El əDƏBİyyati toplaşdirilmalidir



Yüklə 21,1 Kb.
tarix24.05.2018
ölçüsü21,1 Kb.
#51245
növüYazı

www.cafarcabbarli.org


EL ƏDƏBİYYATI TOPLAŞDIRILMALIDIR
Bu yaxınlarda “Kommunist”in ədəbiyyat dərnəyində el ədəbiyyatı xüsusinda məruzə edilirdi. Burada hər şeydən əvvəl gözə çarpan bir şey vardısà, o da bugünkü iclasda nə qədər adam çox olsa da hər halda adətən Rudəki və sair böyük yazı ədibləri və ədəbiyyatı xüsusində edilən məruzələrdə böyük ciddiyyətlə iştirak edən yazıçılarımızın, ədib və şairlərimizin məclisdə görünməməsi idi.

İstər-istəməz ədib və ədəbiyyatçılarımızın el ədəbiyyatımız ilə bir o qədər də hesablaşmamaları, el ədəbiyyatımıza iki saatlıq vaxt itirməyəcəyimiz kimi təsvir etmələri və daha yüksək və büləndpərvaz yazı ədəbiyyatı ilə maraqlanmaları fikri doğuyur. Halbuki, bəlli olduğu kimi, bir xalqın həyatı, onun məişət və güzəranı, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir. Ona görədir ki, bu gün Avropa elm və ədəbiyyat dünyasında da başqalarının olduğu kimi, türklərin də yazı ədəbiyyatından daha əvvəl el ədəbiyyatları toplaşdırılmışdır. Bu pək təbii və doğrudur. Çünki bir xalqın yüksək yazı ədəbiyyatı nə qədər müstəqil olursa-olsun, hər halda başqa xalqların təsirini havi oxuyur. Bir ölkədən o biri ölkəyə düşən yazılı əsərlər, kitablar öz fikir və fəlsəfələrini və ya başqa bir şəkildə qismən o biri ölkənin və xalqın ədəbiyyatına təsir etdirmiş olurlar. Təbii, buradan daha yüksək fikir və fəlsəfəyə malik olan xalq və ölkə önə kimi yeniyor və orada hökmranlıq qazanıyor. Zəif bir fəlsəfə, bir fikir, bir sənət əsəri isə daha qüvvətli bir xalqın içərisinə atılınca, təbii, əhəmiyyətsiz buraxılıyor, təbii, bu səyyar fikirlər, fəlsəfələr və sənət əsərləri olduğu kimi deyil, çox vaxt büsbütün dəyişdiriliyor. Başqa bir dona geyindirilir, çox vaxt hətta bir ölkədə ümumi şərait üzərinə tam müxalif bir cərəyan, birə əks təsir vücuda gətiriyor. Halbuki, el ədəbiyyatı belə deyildir. Bu ədəbiyyat xarici təsirdən ən az mütəəssir ola bilər. Çünki hər halda dağlar başında, sürü yanında tütək çalaraq oxuyan bir el şairi bir Sədi, bir Hüqo, bir Şekspirin təsirilə bir o qədər əlaqədar olmaz. Onun yaratdığı ədəbiyyat da əksərən yüksək yazı ədəbiyyatı olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşqun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiy­yat olduqca sadə göründüyünə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyatm yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təsıratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

Burada bir ananın ninni çaldığı çocuğuna qarşı duyğuları soyuq bir fikrin yapma çərçivələrinə salınmamış olduğu kimi, gəldiyi kimi, bu həyatın bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir.
Sənə mən gül demərəm,

Gülün ömrü az olur.

Sənə bülbül deyərəm,

Bülbül oxur yaz olur.


və ya bir şairin aldığı ilk təsirata qarşı:
Bu dağlar ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.


və yaxud böylə bir şairin öz sevgilisinə qarşı:
Mən aşiq neylim sənə,

Düşübdür meylim sənə.

Mən dönsəm üzüm dönsün,

Sən dönsən neylim sənə. -


dedikləri istər-istəməz şairin duyduğu təsiratı başqasına nəql ediyor. Burada bir yapmalıq yox, burada elin, daha doğrusu, onun tərcümanı olan, onun yasını, kədərini və sevincini yaşayan, onun sevinc və iztirablarının tərcümanı olan bir şairin bilavasitə həyatdan, məişətdən aldığı təsıratın hissiyyat və duyğunun səmimi bir ifadəsi görülə bilər ki, oxucuya bədii bir həyəcan verən də bu səmimiyyətdir.

Böylə bir şair mövzu üçün aramamış, xəmnə görmüş, kotan görmüş, gözəl bir qadın mini-mini bir çocuq, at, öküz, inək, ilxı, sürü, yas, bayram, toy, qaçaq, quldur, qıtlıq, müharibə, bir sözlə, ətrafında hər nə görmüş isə, hanki bir mənzərədən, bir vəqədən mütəəssir olmuşsa, bəlkə də əhəmiyyətini düşünmədən, bəlkə də qeyd etdiyi məsələnin böyük bir siyasi-ictimai və i.a. əhəmiyyəti olduğunu sezmədən ona qarşı duyduğunu söyləmiş, özünün, elinin, xalqının başına gələn macəraları, sevinc və kədərləri və bunların xalqa və ya onun həssas bir müməssili olan şairə duydurduğunu ifadə etmişdir. Onun mövzusu sadə, məişət və həyat içərisində, qoynunda yaşadığı təbiətdir. Ona görədir ki, bir xalqın keçirdiyi dövrləri, yas və bayramlarını, adət və ənənatını, tərzi-təfəkkürünü, bu və ya başqa bir vəqəyə qarşı münasibətini, qonağa nasıl baxdığını, düşmənlə rəftarını, müaşiqəsini, intiqamını, məhəbbətini, bütün əhvali-ruhiyyəsini, bütün psixolojisini, eyni zamanda, onun mədəni səviyyəsini, ədəbi istedad və bacarığını öyrənmək üçün ilk vasitə və ən doğru bir tərcüman varsa, onun dillərdə dastanlar, mahnılar, tapmacalar, nağıllar və ilaxır kimi dolaşan el ədəbiyyatıdır.

Buna görə də başqalarda bu el ədəbiyyatı hər şeydən artıq qiymətləndirilərkən və son bir kəlməsinədək toplanıb hər bir bəndi üçün cildlər ilə kitab yazılmışkən, bizdə bu el ədəbiyyatı əhəmiyyətsiz buraxılmış, toplaşdırılmamış, öyrənilməmiş, təhlil edilməmiş, hətta təhlil üçün tam əldə edilməmişdir. Halbuki, bizdə bu el ədəbiyyatı təsəvvür fövqündə olaraq zəngin və incidir:
Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.


Burada nə qədər böyük bir sənətkarlıqla təbiətin qüvvələri insanın məişətindəki amillər şəklində təsvir edilmiş kişnər, ağlar bir halda göstərilmişdir. Həm də nə qədər aydın təsəvvür etdirəcək bir halda qeyd edilmişdir. Hələ büsbütün, realnı, canlı romanlar, hekayələr, dastanlar vardır ki, ədəbiyyatımız üçün tükənməz bir xəzinədir. Bunların hərəsinə qarşı el ədəbiyyatımızdan məruzə edilirkən ədiblərimizin, ədəbiyyatçılarımızın maraqlanmaması olduqca acınacaqlı bir haldır.

Hələ bu yaxınlarda "Ədəbiyyat dostu" və “Maarifçi" yoldaşın bu xüsusda “Kənd müəllimlərimizin ictimai vəzifələri" adıyla yazdığı məqalədə həmin el ədəbiyyatı məsələsi irəli sürülmüşkən ədəbi həyatımızı idarə edənlərin və təşkilatların heç birisindən bu xüsusda bir əks-səda görülmədi. Zavallı "Ədəbiyyat dostu"nun sözləri:


Dəyəndə zülfi-ənbər barı yarə şanələr bir-bir,

Cünun zəncirinə bənd oldular divanələr bir-bir. -


kimi qəzəllərin gurultuları arasında itib getdi. Halbuki, bu şeir nə qədər müqtədir sandığımız bir şair tərəfindən deyilmiş olsa da, nə qədər gözəl təşbehlərə malik olsa da, bir çox qəzəllərimizdən qüvvətli sanılsa da, bir el şairinin sadə sözlər ilə dediyi:
Mən dönsəm üzüm dönsün,

Sən dönsən neylim sənə. -


deyə buraxdığı ədəbi əsər, səmimi bir hissiyyat yaxıcı, bədii olması cəhətincə heç bir halda geri qalmayır. Həm də birinci, bir çox başqa təsirlərə təqlidən söylənmişkən, ikinci, bilavasitə elin, xalqın səmimi hissiyyatından doğmuş, onun əsl zövq kədərini ifadə edən bir əsərdir. Buna görə də bizim el ədəbiyyatına nə qədər böyük əhəmiyyət verməmiz lazımdır.





Yüklə 21,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin