Elm sahəsi: filologiya – dilçilik


“Antonim” və “antonimlik” anlayışının linqvistik təyini



Yüklə 0,84 Mb.
səhifə10/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

1.2. “Antonim” və “antonimlik” anlayışının linqvistik təyini

Hər bir dildə elə sözlər vardır ki, onlar bir-biri ilə məna əlaqələrinə malikdir. Həmin əlaqələrin bir qismi sözləri qarşılıqlı müqayisə zəminində müəyyənləşdirmək olur. A.N.Qvozdev yazır: “Bu və ya digər vəziyyəti qiymətləndirərkən biz, adətən, onun müsbət və ya mənfi olub-olmamasını öyrənməyə çalışırıq və onları bir-birinə zidd cərgədə qoyuruq” [96, s.38]. Sözlərin zidd cərgədə qoyulması onların ziddiyyəti ifadə etməklə bağlı müxtəlif tiplərini aşkara çıxarır. Ona görə də dilçilikdə antonimlər, konversivlər, tamamlayıcılar, hətta enantosemiyanı yaradan vasitələr nəzərdən keçirilir. Bütün bu fərqli formalar, növlər antonimliyə və antonimlərə müxtəlif təriflərin, izah və şərhlərin verilməsinə səbəb olmuşdur. Ən geniş yayılmış ümumiləşdirici izaha görə antonimlik leksik vahidlərin semantik münasibətinin bir tipi olub, əks mənalı sözləri əhatə edir. İki əks mənalı söz bir-birinin antonimi olur. Bu fikir antonimlərlə bağlı bütün tədqiqatlarda yer aldığından işdə onun tez-tez təkrarlanması aşkar hiss olunur.

Müasir dilçilikdə antonimlik hadisəsi və leksik-semantik kateqoriya kimi antonimlər məsələsi bir çox cəhətdən tam öyrənilməmişdir. Antonimlərin təyini, antonim cütlərinin qurulması, kök morfem və kök+əsas formalarının antonim cütdə işlənməsi, antonim cütlərin ifadə etdiyi mənaya yaxın və uzaq digər mənaların mövcudluğu, hansı sözlərin antoniminin olması, antonimlərin tematik məna sahələri çox zaman elmi mübahisələr doğurur. Antonimlik, antonimlər haqqında fikirləri qruplaşdırmaq və ümumi nəticə çıxarmağa ehtiyac duyulur. Bununla yanaşı, daha bir cəhəti qeyd etmək lazım gəlir. Dildə təsdiq və inkar vardır. Bu iki anlayış bir-biri ilə əkslik təşkil edir və bir-birinə zidd mövqedə durur. “Təsdiq” və “inkar” sözlərinin özləri dildə antonim sözlər hesab olunur.

Antonimlik dilin leksik-semantik sisteminə aid kateqoriyadır. Bu kateqoriya bütün dillərə xasdır. Əslində antonimlik real gerçəkliklə bağlıdır. Dildəki sözlər real gerçəklikdə mövcud olan əşya, hadisə və predmetləri, eləcə də insanın yaratdığı abstrakt anlayışları bildirir. Təbiətdə isə bir-birinin ziddi və əksi olan hadisə və predmetlər çoxdur. Şübhəsiz, bu cür predmetlər, keyfiyyət və hallar sözlərlə adlandırılmışdır. Dildə əks olanlar adları ilə təzahür edir, adları ilə ifadəsini tapır. Nəticədə dilin leksik sisteminə daxil olan sözlər əkslik əlamətinə görə qarşılaşdırılır. Belə qarşılaşdırma antonim cütlərin qurulmasına, antonim cütlərin müəy­yənləş­dirilməsinə gətirib çıxarır. Təbii ki, antonim cütləri təyin etmək üçün, ilk növbədə, “antonimlik və antonimlər nədir?” sualına cavab verilməli, antonimlərin linqvistik statusu dəqiqləşdirilməlidir.

Ənənəvi dilçilikdə sözlərin mənalarını əsas götürərək onları sinonim, omonim, çoxmənalı və antonimlər kimi təsnif edirlər. Anomalistlərin dediyi kimi, dil o zaman ideal olur ki, orada forma ilə məna biri-birə münasibətinə əsaslansın. Yəni bir forma yalnız bir məna bildirir və əksinə. Ancaq heç bir dil (1 forma=1 məna) formuluna uyğun gəlmir. Məsələn, Azərbaycan dilində ( iri – nəhəng –böyük) sözləri tam olmasa da, nisbi mənada eyni mənaları bildirir. İngilis dilində (big – large) sözləri də eyni və ya oxşar mənaları bildirir. Düzdür, onların real danışıqda işlənməsi müəyyən üslubi çalarla bağlıdır. Bu sözləri dilçilik ədəbiyyatında sinonimlər adlandırırlar. Bunun əksi olduqda, yəni eyni forma bir neçə məna ifadə etdikdə omonimlərdən söhbət gedir” [54, s. 210].

C.Layonz [196] antonimi mənalarında ziddiyyət olan sözlər və antonimliyi sözlər arasındakı ziddiyyət kimi izah etmişdir. Məsələn, “almaq” və “satmaq” antonim cütlüyüdür və bu sözlər arasında əlaqə antonimlik əlaqəsi adlanır. Cefri Liç [193] antonim və antonimliyin izahını “Semantika” əsərində verir və bildirir ki, sözlər arasında əks məna əlaqəsi antonimlik və əks mənalı söz antonim sayılır [193, s.78]. C.Oqden Keyə görə, “antonimlik ziddiyyət əlaqəsinə verilən addır” [199, s.64].

Antonimliyə verilən ənənəvi təriflər yalnız məna ziddiyyətinə əsaslanır. Bəzi ənənəvi təriflərdə əksmənalı sözlər (G. Liç), əks halı ifadə edən sözlər (D.Kristal və D.Devi ), bir-birinə əks olan sözlər (L.Talmi) antonim adlandırılır [Bax: 189; 193; 203]. Bunlar sadəcə olaraq qeyri-dəqiq və ikimənalı fikirlərdir. Birincisi, belə fikirlər ziddiyyət anlayışını tam olaraq izah edə bilmir. İsti/soyuq, ölü/canlı və borc vermək/borc almaq kimi antonim cütlükləri ziddiyyət anlayışına görə bir-birindən fərqlənir. İsti/soyuq dərəcələnən antonim münasibət yaradırsa, ölü / canlı cütlüyü tamamlayıcı antonimlər olur, borc vermək / borc almaq cütlüyü isə əlaqəli (korelyativ) antonimliyi göstərir. Ikincisi, bu təriflər daha çox antonimlər arasındakı təzadı əks etdirir, qrammatik oxşarlığı və hər bir antonim cütlüyünün işlədilmə üslubunu nəzərə almır. İsti / soyuq, subay / evli, gözəl / çirkin kimi digər üç cütlüyə nəzər salaq. Bunların hər birində sözlər məna cəhətdən bir-birinə əksdir. Ancaq bu cütlərin qrammatik xüsusiyyətləri barədə heç bir fikir irəli sürülmür.

Bundan əlavə, antonimlər çox vaxt ziddiyyət, təzad effekti yaratmaq üçün istifadə edilir. Məsələn, ədəbiyyatda yazqışın yanaşı işlənməsi əkslik, ziddiyyət yaratmağa xidmət edir.

Məsələn: “O Wind, if Winter comes, can Spring be far behind?” (“əgər qış gəlibsə, yaz da çox yaxındadır, elə deyilmi?” [48, p. 43].

Yuxarıdakı amilləri nəzərə alaraq, C.Layonz əkslik anlayışını üç kateqoriyaya bölmüşdür: antonimlik, tamamlama və ziddiyyət. O, dərəcələnən və əksmənalı sözləri antonim hesab edir [Bax: 125; 126].

A.Kruzun “Dildə məna” əsərindən onun eyni şəkildə düşündüyünü görürük. Belə ki, “antonim” termini əsasən sifətlərdən ibarət dərəcələnən cütlüklərə aid edilir, dərəcələnən antonimlər özlərində bir fərqli semantik xüsusiyyəti əks etdirirlər: qütbi (tam əks) ziddiyyət. Lakin, gündəlik həyatımızda işlətdiyimiz kişi/qadın, ölü/diri, ər/arvad kimi sözləri antonim cütlüklər hesab edirik, çünki bu sözlər də məna cəhətdən bir-birinə əks sözlərdir [188, s.186].

Buna görə də digər iki kateqoriya, tamamlama və təzad kateqoriyaları antonimlik bölməsinin tərkibində çox geniş anlamda göstərilir.

Ümumilikdə isə antonimliyi müəyyən etmək üçün iki kriteria var: semantik və leksik. Biz yuxarıda antonimliyi semantik cəhətdən geniş şəkildə izah etdik, ancaq semantik cəhətdən bir-birinə əks olan sözlərin hamısını antonimlər adlandıra bilmərik. A.Kruz tubby (“gombul”) və emaciated (“cılız”) sözlərini nümunə gətirərək bunu izah edir. Demək olar ki, bildiyimiz bütün antonimlərin elə bir sinonimləri var ki, antonim kimi işlənmələri düzgün deyil, məsələn, ağır və yüngül antonim cütlüyünün işlənməsi sanballı və xırda cütlüyündən daha məqsədə uyğundur; cəld və yavaş antonim cütlüyü isə sürətli və halsız cütlüyündən daha yaxşıdır; xoşbəxt və qəmgin antonim cütlüyü isə bəxtəvər və yazıq cütlüyündən daha məqsədə uyğundur.

Baxmayaraq ki, antonimlik və sinonimlik leksikonda sözləri bir araya gətirir, Qros və digərlərinin fikrincə antonimlik və sinonimlik fərqlidirlər. Onlar bildirir ki, sinonimlik “leksik məfhumlar arasında əlaqə”, antonimlik isə məfhumlar arasında yox sözlər arasındakı əlaqədir. Casteson və Kats da həmçinin antonimliyi məfhumlar arasında deyil, sözlər arasındakı xüsusi əlaqə kimi dəyərləndirirlər.Bu danılmaz faktdır ki, antonimliyin tərifi leksik, həmçinin semantik olmalıdır. “Antonimlər arasında “məna ziddiyyəti” olmalıdır, ancaq eyni zamanda onların arasında güclü, oturuşmuş leksik əlaqənin olması da vacibdir” [Bax:203, s. 134].

Leksikoqraf V.L.Nayer antonimliyin mahiyyəti haqqında daha qənaətbəxş düşüncələr irəli sürür: “Antonim məna cəhətdən digər sözə zidd olan sözdür; o ölçü və işlədilmə diapazonuna görə digəri ilə bərabər olur və bu da onun istənilən artıq təsirini azaldır və ya heçə endirir” [197, s. 64]. Bu tərif bizə iki sözün nəyin vasitəsilə antonim olduğunu aydın şəkildə göstərir. Antonim cütlükləri ölçü və işlədilmə diapazonuna görə bərabər olurlar, ancaq mənaları bir-birinə zidd olur. Mənalarında təzad, ziddiyyət olan bütün sözlər də antonim sayılmamalıdır, çünki onlar ölçü və işlədilmə diapazonuna görə fərqli ola bilərlər. Buna görə də, biz belə nəticəyə gələ bilərik ki, R.Eqanın antonimlik haqqındakı tərifi gündəlik həyatımızdakı hallara daha uyğun və tez tətbiq edilə biləndir. Bunu yuxarıda haqqında danışdığımız digər mülahizələr barəsində deyə bilmirik.

Ümumilikdə üç hal əlaqəsi vardır: eynilik əlaqəsi, ziddiyyət əlaqəsi və əhatəlilik əlaqəsi. Antonimlik ziddiyyət əlaqəsinə verilən addır. Antonimliyin özünün üç əsas növü vardır: dərəcələnən antonimlik, tamamlama antonimliyi və təzad antonimliyi” [195, s. 164-168].

Dərəcələnən antonimlik ən ümumi növ antonimlikdir. Isti/soyuq, böyük/balaca və uzun/qısa kimi bütün antonim cütlükləri dərəcələn antonimlərdir. Biz görürük ki, bunlar əsasən sifətlərdən ibarətdir. “Dərəcələnən antonimliyin üç səciyyəsi vardır: birincisi, adından göründüyü kimi onlar dərəcələnirlər və cütlüyə daxil olan sözlər dərəcə baxımından fərqli olurlar; ikincisi, bu növ antonimlər müxtəlif normalara uyğun dərəcələnirlər; üçüncüsü, cütlüyə daxil olan bir üzv, adətən yüksək dərəcəni göstərən üzv örtük rolunu oynayır” [195, s. 164].

Birinci səciyyə həm də o deməkdir ki, əgər siz bir şeyi inkar edirsizinsə, digərini də lazımınca təsdiq etmirsiz. Məsələn, “yaxşı” və “pis” sözlərini götürək, bunların hər ikisinin müqayisə və üstünlük dərəcələri var: daha yaxşı/ənyaxşı və daha pis/ən pis. Buna görə də, yaxşı olmamaq tam olaraq pis olmaqan lamına gəlmir; pis olmamaq isə hələ tam olaraq yaxşı olmaq demək deyil. Biz “yaxşı” və “pis” sözləri arasında elə dərəcə göstərə bilərik ki, “babat” anlamına gəlsin. Digər nümunələrə nəzər salın, ölçünün iki fərqli qütb göstəricisi olan “böyük” və “balaca” sözləri arasında “orta” anlamına gələn dərəcə var; temperaturun ikifəqrli qütb göstəricisi olan “isti” və “soyuq” sözləri arasında “ilıq” və “sərin” anlamına gələn dərəcələr var. Yuxarıda nəzərdən keçirdiyimiz məlumatdan belə başa düşürük ki, dərəcələnən antonimlər dərəcə baxımından fərqli olurlar.

Ikinci səciyyə o deməkdir ki, bir obyekti “böyük”, digərini “balaca” adlandırmaq üçün dəqiq kriteriya yoxdur. Bu kriteriya dəqiq yox, nisbidir. Məlum olduğu kimi, balaca avtomobil həmişə böyük olmadan iri olur. Bu səbəbə görə, belə növ antonimlər müxtəlif normalar əsasında dərəcələnirlər.

Üçüncü səciyyə göstərir ki, antonim cütlüyünün “işarəsiz” adlanan bir üzvü digəri üçün örtük rolunu oynayır. “İşarəsiz” üzv “işarəli”dən daha çox işlənir. İngilis dilində “neçə yaşınız var?” soruşmaq istədiyimizdə “how old are you?” (nə qədər yaşlısız?) işlətməyimiz “how young are you” (nə qədər cavansız)-dan, “boyunuz neçədir” demək istədiyimizdə isə “how tall are you” (nə qədər hündürsünüz) deməyimiz “how short are you” (nə qədər qısasınız)-dan daha məqsədəuyğundur. Burada “old” (yaşlı) və “tall” (hündür) sözləri “işarəsiz”, örtük üzvləri, “young” (cavan) və “short” (qısa) isə “işarəli” üzvlərdir. “İşarəli” və “işarəsiz” üzvlər arasındakı fərq cəmiyyətin nitqinin özündə cəmləşdirdiyi dəyərlər sistemində öz əksini tapır. İnsanlar qısa yox, hündür olmaq istəyir.

Oyaq/yuxulu, evli/subay, diri/ölü və kişi/qadın kimi antonimlər bu növə daxildir. “Tamamlayıcı antonimlərin üç xarakteristikası var: birincisi, onlar semantik sahəni tam olaraq yarıya bölürlər; ikincisi, bu növ antonimlərdə normalar nisbi yox dəqiqdir; üçüncüsü, cütlüyün üzvləri arasında örtük rolunu oynayan üzv yoxdur” [195, s.278].

Birinci xarakteristikya nəzər saldıqda görürük ki, dərəcələnən antonimlərdən fərqli olaraq tamamlayıcı antonimlər eyni semantik sahəni bölüşür. Lakin tamamlayıcı antonimlər arasında birləşdirici körpü olmur. A.Kruzun dediyi kimi, tamamlayıcı antonim cütlüyünün mahiyyəti ondan ibarətdir ki, onlar bəzi məfhumi sahələri geniş şəkildə qarşılıqlı olaraq iki xüsusi bölməyə ayırırlar, beləliklə, bölmələrin birinə uyğun gəlməyən bir şey mütləq şəkildə digərinə uyğun gəlir. Bu növ antonim cütlüklərinin üzvləri bir-birini tamamlayır. Məsələn, “o, özünü kişidən daha çox qadın kimi aparır”. Əslində, o, qadın yox, kişidir. O, kişidir, lakin özünü qadın kimi aparmağa meyillidir. Kişiliyin inkarı qadınlığın təsdiqi, qadınlığın inkarı isə kişiliyin təsdiqidir. Onların müqayisə və üstünlük dərəcələri yoxdur və onların aralarında elə dərəcə yoxdur ki, orta məna çaları yaratsın.

Ikinci xarakteristika ondan ibarətdir ki, bu növ antonimlikdə norma nisbi yox dəqiq olur, bu norma onun uyğun gəlib işləndiyi bütün hallarda eyni qalır. Kişi/qadın (erkək/dişi) anlayışı insan və heyvanlarda dəyişmir. Insan övladının ölümü də istənilən heyvanın ölümü ilə eynilik təşkil edir.

Üçüncü xarakteristikaya gəldikdə isə, tamamlayıcı antonimlikdə örtük rolunu oynayan üzv olmur. Biz kiminsə cinsiyyətini onun yaşını soruşduğumuz kimi soruşa bilmərik. Bu o deməkdir ki, biz kimdənsə “neçə yaşın var” (how old are you) soruşduğumuz kimi, “necə//nə qədər oğlan / kişidir?” (how boy/male is it) soruşa bilmərik. Biz “oğlandır ya qız”? deyə soruşmalıyıq. Bu normal sualdır.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin