D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə13/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   9   10   11   12   13   14   15   16   ...   154
İşin məqsədi. V.M.Jirmunskinin “Dədə Qorqud” oğuznamələrinin poetik for­ma­sı haqqında elmi fikir və mülahizələrinə aydınlıq gətirmək, oğuznamələrdəki nəzm və nəsr parçaları üçün müəyyənləşdirdiyi prinsiplərə münasibət bildirmək.
“Dədə Qorqud” oğuznamələrinin poetik forması haqqında aydın biliklər sözü­gedən abidənin poetik formasının idrakı ilə bərabər, türk epik şeirinin və nəsrinin tarixi haqqında da müəyyən təsəvvürlər yaradır. Bununla yanaşı, bu məsələnin öyrə­nilməsi “Dədə Qorqud” oğuznamələrinin “mükəmməl elmi-tənqidi nəşri üçün olduq­ca vacibdir” (1, 22).

“Dədə Qorqud” oğuznamələri ilə məşğul olan araşdırıcılar bu və ya başqa şəkildə məsələyə münasibət bildirmiş, ona aydınlıq gətirməyə çalışmışlar. Belə araşdırıcılardan biri də V.M.Jirmunskidir. “Dədə Qorqud” oğuznamələri haqqında geniş araşdırmalar aparan görkəmli alim bu folklor abidəsinin poetik formasına da aydınlıq gətirməyə çalışmışdır.

V.M.Jirmunski bu problemlə məşğul olmasını araşdırıcıların şüurunda poetik forma ilə bağlı aydın təsəvvürün olmaması, nəşrlərdə verilən nəzm-nəsr ayrıntısının subyektiv xarakter daşıması ilə əlaqələndirir.

Araşdırıcı öncə “Dədə Qorqud”un poetik formasının müəyyənləşdirilməsinin çə­tinliklərindən bəhs edir. Belə çətinliklər sırasında müəllif türk epik şeiri haqqında bilik­lərin məhdudluğunu və “Dədə Qorqud” mətnində buraxılan katib xətalarını göstərir.

Arxaik türk şeiri strukturunun qalıqlarını nisbətən daha çox saxlayan “Kitabi-Dədə Qorqud” şeiri ölçü, bölgü, qafiyə və ritm baxımından diqqəti cəlb edir (2, 312). V.M.Jirmunski də “Dədə Qorqud” oğuznamələrinin poetik formasını araşdırarkən öncə oğuznamələrdəki nəzm parçalarının xüsusiyyətlərini və poetik qanunauy­ğun­luqlarını müəyyənləşdirməyə çalışmışdır. Oğuznamələrin nəzm hissələrinin əsasında sintaktik paralelizmin dayandığını qeyd edən müəllif türkdilli xalqların şeir forma­larında hecaların sayının uzun misralı şeirlərdə 11-12, qısa misralı şeirlərdə 7-8 he­calı olduğunu vurğulayır. Görkəmli alim hecaların bu şəkildəki bölgüsünün türk das­tanının daha sonrakı inkişaf dövrlərinə aid olduğunu, qədim şeir formalarında bu cür diferensiallaşmanın getmədiyini göstərir. Bununla yanaşı araşdırıcı tiradaların kom­ponentlərinin müxtəlif uzunluqda olduğunu qeyd edir və bu münasibətlə Selcan xa­tunun Qanturalıya oxatma yarışından sonrakı “Qalqubanı yerimdən durar idim” (3, 117) komponenti ilə başlanan tiradasını misal göstərir:

“Qalqubanı yerimdən durar idim,

Yelisi qara Qazılıq atuma binərdim.

Babamıñ ağ-ban evinden çıqardım.

Arqu beli, Ala dağı avlar idim.

Ala-geñ sığın-keyik qovar idim.

Darıyanda bir oxla nəmlərdim

Dəmrənsüz oxla, yigit, səni sınar idim!

Öldürməgə, yigidim,

mən səni qıyarmıdım?! – dedi” (3, 117)

Müəllif tiradanın formasına nəzər salaraq göstərir ki, tirada 8 sintaktik sıradan ibarətdir. Hecaların sayı 11-15 heca arasında dəyişir. Qafiyə paralel cərgələrdəki eyni sözlərin təkrarı ilə və həmçinin şeirdaxili paralelizm və təkrarlarla tamamlanır.

Araşdırıcı epik şeirdə müşahidə olunan alliterasiyaları da unutmur və onların yardımçı səciyyə daşıyıb şeirə ekspressivlik, emosionallıq gətirdiyini vurğulayır. Qafiyə ilə yanaşı alliterasiyanın da türk xalqlarının epik şeir yaradıcılığında geniş yer tutduğunu qeyd edən alim “Qanlı Qoca oğlu Qanturalı boyu”ndan aşağıdakı parçanı alliterasiyaya misal göstərir:
“Qanlu kafir elinə dünin girdiñ.

Qara buğa geldügində xurd-xaş eylədiñ

Qağan aslan geldügində belini bükdüñ.

Qara buğra geldügində nə keçdiñ?” (3, 111)

Beləliklə, müəllif türk epik şeirinin ümumi cizgilərini aşağıdakı şəkildə səciyyələndirir.

“Dədə Qorqud” oğuznamələrindəki nəzm hissələrinin əsas xüsusiyyətlərindən bəhs edərkən “soylama”lara da diqqət yetirən araşdırıcı bu ad altında qəhrəmanların mü­raciətinin verildiyi şeir hissələrini nəzərdə tutur. Lakin müəllifin bu fikri konkret ola­raq “soylama”ların mətndəki hüdudlarını, mətnin digər hissələrindən hansı xü­su­siy­yət­lərinə görə seçildiyini müəyyən etməyə imkan vermir. Nəzərə almaq lazımdır ki, “Dədə Qorqud” oğuznamələrində qəhrəmanların müraciətinin verilmə­diyi, lakin öz quruluşuna görə “soylama”lardan fərqlənməyən nəzm hissələri də ki­fayət qə­dər­dir. Bununla yanaşı, qəhrəmanların təkcə nəzmlə müraciət etdiyini de­mək də özünü doğrultmur. Məsələ bundadır ki, Oğuznamə qəhrəmanları bir-birinə nəsr şəklində də müraciət edirlər.

Görkəmli alim “Dədə Qorqud” oğuznamələrindəki nəsr hissələrinin əsas xü­su­­siyyətlərindən bəhs edərkən öncə qafiyəli nəsrdən başlayır. Müəllif qeyd edir ki, təhkiyə hissələrində hadisələrin ardıcıllığı, yaxud təsvir olunan şəxsin və ya əşyanın əlamətləri sadalanarkən cümlələrin strukturu daha sərbəst olur; izosillabizmə isə rast gəlinmir. Bununla belə, qafiyələnmiş hissələr birbaşa qafiyəsiz nəsrlə əvəz oluna bilir. Araşdırıcı bu şəkildə qafiyələnməni şifahi epik “nəsr”in əsas tərkib hissəsi ad­lan­­dırır və qeyd edir ki, “təhkiyədə rast gəlinən qafiyə nəsr hissələrini gözəl­ləş­dir­mək­lə yanaşı, həm də reçitativ ifanın ritminin sərbəstliyini ifadə edir” (4, 620). Bu mü­nasibətlə V.M.Jirmunski “Dirsə xan oğlu Buğac” boyundan aşağıdakı hissəni mi­sal göstərir:

“Bir gün Qamğan oğlı xan Bayındır yerindən durmışdı. Şami günlügi yer yü­zinə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Biñ yerdə ipək xalıçası döşən­mişdi.

Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. Genə toy edib atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerə ağ otaq, bir yerə qızıl otaq, bir yerə qara otaq qurdırmışdı” (3, 24).

Göründüyü kimi, müəllif burada hadisələrin ardıcıl şəkildə sadalandığı mətn nümunəsi vermişdir. Araşdırıcı oğuznamələrin nəsr hissələrində müşahidə olunan qafiyədən bəhs edərkən təkcə bu nümunəni verməklə kifayətlənmiş, şəxsin və ya əşyanın əlamətlərinin sadalanmasına aid ayrıca mətn nümunəsi verməmişdir. Bura­dan belə bir nəticəyə gəlmək olar ki, müəllif belə qafiyənin təkcə oğuznamələrin nəsr hissələrində mövcud olmasından özü də tam şəkildə əmin olmamış və bir nümunə ilə kifayətlənmişdir. Bu da onu göstərir ki, alimin “Dədə Qorqud” oğuzna­mələrinin poetik forması ilə bağlı müəyyənləşdirdiyi prinsiplər oğuznamələrdəki nəzm və nəsrin mövqeyini dəqiq şəkildə təyin etməyə imkan vermir. Müəllif hər nə qədər Oğuznamə mətnlərinə əsaslanaraq konkret nümunələrlə məsələni aydınlaşdırmağa çalışsa da, buna tam şəkildə nail olmamışdır. Belə ki, ali­min boylardakı nəzm və nəsr hissələrini bir-birindən fərqləndirərkən gəldiyi qə­naət­lər bu fərqi tam şəkildə əks etdirmir, əksinə bu zaman müəllifin qeyd etdiyi xü­su­siyyətlər oğuznamələrdəki nəzm və nəsr hissələri üçün ortaq cəhətlərin mövcud ol­du­ğunu meydana çıxarır.

Məsələn, aşağıdakı nümunələrə diqqət yetirsək, “Dədə Qorqud” oğuzna­mələ­ri­nin nəsr hissələrində təsvir olunan şəxsin və ya əşyanın əlamətləri sadala­narkən rast gəlinən qafiyənin oğuznamələrin nəzm hissələrində də mövcud olduğunu görə bilə­rik:

“Oğlan, oğlan, ay oğlan,

Haramzada oğlan!

Altında Al ayğırı arıq oğlan,

Qara polad uz qılıcı gödək oğlan!

Əlindəki sügüsi sınıq oğlan

Ağ tozlu yayı gedə oğlan!

Biləgində doqsan oqı seyrək oğlan!

Yanındağı yoldaşları çıplaq oğlan!

Qaranñulıca gözləri çöngə oğlan!

Şökli Məlik saña qatı pusdı

Meydandakı şol oğlanı tutuñ,

Qarusından ağ əllərin bağlan,

Ğafillicə görklü başın kəsiñ.

Alca qanın yüzinə töküñ, – dedi.” (3, 141).

“Bəkil oğlu İmran boyu”ndan verdiyimiz bu nəzm parçasında şəxsin əlamət­lə­ri sadalanır:

“Çağnam-çağnam qayalardan çıqan su,

Ağac gəmiləri oynadan su,

Həsənlə Hüseyniñ həsrəti su,

Bağ ile bostanıñ ziynəti su,

Ayişə ilə Fatiməniñ nigahı su,

Şahbaz atlar gəlüb içdigi su,

Ağ qoyunlar gəlüb çevrəsinde yatduğı su,

Ordumuñ xəbərin bilürmisin, degil maña!”

Qara başım qurban olsun, suyum, saña! – dedi.” (3, 41).

“Salur Qazanın evinin yağmalandığı boy”undan misal gətirilən bu nəzm parça­sında isə əşyanın əlamətləri sadalanır.

Nümunələrdən də göründüyü kimi, araşdırıcının “Dədə Qorqud” oğuz­na­mə­lə­rinin nəsr hissələrində rast gəlinən qafiyə üçün müəyyən etdiyi xüsusiyyətlər (təs­vir olunan şəxsin və ya əşyanın əlamətlərinin sadalanması) nəzm parçalarında da müşa­hidə olunur. Hətta birbaşa dastan mətninə əsaslanaraq deyə bilərik ki, həmin xüsusiy­yətlər oğuznamələrin nəsr hissələri ilə müqayisədə nəzm hissələrində daha qüvvətli şəkildə nəzərə çarpır.

V.M.Jirmunski “Dədə Qorqud” oğuznamələrinin poetik formasını ifa müs­təvisində dəyərləndirərək onun “oxumaq və nağıl etmək” (4, 616) şəklində olduğunu söyləyir. Maraqlıdır ki, alim “Dədə Qorqud”un poetik formasının “oxumaq və nağıl etmək” (4, 616) şəklində olduğunu söyləsə də, mətndə nəzm və nəsr ayrıntısı apar­ma­yan Bartoldun mövqeyini müdafiə edir. Məsələyə bu şəkildə yanaşmaqla müəllif “Dədə Qorqud”un poetik forması haqqında aydın bir təsəvvürə malik olmadığını əya­ni şəkildə ortaya qoymuşdur.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin