Elə uzun,nağıl kimi hekayəsi də yoxuydu



Yüklə 21,19 Kb.
tarix17.11.2018
ölçüsü21,19 Kb.
#82682

Elə uzun,nağıl kimi hekayəsi də yoxuydu.İnsanlara görə hər kəsinki kimi adi və hüzünlü bir hekayə idi.

Əslində,yaşadığımız həyatda hər hekayə az,ya çox bir digərlərinin eyni olur.Birini digərlərindən ayırıb,xüsusiləşdirən zaman tək fərq onu yaşayan baş qəhrəmanın gözü ilə ona baxanda ortaya çıxır.Yəni hər hekayə qəhrəmanlaının gözündə,elə qəhrəmanlarına görə fərqlənir…


***

Bəli,sadə hekayəsi vardı,ömrünü iki dəqiqəyə sığışdıra bilən 60 yaşlı qoca kimi…Bilmək olmaz,bəlkə,o yaşa gələndə təkcə bütün həyatının əsasını təşkil edəcək hekayəsindən yadında qalanlar bu iki dəqiqəni dolduracaqdı….

Bildiyi,hiss etdiyi tək şey var idi,peşmançılıq…

Qəlb qıran insan qırdığı qəlbin sahibinin könlünü almasa xoşbəxt ola bilmirmiş.Lənət kimi bir şeydir,yəqin.Ya da,-”Nə əkərsən,onu biçərsən”.-deyək.

***
Aysun üzrünü istəmişdi,amma gec.Qəlbi isə təmir edə bilməmişdi,ya onu da etmişdi.Amma bilmirdi.Gecikmişdi axı.Vaxtında-həyat Rəcəbin qəlbini ondan alıb,Rəcəbi qara torpağın altına göndərməzdən,ürəyi isə başqa insana həyat mənbəyi olmamışdan əvvəl də edə bilərdi bunu,məsələn.Amma biz bu ömür heç bitməyəcəkmiş kimi yaşamağa hazırıq axı.O da bu ehtimalı düşünməmişdi,nəinki düşünmək ağlının ucundan belə keçməmişdi ki,bu hekayənin sonluğu bir ağlasığmazlıq nümunəsi olacaq.

Ancaq həyat insanın qəlbinə görə verəndə belə vaxtilə etdiyi səhvləri unutmur,bəlkə də,bütün hekayələrin oxşar olmağının başlıca səbəbi də budur.Hamımız insanıq və oxşar səhvlər edirik.Və bu insani səhvlər bizi eyniləşdirəndə,təbii ki,həyat hekayərimiz də adiləşir,hər kəsinkinə bənzəyir.

Onun sadə,amma təsiredici hekayəsi kimi…

Qısaca,hər şey belə baş vermişdi…

Yolda təsadüfən tanış olmuşdular.Aysun oxuduğu universitetə gedərkən səkidə oturub ağlayan balaca uşaq görmüş,dərsə geciməsinə baxmayaraq,uşağın yanına gedib danışmağa başlamışdı.Uşaq isə hələ çox qorxmuşdu deyə cavab verə bilmir,elə hey ağlayırdı.Aysun da ürəyi dözməyib uşağı qucaqlayıb,ona qorxmamasını,ona kömək edəcəyini öz şirin “uşaq dili” ilə başa salmışdı.O isə bir az sakitləşmişdı ki,arxadan gələn şəxs uşağın göz yaşlarına son qoysa da,onun gəlişi Aysunun bütün həyatını dəyişmişdi.Bəli,bu Rəcəb idi.Uşağın dayısı.Mənzillərinin qapısını ‘böyük ustalıqla’ açıb,evdə dayısnı tək qoyub ‘dondurma almağa’ gedən uşağı axtaran zaman o çox qorxmuş,bir tərəfdən də bacısına bunu necə izah edəcəyinin məyusluğunu yaşamışdı.Ancaq xoşbəxtlikdən onun qarşısına Aysun kimi təmizqəlbli bir qız çıxmışdı.Yoxsa,kim bilir, magistral yola yaxın bu bölgədə,doğru istiqamətdə getmədiyinə görə yolunu itirən bu balaca hara gedəcək,kimlərlə qarşılaşacaqdı.

Beləcə,tanış olmuşdular.Ancaq bacısının evini son zamanlar yaman çox ziyarət edən Rəcəblə Aysunun ‘təsadüfi’ qarşılaşmaları Aysunun ürəyincə deyildi.

Bir gün onun qarşısına çıxıb,ona dərsdən sonra evlərinə kimi bir yerdə getməyi təklif edən Rəcəblə Aysun bir az sərt danışmışdı:

--Mən dərslərimlə məşğulam,məni narahat etmə! Universiteti bitirib magistaturaya qəbul olmalıyam.Mənim belə mənasız şeylərə ayıracaq vaxtım yoxdur.

Rəcəb bu cavabdan çox məyus olmuşdu.Ona gerçək məqsədini,ona aşiq olduğunu demək istərkən isə qəlbi daha da çox qırılmışdı.Aysun onu tərsləmiş və bir daha narahat edərsə,bu dəfə daha da kobud olacağını demişdi.

Peşmanlıq...Gecikmə deməkdir.Keçmişə səyahətin mümkünsüzlüyünü acıq verirmiş kimi fəxrlə üzə vuran ən şiddətli və qabarıq hissdir o.Peşmançılıq hər gün ölmək,ancaq eyni zamanda ‘bir gün’ deyərək yaşamaqdır,bəlkə,bir gün vicdanına əzab verən bu hissdən xilas olaram ümidi ilə...

Peşman olmaq məsuliyyətləri artırır,əvvəl insanın etmədiyi şeyləri gec-tez yerinə yetirmə zərurəti yaradır.Çünki ondan qurtulmağın tək yolu budur,keçmişində doğru olmayan nə varsa zamanla olmalı olanı etməli,dağıtdığın nə varsa bərpa etməlisən.Yoxsa xoşbəxtliyini baltalayacaq bir boşluq həmişə daxilində hüzurun qəlbinə tam hakim olmasına heç zaman imkan verməyəcək.

Hər hekayədə olduğu kimi Aysun da peşman oldu.Bir daha qarşısına çıxmayan Rəcəbi görməyəndə anladı ki,Rəcəb onun üçün adi adam deyilmiş.Elə yaşamaqdan qorxduğu hisslərə görə qəlbini qırdığı adamı,deyəsən,o da sevirmiş.Heç kim Aysuna əvvəl onun kimi baxmamışdı,o da narahatlığının bundan olduğunu düşünməyə üstünlük vermiş,həqiqəti qəbul etmək istməmişdi.Ancaq qarşısındakına sevgisini göstərə bilən insan gec də olsa sevilirmiş.Aysun o baxışları unuda bilmirdi və bir tərəfdən bu qəribə duyğular,bir tərəfdən də onun qəlbini qırdığına görə duyduğu peşmanlıq onun bütün həyat işığını əlindən almış,ruhunu müəmma dolu hisslər aləminə atmışdı.

Həyatdı bu,hər an hər şey ola bilər.Biz mane ola bilmərik,edə biləcəyimiz tək şey var,o da gecikməmək,heç yerə,heç kəsə...
Bir gün ürək çatışmazlığı olan anasının vəziyyəti ağırlaşır.Xəstəxanaya gətirirlər.Ora da elə yerdir ki, hər gün oxşar hadisələr cərəyan edir,kimlərsə canı ilə əlləşir,bu zaman ondan daha çox əzabı isə yaxınları çəkir,bütün bunlar orada daim baş verir.Eynilə həyat barədə dediyimiz kimi,xəstəxanada da hər hekayə bir-birinə bənzəyir,təkcə insanlar dəyişir.

O gün də xəstəxananın ‘qonaqları’ yenə təşviş içində idi.Qorxu vardı içlərində,itirmək qorxusu...


Təsadüf çox qəribə anlayışdır,nə üçün var bəlli deyil.Bizi xoşbəxtmi edir,bədbəxtmi,müəyyənləşdirmək çox çətindir.Hətta bəzən başına gələndən sonra belə anlaya bilmirsən,xeyirəmi yozasan,şərəmi?

Aysun hələ də anlaya bilməyib,deyəsən heç zaman da bacarmayacaq...

Anasına artıq təcili ürək lazım idi ki,xoşbəxtlikdən elə bu xəstəxanadan tapıldığına dair xəbər gəldi.Bir ailə yasdaydı,ancaq onların kədəri Aysungilin kiçik ailəsini sevinc göz yaşlarına boğmuşdu,anası,özü və balaca qardaşından başqa heç kimləri yox idi çünki.Onu itirmə ehtimalı belə dünyalarını başlarına yıxmışdı.

Yox,anası xilas olmuşdu,amma Aysun əməliyyatdan sonra şad xəbəri aldıqdan dərhal sonra,mözücə kimi ortaya çıxan xilaskarın ailəsinin yanına təşəkkür etmək üçün getdi.

Morqun qarşısında göz yaşları yanaqlarında donub qalmışdılar.O,getmədən əvvəl öyrənmişdi ki,ölən adam—anasının xilaskarı cavan adamdır,düzdür,o,buna çox üzülmüşdü,amma sağlığında orqanlarını özündən sonra digərlərinə bəxş etməyə qərar vermiş böyük qəlbli insan üçün daha edə biləcək heç nəyin olmadığını da asanca qəbul etmişdi,axı heç tanımırdı da ki,bu şəxs kimdir.

Aysun sadəcə ailəyə başsağlığı verib,onlar istəsə oğullarının ürəyinin döyündüyü insanı-anasını ziyarət etmələri üçün ünvan,ya telefon nömrəsi verib qayıdacaqdı.Ancaq ora gedəndə ora-bura qaçıb dəcəllik edən,yenə də ətrafından xəbərsiz o uşağı gördü.Bu uşaq Rəcəbin bacısı oğlu idi.Uşaq da onu görən kimi tanıdı,hələ üzünə baxıb oyun oynuyurmuşcasına gülümsəyirdi də.Lakin Aysun artıq fikrini hələ heç nədən xəbərsiz oyun dərdində olan balacadan çoxdan yayındırmışdı.Gözləri Rəcəbi axtarırdı,ancaq görə bilmirdi,baxırdı,baxırdı,amma adamların arasında o yoxuydu...Sadəcə bir kəlimə soruşa bildi:

--Ölən gəncin adı nədir?

--Rəcəb...


***

Yox,gecikməmək lazımdır.Bir şeylər olmadan,kimlərsə ölmədən...Gecikmədən hər söz deyilməlidir,hər kəs qarşılaşmalıdır,hər şey yoluna qoyulmalıdır.Yoxsa nələrsə olur,insanlar ölür və geri dönmək,üzr istəmək üçün edilə biləcək heç nə qalmır.Sadəcə peşmançılıq...


Rəcəb onu Aysunun düşündüyündən də çox sevirmiş.Aysunun gözləri onu axtararkən Rəcəb də onu narahat etməmək üçün sadəcə uzaqdan baxarmış.Bir problemi olsa,tez bir yolunu tapıb kömək edər,amma Aysun bunu heç anlamazmış.Sırf o,xoşbəxt olsun,qanı qaralmasın deyə onun gözünə görünmürmüş.Nə qədər davam edəcəyini bilmirmiş,amma uzaqdan-uzağa onu xoşbəxt etməyə çalışaraq yaşayırmış.Elə əsl sevgi də bu deyilmi? Hansı sevgi sabahını düşünə biləcək qədər şüurludur ki?

Amma Rəcəb yaxındakı bir sabahının son sabahı olacağını bilmirdi.Çünki qəzada ölmüşdü,Aysunun oxuduğu universitetə gedərkən,ancaq son dəfə görə bilməmişdi onu,vaxtı yetməmişdi,ya da həyat izn verməmişdi,o imkanı vermədən almışdı canını....


***

Rəcəb ölmüşdümü? Bilmirdi,bəlkə də,anasının sinəsində atan o qəlb onu sevən iki insanı sadəcə birləşdirmişdi.İndi daha da çox sevilirdi ən sevdikləri tərəfindən...

Anası da tanısaydı Rəcəbi çox sevərdi.Onsuz ailəsi ilə get-gəlləri vardı,onlar Aysun barədə Rəcəndən çox eşidiblərmiş.Daha bir ailə kimi olmuşdular.Bolluca Rəcəbdən danışırdılar,elə bil hər zaman aralarındaymış kimi....

Aysun Rəcəbi sevirmiş...Bəklə,bir gün başqasıyla evlənəcəkdi,amma anasının atan qəlbinin ilk sahibini heç vaxt unutmayacaqdı.Gözlərində gerçək sevgi gördüyü adamı...Gecikmişdi,amma üzr istəmişdi,onun torpağını qucaqlayıb,yəqin ki,o da qəbul edərdi,sevdiyi qızın gecikmiş üzrünü...Heç nəyi dəyişməsə də,sevgisinin layiqli dəyəri gördüyünü bilsə ona bəs edərdi...Bəlkə də,eşitmiş və bağışlamışdı onu...Bilmək olmaz...



Ancaq Aysun ömrü boyunca peşman olacaqdı...Lakin bir şeyi də bilirdi,deyəsən,Aysun 60 yaşına çatsa,bütün iki dəqiqəyə ancaq Rəcəblə olan hekayələrini sığdırmağa çalışacaq,yaşanmayan çox şey olsa da,yaşanmışlardan dolu-dolu danışacaqdı...Rəcəbi tanıdığı kiçik müddət Aysunun bütün ömrünə bəs idi.
Yüklə 21,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin