22. Yenə əsirlikdə
Fərhad bir saata qədər uzanıqlı qaldıqdan sonra birtəhər qalxıb oturdu. Kürəyində, başında möhkəm ağrılar vardı. Təxminən iki saata qədər vaxt keçdikdən sonra zirzəminin tavanı bir qədər işıqlandı.
Səhər açılmışdı.
Fərhad alaqaranlıqda zirzəmiyə göz gəzdirib gördü ki, burada taxtadan düzəldilmiş köhnə bir taxt, onun da üstündə bir nimdaş yorğan və kirli olduğu aydın seçilən bir mütəkkə var. Gedib sol böyrü üstə taxtın üstündə uzandı.”Yəqin məndən əvvəl də burada kimisə saxlıyıblar”- düşündü. Az keçmədən onu yuxu apardı.
Günortadan sonra zirzəminin qapısı açıldı və içəri bir erməni girdi. Orta yaşlı, balacaboy bir adam olan həmin kişi qapının ağzında dayanıb dərhal soruşdu:
Fərhad başa düşdü ki, bu, evin sahibidi və başı ilə təsdiqedici işarə etdi. Əslində, tualet heç onun yadına düşmürdü. Niyyəti bayıra çıxıb harada olduğunu müəyyənləşdirmək idi.
- Gəl, çıx!
Fərhad zirzəminin pilləkənləri ilə qalxıb həyətə çıxdı. Həyətdə əlində qoşalülə ov tüfəngi tutmuş daha bir erməni vardı. Həmin erməni ev yiyəsinə nəsə dedi və ev yiyəsi yaxınlaşıb onun əllərini açdı. Sonra hündür hasara alınmış kiçik həyətin sol küncündə olan qapını göstərib:
Get ora, - dedi, - tualetdi. Orda su da var, əlini yuya bilərsən.
Hasar çox hündür olduğundan Fərhad heç nə görə bilmədi. Onu yenə zirzəmiyə salıb qapını bağladılar. Ancaq nədənsə əllərini bağlamadılar. Bir azdan ev yiyəsi ona əl boyda çörək, bir dolça da su gətirdi.
Ara, sənin qoyunlarını başqaları kəsib yeyir, çörəyini, suyunu isə mən verməliyəm. – dedi.
Sağ ol, istəmirəm.- Fərhad qeyri-ixtiyari dilləndi.
Ara, siz türklərdə nədi bu yekəxanalıq? Əvvəl hamısı belə deyir, sonra quru çörəyi gözlərinə təpirlər. – Erməni səsini bir qədər qaldırdı. – Onsuz da yeyəcəksən.
O, suyu və çörəyi taxtın üstünə qoyub çıxarkən Fərhad soruşdu:
- Mən hardayam? Bura hansı kənddi?
Erməni Fərhada kinayəli bir nəzər salıb:
A kişi, hələ başa düşməmisən ki, sənin vəziyyətində sual vermirlər, ancaq suala cavab verirlər? – dedi, və bir qədər zarafat tərzində əlavə etdi:
İndi mən heç özüm də bilmirəm bura haradı.
İki gündən sonra axşam Fərhadın gözlərini bağlayıb yenidən maşına oturtdular və başqa bir yerə apardılar. Maşın cəmi 15-20 dəqiqə yol getdi. Fərhad başa düşdü ki, bura əvvəlki kənddən çox da uzaq deyil.
Onu yenə də zirzəmiyə saldılar.
Bu zirzəminin əvvəlkindən fərqi onda idi ki, burada həm elektrik işığı yanırdı, həm də dəmir barmaqlığı olan iki kiçik nəfəsliyi vardı və gündüzlər o qədər də qaranlıq olmazdı. Divarın yanında dəmir çarpayı qoyulmuş, üstünə də köhnə bir adyal atılmışdı.
Təzə yerində Fərhadın vəziyyəti bir qədər də ağırlaşdı. İş burasında idi ki, tualet də elə zirzəminin içində idi. Divarın bir küncündə kiçik taxta qapı tualetə açılırdı. Ona görə də bayıra çıxmaq, açıq hava görmək imkanından məhrum olmuşdu. Üstəlik, iki gündən sonra iki əsgər paltarı geymiş erməni gəlib onu uzun bir qaraçı şallağı ilə o ki var kötəklədilər. Heç nədən, sorğusuz-sualsız.
Əsirliyin yeddinci günü bir nəfər erməni zabiti, yanında da iki nəfər saqqallı döyüşçü ilə qapını açıb zirzəmiyə daxil oldu.
Ara, bu, burda kefdədi ki!- deyə, zabit (onun çiynində kapitan paqonu vardı) Fərhada yaxınlaşıb sual verdi:
Necəsən, Aqayev? Səni incidib eliyən yoxdu ki?
Fərhad dillənmədi.
Kapitan onu başdan –ayağa süzüb bir qədər sükutdan sonra dilləndi:
Müharibədi dəə, belə də olur.
Yoldaş kapitan, mənim günahım nədi? – Fərhad da dilə gəldi.
Karitan yarı gülüş, yarı kinayə tərzində bir səslə:
Hı –hı, sənin günahın deyirsən. Günahın odu ki, türksən. Burda hələ sənə başa salmayıblar bunu? İstəyirsən, tapşırım bu gecə əməlli-başlı başa salsınlar səni?
Fərhad susub başını aşağı saldı. Bunlarla söhbətə girişmək mənasız idi.
Kapitan zirzəmidə bir-iki addım gəzişəndən sonra üzünü Fərhada tutub dedi:
Amma, yaxşı qohumların varmış. Səni yaman axtarırlar.
Fərhadın ürəyində ümid qığılcımı parladı. Lakin susub sözün gerisini gözlədi. Artıq bilirdi ki, ermənidən nə soruşsan düzünü deməz. Kapitan davam etdi:
Hə, okazıvayetsa, sən lazımlı adammışsan. Səni yaxın vaxtlarda buraxacağıq evinə.
Fərhad onun sözlərinə o qədər də əhəmiyyət vermədi. Hətta fikrinə gəldi ki, bəlkə də onu Yerevana göndərmək istəyirlər, ona görə də kapitan dolamaq üçün bu sözləri uydurur. Qəlbindəki ümid qığılcımı o anda da söndü. Lakin kapitan yanındakılara tərəf çevrilib ermənicə danışdıqdan sonra Azərbaycan dilində:
Bunu da abıra salın, yoxsa gedib danışar ki, bizdə əsirlərə pis baxırlar - deyəndən sonra ümid yenidən parladı.
Ermənilər zirzəmidən çıxandan sonra Fərhad çarpayının üstündə oturub xeyli fikirləşdi. Bilirdi ki, ermənilər onu havayı buraxmazlar. Ya girov kimi dəyişər, ya da pulnan satarlar. “Əgər pul istəsələr, Güllü o qədər pulu hardan tapar? Yaman yerdə axşamladıq. Kənddən yığsa, ömür boyu hamıya borclu sayacağıq özümüzü.” Bu fikirlərlə də yuxuladı.
Ertəsi gün səhər ona yemək gətirən erməni üzqırxan da verib:
Üzünü də qırx, – dedi, - bəlkə səni buraxdılar.
Yəni inanmaq olar?- Fərhad gözünü erməninin gözünün içinə zillədi.
İnan, inan. Dəyişirlər səni.- deyib, erməni çıxdı.
Fərhad ilk olaraq üzünü qırxıb, özünün üst-başını qaydaya salmağa çalışdı. Bədəninin ağrılarını unutmuşdu. Ac olduğu da eyninə gəlmirdi. Bir qədərdən sonra yemək torbasını da açdı. Bu dəfə orada çörəkdən başqa pendir də vardı...
Dostları ilə paylaş: |