Güclü və cəsarətli Oğuz qəhrəmanlarının çox vaxt “Qaba ağac” la əlaqələndirilməsi heç də təsadüfdən deyildir. Bəzən Oğuz Alplarının aşıb – daşan gücünün, “ağaca” bağlanması ilə daha da artması, hətta həmin ağacın kökündən çıxarılmasına səbəb olmuş və həmin Alpların özünün “Qaba ağaca” çevrilməsi obrazını, “Kitabi-Dədə Qorqud”dakı Qaraca çoban obrazından görmək mümkündür. Məhz buna görə əfsanəvi Oğuz Alplarına evin, elin, yurdun dirəyi deyilmiş və obrazlaşmışdır.
Qədimdən bəri ağac dirəklərin sonrakı mərhələlərdə daşdan yonulmuş sütüna çevrilməsi, insanların məfkurəsində daha geniş rəmzi mahiyyətləri özünə cəzb edərək, meydana çıxdı.
“Sütun”, memarlıq simvolu kimi həm də Dekorativ incəsənətin bütün sahələrində bu və ya digər şəkillərdə obrazlaşmaqla zəngin, simvollar təbəqəsi yaratdı. Hətta “sütun”lar say və qrup halında belə müxtəlif mənaları ifadə etmək xüsusiyyətlərinə malik oldular.
Xalça sənətində çox nadir hallarda bəzi xalçaların kompozisiya quruluşunda, “sütun” elementinin heç bir elementə qoşulmadan təsvir edilməsinə rast gəlmək mümkündür. Bu tipli xalçalara yalnız sujetli və memarlıq səhnələrindən ibarət olan kompozisiyalarda təsadüf olunur. Amma tağlı xalça kompozisiyaların quruluşunda isə paralel şəkildə tərtib edilmiş sağ və sol sütun vasitəsi ilə birləşərək, “Qaba ağac” anlayışından yayınmaqla mənasını dəyişir. Türk – Oğuz mədəniyyətində isə “Qaba ağac” başsız və ayaqsız dirək simgəsinin timsalında öz əksini tapır:
Başına doğru baxar olsam, başsız ağac,
Dibinə doğru baxar olsam, dibsiz ağac (1s.544)
Bu baxımdan türkdilli xalqların xalçalarında sütunlu xalça kompozisiyaları quruluşuna görə mənasını və ifadə üsulunu dəyişir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, “Qaba ağac” obrazlı xalça kompozisiyaları vaxtı ilə ayin və mərasimlərdə istifadə edilirdi. Lakin, orta əsrlərdən bəri “ağaclı” adlı xalça kompozisiyalarının daha da təkmilləşməsi və “Qaba ağac” obrazına müxtəlif elementlərin əlavə edilməsi həm də ilkin məna daşıyıcılığının dəyişməsinə səbəb oldu. “Dirək” simgəsi “namazlıq” xalçalarında, sütun kimi təsvir olunmaqla memarlıq simvolları ilə xarakterizə oluna bilər. Bu da məscid və camilərin interyer görünüşündəki gözəl formalarla yaradılmış sütunların “namazlıq”, həmçinin “Məkkə-Mədinə” kompozisiyalarına imitasiya olunması ilə bağlıdır.
Ümumiyyətlə sütun elementinin rəmzi xüsusiyyəltəri dirək məfhumunun rəmzi xüsusiyyətləri ilə müəyyən eyniliklər təşkil edir. Hər iki halda bu anlayışlar dayaq rolunu oynayır. Amma sütun elementi çox vaxt qapalı mühitin “Qaba ağac” isə sonsuz mühitin elementi kimi çıxış etmək xüsusiyyətləri ilə seçilir. Bu da şaquli düz xətt məfhumunun “Qaba ağac” simasında daşıdığı mənaların oxşar əlamətləri ilə bağlılıqdır. Və belə əlamətlərin izlərini dastan və xalq folklorunda da görmək mümkündür. “Kitabi-Dədə Qorqud” dastanında “Basatın Təpəgözü öldürdüyü boy”da, Basat ondan atasının adını soruşan Təpəgözə verdiyi cavabla bildirir:
Anam adın sorar olsan – Qaba Ağac!
Atam adın deyirsən, Qağan Aslan! (2s.102).
Burada “Qaba ağac” bir çox mənaları ifadə etməklə qədim mifoloji təsəvvürlərlə əyani şəkildə bağlıdır. Eyni zamanda “Qaba ağac” təbiət kultunun canlı və yaşayan varlığı kimi də təqdim edilir.
Xovlu xalçalar sırasında “Məkkə-Mədinə” adlı Azərbaycanın Şirvan xalçasında məhdud şaquli düz xətlərdən məharətlə istifadə edən sənətkar, “sütun” (dirək) elementinin məna yükünü dərk edərək bu xalçanın kompozisiya quruluşunu göstərmək istəmişdir. Sütün (dirək) elementinin sufi xalça kompozisiyalarında istifadə olunması barəsində qeyd etmişdik. Ancaq bu tipli xalçaların kompozisiyasında sütunun element olaraq nə məqsədlə istifadə olunması bildirilməmişdir.
Ümumiyyətlə, islam dünyasında “sütun” anlayışı əsaslandırılmış və vacib əməllər simasında təzahür edir. Biz bunu islam dininin əsaslarından olan Füruidin yəni dinin sütunları (namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla və təbərra) anlayışında daha aydın şəkildə görə bilərik. Lakin, sütun (dirək) anlayışının təsviri təzahürü namazlıq xalçalarında məscid memarlığından qaynaqlanmış və təkmilləşdirilərək, inkişaf etdirilmişdir. Sonrakı mərhələlərdə isə ruhani sənətkarlar Füruidin, (dini sütunları) anlayışını da namazlıq və sufi (təsəvvüf) xalça kompozisiyalarının quruluşuna “sütun” və ya “sütunlar” timsalında tətbiq etməyə başladılar. Həmin xalçaların element və atributları da islam fəlsəfəsi, əsasında qurulmuşdur.
“Məkkə-Mədinə”, “Sufi” və adları unudulmuş bəzi başqa təsəvvüf xalçaları namazlıq xalçalarına bənzəsələr də, onların quruluşunda tamın hissələrə bölünərək, kodlu elementlərlə tərtib olunmasına üstünlük verilirdi.
Xalça sənətində tam və hissə anlayışı kompozisiyaların qurulmasında mühüm rol oynayır. Amma bu anlayış da sufi xalçalarında fərqli şəkildə nəzərə çarpır. Bu nöqteyi nəzərdən biz bilirik ki, tam və hissə sistem və element anlayışları ilə çox yaxındır. Lakin, onları eyniləşdirmək doğru deyildir. Belə ki, tam öz həcminə görə sistemlərdən məhduddur. Çünki, tamlıq keyfiyyətinə malik olan sistemlər ilə yanaşı digər sistemlər də mövcuddur. Digər tərəfdən “tam” anlayışı daha çox kompozisiyanın vəhdətini ifadə edir. Sistem anlayışı isə vəhdət ilə yanaşı həm də kompozisiyanın rəngarəng əlaqələrinə şərait yaradır.
Nümunə kimi təqdim edilən Şirvanın “Məkkə-Mədinə” xalçasının bədii fəlsəfi quruluşu da, belə bir yanaşma ilə hissələrə bölünərək tərtib edilmişdir. Göründüyü kimi bu kompozisiyanın quruluşunda hissə anlayışı da elementdən fərqlidir. O, elementə nisbətən məhdud həcmə malikdir. Çünki, elementin özü də aşağı səviyyədən olan sistem kimi çıxış edə bilir. Və bu da xalçanın quruluşunda tam ilə hissə bir-birilə ayrılmaz vəhdətdə çıxış edir.
Məzmun və forma bu mövzuda işlənən xalçalarda onun mühitini və xarakterini müəyyən edən elementlərin məcmusu və qarşılıqlı təsiri kimi başa düşülür. Xalçanın da məzmunu, onun quruluşunda tərtib edilmiş element və naxışların süjetidir. Məzmunda da struktur mərkəzi yeri tutur. Çünki, eyni tərkibli elementlərin birləşməsi üsulundakı fərqlər, müxtəlif və ayrı-ayrı elementləri yaradır. Forma isə bu və ya digər məzmunun sahmanlı düzülüş prinsipi, mövcudluğu üsuludur. Məzmun kompozisiyanın bütün elementləri və məcmusu olduğu üçün, formaya münasibətdə daha dəyişkəndir. Forma isə elementlərin qarşılıqlı əlaqələrinin üsulu və xarakteri kimi dayanıqlıdır. Məhz bu baxımdan “Məkkə-Mədinə” adlı sufi xalçasında bədii formanın məzmuna uyğun gəlməsinə diqqət yetirilmiş və məzmun ilə formanın vəhdətini qorumuşlar.
Xalçanın kompozisiya quruluşunda ara sahədəki paralel şəkildə tərtib edilmiş bölmələr sufizmə görə həqiqətə çatmanın dörd mərhələsinə (şəriət, təriqət, mərifət, həqiqət) işarədir. Və hər bir mərhələ tərtib edilmiş element və simvolik işarələri ilə birlikdə, “sütun” elementinin üzərində qurulmaqla xalçanın məzmununu sufizm ideyalarına bağlamaqla düşündürücü və gözəl kompozisiya yaranmışdır. Bu cür dini mövzuda toxunan “sufi” xalçalarında “sütun” motivinin əsas elementlərdən biri olaraq verilməsi həm də “dirək” kultu ilə də səsləşə bilər. Çünki, deyildiyinə görə Məhəmməd (ə.s.) peyğəmbərin 622-ci ildə Mədinəyə hicr edərkən tikdirdiyi məsciddə ona sadiq olan bəzi evsiz-eşiksiz dindarların gecələməsi üçün, bir sütunlu (dirəkli) damaltı (əs-suffa) düzəldilmişdir. Həmin yerdə yaşanlara sufilər deyirdilər. (3.s.62.)
Burada bizi cəlb edən damaltı sözüdür ki, bu da “sütün” (dirək) üzərində qurulur. Hətta həmin damaltı kimi təqdim edilən yerin çadıra bənzər şəkildə qurulduğunu da zənn etmək olar. Çünki, Məhəmməd peyğəmbərin “qübbətül – türkiyyə” adı verilən türk çadırında qaldığıda məlumdur (4s. 182). Çadır sözü farscadır (5. Kaşqarlı divan, 1, s.447). Türklər çadıra alaçıq mənasında “alaçu” deyirdilər (5. Kaşqarlı divan, 111, s.205). Alacıqların da Şərq dünyasında məşhurluğu onun etibarlılığı və mərkəzi sütunu (dirək) ilə bağlıdır.
Bir sözlə, “Namazlıq”, “Sütunlu”, “Məkkə-Mədinə” və “Sufi” xalçalarının kompozisiya quruluşunda ana xətti “sütun” anlayışı tutur və bu da “Qaba ağac”, yaxud, “dirək” simgələrinin dekorativləşərək həndəsi şaquli düz xəttin həcmli görünüşü ilə bədii forma tapır və inkişaf edir. Dekorativ incəsənətin də bütün sahələrində bu simgələrin mühüm əhəmiyyət daşıması və rəmzi xüsusiyyətləri ilə Azərbaycan türklərinin təfəkküründə iz salması onun mifogenetik təsəvvürləri ilə tuş gəlir. Və bu gün də müasir baxış və yanaşmalarla müxtəlif tipli dekorativ kompozisiyalarda istifadə olunur.
Dostları ilə paylaş: |