Azərbaycan dilində
|
İngilis dilində
|
Tələsən təndirə düşər.
|
More haste, less speed
|
“Haydan gələn huya gedər.”
|
Easy come, easy go
|
Həyat qısa, sənət isə uzun ömürlüdür.
|
Art is long, life is short.
|
Bir buğda əkməsən, min buğda biçməzsən.
|
An idle youth, a needy age
|
Kiçik dərdlər danışır; böyük olanlar isə susur.
|
Small sorrows speak; great sorrows are silent.
|
Məşhur insanlar atalar sözlərində antonimləri daha bacarıqla istifadə edirlər. Məsələn: Corc Herbert: “Sevgi bütün qatı ürəkləri yumşaldır”. Corc Eliot: “Tez-tez bağışlamaq tez-tez danlamaqdan daha yaxşıdır” [145]. Göründüyü kimi, bu nümunələrdə cümlə qurulmasında səliqəlilik yaradır. Həmin səliqəlilik istər görünüş olsun, istərsə səsləniş (fonoloji), istərsə də düşündürücü mənanı çatdırmağa kömək edən harmoniya gözəlliyində hiss olunur.
Antonimlər əks mənalı sözlərdir və antonimlik ziddiyyət əlaqəsinə verilən addır. Antonimlər verilmiş sözün dəqiq mənasını və onun sinonimini müəyyənləşdirmək üçün son dərəcə vacibdir. Antonimlər bir çox hallarda təzad yaratmaq üçün hər hansı bir fikrə zidd olan məna vermək istədikdə özümüzü qısa şəkildə ifadə etməyə imkan verir. Dilçilik baxımından antonimliyin öyrənilməsində ən böyük çətinlik onun sərhədlərinin müəyyən edilməsidir. Antonimlik dilçilər tərəfindən üç müxtəlif yerə bölünüb: dərəcələnən antonimlik, tamamlayıcı antonimlik və təzad antonimliyi. Dərəcələnən antonimliyi arasındakı əlaqə: “A deyilsə” B-yə bərabər deyil. Burada A və B arasında orta məna yaratmaq olur. Tamamlayıcı antonimlik arasındakı əlaqə: “A deyilsə” B-yə bərabərdir. Bunlar arasında orta məna deyə bir şey olmur. Təzad antonimliyi bir-biri ilə əks əlaqədə olan antonimlərə verilən addır.
Antonimlik konkret ingilis mətnlərində, xüsusilə də poeziya, romanlar, dram əsərləri, nitqlər və atalar sözlərində daha önəmli rol oynayır. Antonimlər mətnlərdə ahəngdarlıq yaradır. Mətnlərdə antonimləri düzgün şəkildə istifadə etmək obyektlər arasındakı ziddiyyəti aşkara çıxarır və güclü müqayisə hissi yaradır. Buna görə də, yazıçılar əsərlərində antonimlərdən istifadə etməklı səciyyələndirmə, səhnə təsviri, fikirlərin bəyan edilməsi, müzakirə və təkzibetmə üçün şərait yaradır. Mətnlərdə antonimliyi dilçilik baxımından öyrənən oxucular müəllifin nə demək istədiyini daha tez anlayır və onu qiymətləndirirlər. Dərslərdə antonimliyin öyrənilməsinə geniş yer verən müəllimlər isə tələbələrinin daha yüksək oxuma qabiliyyəti əldə etdiklərini görəcəklər. Ancaq antonimliyin öyrənilməsi təkcə dilçilik səviyyəsində qalmamalıdır. Antonimliyin ritorik funksiyası üzərində işləməklə biz dildən istifadə qabiliyyətimizi inkişaf etdirə və dildəki zənginliyin təsir gücünü daha da artıra bilərik.
Antonimlik probleminin sırf linqvistik baxımdan öyrənilməsi üçün ilk növbədə antonimliyin əlamətləri və meyarları müəyyənləşdirilməlidir. Bu, dilçiliyin tarixən daha əvvəllər diqqət mərkəzinə çəkilmiş məsələlərindəndir. Buna baxmayaraq antonimlik və antonimlərin linqvistikada yetərincə öyrənilmədiyi barədə fikirlər bu gün də səslənməkdədir. Zənnimizcə, bunun səbəbi antonimlərin təyin olunmasına, antonimlərin müəyyənləşdirilməsinin meyarlarına münasibətdə fərqli mövqelərin mövcudluğudur. Digər səbəb isə antonimliyə və antonimlərə dair tədqiqat işlərindəki nəticələrin, fikir, mülahizə və müddəaların müqayisəli planda araşdırılmasına və ümumiləşdirilməsinə də az maraq göstərilmişdir.
Antonimlik meyarları haqqında məsələ, qeyd etdiyimiz kimi, dilçilikdə çoxdan ortaya atılmışdır. Rus dilçiliyində antonimlərə aid ilk işlərdə (məsələn, V.N.Komissarov, L.A.Novikov, A.V.İsayev, L.A.Vvedenskaya və başqalarının tədqiqatlarında) antonimlik meyarlarının müəyyənləşdirilməsinə cəhdlər edilmişdir. Rus dilçiliyində antonimliyin kriteriyaları anlayışından istifadə edilir. Biz kriteriyanı meyarla əvəz etmişik. Qeyd edilən işlərdə özünü göstərən maraqlı cəhətlərdən biri də antonimlərə məntiqi yanaşmadan linqvistik izaha keçiddir. Eyni zamanda, hər cür əksliyin antonimlik üçün relevant olub-olmaması da bu tədqiqatlarda ilk dəfə sərf-nəzər edilir, qismən açıqlanır [Bax: 60; 85; 101; 108; 113; 130; 148].
Müxtəlif dilçilik məktəblərində antonimlərə münasibətdə aşkara çıxan fərqli baxışların bir səbəbi də tədqiqat metarialının müxtəlif dillərə aid olmasından irəli gəlmişdir [Bax: 69; 99; 111; 128; 142; 143; 161; 164 və s.]. İngilis dilində aparılmış araşdırmalar ingilis, rus dilində olanlar rus, Azərbaycan dilçiliyində Azərbaycan dili materialı əsas götürülmüşdür. Antonimlərin müəyyənləşdirilməsi meyarları ayrı-ayrı dillər üçün öyrənilmişdir. Qeyd edilən məsələləri aydınlaşdırmağa çalışaq. Bunun üçün, ilk növbədə, mübahisə doğuran məsələlər dairəsini müəyyənləşdirmək vacibdir.
Antonimlərə aid tədqiqat işlərində irəli sürülən əsas müddəaların müqayisəli təhlili prosesində aşağıdakı məsələlər aşkara çıxır:
1. Antonimlər fərqli şəkildə təyin olunur. Bir qisim mənbələrdə antonimə tərif verilir, digər qisim mənbələrdə definitiv, təyinedici izahdan, üçüncü qisim mənbələrdə isə ümumi şərh etmədən istifadə olunur.
2.Antonimlərin fərqli və eyniköklü sözlər olması ilə bağlı fikir ayrılığı vardır.
3.Antonim sözlərin semantik sahəsi dar, nisbi geniş və geniş götürülür; məsələn, antonimlər yalnız keyfiyyət bildirən sözləri əhatə edir.
4.Antonimlik əlamətlərinin tam dairəsi müəyyənləşdirilmir.
Qeyd edilən məsələləri mənbələr üzrə qısaca da olsa nəzərdən keçirək.
Antonimlər verilən tərif və izahlardakı fərqlər daha çox məsələyə müxtəlif istiqamətlərdən yanaşmadan irəli gəlir. Yanaşma leksik, leksik-qrammatik, funksional, semantik və s. istiqamətlərdə özünü göstərir. Antonimlərin təyini məsələsinə eyni istiqamətlərdən baxan tədqiqatçıların fikirlərində eynilik, oxşarlıq və təkrar aşkar olunur. İşdə belə fikir təkrarlarının yer alması fərqli mənbələrin təhlilə cəlb olunması ilə də bağlıdır.
Bir sıra tədqiqatçıların antonimlərə verdikləri təriflər bir-birinin ya təkrarı, ya da yaxın oxşar şərhidir. Eyni zamanda, müəyyən xüsusiyyət, xassə, əlamət üzrə fərqlənən təriflər də az deyildir. Belə müxtəliflik məsələyə aydınlıq gətirilməsini, mövcud təriflərin sistemləşdirilməsini şərtləndirir. Nəhayət, rast gəlinən fərqlərin tam kompleksini və onları doğuran səbəbləri aşkara çıxarmağın vacibliyi də heç bir şübhə doğurmur [Bax: 136, s. 62; 171, s.12].
Antonimlərin təyini ilə bağlı fikirləri üç qrupa ayırmaq olar:
1.Antonimlər əks mənalı sözlər kimi təyin olunur. Bu əsasda olan təriflərin də fərqli variantları vardır. Bizim apardığımız təhlil və müqayisələrdən aydın olur ki, əksər mənbələrdə bir fikir çox səslənir: “Antonim yunanca anti (zidd) və onima (ad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Antonimlər səs tərkibinə görə müxtəlif olub, bir-birinə zidd, əks mənaları ifadə edən sözlərə deyilir”. Antonimlərdən bəhs edən məqalə və yazılarda çox zaman bu cümlələr işlədilir. Təbii ki, qeyd olunan cümlələr antonimlərə ümumi şəkildə münasibət bildirilməsidir.
“Antonimləri səs tərkibinə görə müxtəlif olub, bir-birinə zidd, əks mənaları ifadə edən sözlər kimi təyin edirlər” [44, s.149]. Bu tərif antonimləri müxtəlif köklərdən olan sözlərlə məhdudlaşdırır. Əksliyin başqa vasitələrlə ifadəsini kölgədə qoyur. Lakin dilçilikdə səs tərkibinə görə müxtəliflik əlaməti üzrə antonimlərin məhdulaşdırılması bir çox tədqiqatçılar tərəfindən qəbul olunmur.
Məna əksliyinin əsas meyar seçilməsində bir çox tədqiqatçıların (məsələn, A.A.Reformatski, N.M.Şanski, Y.S.Stepanov, V.A.İvanova, D.N.Şmelyov və b.) fikirləri üst-üstə düşür. Təriflərdə variativlik bəzi müəlliflərin keyfiyyəti əsas götürməsi, bəzilərinin hal və vəziyyəti ifadə edən antonimləri də bura əlavə etməsi ilə bağlı meydana çıxır. Məsələn, Y.S.Stepanov tərifində deyilir: “Siqnifativ mənaca bir-birinin əksi olan sözlər antonimlərdir” [159, s.176].
Z.Verdiyeva, F.Ağayeva, M.Adilov “Azərbaycan dilinin semasiologiyası” kitabında Y.S.Stepanovun tərifini istifadə etmişlər: “Siqnifikativ mənasına görə bir-birinə əks olan sözlərə antonim deyilir” [52, s.266]. Bu tərifdə siqnifikativ mənaların qarşılaşdırılması və onların əksliyi vahid və əsas meyadır. Şübhəsiz ki, təkcə bu meyar antonimliyin təyini üçün kifayət etmir.
Azərbaycan dilçiliyində antonimlərə verilmiş təriflər izahlı dilçilik terminləri lüğətində ümumiləşdirilmişdir. Həmin lüğətdə antonim, antonimiya və antonimika məqalələri verilmişdir. Lüğətdə antonimiya semantik əkslik, mənaca zidd olma kimi təyin edilir və “antonimiya” termini “antonimlik” terminin variantı hesab edilir. Lüğətdə “antonimika” leksikologiyanın antonimlərdən bəhs edən bölməsi kimi izah edilir [3, s.20].
Lüğətdə verilənlər izah səciyyəsi daşıyır və məsələnin ümumi şəkildə təsviri ilə məhdudlaşır. Bu antonimlərə dilçiliyimizdə verilən təriflərin ümumi planda olmasını bir daha təsdiqləyir.
Söz formaları ilə onların mənaları arasındakı münasibətləri daha bir baxımdan araşdırmaq mümkündür. Bu əks mənalı sözlər – antonimlər kimi bölgüdür. Bu da ənənəvi semantikada üstün sahələrdən biri idi. “Antonim və sinonimlər dilöyrənmədə, xüsusilə xarici dillərin öyrənilməsində, söz ehtiyatının zənginləşməsində yaxşı vasitələrdən biridir” [54, s. 211]. F.Veysəllinin fikirləri də antonimləri ümumi planda izah etmək məqsədilə verilmişdir və antonimliyin təyini meyarlarını özündə tam birləşdirmir, antonimlər üçün tərif funksiyasını yerinə yetirmir.
Məlumdur ki, hər bir tərif tədqiq olunan obyektin əsas mahiyyətini əks etdirir. Bu baxımdan, antonimlərin təyin edərkən onların əsl mahiyyəti açılmalıdır.
Mahiyyət obyektiv fərdi mövcudluqdur. Hər bir tərif obyektin həqiqi mahiyyətini sadələşdirir, ümumiləşdirir, müəyyən çərçivə daxilində təyin edir. Məhz ona görə də, dilçilikdə antonimlərə adekvat tərif verilməsinə çoxlu cəhdlər göstərilmişdir. Bu cür cəhdlərin hər biri antonimlər haqqında araşdırmadır. Antonimlərin təyini məsələsinə yenidən qayıtmaq üç məsələni nəzərə almağı tələb edir. Birincisi, verilən tərif hansı funksiyanı yerinə yetirəcəkdir. İkincisi, indiyə qədər verilmiş təriflər arasında bütün tələblərə cavab verəni vardırmı? Üçüncüsü, yeni tərif hansı meyarlar əsasında formalaşdırılır.
“Tərif nəzəri tədqiqat nəticəsində yaradılır. Tərifdə nəzəri tədqiqatda əldə olunmuş müddəalar yığcam şəkildə sadalanmır. Tərif aparıcı, başlıca ideyanı ifadə etməlidir” [138, s.50].
Antonimlərə verilən təriflərin bir qismində sözlərin kök və ya əlavə leksik-qrammatik əlamət qəbul etmiş söz olması məsələsi qoyulur. Yəni burada təyinetmədə bir əlamət də artırılır. Lakin artırılan əlamət bəzən antonimi müəyyənləşdirmək vasitəsi kimi çıxış edirsə, bəzən antonimlərin struktur tiplərinin göstərilməsinə xidmət edir. Ötən əsrin 50-ci illərində rus dilçiliyində antonimlərə verilən təriflərdə onların mütləq fərqli köklü sözlər olması meyarı xüsusi qeyd edilmişdir [158, s.48]. Həmin tərif Azərbaycan Sovet Ensiklopediyasında da saxlanmışdır [11].
L.A.Bulaxovski inkar hissəciyinin artırılması ilə bir sözün mənaca əksini bildirən sözün düzəldilməsi ilə əldə olunan leksik cütləri antonim hesab etməmək fikrini irəli sürmüşdür. Tədqiqatçı “müxtəlif köklər vasitəsilə yaranan mənaca zidd sözləri antonim” adlandırmışdır [79, s.44-45].
N.M.Şanski antonimləri əks mənalı müxtəlif səs cildinə malik olan sözlər kimi təyin edir [178, s.63]. Bununla belə, müəllif antonim münasibətdən bəhs edərkən bunun həm eyniköklü, həm də fərqli köklü sözlərdə yaranması qənaətinə gəlir. Eyniköklü antonimlərdə mənanın qarşı-qarşıya qoyulması köklər əsasında deyil, onlara artırılan prefikslərlə əldə olunur (подземный – надземный, вливать – выливать, зачем – незачем və s.). “Müxtəlif köklü antonimlərdə əks məna köklərdədir” [178, s.65].
N.M.Şanskidən fərqli olaraq, O.N.Lixaçeva antonimlərin yalnız müxtəlif köklü sözlər olduğunu doğru saymır. Onun fikrinə görə, “antonim münasibət rus dilində önşəkilçilərlə (ne- və s.), ingilis dilində affikslərlə (-un-, im-, a-, dis-, mis-) daha çox yaradılır” [130, s.73-75].
Göründüyü kimi, dilin leksik-semantik sistemində xüsusi mikrosistem əmələ gətirən antonimlərin bir-birinin əksi olan mənalara leksik vahidlər kimi qəbul edilməsində yekdillik vardır. Belə yekdil rəydən sonra antonimin tərifini bəzi başqa əlamətlərlə genişləndirmələr nəzərə çarpır. Məsələn, L.A.Bulaxovski belə hesab edir ki, antonimlər, əsasən, keyfiyyət bildirir. Lakin elə sözlər də vardır ki, onlar hərəkət, hal bildirərək antonim cüt yaradır [79, s.45].
L.A.Bulaxovskinin izahındakı “əsasən keyfiyyətə aidli” ifadəsi təyinetmənin sərhədlərini dəqiqləşdirməyə imkan vermir. Hal və hərəkətin inkarı, dayandırılması, qadağanı və ya əksliyi də yayğın meyardır. İzahdakı “əsasən” sözü, çox güman ki, antonim cütlərin arasında keyfiyyət ifadə edənlərin çoxluğundan irəli gəlmişdir. Şübhəsiz ki, bu, ayırma və tərif üçün meyar deyildir. Keyfiyyət bildirən antonim cütlər, hərəkətin əksliyini ifadə edən söz cütləri ilə müqayisədə sayca çox ola bilər. Təbii ki, bu, antonimlərin təyin etmək üçün həlledici əlamət sayıla bilməz. Əgər keyfiyyətlə heç bir əlaqəsi olmayan bir antonim cütü varsa, onda antonimlərin təyini üçün keyfiyyət meyarının seçilməsi özünü doğrultmur. Dildə keyfiyyətlə heç bir bağlılığı olmayan antonim cütlər isə az deyildir. Məsələn, danışmaq - susmaq, qalxmaq - enmək, aşağı-yuxarı, giriş-çıxış və s.
“Antonimlər elə sözlərdir ki, onlar mənalarının ən ümumi və əhəmiyyətli semantik əlamətinə görə bir-birinə qarşı qoyulur və müvafiq leksik-semantik paradiqmanın kənar nöqtələrində yerləşirlər” [180, s.202]. D.N.Şmelyova aid olan sonuncu tərifdə antonim cütlərdə qütbləşmə və sözlərin qütblərin kənar nöqtələrində yerləşməsi diqqət mərkəzinə çəkilir.
D.N.Şmelyova görə, “antonimlik inkar əlaməti artırmaqla əldə olunan (белый – небелый, говорить – не говорить) sadə əkslik deyil, müxtəlif köklərin qarşılaşdırılması ilə əldə olunan əkslikdir (məsələn, бедный-богатый, сухой-мокрый)” [180, s.202].
Bu tərifdə “sadə əkslik” ifadəsindən istifadə edilmiş və onun inkar şəkilçisinin artırılması ilə əldə olunması qeyd olunmuşdur. Belə çıxır ki, mənaca əks məfhumları bildirən fərqli köklü sözlər “mürəkkəb əksliyi” yaradır. Aydındır ki, əksliyin sadəsi və mürəkkəbi yoxdur.
V.A. Mixaylovda antonimə tərif verərkən keyfiyyət əlamətini əsas götürür. O, antonimlərin həm eyniköklü, həm də müxtəlif köklü sözlər ola biləcəyini qəbul edir [141, s.11].
L.A.Varaksin müasir rus dilində təkhecalı feil köklərinin antonimliyinə aid tədqiqat işində antonimlik hadisəsinin təkcə keyfiyyətilə bağlı olmasına qarşı çıxaraq yazmışdır: “Antonimlik yalnız leksik vahidlərin keyfiyyət əksliyinə əsaslanmır. Əks anlayışları ifadə edən sözlərin dairəsi bu halda çox məhdudlaşır və antonimliyin kompleks hadisə kimi linqvistik təhlilinə maneçilik törədir” [81, s.3].
O.S.Axmanova dilçilik terminləri lüğətində antonimlərin təyin edərkən onları iki qismə ayırmışdır. Birinci qisim sözlərin mənalarında keyfiyyət əlaməti olduğundan onları mənaca bir-biri ilə əksliyə görə qarşılaşdırıla bilinir. Müəllif bir-biri ilə korrelyativ şəkildə qarşılaşdırılan (bacı-qardaş), hərəkətin əks istiqamətlərini bildirən (getmək-gəlmək) və s. sözləri ikinci qisim antonimlər kimi ayırır [67].
Antonimlərin təsviri şəkildə təyin olunması da geniş yayılmışdır. Bu halda antonimlərin xüsusiyyətləri sadalanır [85].
Nəzərdən keçirilmiş tərif və izahlardan görünür ki, rus dilçilərində antonimlərin təyin olunmasına münasibət eyni olmamış və bu münasibət başqa dillər üzrə aparılan tədqiqatlarda da yer almışdır.
Azərbaycan dilçiliyində antonimlərdən bəhs edən S.Cəfərovun fikrinə görə, “antonimlər yalnız əks məna ifadə edən müxtəlifköklü sözlərdən əmələ gələ bilir” [13]. Ə.Dəmirçizadə isə antonimlərin şəkilçilər vasitəsilə də düzələ bilməsini mümkün hesab edir [16].
İstər Azərbaycan, istərsə başqa türk dilləri üzrə tədqiqatlarda da oxşar mövqe qeydə alınır. Hiss olunur ki, antonimlərin təyini zamanı tədqiqatçılar əsərlərini qələmə aldıqları dövrdə rus dilçiliyində qəbul olunmuş və əsasən qəbul olunmuş fikirlərdən biri üzərində dayanmışlar.
2.Antonimlərə verilən ikinci qrup təriflərdə antonimlərin hüdudlarını müəyyənləşdirməyə, antonimlərin əsas əlamətlərinə görə onların eyniləşdirilməsi üsullarının sadalanmasına üstünlük verilir.
Antonimlərə verilən təriflərin ikinci qrupuna V.M.Komissarov, L.A.Novikov, L.Y.Maksimov, Y.N.Miller, N.L.Sokolova və başqalarının tərifləri aiddir. Bu təriflərdə antonimlərə keyfiyyət, əlamət və fəaliyyət xarakteristikaları aid edilir, onlar qarşılaşdırma ilə təyin olunurlar.
V.N.Kommisarov ingilis dili materialı üzrə antonimliyi tədqiq etmişdir. O, antonimliyin 2 meyarını göstərir. Bunlardan biri antonim kontekstlər, digəri leksik işlənmə sahəsinin eyniliyidir. Komissarov belə hesab edir ki, söz nitqdə və ya kontekstdə müntəzəm olaraq əksliyi ifadə etmək üçün işlənərsə, eyni leksik birləşmə yaratmaq imkanı olarsa, antonimdir [118, s.10].
V.N.Komissarovun birinci kriteriyası antonimlərin distributiv imkanları ilə bağlıdır. Bu məsəlэyə münasibət aydındır. Distribusiya antonimi təyin etməyə əsas vermir. Gözəl qız, qəşəng qız, сazibadar qız sinonimlərin, gözəl qız-çirkin qız antonimlərin distribusiyasını göstərir. Deməli, eyni ətraf təyinetmə meyarı ola bilmir.
V.N.Komissarovun istifadə etdiyi antonim kontekst anlayışı maraq doğurur. Tədqiqatçı antonim sözlər ilə yaranan ifadəni antonim kontekst adlandırır. Onun fikrinə görə, müasir ingilis dilində antonim kontekstlərin 5 növü vardır: 1) A və B; 2) “A” “B” deyil, “C”-dir; 3) A və ya B; 4) “A” “B” deyil, “B” isə “C”-dir; 5) sadə birgə işlənmə. Müəllif qeyd edilən kontekstlərə aid aşağıdakı nümunələri verir:
“If you`ve obeyed all the rules, good and bad, and you still come out at the dirty end, then I say the rules are no good” [145].
“He was alive, not dead Shaw, The Apple Cart.
Dostları ilə paylaş: |