Konkret hadisənin tədqiqi (situativ praktikum)
Məqsəd:
Konkret hadisənin tədqiqi, hadisənin təhlili, qavranılması, səhvlərin müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqidi təfəkkürü stimullaşdıran tədqiqata əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak etmək ideyasını vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-tez baş verən maraqlı situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan problemləri nəzərdən keçirməyi təklif edə bilər.
Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur:
Hadisənin səmərəli həlli yollarını araşdırmaq;
Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək: təhlil etmək, səhvləri müəyyənləşdirmək;
Hadisənin səbəbinin həlli vasitəsilə tənqidi təfəkkürü inkişaf etdirmək;
Tədqiqatçı bacarıqlarını aşılamaq;
Məlumatı sistemləşdirmək;
Nəticə çıxarmaq və əsaslandırmaq.
Alqoritm:
Müəllim tərəfindən hadisənin seçilməsi.
Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır. O hər bir problemli vəziyyətə dair müzakirə üçün məqsədyönlü sualları öncədən düşünməli və hazırlamalıdır.
Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir.
Şagirdlər hadisəni tədqiq edir və öz münasibətini bildirir. Şagirdlərə kömək etmək üçün aşağıdakı sualları verin: Nə baş verdi? Mühüm elementlər hansılar idi? Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət edirlər?
Bu mərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışlarına əsasən həll yollarını ifadə edirlər. Şagirdlərdən ilk təəssüratlarını söyləməyi xahiş edin. Hər şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər.
Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları nəzərdən keçirir, onu konseptləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli yolunda meydana çıxan lehinə/əleyhinə olan arqumentlərə münasibəti aydınlaşdırır. Müəllim belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı arqumentləri dəstəkləyəcəksiniz? Digərinin nəticəsi nə ola bilər? Alternativlər hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir.
Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur.
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır. Müzakirə mərhələsi aşağıdakı istiqamətlərə yönəldilməlidir:
Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı “arxaya baxmaq”;
Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya baxmaq”;
Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”;
Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz şəxsi münasibətimizi dəyişmək üçün “irəli baxmaq”.
10. Sonda şagirdlər hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər.
Dostları ilə paylaş: |