Ключевые слова: фольклор, сказка, миф, образ, персонаж, див, пери, заклинание, Азербайджанские сказки.
Azərbaycan nağıllarında mifoloji personajlar probleminin geniş mətn bazası əsasında tədqiq edilməsindən ötrü Azərbaycan folkloru zəngin material verir. Azərbaycan nağılları hələ XIX əsrin sonlarından çap olunmağa başlamış, XX əsrdə çoxlu nağıl mətnləri nəşr olunmuşdur. Bu cəhətdən Azərbaycan nağıllarındakı mifoloji personajlar mövzusunu tədqiq etmək üçün zəngin mətn bazası vardır. Bu baxımdan, hətta təkcə iki nəşri – nağılların 1960-1964-cü illərdə çap olunmuş 5 cildliyini və 2006-2008-ci illərdə çap olunmuş 10 cildliyini qeyd etmək kifayətdir (bax: 1; 2; 3; 4; 5; 6).
Qeyd edək ki, Azərbaycan nağılları hələ keçən əsrin 20-30-cu illərindən tədqiqata cəlb olunmağa başlamışdır. Onların toplanması və tədqiqi sahəsində Hümmət Əlizadə, Hənəfi Zeynallı, Yusuf Vəzir Çəmənzəminli, Məmmədhüseyn Təhmasib, Nurəddin Seyidov, Əhliman Axundov, Paşa Əfəndiyev, Azad Nəbiyev, Rza Xəlilov, Muxtar Kazımoğlu, Ramazan Qafarlı, Ramil Əliyev, Oruc Əliyev, Məhəmməd Hatəmi Tantəkin, Füzuli Bayat, Əfzələddin Əsgər, İlkin Rüstəmzadə və başqa tədqiqatçıların zəngin fəaliyyəti vardır (bax: 7; 25; 8; 24; 23; 2; 3; 5; 9; 20; 21; 14; 15; 16; 17; 18; 19; 11; 10; 13; 26; 12; 22 və s.).
Aparılmış araşdırmalarda Azərbaycan nağılları mövzu qrupları baxımından təsnif olunmuş, onların forma və məzmun, o cümlədən struktur-semantik xüsusiyyətləri öyrənilmiş, nağıl süjetlərinin kataloqu tərtib olunmuş, nağıl obrazlarının poetikası tədqiq olunmuşdur. Bu tədqiqatlarda Azərbaycan nağıllarının məşhur mifik personajları olan div, pəri, əjdaha, simurq quşu və s. kimi obrazlardan da bəhs olunmuşdur. Lakin Azərbaycan nağıllarında mifik personajlar bütöv sistem halında ilk dəfə bu dissertasiyada tədqiqata cəlb olunur.
Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqinin həyata keçirilməsi aşağıdakı üç əsas vəzifənin yerinə yetirilməsini qarşıya qoyur:
Birincisi, nağıllarda mifik personaj probleminin nəzəri-estetik, metodoloji-poetik kontekstdə tədqiqi;
İkincisi, Azərbaycan nağllarında mifik obrazların tədqiqi;
Üçüncüsü, Azərbaycan nağllarında mifik predmetlərin tədqiqi.
Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi üçün zəngin nəzəri-metodoloji baza vardır. Bu baza iki əsas qaynaqdan ibarətdir:
Birincisi, nağıllarla bağlı dünyada aparılan tədqiqatlar;
İkincisi, nağıllarla bağlı Azərbaycan alimlərinin tədqiqatları.
Birinci qaynağa gəlincə, nağıllar dünya folklorşünaslığının əsas tədqiqat obyektlərindən sayılır. Bu cəhətdən dünyada nağılşünaslıq sahəsində məşhur olan, əsas sayılan imzalar və tədqiqatlar vardır. Həmin tədqiqatlar nağılların öyrənilməsi sahəsində ümumi nəzəri təcrübə verdiyi kimi, bilavasitə mövzumuzla bağlı da material verir. Çünki div, pəri, əjdaha və s. kimi obrazlar, o cümlədən mifik predmetlər haqqında xarici ölkə alimləri qiymətli fikirlər demişlər. Dissertasiyada mövzunun ələ alınmasında bu tədqiqatlarda istifadə etmədən keçinmək mümkünsüzdür.
İkinci qaynağa gəlincə, Azərbaycan nağıllarının tədqiq sahəsindəki əsas nəzəri-metodoloji təcrübəni bilavasitə milli folklorşünaslarımız yaratmışlar. Bu cəhətdən mövzunun ələ alınmasında bu tədqiqatların xüsusi rolu vardır.
Qeyd edək ki, Azərbaycan nağıllarında mifik personajlar probleminin tədqiqi məsələyə ilk növbədə nəzəri-estetik, metodoloji-poetik kontekstdə götürməyi tələb edir. Belə ki, nağıl və mif mürəkkəb münasibətlər kompleksinə malikdir. Bu münasibətlərin spesifik nəzəri modeli vardır. Onu öyrənmədən Azərbaycan nağıllarında mifik personajlar problemini geniş elmi əsaslarla tədqiq etmək mümkün deyildir. Nağıllarda mifik personajlar probleminin nəzəri-metodoloji əsasları nə qədər mürəkkəb mövzu olsa da, biz onu ilk növbədə nağıl və mif probleminin mifoloji poetikası baxımından öyrənməyi məqsədəuyğun hesab edirik. Buraya nağıl mətnində mifik dünyagörüşü, yəni mifin nağıllara tranformasiyası, nağıl və mif probleminin janrlararası əlaqə kontekstində götürülməsi daxildir.
