Sosial işin fəlsəfəsinin paradiqmaları
XIX əsrin ikinci yarısından XX əsrin sonuna kimi sosial işin fəlsəfəsində aşağıdakı əsas modelləri qeyd etmək olar: humanizm, pozitivizm, utopizm, professionallıq.
Sosial işdə humanizmin fəlsəfəsi XIX əsrin sonunda meydana çıxır və sosial xeyriyyəçiliyin müddəaları ilə əlaqəlidir. Bu doktrinanın əsasında cəmiyyət fərdə minimal yaşayış standartlarını təmin etməyə çalışdığı zaman insanın ekzistensional dəyərləri, onun həyat ehtiyaclarının təmin olunması haqqında təsəvvür durur. Təşkilati tədbirlər yolu ilə sosial münasibətlərin tənzimlənməsi əldə edilir, cəmiyyətin rifahı təmin olunur. Humanizm puritan əxlaqına qarşı qoyulur. Puritan əxlaqının əsasında sosial-darvinizm ideyası durur. Bu konsepsiyanın əsas müddəaları sərt rəqabət şəraitində sağ qalan güclü şəxsiyyət haqqında təsəvvürlərlə bağlıdır. Etik prinsiplər əhalinin sosial cəhətdən zəif təbəqələrinə, yəni xəstə, kasıb, qoca və bu qəbildən olan başqa kateqoriyalara göstərilən köməyə qarşı yönəlmişdir. Ehtiyacı olanlara kömək və dəstək cəmiyyətin zəifləməsi, onun dağılmasına yönəldilən sosial hərəkətlər kimi nəzərdən keçirilir. Lakin cəmiyyət ehtiyac olanların reabilitasiyası istiqamətində onların müstəqil şəkildə həyatlarını davam etməsi üçün ən vacib stimullar kimi çıxış edən fiziki və iqtisadi həvəsləndirmə və cəzalandırma tədbirləri sisteminin əsas yer tutduğu addımları atmağa məcbur olur.
Dostları ilə paylaş: |