DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Qaçaqçılıq hərəkatının sosial-iqtisadi mahiyyəti



Yüklə 1,49 Mb.
səhifə17/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   131
1. Qaçaqçılıq hərəkatının sosial-iqtisadi mahiyyəti
XIX yüzildə Quzey Azərbaycanda baş verən qaçaqçılıq hərəkatı və ya Avro­palıların soylu əşkiyalıq, sosial bandit dedikləri silahlı etiraz forması, dirəniş və onların ətrafında yaranan sözlü kültür materialları çox az araşdırılmış, araşdırılanlar da ideoloji folklor çərçivəsində qalmışdır. Azərbaycanda sosializm quruculuğuna qədərki qaçaqçılıq bir tərəfdən məlum marksizm-leninizm konsepsiyasına uyğun şəkildə bir kəndli dirənişi görünümü almışsa, digər tərəfdən də Azərbaycanın işğal durumunda olması səbəbindən qismən də olsa milli-azadlıq hərəkatının inkişafına vəsilə olmuşdur. Aşağıların yuxarılara qarşı sosial etirazının bu silahlı formasına ümumi şəkildə qaçaq hərəkatı demək daha doğru olacaqdır.

Dünyanın demək olar ki, çox yerində görünən qaçaqçılıq hərəkatına, Azər­bayca­nın Quzeyində və Güneyində, Anadoluda, Orta Asiyada, İslam dünyasında, Çində, Amerikada, Avropada və hətta Avstraliyada rast gəlmək mümkündür. Qaçaq­çılıq hərəkatı kapitalist və sənayeləşmiş cəmiyyətlərdən əv­vəl­ki iri torpaq mül­kiyyə­tinin mövcud olduğu dövrlərdə fəal olmuş, kapitaliz­min güclənməsi ilə ye­rini fəhlə hərəkatına buraxmışdır. Eric Hobsbawmun araşdırmalarına görə, qa­çaqlar hökmdar və ya dövlət tərəfindən qanunu pozan, günahkar, soyğunçu, quldur hesab edilsələr də, kəndlilər üçün bunun tam tərsi bir insan hesab edilmişlər. Kəndli qəhrəmanı olan bu insanlar, ədalət, haqq üçün müba­rizə edir, məzlumların haqqını qoruyur, zalımın cəzasını kəsir, bir növ azadlıq qəh­rə­manı, ədalət simvolu görünümü almış olurdular. Bütün bu xüsusiy­yət­lə­rinə görə qaçaqlar hər zaman dəstəklənməsi lazım olan qanundan kənar insanlar kimi şöhrət qazanmış oldular. Bu cəhətlərinə görə soylu əşkiya, nə boya başa çatdığı yerdə, nə də başqa hər hansı bir kənddə kəndlinin əlindəki məhsulu almaz, ona zərər verməz. Bunu edənlər qaçaq və ya soylu əşkiya statuslarını itirərlər. (Hobsbawm 1997: 12-13) Bu təsbit Azərbaycan­da silahlı mübarizə aparan qaçaqlara da aiddir.

Qaçaqçılıq hərəkatına və bu hərəkatın qəhrəmanları olan qaçaqlara hər zaman ikili münasibət olmuş, onlara bu ikili aspektdən qiymət verilmişdir:

1) mövcud iqtidar və

2) xalq tərəfindən verilən qiymətdir ki, burada fikirlərin haçalandığını və onların heç bir vaxt üst-üstə düşmədiyini görürük.

Osmanlı zamanında yerli idarəetməyə qarşı çıxanlar xalqın nəzərində haqqı savunan qəhrəmanlardırsa, iqtidarın gözündə quldur, yol kəsən və ya Səfəvi agent­ləridir. Səfəvilər və ondan sonrakı xanlıqlar dövründə üsyan çıxaranlar iqtidar­lara gö­rə mərkəzi dövlətə asi olanlardırsa, xalqa görə məzlumun haqqını za­lım­da qoyma­yan el qəhrəmanlarıdır. Azərbaycanın üçdə birinin Rusiyanın tərkibinə birləşdiril­mə­sin­dən sonra həm çar məmurlarına, həm də çardan bəylik, ağalıq almış yerli ida­rəçi­lərə qarşı etiraz edənləri, dağlara çəkilib haqqını arayanları çarizmin nümayən­dələri yol kəsən, quldur, çapulcu, dövlətə qarşı çıxan asi adlandırdıqları halda, bu in­san­lar haq­qında xalq nəğmələr qoşmuş, əfsanələr, dastanlar yaratmışdır. Sovet bol­şevik rejimi ilə barışmayanlar, malını-mülkünü kollektiv təsərrüfata vermək istəmə­yənlər də re­jimdən qaçaq düşmüş, partiya və sovet orqanları tərəfindən xalq düşməni adlan­dırılmış, hər zaman iqtidar yanlısı olan rəsmi tarix elmi də onları qolçomaq, quldur adı ilə damğalamış, haqqlarında yaranmış sözlü ədəbiyyatın öyrənilməsinə yasaq qoy­­muşdular. Xalqsa uzun zaman sovet qaçaqları haqqında rəvayətləri canlı tutmuş, sözlü tarix vasitəsilə qaçaq folklorunun bir qismini bugünə ulaşdıra bilmiş­dir.

Dəyişən siyasi konjonktür, siyasi-ideoloji şərtlərin yeni formasını yaratdı və bu şərtlər daxilində bu gün istər orta çağ qaçaqlarını, istər çarizm dövrü, istərsə də sovet dövrü qaçaqlarını öyrənmək mümkündür. Ancaq tarixin folklorlaşması sovet metodologiyası ilə folklor və tarix müstəvisində araşdırılacaqsa o zaman dəyişən yalnız siyasi-ideoloji baxış bucağı olacaqdır. Əslində qaçaq folklorunu sözlü tarix anlayışı metodologiyası ilə öyrənmək problemin doğru həllini şərtləndirəcəkdir. Yoxsa həm zaman baxımından aşınmış, həm də günün şərtləri baxımından siyasi-ideoloji üstquruma uyğunluq saxladığı üçün folklorun və tarixin mövcud araşdırma metodologiyası qaçaqçılıq hərəkatı və folkloru probleminin həlli yolu sayıla bilməz.

Qaçaq folklorunun sosial mahiyyətində fərdi-sosial və fərdi-iqtisadi kon­sep­­siya durur. Qaçaq folklorunun əsasında əzilənlərin, ancaq başını əyməyən­lərin, zalıma həddini bildirənlərin, pozulan, unudulan ədaləti bərpa edənlərin simvol­laşmış obrazı olan qaçaq durur. Bu primitiv sosial etirazçılar xalqın dəyər­lər priz­ma­sından təqdim edilmiş qəhrəmanlardır. Onların mübarizəsi sosial-iqtisadi ma­hiy­yət­dədir, tam anlamı ilə siyasi deyildir. Qaçaqçılıq hərəkatının siyasi məzmunu (reji­mə tabe olmamaq, kollektivləşməyə qarşı olmaq və s.) sadəcə sovet dövrü qaçaq­la­rına aid edilə bilər ki, burada yenə də sosial mahiyyət aparıcıdır. Bu hərəkatın sosial-iqtisadi məzmununda ayrı-ayrı kəndlərdə, qəsəbələrdə baş verən özbaşınalıq, yerli idarəetmə orqanlarının mərkəzə yaslanaraq qanunsuz hərəkətləri, sovet döv­ründə isə kütləvi kommunistləşdirmə, ateistləşdirmə, kollektivləşdirmə, milli-mənəvi dəyər­lərin aşağılanması, iqtisadi çətinliklər, yoxsulluğun artması, müflisləşmə, dam­ğala­ma, mal-mülkün müsadirəsi, həbslər, sürgün və s. vardır.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin