11. Köhnə mövzuya yeni baxış Durnalara müraciətlə dərdini, düşüncəsini oxucu və dinləyicisi ilə bölüşən şair və aşıqlarımız az olmayıb. Onlardan biri də İrfanidir. Yaşadığı bölgənin kəndlərini, dağ və dərələrini xəyalən gəzən, o yerlərin məziyyətlərini mədh edən aşıq durnaları da o yerləri gəzməyə çağırır. Əslində bu mövzu yeni deyil. Orhan Uruvelli topladığı materiallara dayanaraq yazır ki, Osmanlı sultanı Üçüncü Muradın (04.07.1546, Manisa – 16.01.1595, İstanbul) zamanında, yəni 1578-ci ildə Çıldır bölgəsi fəth edildikdən sonra Konya, Tokat və Yozqat ətrafında yaşayan türk tayfalarının bəziləri buraya köçürüldü. Osmanlı ordusu o günlərdə Axısqa yolundakı Vale qalasını fəth edir. Ertəsi gün Axısqa, Tumuk, Axılkələk və Çıldır qalalarını alır. Çıldır savaşının sonunda ordu şairi Xəyali bu şeiri söyləyir: