Elektron hökuməT – İNKİŞafin yeni brendi İlyasov Ramin Adgözəl oğlu



Yüklə 117,7 Kb.
tarix23.10.2017
ölçüsü117,7 Kb.
#11757

ELEKTRON HÖKUMƏT – İNKİŞAFIN YENİ BRENDİ
İlyasov Ramin Adgözəl oğlu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi



ramin7@inbox.ru
1.Elektron hökumət nədir?

Marketinqdə yeni innovativ məhsul və xidməti simvolizə edən markaya “Brend” deyilir. Brend adətən inkişafı simvolizə edir. Uzun dövr ərzində dövlətin inkişafını müxtəlif amillərlə ölçürdülərsə indi bu inkişaf “Elektron hökumət”in inkişaf dərəcəsi ilə ölçülür. Çünki “Elektron hökumət”in inkişafı müsair dövrdə elə dövlətin inkişaf dərəcəsini təcəssüm etdirir. Artıq “Elektron hökumət” bir brendə çevrilib – İnkişaf brendinə.

Bu gün “Elektron hökumət” termininə müxtəlif yanaşma var: kimsə onu dövlət idarəetməsinin yeni konsepsiyası kimi, kimi də texnologiyanın inkişafının yeni mərhələsi kimi görür. Bir çox hallarda isə elektron hökumət dövlət orqanlarının informasiya komunikasiya texnologiyalarının strukturuna kömək kimi görürlər. Lakin dəqiqləşdirmək lazımdır ki, elektron hökumət mövcud olmuş inzibati idarəetmə sisteminin yenidən təşkili deyil, o həm də dövlətin idarəetmə prinsiplərinin, konsepsiyasının, istiqamətinin yenilənməsidir. İlk öncə də inzibati idarəetmənin obyektivliyinin artırılmasıdır.

“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökumətin fəaliyyəti çox açıq və aşkar olmalıdır. Əsas diqqət göstərilən xidmətlərin sürəti və keyfiyyətinə yönəldilməlidir. Bütün bunlar həm vətəndaşa yüksək xidmət səviyyəsinin, həm də hökumətin idarəetməsinin yüksədilməsinə xidmət edir.



Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəçiliyidir. Elektron hökümətin qurulması üçün əsas şərt komputerlərin alınması və veb-saytın qurulması deyil. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və “kağız dünyasından” çıxmağa kömək edəcək.Elektron idarəetmədə daha çox hökümətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi iradə və lazımlı resursların formalaşmasını tələb edir. Öz-özlüyündə nə yeni texnologiyaların alınması, nə çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini inkişaf etdirə və ya dövlət idarəçiliyində iştirak səviyyəsini artıra bilməz. E-hökumət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab köhnə fikirli idarəedicilərin sonu olmalıdır. Hər bir məmur bu sistemin özü və dövləti üçün nə dərəcə də əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namimə bir çox köhnəyönlü fikirlərinlərindən əl çəkərək elektronlaşmaya kömək etməlidirlər.

Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət orqanı ilə hökümət ( hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes ilə hökümət ( hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı abreviaturalar qəbul olunub: G2G (government to government); G2C (government to citizen); G2B (government to business) .

Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə e-xidmətlərin göstərilməsi məqsədilə Elektron Hökumət Portalı (www.e-gov.az) yaradılıb və 2012-ci ilin aprel ayından istifadəyə verilmişdir. Yaradılan yeni imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arsında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflığı təmin etməkdən ibatətdir. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu vacib amillərdəndir. Portal yaradılandan sonra hakimiyyətlə elektron əlaqə səviyyəsi qalxdı. Azərbaycanda statistikaya görə internet istifadəçilərin Hakimiyyət orqanları ilə əlaqə yaradılma səviyyəsi aşağıdakı kimidir:

İl

2005

2008

2009

2011

2012

2013

%

1,2

5,9

8,3

8,7

12,0

12,8

Cədvəl 1

Hakimiyyət orqanları ilə əlaqə (informasiyanın əldə edilməsi, sənədlərin yüklənməsi və göndərilməsi)

2013-cü ilin may ayında planşet və smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş “Elektron hökumət” portalının mobil versiyası təqdim edilib. Burada (www.e-gov.az/mini )  istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər.

Azərbaycanda “e-government”lə bərabər “m-government” də (mobil hökumət) yaradılır. Mobil hökumətin yaradılması (Asan İmza (Mobil imza)) əhalinin bir çox elektron xidmətlərdən istifadəsini təmin edir. Asan İmza (Mobil imza) - e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və elektron mühitdə fiziki ID-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM kartıdır. Vətəndaşlar Asan İmza (Mobil imza) ilə şəxsiyyətlərini təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilirlər. Şəxsi mobil identifikasiyanız hər zaman sizinlədir və xarici ölkə də daxil olmaqla, kompüter və mobil rabitənin qəbul siqnalı olan bütün yerlərdə istifadə oluna bilər. Bu xidmətdən istifadə etmək üçün heç bir əlavə tədbirlər və ya konfiqurasiyalar tələb olunmur. Bütün müasir mobil telefonlar Asan İmza-nın (Mobil imza) istifadəsi üçün yararlıdır.

Ölkənin “Elektron hökumət” sahəsində uğurunu BMT-nin hesabatlarına (UNITED NATIONS E-GOVERNMENT SURVEY 2014) baxaraq müəyyən etmək olar. 2014-ci ilin nəticələrinə görə BMT-nin hesabatlarında “Elektron hökumət”in inkişaf indeksi liderləri sırasında ilk 5-likdə Cənubi Koreya, Avstraliya, Sinqapur, Fransa və Hollandiya yer alıb.



BMT-nin hesabatında ölkələr inkişaf indeksinə görə 4 qrupa bölünüb: Çox yüksək indeks, Yüksək indeks, Orta İndeks və Zəif indeks göstəriciləri. Sevindirici haldır ki, bu ilki hesabatda Azərbaycan artıq “Yüksək indeks”li ölkələr sırasında yer alıb və E-hökumətin inkişaf göstəricisi dünya üzrə orta göstəricisini keçmişdir. Azərbaycanda bu sahədə görülən uğurlu tədbirlər sayəsində ölkəmiz siyahıda 2014-cü ildə 2012-ci illə müqayisədə 28 pillə irəliləyib. Cədvələ nəzər yetirərkən “Elektron xidmətlər” və “İKT infrastrukturu” indeksləri sahəsində də ciddi irəliləyişlər olduğunu görə bilərik. (Cədvəl 2).


İllər

2004

2005

2008

2010

2012

2014

İndeks

0,386

0,3773

0,4609

0,4571

0,4984

0.5472

Reytinqdə sıralama

89

101

89

83

96

68

Elektron xidmətin inkişafı

0,201

0,1808

0,3946

0,3238

0,326

0.4331

İKT infrastrukturu

0,077

0,0712

0,1077

0,1329

0,3033

0.4605

İnsan kapitalı

0,88

0,88

0,8822

0,9185

0,8259

0.7480

Cədvəl 2.

Azərbaycanın Elektron hökumətinin inkişaf indeksinin illər üzrə dəyişməsi


2. Dövlətin elektronlaşma səviyyəsi.

“Elektron hökumət” portalına təsdiq olunmuş xidmətlərin sayında kiçik araşdırma apardım. İlk öncə deməliyəm ki, “Elektron hökumət” portalına keçidə bəzi qurumlar “tələsmirlər”. Keçən ilin 01.10.2013-ci il ilə müqayisədə 01.10.2014-cü il üçün portala inteqrasiyaya “tələsməyən” qurumların ilk 10-u bunlardır (cədvəl 3):



 

 

 

01.10.2013

01.10.2014

 

Sıra №

Dövlət qurumunun adı

Təsdiq edilmiş e-xidmətlərin sayı

Təsdiq edilmiş e-xidmətlərdən portalda olanların sayı

Təsdiq edilmiş e-xidmətlərdən portalda olanların sayı

Əlavə olunmuş e-xidmətlərin sayı

1

Mədəniyyət və Turizm Nazirliyi

17

0

0

0

2

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

6

0

0

0

3

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

5

0

0

0

4

Maliyyə Nazirliyi

4

0

0

0

5

Dövlət Mülki Aviasiya Administrasiyası

3

0

0

0

6

Daxili İşlər Nazirliyi

24

1

1

0

7

Dövlət Miqrasiya Xidməti

11

1

1

0

8

Təhsil Nazirliyi

8

1

2

1

9

Xarici İşlər Nazirliyi

3

0

1

1

10

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi

1

-

0

0

 

Cəmi

82

3

5

2

Cədvəl 3

Son 1 ildə ən az xidmət əlavə edən dövlət qurumları



Qurumlar gecikmələrini aşağıdakı müxtəlif səbəblərlə izah edirlər:

- Qurumların öz saytlarında bu xidmətlərin mövcud olması;

- Maliyyə çatışmamazlığı;

- E-hökumət portalının təhlükəsizlik problemi;

- E-hökumət portalının texniki gücünün lazımı səviyyədə olmaması;

- Qurumların xidmətlərinin yaxın zamanda inteqrasiya olunması deyilir.

Əlbəttə bunlar bəhanədir. İnteqrasiyanı gücləndirmək üçün ilk növbədə qurumların gecikmələrini rəsmi səbəblə izah etməlidir. Səbəblər araşdırılmalı və birgə tədbirlər görülməlidir. Hər bir dövlət qurumunun inteqrasiyası üzrə konkret siyahı üzrə vaxtlar planı qurulmalıdır. Bunlardan əlavə bəzi qurumlar 1-2 xidmət təklif etməklə bununla işlərini bitmiş hesab edirlər, bu səbəbdən təsdiqlənmiş xidmətlərin 25%-dən az xidmət təqdim etmiş qurumlar haqqında da tələsdirici tədbirlər görmək lazımdır.


Elektron hökumət barədə danışırıqsa məncə Rayon İcra Hakimiyyətləri və Bələdiyyələrin elektron vasitələri barədə də məlumat verməliyik. Demək ilk olaraq ümumilikdə 70 rayon və şəhər icra hakimiyyətlərinin saytlarını araşdırdım və aşağıdakı maraqlı müqayisəli statistika əldə etdim:

1. 70 rayon və şəhər icra hakimiyyətləri saytından 62-də xəbərlər bölməsində periodik yenilənmə gedir.

2. 70 rayon və şəhər icra hakimiyyətləri saytından yalnız 4-ündə “Elektron müraciət” bölməsi təyinatına uğun işləyir. Əslində dolayısıyla bu bölmənin elektron variantı bütün icra hakimiyyəti saytlarında aktivdir lakin bölmənin adı olan düymə yalnız 4 İcra hakimiyyətində işləkdir.

3. Yalnız 3 rayon və şəhər icra hakimiyyətlərində saytında “Onlayn qəbula yazılmaq” xidməti aktivdir. “Onlayn qəbula yazılmaq” xidməti interaktiv xidmətdir və əhalinin rahat qəbula yazılmaq imkanını verir.

4. Yalnız 3 rayon və şəhər icra hakimiyyəti saytından vakansiya haqqında məlumat qoyulub. Rayon və ya icra hakimiyyəti üzrə vakansiyaların verilməsi əhalinin işsizlik problemlərinin azalmasında az da olsa yardım edə bilər.

5. Yalnız 3 rayon və şəhər icra hakimiyyətləri saytında “Virtual tur” xidməti var. Vitual tur əsasən turistik əhəmiyyətli ərazilərin barədə məlumatlandırma üçün böyük əhəmiyyət kəsb edə bilər.

6. Yalnız 5 rayon və şəhər icra hakimiyyətləri saytında yerli qəzetlərə çıxış linkləri var. Bu cür əlavə bölmənin yaradılması ilə vətəndaşlar olduqları ərazinin ictimai-siyasi həyatından daha tez xəbər tuta bilərlər.

7. Bəzi rayon və şəhər icra hakimiyyətləri “Facebook” və “Twitter” sosial şəbəkələrində hələ də hesab yaratmayıblar.

8. Bölgə Rayon İcra Hakimiyyətləri saytları içərisində fikrimcə elektron xidmətlər baxımından ən yaxşı qurulmuş İcra hakimiyyəti saytı “Lerik Rayon İcra Hakimiyyəti”dir.

Məlumdur ki, bütün İcra Hakimiyyətlərinin rəsmi saytları var. Ancaq göründüyü kimi bəziləri heç bir yenilik etmədiyi halda digərləri saytı modernizə edərək əlavələr edir. Sayt yaratmaq elektron hökumət yaratmaq demək deyil. Burada isə sayt olsa da elektron xidmətlər cəhətdən çoxu “kasıbdır”. İcra Hakimiyyətlərinin saytlarının çoxu hələ də elektron hökumət məntiqinə uyğun işləmir.



Bələdiyyələrin elektronlaşma vəziyyəti isə lap pisdir. Elektron hökumət portalına inteqrasiyasından əvvəl bələdiyyələr özünün elektronlaşması təmin edilməli sonra isə bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin elektronlaşması proqramı 3 mərhələdə gerçəkləşdirilməlidir: 1) bələdiyyələrin tam kompüterləşməsi, internet saytlarının yaradılması, yerli özünüidarəetmədə maliyyə-büdcə kompüter proqramlarınının tətbiqi işlənməli; 2) bələdiyyələrdə sənəd dövriyyəsinin elektronlaşması, ön ofisin elektronlaşması prosesi aparılmalı; 3) kommunal xidmətlərin elektronlaşması başa çatdırılmalıdır. 

3
. Elektron hökumət üçün dünya təcrübəsi.

Azərbaycan e-hökumət layihəsinə yeni başlayan ölkə sayılır. Bir işə yeni başlayanda isə həmişə dünya təcrübəsinin öyrənilməsi əhəmiyyətli rol oynayır. Çünki biz dünya təcrübəsini öyrənərək bir sıra innovativ yenilikləri öz sistemimizə tətbiq edə, həmçinin bəzi uğursuz təkliflərin nəticəsini də əvvəlcədən görərək bunlardan yan keçə bilərik.

Azərbaycanda artıq ID kartların tətbiqi yönündə tədbirlər görülür, belə ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında Azərbaycan Respublikasının Qanunu” 2015-ci ilin dekabrın 1-dən qüvvəyə minir. Son illər biometrik eyniləşdirmə sisteminin qurulması istiqamətində əsaslı işlər görülüb, müvafiq qanunvericilik bazası yaradılıb, vətəndaşların şəxsiyyətini təsdiq edən elektron sənədlərin tətbiqinə başlanılıb. ID kartların tətbiqi nəticəsində əldə edilmiş uğurlara aid nümunə kimi ilk öncə Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) misal göstərə bilərik. Bu sistemin tətbiqi nəticəsində BƏƏ-də 2010-cu ildən 109 mln. ABŞ dollarına və 5 mln. iş saatına qənaət olunub. Araşdırmalar göstərir ki, elektron pasportların qeydiyyatı kağız formatda qeydiyyatdan 6 dəfə az vaxt aparır. Belə ki, 2010-cu ildə pasport üçün sənədlərin verilməsi 30 dəqiqə vaxt aparırdısa, 2012-ci ildə bu vaxt 5 dəqiqəyə endi. Ayrı-ayrı işçilərin işqabiliyyəti də 2 dəfə artdı, 2010-cu ildə bir işçi gün ərzində 25 ərizə işləyirdisə, indi 50 ərizə işləyə bilir. Həmçinin vətəndaşların razılıq faizidə artmışdır, belə ki, 2010-cu ildə pasport idarəsinin işini 60% əhali bəyənirdisə, 2012-ci ildə bu rəqəm 80% olmuşdur.

ID kartların yaradılmasında digər maraqlı bir nümunə Estoniyaya məxsusdur. Estoniya əhalinin sayına görə (1,29 mln nəfər) azsaylı olsa çox güclü elektron sistem yarada bilmişdir. Estoniyada elektron hökumət portalında identifikasiya olunmaq üçün əhalinin 93%-də olan ID kartlardan istifadə olunur. Sözugedən sənəd vətəndaşlıq pasportunu, sürücülük vəsiqəsini əvəz edir və onun köməyi ilə hökumət orqanları ilə bağlı bütün müraciət və qaşılıqlı əlaqələri aparmaq olar. Estoniyada 2000-ci ildən 2005-ci ilə qədər dövlətdə bütün sənəd dövriyyəsi elektron formaya keçmişdir və vətəndaşlar haqqında məlumatlarla uyğunlaşdırılmışdır. 2005-ci ildən vətəndaşlar internet üzərindən səs verə bilirlər. 2000-ci ildən vergi bəyannamələri, 2002-ci ildən məktəb arayışları, 2005-ci ildən torpaq reyestrləri, 2008-ci ildən tibbi kartlar, 2010-cü ildən dərman reseptləri elektron formada tərtib olunur, 2011-ci ildə isə Parlament seçkilərində 24,3% əhali onlayn səs vermişdi. Nazirlər Kabinetinin iclasları 2000-ci ildən elektron formada keçirilir. Bütün bu xidmətlərin çoxu ID kartların tətbiqi nəticəsində mümkün olmuşdur.

Estoniyada ID kartların digər üstünlükləri:

- İnternet xidməti. Məsələn Estoniya bir çox internet qəzetlərində (Məsələn: Eesti Paevaleht) ID-kart identifikasiyasından istifadə edərək bloqlara şərh yazmaq olur.

- İctimai nəqliyyatdan istifadə. Estoniyada bir çox ictimai nəqliyyatda ödəniş etmək üçün ID kartdan istifadə etmək olar. Belə ki, siz bank vasitəsilə və ya sms-in köməyi ilə bilet sifariş edə bilərsiniz.

- Hökumət portalından istifadə etmək üçündə ID karta ehtiyac var.

- Səhiyyə sahəsində tibbi məlumatların karta qeyd edilməsi.

Dünya təcrübəsindən digər bir misal mobil proqram (mobil apps) tətbiqidir. Misal kimi Gürcüstanın Daxili İşlər Nazirliyinin yaratdığı proqramı göstərmək istərdim. Gürcüstanın Daxili İşlər Nazirliyi müəyyən ictimai xidmətlərdən faydalanmaq, Nazirliyinin fəaliyyəti haqqında son məlumat öyrənmək, eləcə də təcili yardım xidmətləri ilə ünsiyyət vasitəsi kimi istifadə etməyə imkan verən mobil proqram yaratmışdır. Mobil proqramın digər imkanları aşağıdakılardır:

-112 xidmətinin (polis, təcili yardım və yanğınsöndürmə idarəsi) səssiz çağırılması – bu həm dil qüsurlu insanlara, həm də təhdidlə qarşılaşaraq səssiz polis çağırmaq ehtiyac olanlara lazımdır;

-Proqram sizin yerinizi müəyyən edərək ən yaxın polis idarəsini xəritədə göstərir;

- Sürücülük vəsiqəsi almaq üçün sınaq testindən keçmək;

- İnzibati pul cəzası mövcudluğunu yoxlayıb, habelə cəriməni birbaşa ödəmək imkanı verir;

- Ölkədə mövcud kriminogen durum haqqında məlumat yeniləməsi də mövcuddur.

Dünya ölkələri üzrə e-hökumətin inkişafına görə öndə gedənlərdən biri Hollandiyadır (www.government.nl). Əsas üstünlüyü elektron “bir pəncərə” sisteminin qurulmasında dövlət orqanlarının sıx əlaqəsidir. Burada vətəndaşlar və müəssisələr üçün e-ID uğurla tətbiq edilir. Mütəxəssislərin fikrincə şəbəkəyə genişzolaqlı çıxış Hollandiyaya uğurla elektron hökumətini inkişaf etdirməyə kömək edəcək.



Danimarkanın elektron hökuməti (www.borger.dk) eyni şəbəkədə dövlət, işəgötürənlər və ictimai birlikləri birləşdirən ölkə üzrə elektron əməliyyatların mərkəzidir. Elektron hesabatlarda hər il vətəndaşlar 150 milyon və müəssisələr isə 50 milyon avro qənaət edir. Hər Danimarkalının elektron hökumət portallarında bütün dövlət qurumları və şirkətlərdən gələn mesajları toplayan şəxsi e-mail qutusu var. Portalın xidmətləri arasında tələbə kreditləri, pensiyanın idarəedilməsi, gəlir və ailə vəziyyətinin qeydə alınması var.

Dünyada ilk elektron xidmətlər haqqında qanun qəbul edən ölkə Finlandiyadır (2001-ci il). Qanunda hökumət orqanlarının elektron xidmətlərlə bağlı hüquq və vəzifələri, vətəndaşlara göstərilən xidmətlərin xüsusiyyətləri və onların qarşılıqlı əlaqəsi əks olnub. Finlandiyanın rəsmi veb səhifəsi (www.om.fi) çoxlu miqdarda ixtisaslaşdırılmış xidmətlər təklif edir: islehlakçılara xidmət üzrə agentlik, hüquqi sənədlərin təqdimatı (Ədliyyə Nazirliyi), boş iş vakansiyaları, təhsil müəssisələri, “Virtual Finlandiya” xidməti, Rabitə İnformasiya Nazirliyinin proyektləri və s.



İrlandiyanın elektron hökuməti (www.gov.ie) müəssisələrin inkişafı üçün şərait yaradır, belə ki, burada lazımı tender tapmaqdan savayı, ordan qeydiyyatdan keçmək və tenderin iştirakçısı olmaq üçün də ərizə vermək olar.

Dünyada hər zaman liderlər sırasında olması ilə fərqlənən ABŞ-ın elektron hökumətinin veb-portalı (www.usa.gov) aşağıdakı üsullarla federal idarəetmə keyfiyyətin artırır: informasiya xidmətinin təqdimatının asanlaşdırılması; vətəndaşlar, müəssisələr, hökumət və federal işçilər üçün informasiya axtarış xidmətinin asanlaşdırılması, hökümət orqanlarının vətəndaşların müraciət və işlərinin həllərinin tezləşdirilməsi və s. ABŞ-da əsas ideya vətəndaş və məmur asılılığını təmamilə aradan götürmək informasiya “ magistralı” yaratmaqdır. ABŞ elektron hökumətinin əsas şüarı da “Daha çox aşkarlıq, şəffaflıq və vətəndaş qarşısında cavabdehlik”dir.



Kanadanın hökumət portalı (www.canada.gc.ca) “Kanadanın dövlət orqanı” adlanır. Bu sayt bütün Kanada vətəndaşlarına demək olar ki, bütün mərkəzləşmiş xidmət və proqramlara istənilən vaxtında və istənilən yerdə girişini təmin edir. İlk dəfə Kanada 1994-cü ildə dövlət strukturlarının informasiya açıqlılığına şərait yaratdı. Kanadalılar inkişaf modelini 3 hissəyə bölərək ümumi 5 ilə “E-Hökumət”i qurublar.

Sinqapur hökumətinin rəsmi veb-portalı (www.gov.sg) həyat fəaliyyəti ilə bağlı bütün sahələri birləşdirir, bura dövlət idarəetməsi, biznes, təhsil, elm, səhiyyə və hətta əyləncə sektoru da daxildir. Proqramın icrasına hökumət təxminən ilə 500 mln. dollar sərf edir. Bu yaxınlarda elekron sənəd dövriyyəsin 100%-lik həddə çatdı, kağız üzərinə yalnız ən vacib sənədlər yazılır. Portal bir-biri ilə əlaqəli 4 bölməni birləşdirir: “Hökümət”, “Rezident əhali” (daimi sakinlər), “Biznes” və “Qeyri-rezidentlər”. Bütün sektorlar üzrə real vaxt rejimində böyük miqdarda informasiya xidməti və interaktiv əlaqə təklif olunur. Bütün bu xidmətlərdən yararlanmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır (login, parol, istifadəçi şifrəsi). “Hər bir dövlət xidməti mümkündürsə elektronlaşmalıdır” bu termin Sinqapurda elektron hökumətin inkişaf fəlsəfəsidir.

Cənubi Koreyanın “Elektron hökumət” portalı (www.korea.go.kr) 2014-cü il üçün Elektron Hökumət sektoru üzrə lider ölkə seçilmişdir. O bu yerə iPhone və Android sistemləri üçün çoxlu sayda mobil programların və bütün ölkəni 4G interneti ilə əhatə etdiyinə görə qazanmışdır. Hər bir vətəndaş portalı öz istəyinə uyğun olaraq düzəldə və mobil proqramlar vasitəsilə çıxışı təmin edə bilər. Cənubi Koreya həmçinin “Elektron iştirak” indeksi (“e-Participation” İndex) üzrə də lider ölkədir.

Böyük Britaniya elektron hökumət “Elektron vətəndaş, elektron biznes, elektron idarəetmə” şüarı altında qurulub (www.gov.uk). Burada əsas strategiya vətəndaş və biznes tələbatlarının ödənilməsini təmin edən sistemin qurulmasıdır. 4000 alternativ idarəetmə saytından islahat nəticəsində 1000-i bağlanmışdır. Elektron xidmətlərdən istifadəni artırmaq üçün vətəndaşlara 10 funt, müəssisələr isə 150 funt güzəşt əldə edirlər. Ölkənin portalında maraqlı elektron petisia xidməti mövcuddur. Bu xidmət vasitəsi vətəndaşlar hər hansı məsələ ilə bağı qanun üçün müəyyən miqdarda səs toplaya və hazırladığları qanunları parlamentə baxılmaq üçün göndərə bilərlər.

Elektron hökumət rahatlıq və demokratiya təminatı olsa da cəmiyyət heç də həmişə Elektron hökumətlə bağlı yenilikləri sevinclə qarşılamır. Dünyanın bir çox ölkələrində, hətta bu layihəni uğurla yerinə yetirən ölkələrdə belə bəzən öz hakimiyyət qurumuna qarşı bu barədə ciddi iradlar olur. İndi bizə maraqlı və təəccüblü görünə bilən bir fakt haqqında məlumat vermək istərdim. Belə ki, 21 aprel 2002-ci ildə “BBC News”da “Britaniyalılar elektron hökumət istəmir” (“ Britons 'do not want e-government' ”) adlı məqalə dərc olunmuşdu. Məqalədə hakimiyyəti 2005-ci ilə qədər öz bütün xidmətlərinin onlayn formaya keçməsi ilə planı tənqid olunurdu. Göstərilirdi ki, “Hakimiyyət vətəndaşların istəklərini yox, öz istəklərini nəzərə alaraq bu sistemi qurur. Onlayn əlaqəyə vəsait xərcləməkdənsə hökumət ənənəvi vasitələrin inkişafına çalışmalıdır: üz-üzə söhbət və telefon əlaqələri. İnsanlar üz-üzə söhbət və telefon əlaqələrini daha çox bəyənirlər. Vəsaitlər buna xərclənməlidir və Çağrı mərkəzlərinin (Call center) sayı artırılmalıdır.”


4. Elektron hökumətin təkmilləşdirilməsi istiqamətləri.

Elektron hökumət” portalının inkişafına dair təkliflər:

- Elektron hökumət portalı yalnız Azərbaycan dilində fəaliyyət göstərir. Lakin Azərbaycan beynəlmiləl dövlət olduğunu və burada digər dövlət dillərin nümayəndələrinin yaşadığını və turistlərində ölkəyə gəlməmişdən əvvəl bu xidmətlə maraqlanacağını nəzərə alaraq ən azı 3 dildə (Azərbaycan , ingilis və rus dili) portalın işləməsini təklif edirəm. Təqdirəlayiq haldır ki, “Qeyri-rezident” bölməsi yaradılıb amma bu qeyri–rezidentin Azərbaycan dilini bilməməsi ehtimalının Azərbaycan dilini bilməsi ehtimalından çox olmasını nəzərə alaraq mənə maraqlıdır ki, o bu “Qeyri-rezident” bölməsindən necə istifadə edəcək ki, burada Azərbaycan dilindən başqa dil yoxdur.;

- Portalda bəzi nazirliklər üzrə onlayn müraciət və məlumat xidmətləri eyni sıradadır. Qazaxstanın e-hökümət portalında (www.egov.kz) olduğu kimi onlayn xidmətlərin qarşısında qırmızı şriftlə “onlayn” yazılsın və ya xüsusi onlayn xidmətlər bölməsi yaradılsın ki, vətəndaş daha rahat istədiyi xidmətdən istifadə etsin;

- Portalda “Şəxsi Kabinet” yaradılıb. Lakin mənim fikrimcə bu sistem daha da inkişaf etməlidir. “Şəxsi Kabinet”də yeni bölmələr yaradılmalıdır, məsələn “Xatırlatma xidməti”. Hər bir vergi bəyannaməsinin özünün verilməsi vaxtı var. Əgər siz bəyannaməni qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim etmirsinizsə onda 40 manat məbləğində maliyyə sanksiyasına məruz qalırsız. “Xatırlatma xidməti” də bu cür halların qarşısını almaq üçündür. Bunun üçün ilk əvvəl “Təqvim” yaradılmalıdır. Siz təqvimdə lazım olan tarixi seçib, ora müəyyən mətni daxil edirsiniz. Sonra həmin tarix olan günü sizin Şəxsi Kabinetinizdə Bildiriş formasında yazınız çıxacaq. Həmçinin qeyd etdiyiniz nömrəyə ( və ya e-mail) bildiriş gələ bilər.

