Dolayı vergilərin tətbiqi xüsusiyyətləri və onların büdcə daxilolmalarında yeri
Bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin qurulması tətbiq edilən vergilərdən əhəmiyyətli dərəcədə asılıdır. Vergilər müxtəlif xüsusiyyətlərinə görə təsnifatlandırılır ki, bunlardan da əsas hesab olunan tutulma üsuluna görə təsniflandırmanın üzərində dayanaq.
Vergitutma nəzəriyyəsində vergilər formalaşma mexanizmindən asılı olaraq birbaşa və dolayı vergilərə bölünür. Dolayı vergilər əmtəə, iş və xidmətin qiymətindən tutulan və qiymətlərin üzərinə dövlət tərəfindən qoyulan əlavə kimi tətbiq olunan vergilərdir. Dolayı vergilərə əlavə dəyər vergisi, aksiz vergisi və mədən vergisi aid edilir.
Tutulma obyektinə görə dolayı vergilər dolayı universal və dolayı fərdi olmaqla iki cür olur. Məsələn, əlavə dəyər vergisi dolayı universal vergi hesab olunur. Yəni bu vergi qanunvericiliklə tətbiq olunması qadağan edilməyən bütün məhsullara, işlərə və xidmətlərə tətbiq edilir. Aksiz vergisi isə dolayı fərdi vergi hesab olunur. Çünki bu vergi fərdi qaydada xüsusi müəyyən olunmuş mal və xidmətlərə tətbiq edilir.
Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir.
Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya bazarına çıxmasına kömək edir. Respublikamızda tətbiq edilən vergilər içərisində dolayı vergi statusuna sahib olan əlavə dəyər vergisi, aksizlər və mədən vergisi üzərində dayanaq və onların büdcə daxilolmalarında əhəmiyyətini araşdıraq.
Bildiyimiz kimi, dövlət sosial-iqtisadi sahələr, iqtisadiyyatın inkişaf etdirilməsi və s. kimi tədbirləri keçirmək üçün lazimi miqdarda maliyyə vəsaiti ilə təmin olunmalıdır. Dövlətin xərclərinin tam maliyyələşdirilməsini təmin etmək üçün maliyyə vəsaiti lazımdır. Deməli, büdcə gəlirləri dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Bu baxımdan büdcə gəlirləri çox mühüm əhəmiyyətə malikdir. Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin bir sıra problemlərinin həlli bazar mexanizmləri əsasında qeyri mümkündür. Məhz, bu problemlərin həlli büdcə vəsaitləri hesabına reallaşır.
Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yeni yaranan ümumi daxili məhsulun bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə bölüşdürülməsi baş verir. Bununla da dövlətlə bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır. Büdcənin gəlirləri vergi ödəyicilərinə, vergitutma obyektlərinə, alınması üsullarına, ödəniş müddətinə və digər xüsusiyyətlərinə görə fərqlənirlər.
Fikrimizcə, büdcə gəlirlərinin tərkibində vergilər üzrə daxilolmaları, onların da tərkibində dolayı vergilər üzrə daxilolmaları təhlil edərək qiymətləndirmək daha effektiv nəticə verər. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun IX maddəsinə əsasən büdcə gəlirləri aşağıdakı bölmələr hesabına formalaşır[5]7:
Vergilərdən daxilolmalar;
Vergi olmayan gəlirlər;
Əsaslı gəlirlər;
Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)
Onu da qeyd etmək lazımdır ki, vergi daxilolmaları büdcə gəlirlərinin böyük hissəsini təşkil edir.
İndi isə dolayı vergilərin büdcə gəlirlərinin formalaşmasında rolunu təhlil etmək üçün ayrı-ayrı vergi növləri üzrə statistik məlumatlardan istifadə edək və qiymətləndirməyə çalışaq.
Belə ki, Azərbaycan Respublikasının Dövlət Büdcəsinin gəlirlərində vergilərin xüsusi çəkisinə nəzər salsaq görərik ki,ölkəmizdə 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat məbləğində təsdiq edilib.
Dövlət büdcəsinin gəlirlərinin 7 112 000, 0 min manatını vergili gəlirlər təşkil edir.
Aşağıdakı diaqrama nəzər salsaq görərik ki, 2015-ci ildə 7 112 000,0 min manat vergi gəlirlərinin 44 faizini ƏDV üzrə vergi daxilolmaları təşkil edib[22].
Dostları ilə paylaş: |