İsrailin əcdadlarının mədhi 1 İndi gəlin şan-şöhrətli kişiləri mədh
edək,
Nəsil ardıcıllığı ilə əcdadlarımızı
tərifləyək.
2 Rəbb onlar vasitəsilə çoxlu izzətli
şeyləri,
Əzəldən Öz əzəmətini zahir etdi.
3 Onlardan bəzisi padşahlığı idarə edirdi,
Bəzisi qüdrət sahibi, adlı-sanlı kişilər idi,
Bəzisi ağıllı məsləhətlər verir,
Peyğəmbərliklə söz bəyan edirdi.
4 Bəzisi məşvərətlərdə xalqa rəhbərlik
edir,
Xalqa yazı sənətini başa salır,
Təlimi hikmətli sözlərlə çatdırırdı.
5 Bəzisi musiqi ahəngləri bəstələyir,
Yazaraq şeirlər qoşurdu.
6 Bəzisi var-dövlət və güc sahibləri idi,
Öz məskənlərində sülh içində yaşayırdı.
7 Onların hamısının öz soydaşları arasında
hörməti var idi,
Öz dövrlərinin fəxri idilər.
8 Bəzisi özlərindən sonra ad qoyub getdi
ki,
Onları başqaları müfəssəl tərif etsinlər.
9 Bəzisindən isə bir xatirə qalmamış,
Heç yaşamamış kimi yox olmuşlar.
Onlar sanki heç doğulmamışlar,
Onlardan sonra gələn övladları da eləcə.
10 Amma o biriləri şəfqət sahibi olmuşlar
ki,
Onların saleh əməlləri yaddan
çıxmamışdır.
11 Nəsillərinə bu ad qalmaqdadır,
Gözəl mirasları övladlarıdır.
12 Onların nəsli həmişə Rəbbin əhdinə
sadiq qalmışdır,
Onların sayəsində övladları da bu yoldadır.
13 Nəsilləri əbədi olaraq qalacaq,
İzzətləri silinib itməyəcək.
14 Bədənləri sülh içində uyuyur,
Adları nəsillər boyu yaşayacaq.
15 Xalqlar onların müdrikliyindən
danışacaq,
Camaat təriflərini bəyan edəcək.