ölçüsü3,32 Mb.
#8754
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

NAĞILLAR
AĞ AT, QARA AT
Biri var idi, biri yox idi. Allahdan qeyri heç kəs yox idi. Bir padşah var idi. Bu padşahın bircə qızı var idi ki, çoxları elçi gəlmişdilər. Amma şahın qızı bir şərt qoymuşdu. O da ibarət idi bir neçə tapmacadan, demişdi hər kim bu tapmacaların cavabını verə bilsə, ona gedəcəm. Padşah da hər yerindən duran qızına elçi gəlməsin deyə tapmacanı tapa bilməyənlər üçün ölüm cəzası nəzərdə tutmuşdu. Bir neçə nəfər gəlib tapmacanı tapa bilmə­dikləri üçün həbsə alınmışdılar. Müntəzir idilər ki, onların sayı qırxa yetişəndə hamısının bir yerdə boyunlarını vursunlar.

Bu zaman bir div tanınmamaqdan ötrü özünü adam şəklinə salıb şəhərə gəlmişdi. Amma ölüm cəzasından qorxurdu, çalışır­dı ki, bir təhər o tapmacaların cavabını ələ gətirsin, sonra elçiliyə getsin, o gözəl qızı ələ gətirib yesin.

Hər gün gedib qızın bağının ətrafında gəzərək qızı görürdü. Bir gün qız bağa gəlib bir duvarın ayağında köşkdə oturub öz-özü ilə danışırdı. Div də duvarın o biri tərəfində gizlənib qulaq asırdı ki, bəlkə onun sözlərindən bir şey ələ gətirə bilə. Qəzadan qız ki öz-özünə danışırdı, birdən öz elçiləri yadına düşdü ki, heç birisi dediyi tapmacaları aça bilməmişdilər. Qız ki özünü bağda tək gördü, uca səslə gülərək, dedi, axı bu tapmacaları açmaq çətin deyil, qara toyuq qarnı, qarnı yarıq, haman buxarıdır da. Bunu bilməyə nə var? Bizim evdən sizin evə yol salmış da siçandır da, bunun da bir çətinliyi yoxdur ki.

Bunu da deyək ki, qədimdə kəndlərdə damın duvarında bir ocaq qayırıb divarın içindən də tüstü çıxmaq üçün bir lülə yol dama düzəldərdilər. Buna buxarı deyilərdi. Onun içi qaralardı. Bu tapmaca o buxarıya aid idi.

Hər halda div duvarın dalısından bu sözləri eşitcək, haman xoşhal olub, sabah şahın sarayına gedib qızına elçi olduğunu bil­dirdi. Padşah əvvəlcə ona nəsihət verdi. Dedi cavansan özünə rəhm elə. Çoxları gəlib, bu müəmmanı aça bilməyərək, həbsə düşüb ölümlərinin intizarındadılar. Div israr elədi ki, yox mənim qanım o birilərindən qırmızı deyil. Nəhayət, padşahın qızı gəlib arada çəki­lən bir pərdənin dalında oturub, müəmmalarını şərh elədi:

– Qara toyuq, qarnı yarıq?

Div cavab verdi ki, bu duvar buxarısıdı.

Qız təəccüb etdi, amma bir söz deyə bilməzdi, çünki bu şər­ti o özü qoymuşdu. Çarəsiz qalaraq ikinci tapmacanı belə şərh elədi:

– Bizim evdən sizin evə yol salmış?

Div dedi: – O da siçandı.

Hamı heyrətdə qaldı, qız təəccübdə qaldı, atasına dedi: - Mən bu adama getmək istəmirəm. Atası dedi bu qeyri-mümkün­dü, mən neçə nəfəri bu məsələ üstündə zindana salıb məhbus et­mişəm. İndi ki bu cavan o tapmacaları açıbdı, sən ona getməlisən.

Beləliklə, div gedib iki at, biri ağ, biri qara gətirdi. Əvvəlcə ağ atı qabağa gətirdi. Qız minmək istədikdə, qara at səsləndi ki, ona minmə, yoxsa dərdi-sərə, bədbəxtliyə düşərsən, mənə min.

Qız qara ata sarı gəlib ona mindi. Div ağ ata minib padşahla görüşüb yola düşdü. Yolda div qıza dedi sən get, mən atdan yenirəm ki, patavalarımın bağını bağlayım. Qız qara atın üstündə getməkdə oldu. Qara at qıza dedi: – Dön bir dalıya bax, gör nə görürsən? Qız baxıb gördü ki, bir div gəlir, alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Qara at dedi ki, o, haman sənin ərindi ki, öz həqiqi qiyafəsini tapıbdı. İndicə gəlib, səni bir tikə eləyib, yeyəcək.

Qız dedi: – Bəs nə etməliyik?

Yol üstə bir ağac var idi. Qara at onun yanında durub qıza dedi: – Sən çıx ağacın başına, mən burada olsam, qoymaram sənə bir ziyan yetişsin. O, səni öz qəsrinə aparıb axırıncı otaqda zəncirə çəkəcək, sonra rahatlıqla gəlib səni yeyəcək. Amma mən hər nə cür olsa, sənə nicat verməyə gələrəm. Nə vaxt mənim səsimi eşitdin, bil ki, qapıları sındırıb eşiyə çıxmışam. Üçüncü səsdən sonra sənin yanındayam.

Qız atın üstündən əlini uzadıb, bir budaqdan yapışıb ağacın başına çıxdı. Div gəlib gördü ki, əli qıza çatmayacaq, bir yandan da qara atdan qorxurdu. Qara atın noxtasından yapışıb, öz imarətinə aparıb, altı otağın içindən keçirib, yeddinci otaqda onu zəncirlədi, qızın yanına qayıtdı, dişlərini qayçı kimi ağaca çək­mə­yə başladı. Bu zaman qara atın səsi eşidildi. Qız bildi ki, qara at zəncirləri qırıb. İkinci səsi eşidəndə bildi ki, qara at qapıları sındırıb, imarətdən eşiyə çıxıbdı. Div dişlərini hələ ağaca çək­mək­də idi. Ağac yerə yıxılan zaman qara at üçüncü dəfə səslə­nərək özünü yetirib, iki ayaqları ilə divin kəlləsinə elə çaldı ki, div yerə düşüb huşdan getdi. Qız tez atılıb qara atı minərək, oradan uzaqlaşdı. Onlar yolda bir çobana rast gəldilər. Qız hər nə qızıl bəzəyi var idi, çobana verib, onun paltarını alıb əyninə geydi, öz paltarlarını isə çobana bağışladı. Gəlib-gəlib bir şəhərə çatdı. Hər kəs adını soruşdu dedi: “Alı”. Gedib o şəhərin padşa­hının sarayında, şahzadəyə nökər oldu. Şahzadə onun gözəlliyin­dən heyrət qalmışdı. Onun barmağında üzük yeri və biləklərində bilərzik yerini gördükdə, şəkkə düşdü. Anasına dedi: – Ana bunun barmağında üzük yeri, qollarında bilərzik yeri var.

Anası dedi: – Bir zad dəyil, onu imtahan edərik. Ona gül­dən yataq düzəlt, qız olsa, güllər ölüşgüyər, amma oğlan olsa, yox.

Şahzadə onun yanına gəlib dedi: – Alı, bu gecə yataq- larımızı güldən düzəldib, gül üstə yatacağıq.

Qız gəlib bu sözü qara ata dedi. Qara at dedi: – Sən səhərədək yerdə yat, səhərə yaxın durub güllərin üstündə yat, beləliklə, güllər ölüşgəməz.

Qız elə o cür elədi.

Şahzadə səhər gəlib, baxdı gördü güllər təzə qalıbdı. Anasına dedi ki: – Ana, güllər əsla ölüşgəməmişdir. Amma onun əllərində bilərzik yeri, barmağında üzük yeri var, mən yəqin bilirəm ki, Alı qızdı.

Anası dedi: – Sabah onunla güləş, o zaman bilərsən ki, o qızdı, ya oğlan.

Şahzadə Alıya dedi ki, sabah mənimlə güləşəcəksən.

Qız genə gəlib macəranı qara ata danışdı. Qara at dedi: – İki cəviz ilə bir yerkökü şalvarında gizlət, o, sənə əl atacaq, onda sənin oğlan olduğunu yəqin edəcək. Bu hadisə də o cür oldu. Şahzadə gəlib macəranı anasına söylədi, lakin dedi ki, mən hələ də inanmıram. Çünki onun qolunda bilərzik yeri, barmağında üzük yeri var. Ana, vallah, Alı qızdı.

Anası dedi: – Belə olsa, sabah onu göl başına apar, ikiniz də soyunub göldə çimin. Onda daha səndə şübhə yeri qalmaz.

Qız genə qara atın yanına gəldi. Qara at dedi: – Daha çarə yolu qalmayıb, sözün düzünü ona de. Sabah qız şahzadəyə dedi ki, o qızdı. Lakin divin macərasını ona demədi. Şahzadə bu xəbəri eşitdikdə sevindi. Ona arvad paltarı geyindirib onu aldı.

Yeddi gün, yeddi gecə toy tutdurdu. Bir müddət keçdikdən sonra şahzadə padşahlığa çatdı. Məmləkətə baş çəkmək məqsə­di­lə bir uzun səfərə getməli oldu. Qız boylu idi. Doqquz ay, doq­quz gün, doqquz saat, doqquz dəqiqə keçdikdən sonra gözəl bir oğlan dünyaya gətirdi. Şahzadənin anası bir kağız yazıb, bir nökərin vasitəsi ilə oğluna göndərdi. Yazdı ki, oğlun olmuşdur, tezliklə evə qayıt. O tərəfdən div qızdan bir xəbər bilmək üçün yeddi yolun üstündə bir ev salıb gəlib-gedənlərdən qızı sorağla­şardı. Haman nökər oradan keçəndə, div onun hara getdiyini soruşdu. Əhvalatdan xəbər tutdu. Ona gecə orada qalmağı dəvət etdi. Gecə durub onun ciblərindən kağızı tapıb oxudu. Sonra o kağızı cırıb, bir ayrı kağız anasının dilindən yazdı ki: – Oğul, aralıq qızı elə bundan artıq olmaz. Sən gedən gündən hər gün biri ilə oyan-buyandadır. Daha bizdə abır-həya qoymayıbdır. Kağızı qoydu nökərin cibinə. Səhər nökər gedəndə sifariş elədi ki, qayıdan baş da gəlib ona qonaq olsun. Nökər getdi kağızı şahzadənin əlinə yetirdi. Şahzadə kağızı oxuduqda çox narahat oldu. Həm də çox təəccüb elədi. Cavabında yazdı ki, mən tez­lik­lə qayıdacağam, mən gəlincə bir təhər keçinin, ta gəlim, görüm qəziyyə nədi? Nökər kağızın cavabın alıb yola düşdü. Gecə genə gəlib divə qonaq oldu. Div oyanandan sonra kağızı onun cibindən çıxardıb bir ayrı kağız onun yerinə qoydu ki: “Mən gəlincə, onun uşağını da ətəyinə qoyub, evdən eşiyə qovun. Mən gəlib onu orada görsəm, hamınızın boynunu vurdutduracağam”. Kağızı anaya verdilər, ana da gəlinə verdi ki, oxusun. Gəlin kağızı oxuyub ağladı. Kağızın məzmununu anaya dedi. Ana bil­mirəm nə üçün belə yazıbdı. Amma ki, o şahdı, gəlsə məni də, səni də, oğlunu da öldürər. Sən başın sağ qalmaq üçün uşağını götürüb bu diyardan çıx get.

Qız ağlar gözləri ilə qara atı minib, uşağını qucağına alaraq, baş alıb getdi. Bir biyabandan keçərkən qara at dedi: – Mənin ömrüm başa çatmışdır. Sən daha tək qalacaqsan, ölümə dünyada çarə yoxdur. Lakin mən öləndən sonra mənim qarnımı yırt və bağırsaqlarımı dövr-ha-dövr hasar kimi ətrafına çək, özün də uşağın ilə mənim qabırğalarımın arasına gir. Beləliklə, hər xətər­dən, amandan qalarsan.

Qara at öldü. Qız o dediyi kimi onun qarnını söküb bağır­saq­larını dövriyə çəkdi. Özü də uşağı ilə onun qabırğalarının arasına sıxıldılar. Səhər göz açıb gördü atın qabırğaları böyük bir imarət olub, bağırsaqlar da uca bir hasar divarına çevrilib. Arada bir bağ gülşən olub, hər cür meyvə ağacı desən onda tapılar. Beləliklə, qız orada yaşamağa başladı.

O tərəfdən şahzadə səfərdən gəlib arvad-uşağını görmə­dik­də macəranı soruşdu. Anası kağızı göstərib dedi ki, özün yaz­mışdın....

Şahzadə dedi bu mənim yazdığım kağız deyil. Nökərdən təhqiqat etdikdə məlum oldu ki, o gedib-gələndə gecələri bir yerdə qonaq qalmışdı. Adam yollayıb divi tutdurub öldürtdü. Amma daha qızdan, oğlundan bir xəbər almadı.

Bir gün şah şikara çıxmışdı. Bir şikar vurdular, amma od-ocaq olmadığı üçün yaxında bir imarət gördükdə oraya sarı yol­landılar. Lakin imarətin əzəmətindən heyrətə gəldilər. Fikirləş­di­lər kimdir ki, biyabanda belə bir imarət saldırıb, şəhərdən, kənd­dən uzaq yaşayır? İmarətdən tüstü çıxdığını gördükdə nökər­lərinə dedi ki, o şikarı aparıb, o evdə kabab edib gətirsinlər. Nö­kər gəlib qapını döydü. Qız qapını açdı. Nökər ağasının xahişini dedi. Qız dedi gəl bişir. Nökər tərif etdikdə, o şəxsin onun əri olduğunu başa düşdü. Nökər imarəti görüb ağzı açıla qalmışdı. Bir də gördülər ki, kabablar yandı. Qız dedi: – Ey ağasından ağıllı, kabablar yandı.

Qız dedi ki, yoldaşlarına de ki, bu gecə mənə qonaq olsun­lar. Nökər yanıq kabablarla ağasının yanına qayıtdı, xanımın dediklərini ona dedi. Şah başının adamları ilə imarətə getdi. Qız üzünə niqab salıb onları qəbul etdi. Onlar yatandan sonra mey­və­lərdən dərib, şahzadənin xurcununa doldurdu. Qonaqlar get­mək istədikdə qız bildirdi ki, xurcunlarınızı axtaracağam, görüm buradan bir şey götürüb aparmırsınız ki. Yoxlayanda şahın xur­cunundan meyvələr çıxdı. Qız şaha dedi ki, sən burda oğurluq eləmisən. Bunlar getsinlər, amma sən burada qalmalısan. Şahın yoldaşları eşiyə çıxandan sonra qız üzünü açdı. Şah gördü ki, bu, onun öz arvadıdı. Şah çox üzrxahlıq elədi. Məktubun dəyişilmə­sini də nağıl elədi. Dedi bəs bu oğlan da mənim oğlumdu? Arvadı dedi, bəli.

Onlar oradan çıxıb şəhərə gəldilər, şadlıq elədilər. Onlar yedilər, içdilər, qara yerə keçdilər. Siz də yeyin-için. Mətləbi- muradınıza yetişin.


YEDDİ QARDAŞ BİR BACI
Biri vardı, biri yoxdu, bir arvadın yeddi oğlu vardı. Bu arvad genə də boylu olur, oğlanlar şikara gedirlər, deyirlər ana bu dəfə də oğlan doğsan bir daha bu evə ayax qoymayacayıq.

Ana deyir: – Əgər qız doğsam qapıdan bir ələk asaram. Yox, əgər oğlan doğmuş olsam, qapıya bir tüfəng asaram ki, biləsiz.

Arvad bir qız doğdu, qonşunun arvadına dedi ki, qapıdan bir ələk as, çünki oğlanlarıma demişəm qız doğsam qapıya ələk asacam, oğlan doğsam tüfəng. Əgər tüfəng assam, oğlanlarım qoyub gedərlər, bir daha bu evə qədəm qoymazlar.

Qonşu arvad çox paxıl idi, ələk əvəzinə qapıdan bir tüfəng asdı. Oğlanlar şikardan qayıdanda uzaxdan tüfəngi görüb qa­yıtdılar. Gedib uzaxlarda dam-daş tikib orada qaldılar. Günüzlər şikara gedir, ovladıqlarını gətirib yeyirdilər.

Bu qız böyüdü. Bir gün bir qoyun qarnı almışdılar, apardı su başında yusun. Birdən bir qarğa gəlib qarını götürüb apardı. Qız quşun dalısınca qaçdı. Qarğa gəlib qardaşların duvarına qondu. Qız hər tərəfə baxdı, gördü duvarlar ucadır. Darvaza da bağlı idi. Su gilifi vardı, ordan həyətə girdi, qarnı qarğanın ağzından aldı, amma qayıdanda axtardı, su yolunu tapa bilmədi. Otaqların qapısı açıq idi. İçəri girib evi tör-töküntü, toz-torpaq basmış gördükdə ev-eşiyi silib-süpürüb, təmizlədi. Evdə ət vardı, qazana töküb bişirdi, qardaşlar gələnə yaxın gedib döndər­mənin altında gizləndi. Oğlanlar evə gəldikdə xörəklərini hazır görüb təəccüb qaldılar. Bunun kimin işi olduğunu bilmədilər. Qərara gəldilər ki, sabah qardaşlardan biri damda gizlənsin, ba­cadan evi güdsün, görsün xörəyi bişirən kimdi?

Böyük qardaş dedi: – Mən qalaram, siz gedin şikara.

Böyük qardaş damda oturub, gözlərini bacadan içəriyə zil­lədi. Bir müddətdən sonra yuxusu tutdu. Qız döndərmənin al­tından onun yatdığını gördükdə eşiyə çıxıb, evi təmizləyib, xö­rəyi bişirib, genə də döndərmənin altında gizləndi. Qardaşlar gə­lib evi genə təmiz görüb, xörəyi hazır gördükdə böyük qardaş­larından bunun səbəbini soruşdular. Amma o dedi ki, heç kimi görməyib. Bir zaman gördüm ki, ev süpürülüb, xörək isə bişibdir.

Sabah ikinci qardaş dedi mən qalacağam, görüm bu işləri görən kimdi, haradan gəlir? Sabah o da bir müddət bacadan gözlərini evin içinə zillədi, sonra onu da yuxu apardı. Qız çıxıb evi-eşiyi süpürüb-təmizləyib, xörəyi bişirib, genə də gedib döndərmənin altında gizləndi. Altı qardaş bu cür oldular. Kiçik qardaşa növbə yetişəndə, dedi mən bu gün bu işin üstünü açaram. O da bir müddət bacadan içəri baxdı, bir zaman gördü gözlərini zilləməkdən yuxusu tutur. Barmağını kəsib, üstünə az duz tökdü, onun acışmasından daha yuxusu qaçdı. Amma yalandan özünü yuxuya vurdu. Bir zaman gördü ki, bir qız döndərmənin altından çıxıb, evi süpürməyə başladı. Tez damdan aşağıya yenib, qızdan soruşdu ki: – “Sən kimsən?”

Qız başına gələnləri, oraya girməsini nağılladı. Axşam qardaşlar qızı evdə görəndə, dedilər elə biz yeddi qardaşa bir bacı lazımdır. Belə yaşamağa başladılar.

Bir gün bacı naxoşlayıb ölüm ayağına düşdü. Qardaşların əllərindən bir iş gəlmirdi. Bir dəvə gətirib üstünə xurcun qoyub qızı bir taya, o biri taya da qızıl-gümüş doldurdular. Bir kağız yazıb içinə qoydular ki, hər kim bu dəvəni tapsa, bu pulları qızın sağalmasına, ya əgər ölsə, onu “kəfən və dəfn” etməyə xərcləsin. Dəvəni gətirib, bir yola ötürdülər. Dəvə baş alıb getdi, bir şəhərdə bir şahzadə dəvəni görüb ovsarından yapışıb öz sarayına apardı. Orda yükü açdıqda, bir qızın cənazəsini və bir tay dolu qızıl-gümüş gördülər. Kağızı oxudular. Bir ayna gətirib qızın burnunun qabağına tutdular. Gördülər ki, qızın hələ nəfəsi var, ölməyibdir. Həkim gətirib dava-dərman etdikdə qız sağaldı. Şahzadə qızı aldı. Bir ildən sonra bir oğlan sahibi oldular. Oğlan böyüyüb yeddi yaşına çatdı. O tərəfdən də qardaşlar bir müddətdən sonra bacılarından bir xəbər tutmaq fikrinə düşdülər. Hər biri bir libas ilə hərəsi bir tərəfə düşüb bacılarını ölmüş bilib onun qəbrini axtarmağa başladılar. Kiçik qardaş çoban paltarı geymişdi, gəlib həmən bacısı olan şəhərə çatdı. Orada bir neçə uşaq oynayırdı. Uşaqların biri udmuşdu, lakin o biri uşaqlar bunu qəbul etmirdilər. Biri dedi: – “Get, ey anası nə bəlli, naməlum udmamısan”...

Oğlan anasının yanına qayıdıb vəziyyəti ona danışdı. Kiçik qardaş bunu eşidib maraqlanır, işin nəticəsini bilmək üçün orada oturur.

Oğlanın anası ona deyir: – Get, uşaqlara de ki... yeddi dayımın canı, udmuşam, ey udmuşam.

Uşaq qayıdıb, bu sözü dedikdə, dayısı bilir ki, bu elə bacısının oğlu olmalıdı. O, saraya gedir, bacısını görüb tanıyır. Sonra düşüb qaradaşlarını axtarıb tapır, bacılarının yanına gətirir. Deyirlər ki, bizim atamız-anamız indi qocalıb, biz onların yanlarına getmək istəyirik. Qız deyir mən də gedirəm. Gəlib görürlər ata-ana qocalıb yerə yapışıblar. Ana qızını gördükdə, tanıyır, deyir ki, bu sizin doğma bacınızdı. Beləliklə, hamı xoşhal olub, şadlıqla yaşayırlar. Siz də sağ-salamat olun, arzularınıza yetişin.
BƏHLULUN TƏDBİRİ
Qədim zamanlarda biri Bağdada işləməyə gedir. 3-4 ay işləyir 500 dinar pul qazanır. Bu kişi istəyir ki, 500 dinar da əlavə qazanıb min dinar edib, vilayətinə qayıtsın. Ancaq 500 dinarı itirib, oğurlatmaqdan qorxur. Odu ki, bir əmin adam axtarır. Ona deyirlər, get Bəhlulu tap o, sənə bir yol göstərər. Kişi çox axtarandan sonra Bəhlulu tapır, görür uşaq kimi bir qəmiş ağacı minib, oyan-buyana çapır. Kişi naümidliklə dərdini Bəhlula deyir. Bəhlul deyir:

– Apar pullarını bir salim adama tapşır.

Bunu deyib, qəmiş atına bir qamçı vuraraq, uzaqlaşır. Kişi mat qalaraq, bazara qayıdır. Hücrələrin birində görür ki, saqqalı hənalı, üz-gözü səfalı bir adam döşəkçənin üstündə oturub, təsbih çevirməkdədi. Öz-özünə fikirləşir ki, əzası düzgün adam olsa-olsa budur. Qabağa gedib salam verir. Hacı mehribanlıqla salamı alıb onu əyləşməyə dəvət edir. Qəhvəçini çağırıb, çay sifariş verir. Sonra ondan gəlməsinin məqsədini soruşur. Kişi utana-utana deyir:

–Vallah, Hacı ağa, bir az pulum var, qorxuram yanımda saxlayam oğurlayalar. Odur ki, bir Allah bəndəsi axtarırdım ki, pullarımı onun yanında əmanət qoyum. Dedim elə siz etibarlı adamsız, sizə zəhmət verim ki, bir ay bu pulu mənim üçün saxlayasız, vətənə gedəndə gəlib sizdən alam.

Hacı deyir: – Eybi yoxdu, oğlum, verin saxlayaram.

Kişi pullarını Hacıya təqdim edib, mürəxxəs oldu. Bir müddətdən sonra 500 dinar da yığıb, vətənə getmək qəsdinə düşdü. Hacının dükanına gəlib, ucadan salam verdi. Amma Hacı başını aşağı dikmişdi, salamın cavabını vermədi. Kişi bir də salam verir. Hacı saymazyana başını bir az qovzuyub, salamın cavabını vermək əvəzinə dedi:

– Nə istəyirsən?

Kişi qısıla-qısıla dedi: – Hacı ağa, istəyirəm, Allah qoysa, vətənə qayıdım.

Hacı dedi: – Vətənə qayıtmağının mənə nə dəxili var?

Kişi dedi: – Hacı, o əmanəti sizdən almaq istəyirdim.

Hacı dedi: – Hansı əmanəti?

Kişi dedi: –O beş yüz dinarı ki sizə vermişdim, saxlayasız?

Hacı dedi: – Çıx get işinin dalınca, mən məgər sənin dədənin sandıqdarı idim ki, əmanət saxlayam?

Kişi dedi: – Allah eləməsin, Hacı ağa, siz bizim başımızın tacısınız. Mənə lütf eləmişdiz, pulumu alıb saxlamışdız.

Hacı əsabani olub dedi: – Get-get, oğul, Allah ruzunu ayrı yerdən versin, mən əmanət zad saxlayan deyiləm.

Kişi bir də təkrar etdikdə, Hacı acıqlanıb dedi:

– Dedim, itil get, biz əmanət qəbul etmirik, əmanət alanda, qəbiz veririk. Get özgə adamın başına börk qoy, bizim başımıza börk keçməz.

Kişi yalvardıqca, Hacı daha da hirsləndi. Kişi dedi: – Hacı ağa, Allaha xoş getməz, o pulu mən 4 aya işləyib, tər tökmüşəm, əllərim qabar olubdu.

Hacı daha da hirslənib dedi: – Hoqqabazın biri hoqqabaz, indi məmur çağırıb səni həbsə saldırram.

Kişi qorxusundan kor-peşman qayıtdı. Bəhlulu axtarmağa başladı. Axırda Bəhlulu qəmiş atını çapdığı yerdə tapıb, qolundan tutub dedi: –Bəhlul ağa, Bəhlul ağa, başına dönüm, bircə dayan, gör mənim başıma nə gətiriblər?!

Bəhlul qəmiş atının başını çəkərək dayandı.

Kişi dedi: – Yadında olsa, bir ay qabaq mən səndən əmin adam soruşdum ki, pullarımı tapşıram. Siz də buyurdunuz ki, bir əzası dürüst adama ver. İndi həman əzası dürüst adam mənim pullarımı vermir. Gəl, mənim pullarımı ondan al.

Bəhlul dedi: – Burada dayan, qoy məm atımı bağlayım, karvansaraya gəlim, görüm nə deyirsən.

Bunu deyib atını çapıb getdi. Bir azdan sonra gəlib kişiyə dedi: – Gəl gedək, o Hacını mənə göstər.

Kişi Bəhlulu gətirib, uzaqdan Hacını ona göstərdi.

Bəhlul dedi: – Sən bir tərəfdə dur, mən Hacının yanına gedərəm. Nə vaxt mən əllərimi bir-birinə çaldım, gəl Hacıdan pullarını istə.

Bəhlul üz-gözünə bir az torpaq-palçıq yaxıb, bir ağac da əlinə alıb Hacının dükanına gəlib salam verdi. Hacı gülər üzlə onun salamına cavab verib dedi:

– Buyurun.

Sonra da qəhvəçi şagirdi səsləyib çay sifariş verdi.

Bəhlul dedi: – Hacı ağa, mənə bir qəziyyə üz verib, sizdən əmin bir adam tapmadım ki, nəql eləyim.

Hacı dedi: – Buyurun-buyurun, xatiriz cəm olsun, hər nə istəyirsiz deyin. Bəhlul oyan-buyana baxıb dedi: – Hacı ağa, siz şəhərin yarım ağaclığında olan “Baba bağını” tanıyırsız?

Hacı dedi: – Əlbəttə ki, tanıyıram, uşaqlıqda hər gün uşaq­larla oraya badam oğurluğuna gedərdik. Allah günahı- mızdan keçsin, onda uşaq idik, anlamırdıq, böyüyəndən sonra düşünüb tövbə elədim.

Bəhlul dedi: – Bəli... Dünən orada cüt sürürdüm, yer yaş idi, cüt quyulanırdı yerə. Öküzlər cütü zor ilə çəkib çıxarırdılar. İki dəfə o baş bu başa getmişdim, bir də gördüm ki, cüt bir şeyə ilişdi. Öküzlərə güc verdim, bir də gördüm bir yoğun zəncir yerdən çıxıb, bir deşik açıldı. O deşiyi bir az genəldib başımı içəri uzatdım, gördüm aşağıda qırx danə böyük küp var ki, ağızlarında qızıl qapaq, qapaqların üstündə qızıldan xoruz mücəssəməsi var.

Burada Bəhlul əllərini bir-birinə çalaraq dedi:

– Amma heyif olsun ki, bilmədim o küplərin içində nə var.

Hacı dedi: – Əlbəttə onların içində hətmən qızıl olmalıdı. Sonra nə elədin?

Bu zaman pul verən kişi Bəhlulun əllərinin səsini eşitdikdə tez özünü yetirib, salam verib dedi: – Hacı ağa, həmşəhərli­lərimiz gedirlər, mənim pulumu verin, onlar ilə gedim.

Hacı gördü əgər bu kişiyə desə ki, hansı pul, kəndli şəkkə düşüb gedəcək xəzinə əldən çıxacaq. Odu ki dedi:

– Dadaş indi bu ağa ilə söhbət edirik, get yarım saatdan sonra gəl, pulunu al, apar.

Kişi dubarə gedib yanda dayandı.

Hacı dönüb Bəhlula dedi: – Hə, de görüm sonra nə elədin?

Bəhlul dedi: – Heç, oranı torpaqlayıb, üstünü örtdükdən sonra cütü aparıb zəminin o biri tərəfindən saldım. Beş-altı yol o baş bu başa getdikdə, genə də gördüm ki, cüt bir zada ilişdi. Öküzlərin gücləri çatmadı ki, çıxartsınlar. Naçar qalıb özüm torpaqları oyan-buyana verdim, gördüm bir böyük zəncir çıxdı, bir az da qazandan sonra gördüm zəncirin ucu bir sal daşa bənddi. Daşı götürəndə bir sərdabə açıldı, içəri girdim, gördüm qırx küp var, hər küpün ağzında gümüşdən qapaq, qapağın üstündə gümüşdən xoruz mücəssəmələri.

Bəhlul genə də əllərini bir-birinə çalaraq dedi: – Amma heyif olsun ki, bilmədim küplərin içində nə var?

Hacı dedi: – Hətmən onların içində gümüş pul varmış.

Bu zaman pul sahibi Bəhlulun əllərinin səsini eşitdikdə tez gəlib məzlumcasına Hacıya dedi ki: – Hacı ağa, yoldaşlarım gedirlər, müntəzirimdirlər, mənim pulumu verin gedim.

Hacı dedi: – Bir az get dolan, pullarını verim, apar.

Sonra Bəhlula dönüb dedi: – Hə... Sonra neylədin?

Bəhlul dedi: – Heç onların da üstünü torpaqlayıb cütü aparıb o biri tərəfdən saldım. Yenə də bir neçə dövr oyan-buyana gedib qayıtdıqdan sonra gördüm dubarə cüt bir şeyə ilişdi, yenə də torpağı oyan-buyana verdikdə, bir zəncir, sonra bir sərdabə açıldı. Baxdım gördüm genə də küplər yan-yana düzülübdülər, hər küpün ağzında qırmızı yaqutdan qapaq, hər qapağın üstündə yaqutdan qayrılmış xoruz mücəssəmləri...

Burada Bəhlul əllərini bir-birinə çalaraq dedi: – Amma heyif olsun ki, bilmədim küplərin içində nə var.

Hacı dedi: – Hətmən küplərin içində yaqut varmış.

Bu zaman kişi Bəhlulun əllərinin səsini eşitdikdə genə də özünü yetirib dedi: – Hacı ağa, sən Allah, yoldaşlarım yol üstündədirlər, məni yola salın gedim.

Bu zaman Bəhlul Hacıya xitab edərək dedi: – Bu kimdi? Hey gəlir söhbətimizi kəsir?

Hacının ki, ağzının suyu lap axmaqda idi, dedi: – Oğul, sənin pulun dükanın dal tərəfində taxçadakı küpdədir, get, götür apar.

Kişi tələsik içəri girib, küpənin içindəki pulları götürüb se­vincək halda xudahafizləşib getdi. Bəhlul sözünə davam edərək dedi:

– Bəli, Hacı ağa, işi bu cür gördükdə, oranı da torpaqlayıb, cütü o biri tərəfə apardım, orada da bir neçə baş gedib-gəldikdə, genə də cüt bir neçə zəncirə ilişdi. Zənciri çəkdikdə, bir baca açıldı, özümü içəri saldım, gördüm, bəh, bəh. Küplərin üstündə almazdan qapaqlar. Qapaqların üstündə almazdan xoruz mücəssəmələri, çıraq kimi işıldayırlar. Onların birinin qapağını götürüb gördüm içi dolu almazdı. Tələsik özümü saldım küpün üstünə ki, ciblərimi doldurum. Ətəyim ilişdi xoruzun dimdiyinə, yıxıldım palçıqların üstünə, bu zaman birdən yuxudan ayıldım. İndi gəlmişəm, sizdən soruşam görəm mənim boynuma qüsul gəlibdir, ya yox?

Hacı dəli kimi qızararaq dedi:

– Tifaqın dağılsın, bunlar hamısı yuxu idi?

Bəhlul üz-gözünü silərək dedi:

– Bəli... Hacı ağa, sən xəyal edirdin ki zahirdi?

Hacı Bəhlulu tanıyıb dedi:

– Allah evini yıxsın, məni biçarə elədin.

Bəhlul gülərək uzaqlaşdı.


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin