Elm sahəsi: filologiya – dilçilik


Dərəcələnən və ya qradual antonimlər



Yüklə 0,84 Mb.
səhifə21/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

2.2. Dərəcələnən və ya qradual antonimlər

Azərbaycan dilçiliyində antonimlərlə bağlı tədqiqat işlərində dərəcələnən və ya qradual antonimlik az öyrənilmişdir [3; 14; 18; 19; 21; 46 və s.].

Ziddiyyət formasına görə, Azərbaycan dilində dərəcələnən antonimlər çoxluq təşkil edir. O.N.Lixaçeva rus və ingilis dillərində də kontrar əksliyi ifadə edən qradual antonimlərin digər ziddiyyət tipli antonimlərlə müqayisə çox olduğunu qeyd etmişdir [130, s.74; 129]

Antonimliyi əmələ gətirən əlamət müxtəlif səviyyələrdə özünü göstərir. Məsələn, tall – short misalında boy əlaməti müsbət və mənfi istiqamətdə qütbləşmişdir. Hot – cold misalında temperatur fərqi mənfi və müsbət istiqamətdə qütbləşmənin əsasında durur.

M.İ.Fomina göstərir ki, antonimlər leksik paradiqmanın qütblərində yerləşir. Bununla belə, onların arasında əlaməti müəyyən dərəcədə azalma və çoxalma ilə ifadə edən başqa sözlər də ola bilər. Həmin sözləri ardıcıllıqla düzsək, sol qütbdə yerləşən sözdən sağ qütbə doğru düzülən sözlərdə əlamətin azalması, nəhayət digər əlamətə keçid və sağ qütbün sonuna doğru əlamətin güclənməsi müşahidə olunur. Belə düzülüş əlamətin güclənməsi ilə dərəcələnmə şəklindədir. Belə antonimlərə dərəcələnən və ya qradual antonimlər deyilir. Bu termin latın gradatio-tədricən artma sözündəndir. Semantik qradasiya məna strukturunda keyfiyyət dərəcəsi olan antonimlərə xasdır. Başqa antonimlərdə qradasiya əlaməti yoxdur” [170].

Dərəcələnmə və ya qraduallıq əlaməti olan antonimlərdə qütbdəki sözlər arada yerləşən sözlərlə əvəz oluna bilir. Belə əvəzetmə ünsiyyət zamanı nitqə nisbi hörmət çaları vermək üçün istifadə edilir. Kobudluğu, kəskinliyi aradan qaldırmaq məqsədilə istifadə olunan sözlər evfemizmlər (yunan ευφήμη: evf-yaxşı+phemi-danışıram) adlanır. Bu baxımdan ədəbiyyatda bəzən antonim evfemizimlər termini işlədilir.

Qeyd etmək lazımdır ki, bu cür qütbləşmə zamanı aralıq qarşılaşdırma mümkündür: short-medium; hot-warm, coll-chilly, warm-cool və s. Yuxarıda verilmiş nümunələr kök antonimlərə aiddir. Burada antonim cütlər müxtəlif köklərdən təşkil olunmuşdur. Onlar həm də polyar anlayışları bildirirlər. Belə antonimlərə polyar antonimlər də deyilir. Aralıq antonimlər dərəcələnmiş antonimlərdir. Qarşılaşdırma eyniköklü sözlər üzrə də mümkündür: happy-unhappy, regular-irregular. Bu cür antonimlərdə əks mənanın alınması üçün birinci sözə qrammatik sözdüzəldici vasitə, affiks artırılır. Belə hallarda əlamət tam əhatə olunmur, polyarlıq, qütbləşmə əmələ gəlmir. Başqa sözlə desək, bu antonimlər dərəcələnmir, ilkin anlayışı bildirir. Düzəlmə formasına görə belə antonimlər kök antonimlərə qarşı qoyulur və derivativ antonimlər adlandırılır. Beləliklə, antonimlər qarşı-qarşıya qoyulma dərəcəsinə görə tiplərə bölünür: polyar və dərəcələnən antonimlər. Antonimliyin düzəlmə üsuluna görə tiplər kök və derivativ antonimlərdir.

Eyniköklü antonimlər sözdüzəltmə nəticəsində əmələ gəlir. Lakin nəzərə almaq lazımdır ki, bəzən affikslərin artırılması bəzən zəif əksliyi ifadə edən sözlərin düzəlməsinə səbəb olur. Belə cəhət rus dilində daha aşkar hiss olunur. Rus dilində sifət və zərflərə “ne”, “bez” önlüklərinin artırılması zəif əkslik yaradır: molodoy-nemolodoy. Bu zaman həqiqi antonim cütündə olduğundan çox zəif əkslik ifadəsini tapır (Müq. et.: молодой –старый, молодой -немолодой).

Belə vasitələrlə düzələn antonim cütlərinin antonim paradiqmanın kənar qütb elementləri əsasında olması nəzərə alınmalıdır.

L.N.Dudko və M.Mirzoyeva konkret mənalı sözlərə antonimliyin xas olmadığını qeyd edirlər [100, s.26].

Antonimlik hadisəsində hər cür qütbləşmə dərəcələnməyə əsas vermir. Dərəcələnən antonimlərdə qütblər bir-birindən maksimal uzaqlıqda yerləşir. Burada uzaqlıq yalnız məsafə anlamında deyildir. Uzaqlıq keyfiyyət, kəmiyyət və s. fərqini ifadə edə bilər. Məsələn: acı-şirin, yaxşı-pis, əvvəl-axır, gözəl-çirkin və s. Antonim cüt iki sözdən ibarətdir. Iki sözdən hər birinin ifadə etdiyi predmet, obyekt, əşya, keyfiyyət, kəmiyyət, istiqamət, hal, hərəkət və s. digərinin ifadə etdiyi mənanı həmişə inkar etmir. Əks mənalılıq qarşılaşdırma zamanı maksimum aktuallaşır. Qalan hallarda antonim cütün ikinci tərəfi assosiativ təsəvvür olunur.

“Acı” “şirin” haqqında təsəvvür oyatdığı kimi, “şirin” da “acı” barədə təsəvvür oyadır. Bu, leksik səviyyədə həmişə özünü göstərir. Lakin dilin sintaktik yarusunda assosiativ obraz dəyişkəndir. Məsələn, “Alma şirindir” cümləsi və”şirin alma” söz birləşməsi “şirin” sözünün antonimi olan “acı” ilə bağlı təsəvvür doğurmur. Çünki “alma” üçün acılıq təsadüfi keyfiyyətdir. Ona görə təsadüfi keyfiyyətdir ki, həyatda “acı alma”nın olması da mümkündür. Məsələn, dəyməmiş alma, dərmanlanmış alma, xarab olmuş alma və s.

“Alma şirindir” cümləsi daha çox əks qütb kimi “turş alma” haqqında təsəvvür oyadır. Onu da nəzərə almaq lazımdır ki, turşaşirin, turşməzə almalar da vardır.

Alma sözü ilə bir ətrafda götürüldükdə “turş” və “şirin” məntiqi əksliyi ifadə edir. Belə olan halda, ”urş-şirin” antonim cütü əmələ gətirmiş olur. Leksik səviyyədə bu qəbul olunmur. Kontekstual səviyyədə isə bunu qəbul etmək olur. Antonimlik leksik səviyyəyə aid linqvistik hadisə olduğundan turşşirin sözləri arasında diametral və məntiqi əkslik qeydə alınmadığına görə onlar antonim sayılmırlar. “Acı çay” və “şirin çay” söz birləşmələrindən ikincisində “şirin” sözü müstəqim mənasında işlənir. “Şirin çay” şəkər qatılmaqla dad keyfiyyəti dəyişdirilmiş, şirinləşdirilmiş çaydır. Şirin çay söz birləşməsi ilə qütbləşmədə çayın neytral vəziyyəti durur. Bu, şəkər qatılmamış çaydır. Ona sadəcə «çay» da demək olar. Lakin “çay” sözü “şirin çay” söz birləşməsi ilə qarşılaşdırılmır. Qarşılaşdırma “acı çay” – “şirin çay” səviyyəsində baş verir. “Açıq çay” və “tünd çay” söz birləşmələrində “açıq” və “tünd” komponentləri rəngin keyfiyyətini bildirmək baxımından antonim cüt təşkil edir. Bu iki söz üçün rənglərdə neytral vəziyyəti bildirən söz də vardır.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin