İşin elmi nəticəsi. V.M.Jirmunski mətnşünasların məsələyə subyektiv münasibətindən şikayətlənsə də, oğuznamələrin poetik forması ilə bağlı problemə özü də tam mənası ilə aydınlıq gətirə bilməmişdir. Bütün bunların səbəbi araşdırmanın ümumi müşahidələrə əsaslanması və ya konkret şəkildə mətnin araşdırmaya cəlb olunmaması ilə bağlıdır. Səthi müşahidələr problemin həlli üçün kifayət etmir. Problem yalnız mətnin başlanğıcdan sona qədər öyrənilməsi ilə həll oluna bilər. Oğuznamələrdəki nəzm və nəsr parçalarının ayrı-ayrılıqda əsas xüsusiyyətləri, mətndəki sərhədləri, həmçinin bir-birilə hansı ortaq və fərqli xüsusiyyətlərə malik olduğu subyektivlikdən kənar, sistemli və ardıcıl araşdırmalar aparılaraq öyrənilməlidir ki, “Dədə Qorqud”un poetik forması ilə bağlı aydın təsəvvür ortaya qoymaq mümkün olsun.