Nağıllarda mifik personajlar probleminin nəzəri-metodoloji əsasları digər tərəfdən nağıl obrazlarının mifoloji-poetik strukturunun nəzəri kontekstdə öyrənilməsini tələb edir. Buraya, əsasən, nağıllarda real və mifik obrazların təsnifi və onlar arasındakı münasibətlərin xüsusiyyətləri məsələləri daxildir.
Nağıl və mif problemi mürəkkəb münasibətləri əhatə edir. Bu münasibətlərin iki əsas tərəfi vardır:
Birincisi, nağıllarda mifik dünyagörüşü, yəni mifik təsəvvürlər sistemi;
İkincisi, nağıl janrı ilə mif janrı arasında əlaqə məsələləri.
Dissertasiyada nağıl və mif probleminə hər iki kontekstdə baxılır.
Elmi ədəbiyyatşünaslıqda “mif” termininin iki mənası vardır:
1. Mif-paradiqma;
2. Mif-sintaqm (27, 75).
Mif paradiqma, yaxud başqa cür deyilişlə, paradiqmatik mif şüurda mövcud olan təsəvvürlər sistemidir. Bu təsəvvürlər sistemi sözlü mətn şəklində nəql olunduqda (danışıldıqda) mif-sintaqma, başqa deyilişlə, sintaqmatik mifə çevrilir.
Nağıl mətni və mifik dünyagörüşü məsələsi nağıllarda mif-paradiqmanın, yəni paradiqmatik mifin öyrənilməsidir. Bu məsələ problemə tarixi-mədəni kontekstdə yanaşmağı tələb edir. Yəni mifoloji şüurun parçalanması ilə ondan tarixi şüur törəyir. Bu kontekstdə mifik dünyagörüşü bir çox janrlarla yanaşı nağıllara transformasiya olunur. Bu cəhətdən nağıllardakı mifik personajlar bilavasitə mifik dünyagörüşünü özündə daşıyır.
Nağıl və mif probleminin janrlararası əlaqə kontekstində tədqiqi məsələsi nağıllarda mif-sintaqmın, yəni sintaqmatik mifin öyrənilməsidir. Burada əsas diqqət janr probleminə verilir. Belə ki, folkorda nağıl janrı olduğu kimi, ayrıca mif janrı da vardır. Mif janrı bilavasitə mifik dünyagörüşün sözlə qəliblərindən biridir. Nağıllarda sintaqmatik mifin öyrənilməsi mif janrının nağıl janrına necə daxil olması, yaxud ona necə transformasiya olunmasını öyrənməyi tələb edir. Bu da nağıllardakı mifik personajların mifdən nağıla keçərkən hansı dəyişikliklərə uğramasını, onların nağıl mətnində hansı yeni semantik cəhətlər qazanmasını aşkarlamağa imkan verir.
Nağıllar zəngin obrazlar sisteminə malikdir. Bu obrazların hamısı mifik mənşəli deyildir. Burada iki tip personajlar müşahidə olunur: real və mifik obrazlar. Lakin məsələnin əsas tərəfi ondan ibarətdir ki, mifik olub-olmamasından asılı olmayaraq, bütün nağıl obrazları epik-mifoloji məntiqə tabedir.
Nağıllardakı mifik obrazlar iki qrupa ayrıla bilir. Bunlardan birinci nağıllardakı mifik-fantastik obrazlar qrupudur. Bu obrazların yer üzündə analoqu yoxdur. Məsələn div, pəri, əjdaha və s. Digər qrupa isə yer üzündə analoqu olan mifik obrazlar aiddir. Məsələn sehrli quşlar və atlar.
Mifik uydurma obrazlar kimi divlər, əjdahalar, pərilər, fəriştələr, kəlləgöz-təpəgöz kimi obrazlar tədqiq olunur. Bu obrazlar müxtəlif mifik funksiyaları yerinə yetirsələr də, onları birləşdirən əsas cəhət onların reallığın fantasmaqorik təcəssümü olmalarındadır.
Divlər və əjdahalar Azərbaycan nağıllarının əsas personajlarındandır.
Divlər Avesta mənşəli obrazlar hesab olunur. Apardığımız müşahidələr, xüsusilə Azərbaycan nağıllarının Sibir, Altay xalqlarının analoji obrazlarla müqayisəli tədqiqi göstərir ki, Azərbaycan nağıllarında Avesta mənşəli div obrazı ilə onunla eyni finksiyada olan türk mifik obrazının qovuşması baş vermişdir.
Əjdaha mifik ilandır. Onun adı Avestada Aci Dahaka şəklində keçir. Lakin o, bilavasitə türk mifologiyası ilə bağlıdır. Acı türk dilində həm də ilan adıdır. “Kitabi-Dədə Qorqud”da əjdaha həm də ilan adlandırılır.
Elmdə div və əjdaha obrazları mifik semantika baxımından zahiri dünyanın fantasmaqorik metaforası kimi təhlil olunur.
Nağıllarda pəri obrazı son dərəcə mürəkkəb mifik semantikaya malikdir. Bu obraz Azərbaycan folklorşünaslığında əsas epik obraz kimi tədqiq olunmuş, onun mifik semantikasına gəlincə isə pəri obrazından Avestadakı Pairaka obrazının transformasiyası kimi bəhs olunmuşdur. Obraz üzərində apardığımız müşahidələr göstərir ki, pəri obrazı mifik dünya modelində qadın başlanğıcını, qadının kosmos və xaosyaradıcı gücünü təcəssüm etdirir.
Azərbaycan nağıllarındakı Kəlləgöz obrazı bilavasitə Təpəgöz obrazı ilə bağlıdır. Hər iki obraz eynidir və mifoloji xaosu təcəssüm etdirir.
Nağıllarda Zümrüd quşu Simurq adı altında da keçir. Bu adlar eyni bir obrazın müxtəlif adlarıdır. Zümrüd-Simurq quşu mifik funksiyası baxımından kosmosyaradıcı mediatordur. Burada kosmosyaratma onun müsbət fəaliyyətini, mediatorluğu qaranlıq dünya ilə işıqlı dünya arasında əlaqə yaradan obraz olduğunu göstərir. Zümrüd-Simurq quşunun mediatorluğu bilavasitə daşıyıcılıqla bağlıdır. Yəni onun funksiyası qəhrəmanı qaranlıq – yeraltı dünyadan işıqlı dünyaya aparmaqdır.
Ümumiyyətlə, nağıllardakı atların, demək olar ki, hamısı sehrli atlardır. Bunlar qəhrəmanın köməkçiləridir. Lakin bu kömək kosmosyaradıcı mediasiyaya xidmət edir. Atlar da Zümrüd-Simurq quşu kimi qəhrəmanı bir dünyadan o birisinə daşıyır. Yəni onlar da daşıyıcı personajlardır. Lakin atlar eyni zamanda qəhrəmana yol göstərir, yəni çətin tapşırığı yerinə yetirmək üçün xaos dünyasına gedən yolun bütün sirlərini qəhrəmana öyrədirlər. Onların da fəaliyyəti müsbət xarakter daşıdığı üçün sehrli atlar kosmosyaradıcı personajlardır.
Nağılların mifik personajlarının mühüm bir hissəsini mifik predmetlər təşkil edir. Bunlara uçan xalça, sehrli alma, sehrli papaq, sehrli üzük, sehrli çubuq və sehrli güzgü kimi predmetlər daxildir. Bu predmetləri birləşdirən əsas cəhət ondan ibarətdir ki, bunlar mifik-real personajlar kateqoriyasına aiddir. Yəni bu obrazların hamısı real predmetlərlə bağlıdır. Lakin onları öz analoqlarından fərqləndirən əsas cəhət həmin əşyaların sehrli olmasıdır.
Uçan xalça mediasiya mexanizmidir. Qəhrəman bu xalça vasitəsi ilə məkanlar arasında səyahət edir. Uçan xalça Azərbaycan nağıllarında məhz qəhrəmanın istifadəsində olduğu üçün o, kosmosyaradıcı mediasiya personajıdır.
Nağıllarda sehrli alma bilavasitə kosmosyaratmaya xidmət edir. Onu yeyən on beş yaşında cavan adama dönüşür. Beləliklə, sehrli almanın vasitəsi ilə yeni dünya reallığı – yeni kosmos yaradılır.
Nağıllarda sehrli papaq və sehrli üzük, demək olar ki, eyni funksiyaya xidmət edir. Qəhrəman sehrli papaq vasitəsi ilə görünməz olur. Eyni işi o, sehrli üzük vasitəsi ilə də həyata keçirir.
Görünməz olmaq bir vəziyyətdən (dünyadan) o biri vəziyyətə (dünyaya) mediasiya etmək deməkdir. Bu da sehrli papaq və üzüyün mediasiya mexanizmi olmasını göstərir.
Güzgü kosmosyaratmaya xidmət edən mifik personajdır. Şər qüvvənin təqibindən xilas olmaq istəyən qəhrəman cibindən bir güzgü çıxarıb atır. Güzgü bir dənizə (yaxud) gölə çevrilir. Şər qüvvə sudan adlaya bilməyib təqibi dayandırır.
Nağıllarda sehrli çubuq xaosyaradıcı personajdır. Bu predmetdən, əsasən, xaosu təmsil edən qüvvələr istifadə edir. Dərviş sehrli çubuq vasitəsilə şəhərin adamlarını daşa döndərir. O, şəhərin adamlarını xilas etmək istəyən qəhrəmanı da daşa döndərmək istəyir. İki cəhddə buna nail olur. Son cəhddə qəhrəman onu məhv edərək xaosu aradan qaldırıb, kosmosu bərpa edir.
Dostları ilə paylaş: |