- Portalda “Şəxsi Kabinet”də daha bir xidmət kimi Vətəndaşlar arasında yazışmanı təmin etmək olar. Belə ki, digər vətəndaşın istifadəçi adını bilən şəxs həmin insana məktub göndərə bilsin.

- Portalda yaradılan “Fikir Bankı” bölməsində vətəndaşın fikirinə öz münasibətimi cümlə şəklində bildirmək olsun, yəni koment.

- Vətəndaşların portala cəlbi üçün bəzi dövlət əyləncə sektorunun da portala inteqrasiyası yaxşı olardı;

- Portalda həmçinin digər G2G prinsipi üzrə başqa dövlət orqanlarının və Respublikanın rayonlarının rəsmi internet səhifəsinə keçidlərin yerləşdirilməsini təklif edərdim;

- “Xəbərlər” bölməsinin yaradılması. Burada Respublika əhəmiyyətli son xəbərlər yerləşdirmək olar. Türkyənin “e-hökumət” portalında ( www.e-devlet.com ) “Xəbərlər qaynağı” adlı bölmə var və 8 altqrupdan ibarədir: Qəzetlər, Xəbər saytları, Jurnallar, Televiziya kanalları, Radio, Xarici Media, İdman və Agentliklər. Firkimcə altqruplar elə bu formada yaradılsa çox yaxşı olar.

- “Elektron hökumət” portalında digər görmək istədiyim bölmə “Dövlət strukturları haqqında məlumat” bölməsidir. Məsələn mən portala daxil olaraq hər hansı bir Rayon İcra Hakiminin kim olduğunu görə bilmirəm. Məncə əgər portalın adı “Elektron hökumət”dirsə burada hökumət rəsmiləri haqqında da məlumat olmalıdır.

- Təhsil Nazirliyinin “Elektron gündəlik” xidmətinin təklif olunması.

- Portalda hava haqqında meteoroloji xəbərlərin yerləşdirilməsi;

- Dövlət elektron poçtu yaradılsın və bu poçt E-hökumət portalı tərəfindən nəzarətdə olsun. Bu tip poçt xidmətləri Almaniya, Avstraliya, Estoniya və s. ölkələr yararlanıb. Məsələn Estoniyada @eesti.ee poçt rəsmi poçt ünvanları Estoniyanın elektron hökumət portalı olan www.eesti.ee –yə birləşib;

- Yeni sosial xidmət kimi “Həkimə onlayn qeydiyyat” xidməti vətəndaşları xəstəxanada gözlətməkdən azad edər. Bu xidmət aktiv olunsa əsas məsələ vətəndaşın təkcə qeydiyyatda olduğu yerdə deyil, həm də faktiki yaşadığı ərazinin xəstəxanalarında həkimə qeydiyyata yazılması olar. Çünki adi diş ağrısı üçün Balakəndə qeydiyyatda olan, Bakıda təhsil alan tələbənin Balakəndə xəstəxanaya getməsi yorucu və mənasız olar;

- Portalda hər bir Dövlət qurumunun və bələdiyyələrin illik hesabatlarının dərci;

- Portalda canlı rejimdə Valyuta məzənnəsi dəyişmə qrafikinin və cədvəllərinin yerləşdirilməsi.

İndi isə portaldan kənar, ümumiyyətlə Azərbaycanda “Elektron hökumət”in inkişafına dair təkliflərini bildirmək istəyirəm:

- G-Cloud (Government Colud) texnologiyasının tətbiqi.

Dövlət orqanları üçün “G-Cloud” (bulud texnologiyası) tətbiqi ilə informasiyalar sistemdə təhlükəsizlik yerdə olacaq və keyfiyyətli elektron xidmətlərin istifadəsinə şərait yaradacaq ki, Elektron hökumətin fəaliyyət qabiliyyətliliyi daha da artacaq.

“G-Cloud” platforması innovativ yenilikləri ilə infrastrukturu daha da zənginləşdirir və dövlər orqanlarına aşağıdakı üstünlükləri verir:



  1. Az xərclərlə informasiya texnologiyalarından maksimal istifadə;

  2. Komputer avadanlığlarının alınması xərclərinin azalması;

  3. Dövlət sektorundə komputer avadanlığının istifadəsinə lisenziya alınması xərcinin azalması;

  4. Xidmətlərin operativliyinin artırılması;

  5. Yanğın və s. hadisələr zamanı məlumatların məhv olmasının qarşısının azalması.

- Dövlət sistemlərinin “Open Source”a keçirilməsi (Açıq Mənbə).

CeBİT – 2014 sərgisində ( Hannover şəhərində keçirilmişdir) MS Office-ə alternativ olan onlarla proqram təminatı nümayiş etdirildi. Onlarda iş üçün əlavə proqram təminatı yazmaq lazım deyil çünki qrafik iş birbaşa veb interfeysdə gedir. Bunun üçün isə kompyuterin gücü əhəmiyyət daşımır. Bu zaman rəqabət firmalar arasında deyil layihə qrupları arasında gedəcək. Pulsuz layihənin tətbiqi nəticəsində qənaət edilən vəsait isə başqa istiqamətin inkişafına yönəldilə bilər.

- Xidmət terminallarının yaradılması

Bəzi elektron xidmətlər sənədi skayner edib göndərməyi tələb edə bilir. Lakin bu tip aparatların heç de hamının evində olmaması normal haldır. Bu problemin çıxış yolu isə Xidmət terminallarının yaradılmasındadır. Burada ixtisaslaşdırılmış işçilər sənədləri vətəndaşlardan alıb, onları elektron varianta çevirib və göstərilən işə cavabdeh olan orqana göndərə biləcək.



- G-JUSTCafe

İlk öncə vətəndaşların yemək zamanı hökumətin elektron xidmətlərdən istifadəsini təmin etmək üçün kafe və restoran şəbəkələri ilə müvafiq müqavilələr imzalanmalıdır. Bu xidmət proses belə gedir: vətəndaş kafe və ya restorana gələn zaman onun üçün 2 menyu gətirilir, birinci menyu yemək və içki üçündürsə, ikinci menyudan o, e-xidmətləri seçib istifadə edə bilər.



- G- JUSTDrive

McDonalds –ın McDrive xidməti barədə yəqin ki, çoxunuzun xəbəri var. Vətəndaş buraya avtomobil ilə gələrək elə avtomobildə oturaraq sifarişini alaraq gedə bilər. Bu xidmətin analoqu olaraq G-JUSTDrive xidmətini istifadəyə vermək olar. Vətəndaş burada quraşdırılmış ya elektron informasiya köşkünə ya da operator olan insana yaxınlaşaraq Elektron hökumət xidmətindən yararlana bilər.



- “G-Taxi” (Government taxi) xidməti (və ya “Elektron taksi)

Elektron-taksi” sizi istədiyiniz yerə pulsuz aparmağı təklif edəcək, əvəzində isə vətəndaş “E-hökumət”in vətəndaşlar üçün yaratdığı üstünlüklərdən bəhs edən mühazirələri dinləməlidir. Bu elektron xidmətlərin reklamının özünəməxsus bir növüdür;

- “Elektron pul kisəsi” güzəşti

Bu yaxınlarda artıq bizim “Elektron imza” kartımız həm də bizim ödəniş kartımız olacaq. Lakin əgər buna da güzəşt və ya hər hansı üstünlük verilməsə bu da adi plastik kartların taleyin yaşayacaq. Təəssüflə qeyd etmək lazımdır ki, hələki bizim cəmiyyətdə plastik kartla ödəniş etmək barədə bir qədər “qorxu” var. Ona görə də biz onları bu kartla ödəniş etməyə motivləşdirməliyik. Bu kartla ödəniş zamanı müştəriyə müxtəlif güzəştlər, müxtəlif kompaniyalarda iştirak və gələcək ödəniş güzəştləri üçün “xal” yığmaq imkanları yaradılmalıdır.

- “Elekton hökumət” portalının və digər dövlət qurumlarının smartfon telefonlar üçün Mobil Proqramın (Əlavələrin) (Mobile app) yaradılması.

Təəssüflə qeyd etməli Azərbaycanda heç bir dövlət qurumunun mobil əlavəsi yoxdur. Bu cür əlavələrin yaradılması əhalinin ona lazım xidmətdən daha tez yararlanmağa kömək edə bilər.



5. NƏTİCƏ

Demək olar ki, bütün sənədləşmənin elektronlaşdığı vaxtda Elektron hökumət də inkişaf etməli idi. Postindustrial ölkələrdə Elektron hökumətin yaradılması bütün dövlət idarəetməsinin dərin islahatları ilə həyata keçirilir. Bu tip layihələrin genişlənməsində əsasən Avropa İttifaqı, Şərqi Asiya və Şimali Amerika ölkələri inkişaf ediblər. Bu ölkələr Elektron hökumətin layihəsinin inkişaf etməsində çox maraqlanırlar. Təcrübə göstərir ki, stabil maliyyələşmə və effektli idarəetmə sayəsində Elektron hökumət layihəsi tez bir zamanda ona sərf olunan vəsaiti kompensasiya edəcək. Bu zaman vətəndaşlar hakimiyyətlə dialoq üçün real şans qazana, qəbul olunana qərarlara təsir edə, şəxsi təklifini irəli sürə və dövlət sektoru üzrə məlumat ala bilərlər. Məqalədən aydın oldu ki, çatışmayan cəhətlər çox olsa da Azərbaycan “Elektron hökumət”in yaradılmasında və inkişafında düzgün yoldadır, qısa bir zamanda böyük uğur əldə olunub. Artıq biz BMT-nin hesabatına görə 125 ölkəni bu sahə üzrə qabaqlamışıq. Elektron hökumətin inkişaf brendinə çevrildiyi vaxtda biz bu brendə yiyələnmişik.


Bu məqalə “Mənim Elektron Hökumətim” yazı müsabiqəsi üçün hazırlanmışdır.



Yüklə 117,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin