Ravəndin müalicəvi xassələri. Ravəndin yeyilən bitki kimi əsas çatışmayan cəhəti onun tərkibində turşəng turşusunun çox olmasıdır. Məlumdur ki, uşaqlar üçün bu turşunun 3-4 qramı çox təhlükəli hesab olunur. Lakin zəhərlənmə çox miqdarda ravənd qəbul edərkən baş verir. Bu isə çox nadir hallarda olur. Zəhərlənmədə xəstə tez-tez qaytarır və qıcolma baş verir.
Ravənddən tibbi məqsədlər üçün istifadə olunmasına qidadakından əvvəl başlanmışdır. Bu günə qədər ravəndin kökü və kökümsovu öz dərman dəyərini itirməmişdir. Lakin çox vaxt dərman xammalı kimi bostan ravəndi deyil, digər ravənd növləri (tanqut və ya uzaqgörən ravənd) istifadə olunur. Bunların tərkibində bioloji fəal qlükozidlər, qatranlı və rəngləyici maddələr vardır. Tannoqlikozid mədə-bağırsağa büzüşdürücü, digər antraqlükozid isə ravənd qəbul etdikdən 8-10 saat sonra işlətmə təsirinə malik olur. Işlətmə dərmanı kimi daimi qəbizlikdə köklərdən hazırlanan tozvarı məhsul (0,1-0,3 q hər dəfə), quru ekstrakt, şərbət və tinktura qəbul edilir. Bunu bağırsaqlara çox qaz toplandıqda və bağırsaqların zəif peristaltikasında qəbul etmək məsləhət görülür. Bu preparatları 2-3 dəfə az dozada mədəni bərkitmək üçün tətbiq edirlər. Ishala qarşı istifadə olunan tannoqlikozidlər həm də antiseptik xassələrə malikdir.
Dostları ilə paylaş: |