Kiçik qruplarda iş.
Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsaslanır.
Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada aparılan dərsdən nə ilə fərqlənir?
Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar; qrupun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə etməyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nəzakətliliyə alışdırır.
Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır:
istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qabiliyyətlərini göstərə bilərlər (yeniyetmələr çox vaxt öz qabiliyyətlərini nümayiş etdirməyə çəkinirlər, yaşıdlarının onları “müəllimin gülməşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);
passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrupda iş onlarda məsuliyyət hissi doğurur);
şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaşmağı öyrənirlər.
Qruplara necə bölməli?
Hər birində 4-6 nəfərdən çox olmamaqla 4-6 qrup yaradıla bilər. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vaxtı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər birinin qrupun işində fəal idrakını məhdudlaşdırır.
Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyənləşdirilir. Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır.
Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları ayırmaq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək olmaz.
Qrupun tərkibi tez-tez dəyişir. Şagirdlərin daim eyni tərkibdə işləməsi arzuolunmazdır.
Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.
Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı?
Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikirləşmək lazımdır:
Məqsədlər nədən ibarətdir? Şagirdlər hansı biliklərə, bacarıq və dəyərlərə yiyələnməlidirlər?
Uşaqların bunu öyrənməsi nə üçün vacibdir?
Planlaşdırma:
Paylama materialının hazırlanması.
Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.
Dəqiq tapşırığın (təlimatın) verilməsi.
Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi.
Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərtləşdirilməsi.
Bir qayda olaraq, görülmüş iş qrupun iştirakçılarından biri tərəfindən təqdim edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun seçimi üzrə).
İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə çalışmasını müşahidə edir: bütün qruplara bərabər diqqət yetirir; əgər qrup özü xahiş edərsə, müzakirə prosesinə müdaxilə edir. İş başa çatdıqdan sonra müəllim qrupların hər birinin əldə olunmuş nəticələri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra müəllim görülmüş işlərə yekun vurur.
Dostları ilə paylaş: |