Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 174.12 Kb.
tarix21.10.2017
ölçüsü174.12 Kb.

Bəxtiyar Tuncay
AzərbaycanMilli Azadlıq Hərəkatının Meydan dövrünün tarixindən bəhs edən daha bir sanballı qaynaq – «Acı həqiqətlər»

Azərbaycan Milli Azadlıq Hərəkatının tarixinin öyrənilməsində əsas qaynaqlar içərisində sözügedən hərəkatın banilərindən və əfsanəvi isimlərindən biri olmuş M. H. Tantəkinin «Acı həqiqətlər» kitabının (4) özünəməxsus yeri var. Bu, Hatəminin memuar janrında yazdığı yeganə siyasi məzmunlu kitabdır.

Əsərlərinin böyük əksəriyyəti folklor, xüsusən də mifologiya sahəsinə aiddir. Çünki o, ixtisasca filoloq idi və folklorşünaslıq sahəsində tədqiqatlar aparırdı. Bu sahədə yazdığı ən məşhur kitabı «Sehirli nağılların onqon və əsatiri surətləri» (8) əsəridir.

«Acı həqiqtlər» ilk dəfə öncə hissə-hissə «Milli qurtuluş» qəzetində, daha sonra isə 2006-cı ildə «Şirvannəşr» nəşriyyatı tərəfindən kitab şəklində çap edilib. 180 səhifədir. Kitabın annotasiyasında yazılıb: «Quzey Azərbaycanda çağdaş milli azadlıq hərəkatının ideoloqu, banisi və öndəri olan Hatəmi bəy Tantəkinin “Acı həqiqətlər” kitabı memuar səciyyə daşıyır. Burada yazarın tərcümeyi halından, milli azadlıq hərəkatından, milli azadlıq hərəkatında rol oynamış siyasi təşkilatlardan, mitinqlərdən, nümayişlərdən, piketlərdən danışılır, bu təşkilatlara aid tarixi sənədlər verilir. Elə sanırıq ki, kitab diplomatik, elmi çevrələr, ali məktəblər və geniş xalq kütlələri üçün yararlı olacaqdır».

Bəri başdan qeyd edək, kitab memuar səciyyəli olduğundan burada bilavasitə M. Hatəminin birbaşa iştirakçısı olduğu hadisələrdən bəhs edilir və bəhs edilən dövrə münasibət bildirilir. Əsər daha çox müəllifin subyektiv fikirlərini əks etdirir. M. Hatəmi burada daha çox özünün bilavasitə iştirakçısı və şahidi olduğu hadisələri əks etdirməyə çalışmış və çiyin-çiyinə mübaizə apardığı adamlardan, ilk növbədə də Nemət Pənahlı və Elçibəydən danışanda bir qədər gileyli və hətta qərəzli mövqe sərgiləmişdir. Məsələn, Nemət Pənahlı haqqında yazdığı aşağıdakı cümlələr deyilənlərə ən gözəl sübutdur:

«L. Şmidt adına zavodun fəhləsi Nemət Pənahovu Çənlibel çayxanasından tanımışam. İlk tanışlıqda sıxıla-sıxıla mənə dediyi bu sözlər indiki kimi yadımdadır: "Başım daşdan-daşa dəyib, axırda sizə sığınmışam".  Mən də ona dedim: "Axtarıb, axtarıb əsil vətənsevərlərə rast gəlmisən". Keçmişi haqqında heç bir bilgim olma-yan bu cavan oğlanı yanıma alıb, ona mənəvi atalıq etdim. Onu Çənlibel Təşkilatına gətirdim. Hara getdim yanımdan əskik etmədim. Çənlibelin yığıncaqlarında çıxış etməyə həvəsləndirdim. Hər yerdə hörmətini qaldırmağa çalışdım ki, onun vasitəsi ilə fəhlələri Çənlibel Təşkilatının ardına salmaq mümkün olsun. 1988-ci ilin martında L. Şmidt zavodu fəhlələrinin təşkil etdiyi Novruz bayramı şənliyində iştirak etməyim bu məqsədə xidmət etmişdir. Şənlikdə iştirak etməyimiz, onu dövlət əleyhinə siyasi yığıncağa çevirməyimiz Nemətin zavodda hörmətini doğrudan da artırdı. Yoxsa ona burada, özü demişkən, "demaqoq" kimi baxırmışlar.

Bu vaxta qədər olan piketlərin, nümayişlərin, mitinqlərin təşkilində Nemətin zərrə qədər iştirakı olmamışdır. 18 may nümayişindən sonra onu Namiq Qulamovun (Natiq Qulamovun – B. T) dəstəsinə qoşdum ki, fəhlə sinfini mitinqə hazırlayanda birgə hazırlasınlar. Elə qoşmağımı gördüm, başladı mitinqlərin təşkilini əməlli-başlı pozmağa. O və İsfəndiyar Coşqun, buna nail olmasalar da, 9 iyun 1988-ci il tarixli mitinqi pozmağa az çalışmadılar. Bu mitinqdən başlamış 14 noyabr 1988-ci il tarixli mitinqə qədər mən elə bir piket, nümayiş, mitinq tanımıram ki, Nemət Pənahov onu pozmağa çalışmamışdır. O, 17 noyabr mitinqini də dağıtmaq istəyəcəkdir. Allah eləsin günaha batmayım, bu hərəkətləri axırda onun haqqında məndə belə bir fikir yaradacaqdır ki, deyəsən elə əvvəldən "hazır adam" kimi əlimin altına yerləşdirilibmiş.

Nemətin təxribatçılıq fəaliyyəti o vaxt başladı ki, o, dəniz kənarındakı Xalq Təsərrüfatı Sərgisinin çayxanasında Əbülfəz Əliyev, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Kamal Abdullayev, Tağı Xalisbəyli, Firidun Cəlilov, Nurəddin Quliyev, İsmayıl Təriqpeyma, Bəhmən Sultanov, Vurğun Əyyubov, çayxanada hardansa peyda olmağa başlamış İsa Qənbərovla tez-tez bir yerdə görünürdü. Neməti yanımdan uzaqlaşdırıb dövlətin qarmağına keçirənlər bu adamlar olmuşlar» (4).

Kitabda «Çənlibel» tərəfindən təşkil edilmiş bütün mitinqlər barədə ötəri məlumat verilir və müəllif hər dəfə özünün həmin dövrdəki liderliyini xüsusi vurğulamağa çalışır. Halbuki, buna qətiyyən ehtiyac yoxdur, çünki onun 1988-ci ilin 17 noyabrına, yəni Nemət Pənahlının ulduzu parlayana qədər hərəkatın lideri olduğu heç kimdə şübhə oyatmır və bu, təkzibedilməz tarixi həqiqətdir.

M. H. Tantəkin 9 iyun mitinqindən söz açarkən, söhbəti ən sonda Xəlil Rzanın onu Milli Azadlıq Hərəkatının lideri elan etməsinin üzərinə gətirərək yazır:

«9 iyun mitinqi də Azadlıq meydanında oldu. Milli hərəkatın rəhbəri olmam Xəlil Rza tərəfindən bu mitinqdə elan edilmişdir. Liderliyi əlimdən çıxardıb Nemətin, AXC başçılarının əlinə keçirtmək üçün dövlət, Naxçıvan klanı çox çabalayacaq və buna nail olacaqlar.

Xəlil Rza mitinqdə, səhv etmirəmsə, 100-dən artıq tələb irəli sürdü. Mitinqlərdə xalqdan əxz edib ümumiləşdirdiyim və içərisinə öz fikirlərimi də qatdığım 19 maddədən ibarət tələb isə meydanda mənim tərəfimdən oxunmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsinə, Nazirlər Sovetinə, Ali Sovetə rəsmi sənəd kimi təqdim etdiyim həmin tələblər bunlardır:

1. Azərbaycan SSR-nin partiya və dövlət orqanları Dağlıq Qarabağda nizam-intizamı bərpa etsinlər, Ermənistan SSR-dən buraya edilən hər cür müdaxilənin qarşısı alınsın.

2. Ermənistan SSR-dən qovulan azərbaycanlılar öz yerlərinə qaytarılsın və oradakı azərbaycanlıların təhlükəsizliyi ciddi surətdə təmin edilsin.

3. Ermənistan SSR-də yaşayan azərbaycanlılara muxtariyyət hüququ tanınmalıdır. Ermənistan SSR-i buna getməzsə, Dağlıq Qarabağın muxtar vilayət hüququ ləğv edilsin.

4. Dağlıq Qarabağda və Ermənistan SSR-də türk soylu yer adları bərpa edilsin.

5. Azərbaycanın doğru-düzgün milli gəliri və xalqımızın sayı haqqındakı statistika mətbuatda çap edilib xalqa çatdırılsın.

6. Olduğ milli gəlirə və əhalinin doğru sayına müvafiq olaraq, Azərbaycan SSR-nin büdcəsi, zəhmətkeşlərin, qulluqçuların maaşları, pensiyaçıların, tələbələrin təqaüdləri artırılsın. Əhali, o sıradan Bakı, Sumqayıt, Gəncə şəhərlərinin əhalisi ərzaqla və kənd təsərrüfatı məhsulları ilə təmin edilsin.

7. Azərbaycanda pambıq və üzüm sahələri məhdudlaşdırılsın, respublikada maldarlıq inkişaf etdirilsin, rayon zəhmətkeşlərinə, o sıradan Abşeron kəndlilərinə torpaq sahəsi ayrılsın. Torpaq verilməsi zamanı adamlardan rüşvət alınmasının qarşısı ciddi şəkildə alınsın.

8. Azərbaycan gənclərinin işçi qüvvəsi kimi başqa respublikalara axması önlənsin. Onların respublikamızda işlə, evlə təmin edilməsinə, evlənmələrinə şərait yaradılsın.

9. Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddəsində dəyişiklik edib, respublikanın istisnasız olaraq bütün orqan və müəssisələrində Azərbaycan dilinin işlədilməsi təmin edilsin.

10. Azərbaycan xalqının milli bahar bayramı rəsmiləşdirilsin və onun keçirilməsinə dövlət qayğı göstərsin. Bayram günü xalqın işləməməsi haqda fərman verilsin.

11. Xalqımızın "türk" adı bərpa edilsin.

12. Ərəb, ya latın əlifbasından ikisindən birinə keçilsin.

13. Orta və ali məktəblərdə ərəb və fars dili keçilsin. Respublikada ərəb və fars dili müəllimləri hazırlayan institut yaradılsın.

14. Tədqiqat institutlarında, kitablarda, dövrü mətbuatda tariximizin, mədəniyyətimizin qəsdən saxtalaşdırılmasına son qoyulsun.

15. Qədim şəhər və kənd adlarımız bərpa edilsin. Milli qəhrəmanlarımızın, şəxsiyyətlərimizin adlarına mərkəz şəhərlərimizdə küçə, meydan adları qoyulsun, onların heykəlləri ucaldılsın. Bakı şəhərindən erməni küçə adları qaldırılsın.

16. Bakı şəhərinə azərbaycanlıların pasport qeydiyyatı yasağı ləğv edilsin.

17. Azərbaycan televiziyasında Azərbaycan dilində verilişlərin saatı artırılsın.

18. Şəxsiyyətə pərəstiş dövründə öldürülən şəxsiyyətlərimizin başına gələn bəlalar dövrü mətbuatda, radio və televiziyada işıqlandırılsın.

19. Xalqımıza düşmənçilik hissi bəsləyən adamların rəhbər vəzifələrdə işləməsinə imkan verilməsin. Rəhbər vəzifələrdə belələri varsa, işdən götürülsünlər.

05.12.1988 -08.06.1989 tarixində həbsxanada ol-duğum zaman SSRİ DTK-nın polkovniki Savuşkin əsəbi halda bu tələbləri "ekstremist tələblər" adlandırdı.

DTK xaricdə əleyhimə pis işləməmişdir, Türkiyədə çap olunmuş ədəbiyyata rast gəlmişəm ki, bu tələblərin orada başqa cəmiyyət tərəfindən irəli sürüldüyündən danışılır. Belə görünür ki, məni xaricdə də ört-basdıra çalışırmışlar» (4).

Eyni mitinq haqqında Ə. Tahirzadənin yazdıqları dövrün tarixini öyrənmək baxımından daha ətraflı mənbə hesab edilməlidir:

«9 İYUN 1988. Lenin meydanı. Mitinq.

Saat 10.15-də gəldik. Kürsüdə: T.Orucov, S. Rüstamxanlı, S.Ələkbərov, N. Fətəliyev, Tağı Xalisbəyli, R. Behrudi, Hatəmi, Xəlil Rza, Şirməmməd Hüseynov, Elçin, Aydın Məmmədov, Əfrand Daşdəmirov, Rafiq Zeynalov.

Şüarlar:


"Azərbaycan dili dövlət dili elan edilməlidir".

"3000 evsiz faciədir" (2 yerdə).

"Molçanie – eto traqediya". (Susmaq faciədir).

"Ermənistandakı azərbaycanlıların təqib olunmasına son qoyulsun".

25-30 min adam var. Saat 10. 55-də mikrofon quruldu. Şəhərin havası hislidir (zavod hisi). 7-8 min adam (sonra 25-30 min). Ermənistandan gələnlər var. Söhbətimiz oldu. Fuad Həsənov bizi gördü, dedi ki, sirk vermirlər ki, dağılın gedin!

Camaat 3 dəfə oturdu (oturaq tətil).

Əsgərlər və milislər meydanı əhatə etmişlər.

Saat 11.10. Aydın Məmmədov təbrik etdi yığışmaq münasibətilə:

- Biz ağıllı olmuşuq.

11.12. Nemət (fəhlə): 

- Biz tələblərimizi hissə qapılmadan irəli sürək. Xalqı qırğına apara bilmərik. Ermənistandan gələnlərin bəzisi yerləşdirilsin, qalanların hamısı yerinə qaytarılsın. (Şer söylədi uzun-uzadı). (hay-küy). "Millət yoludur. Haqq yoludur tutduğumuz yol... ".

11.18. Aydın: 

- Məgər biz bilmirik ki, torpağımıza qəsd olunur? Nəhayət, ağıllı olmaq vaxtıdır.

11.19. Şirməmməd Hüseynov:

- Azərbaycan Kommumist Partiyası Mərkəzi Komitəsinin I katibiBağırov da, Arutyunyan da Moskvadadır, Poqosyanı da ora çağırıblar.

Gəlin bura  yığılanlar adından  Sov. İKP - yə müraciət edək  ki, bizi Ermənistandakı azərbaycanlıların taleyi, Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələr narahat edir, buna bir dəfəlik son qoyulsun. Mətbuatda xalqa məlumat verilməlidir görülən işlər haqqında. Bizim xalqın qeyrətini, namusunu bilirlər. Yeri gələndə sözünü deməyi, iş görməyi bacardığını da bilirlər. Bizi provokasiyaya çəkənlər çoxdur. Bütün gücümüzü, diqqətimizi məsələlərin əsaslı həllinə yönəldək.

11.24. Tağı sözü həmişə xalqın önündə gedən Xəlil Rzaya verdi:

-Azərbaycanın torpağı Xətai dövründə 2.800.000 kv. km-ə çatırdı, indi isə 86,7 min kv. km-dir. Dərbəndi, Borçalını, Zəngəzuru, haramı bizdən alıblar. Kim edib? Şaumyanlar, Mikoyanlar, Stalinlər, Xruşşovlar, Brejnevlər xalqımıza qəsd ediblər. Heydər Əlirza oğlunun dövründə 250 min Azərbaycanlının köçürülməsi səssiz təşkil olunub. Böyük adamlarımızın (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev) adını ləkələyiblər. İqrar Əliyev Vestnik Drevney İstorii jurnalında pantürkçü adı ilə ziyalılarımızı ləkələyib. Milli statistikamız yoxdur. Neftdən bizə 2,6 faiz şey çatır. Hər il Əfqanıstandakı müharibəyə 5 milyard manat sərf olunub. Bəs Azərbaycana nə qədər xərclənib? Ancaq bizim jurnallarımızın həcmi, nəşriyyat imkanlarımız azaldılır. Azərbaycanın taxıl anbarı olan Cəlilabad taxıl anbarından üzüm anbarına çevrilib. Rədd olsun radiasiya! Dönün bir havaya baxın. 1945-46-da Cənubda milli hökuməti kim boğdu? (Yerdən: "Stalin"). Bu qara-güruhun biz ağzını cırmalıyıq! Yaşca rus xalqı kiçik qardaşımızdır. Türk mədəniyyətindən bəhrələnib. Rus xalqının özü pis vəziyyətdədir. Ziyalıların maaşı artırılmalıdır. Mənim evimdə altı nəfir var. 5-i ağır xəstədir. Deməli, Azərbaycan xalqı genosid içindədir! (Alqışlar). Biz ruslaşdırmanın geniş təsiri içindəyik. Frunzedə, Alma-Atada və s. yerlərdə milli tərkib aşağı düşür. Sosializm, kommunizm pərdəsi altında hücum var. "İzvestiya". "Kom. pravda", "Literaturnaya qazeta", "Moskovskiye novosti" və başqaları anti-Azərbaycan kampaniyası aparır. Sumqayıt heç zaman səda olmayıb, Sumqayıt əks-sədadır. Sumqayıt o vaxt baş verib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi iflic olub. Xalqın iradəsni yerinə yetirə bilməyib. (Alqışlar). Boşqab dibi yalayanları vəzifədən atmalıyıq! Z. Balayanlar, Kalutikyanlar, Aqanbeqyanlar cavab verməlidirlər. Sumqayıtdakılar Mərkəzi Komitəyə soxulmuş boşqab dibi yalayanlardan üstündür. Biz tələblərimizi yerinə yetirmək üçün fabrik və zavodlarda işi dayandırmalıyıq! (Alqışlar). Biz ona nail olmalıyıq ki, nəinki bugünkü, hətta Stalin, Bağırov dövrü didərginləri yerlərinə qaytarılsınlar. 

Tələblər:

1. Azərbaycan dili sözdə yox, işdə dövlət dili səviyyəsinə qaldırılmalıdır. Azərbaycan Konstitusiyasının 73-üncü maddəsindəki ilk cümlə yerinə yetirilsin.

2. Azərbaycan türkcəsini bilməyənlərin vəzifədə qalması qeyri-qanuni sayılsın.

3. Gədəbəy, Tovuz, Laçın, Naxçıvan və s. yerlərdə verilmiş, xəlvəti satılmış ərazilər geri qaytarılsın.

4. Ermənistanda azərbaycanlıların milli töhqirə məruz qalmasına son qoyulsun. Onlaramuxtariyyət verilsin.

……..


7. Əskəranda erməni gülləsi ilə öldürülən Bəxtiyar və Əlinin qanı alınsın.

8. ......................................

9. Dərbənddə yaşayan azərbaycanlılara muxtariyyət verilsin, mətbuatları açılsın.

10. Milli statistika yaradılsın. Kimə nə qədər verib nə qedər aldığımız deyilsin.

11. Çap həcmi 3 qat artırılsın.

12. Araz çayının hər iki sahilini bipləşdirən Azərbaycan dövleti yaradılsın.

Sonra şer dedi:

-"Birləşdirməyincə Azərbaycanı,

Özümü özümə haram demişəm". ("Təb-riz", "Təb-riz ).

Bu şer Məryəm Həsənovanındır. Ona mətbuat azadlığı verilsin. Vahid Azərbaycan bərpa edilincəyədək milli-mədəni əlaqələr yaradılsın. – Xudafərin körpüsünün dağıdılmasına yolverilməsin.

……

17. Azərbaycana xəyanət etdikləri üçün Şaumyan və Mikoyaiın adına küçələr, rayonlar, heykəlləri götürülsün.



18. Arvadı qeyri millətlərdən olanlar vəzifədən götürülsün.

- Məhv olsun ölü, təslimçi mətbuat!

- Azərbaycanda 68 ildən bəri yeridilən ruslaşdırma siyasətinə son qoyulsun!- Ruslaşmış azərbaycanlılara salam verməməliyik.

- 24 mart 1988 tarixli qərara yenidən baxılsın. Dağlıq Qarabağdakı tikintilərdə tək ermenilər yox, azərbaycanlılar da işqirak etməlidir.

- Badaraçay dəryaçası Ağdam və başqa rayonlar üçün təhlükəlidir. Orada yeni açılan nəşriyyat çoxdilli olmalıdır.

- Sərhəd zonalarına getmək üçün vəsiqələr, icazələr ləğv edilməlidir.

- Təyinatla Xankəndinə göndərilənlərə iş verilsin.

- Adımızı (millətimizin türk adı – Ə.T.) güllələyiblər - Stalin güllələyib, Bağırov kömək edib. Ancaq biz yalnız Azərbaycan türklərindən kömək gözləyirik.

- Qayıtmaq istəməyənlər (Ermənistana) Dağlıq Qarabağda yerləşdirilsin.

- Poğosyan və Ko ifşa olunsunlar.

- Türk dünyasına, türk ağacına xaç qoymaq istəyi ifşa olunsun.

- Bakı və paytaxt televiziyasındakı verilişlər mütəxəssislər tərəfindən aparılsın.

- Yaltaq ziyalılar ifşa olunsun.

- Moskvaya gedən rüşvət yolları kəsilsin.

- 106 No-li avtobusu, opera teatrını partladanlar məhkəməyə cəlb edilsinlər.

- Adlarımızı erməniləşdirənlər cəzalandırılsın.

- "Narodnaya prosveta" - (Bolqarıstanda türk) nəşriyyatını bağlayanlara ar olsun!

- Rədd olsun daşnakçı H. Borovik və onun "Movqe"yi.

- Xarici banklardakı kimin pulu varsa müsadirə edilsin.

- 27 min partbilet yandıranlar (ermənilər – Ə.T.) ifşa olunsun.

Məhəmməd Tantəkin Hatəmidən danışdı:

- Güney Azərbaycandan gələndir. ( "Təb-riz!". "Təb-riz!"). Səttar xan, Xiyabani, Taqı Ərani, Pişavəri inqilabçı olublar. Cənubi Azərbaycan dörd dəfə ayağa qalxıb. Azərbaycan Kommunist Partiyasının başçısı Sergey Miron Oğlu Kirovun ruslaşdırma siyasətini bilmək üçün onun fəaliyyəti diqqətlə öyrənilsin, Azərbaycan Dövlət Universitetindən onun adı götürülsün.

12.02. M.Tantəkin:

- Ermənistandan gələn qardaşlarımızı qorumaqdan ötrü bura yığışdığınız üçün çox sağ olun! Bizdən torpaq alınmasının tarixi çox qədimdir. Rusiya Türkiyədə Ermənistan yaratmaq istəyirdi. Türklər yol vermədilər. İndi siz haqsızlıq qarşısında durursunuz. Bakıda 19 fevral, 16 may, 18 may nümayişləri oldu. Tələblər irəli sürmüsünüz. 22 maddədən ibarət tələblər tərtib edib MK-ya təqdim etmişəm:

1 - DQMV-də qayda-qanun yaradılsın.

2. Qovulan azərbaycanlılar öz yerlərinə qaytarılsın, onların təhlükəsizliyi təmin edilsin.

3. Ermənistandakı Azərbaycanlılara muxtariyyət verilsin. Əgər buna razı olmasalar DQMV ləğv edilsin.

4. Ermənistandakı yer adlarımız bərpa edilsin.

5. Sumqayıtı DQMV-lə bağlı fitnə-fəsad törədib. Sumqayıtdakılar xalq qəhrəmanlarıdır.

6. Azərbaycanın həqiqi milli gəliri haqqında məlumat verilməlidir.

7. Bu statistikaya uyğun respublika büdcəsi artırılmalıdır.

8. Pambıq, üzüm, tütünçülük məhdudlaşdırılıb, maldarlıq inkişaf etdirilməlidir. Abşeronda əhaliyə torpaq verilsin.



9. Ərzaqla respublika təmin edilsin.

10. Azərbaycan gənclərinin başqa respublikalara axması pislənsin, onlara burada şəraityaradılsın.

11. Konstitusiyada dəyişikliklər edilsin. Azərbaycan dili həqiqətən dövlət dilinə çevrilsin.

12. Bahar bayramı - bayram, həmin gün - istirahət günü kimi qeyd edilsin.

13. Xalqımızın ilk "türk" alı bərpa edilsin.

Ermənistanda ermənilər deyiblər ki, adınızı gizlədirsiniz. Biz fəxr edirik ki, türkük!

14. Uşaqlara ərəb-fars dilləri öyrədilsin.

15.......................................

16...........................

17. Qədim şəhər və kənd adlarımız bərpa edilsin. Xalq qəhrəmanlarının heykəlləri ucaldılsın. Küçələrə onların adları verilsin.

18. Bakı şəhərində azərbaycanlıların pasport məhdudiyyəti götürülsün.

.........………….

21. Xalqımıza düşmən olanlar vəzifədən götürülsün.

22. Nümayiş iştirakçılarına qarşı olan tədbirlərə son qoyulsun.

Keçən nümayişdən bugünədək tələblərimizə əməl olunmayıb. Erməni təcavüzü qaşısında dəyanətlə durmalıyıq. Komissiya keçən dəfə heç nə etmədi. Yeni komissiya tələb edirik.

1. Xəlil Rza

2. Tağı Xalisbəyli

3. Firidun Cəlilov

4. Bəhmən Sultanov

5. Sona Qədirova

6. Sevil Cahani

7. Sabir Rüstəmxanlı

8. Xudu Məmmədov

9. Nemət Pənahov

10. Rüstəm Behrudi

11. Əbülfəz Əliyev

12. Bəxtiyar Şahverdiyev (“Oğuz”)

13. Mikayıl Mirzəyev

14. Nurəddin Quluyev

15. Tantəkin Hatəmi

16. Fərman Kərimzadə.

Fədakarlığınız üçün sağ olun. İndi isə gedək, məsələləri həll edək.

12.13. Xəlil Rza: Siz bu gün mədəni bir qüdrətlə gəlmisiniz. Biz sizin tələblərinizi çatdıracağıq. (Şer söylədi: “Azadlığı istəmirəm qram-qram”...).

Dağıla-dağıla birləşək!

12.22-də mitinq dağılmağa başlandı.

İlhami Cəfərovla söhbət: Katibləri, ispolkomu çıxarmaq istəyəndə K. Bağırov deyib ki, obkomla razılaşmaq gərəkdir.Niyaz Hacıyev də camaata deyib: Hökumətə camaat inanmır» (7).

Məhəmməd Hatəmi Tantəkin
Xəlil Rza tərəfindən hərəkatın lideri elan edilən və həmin dövrdə kütlə tərəfindən də məhz belə qəbul edilən M. Hatəminin (Tantəkin) 9 iyun mitinqində elan etdiyi 16 nəfərlik komissiyanın siyahısını Ə. Tahirzadə meydanda eşitdiyi kimi verib. Maraqlıdır ki, mən artıq o dövrdə hərəkatçılar tərəfindən «Tuncay» ləqəbi ilə tanınsam da, siyahıda adım Bəxtiyar Şahverdiyev kimi gedir. Müəllif adımım önundə mötərisədə «Oğuz» yazıb ki, bu da həmin dövrdə həm də həmin təşkilatın başqanı kimi tanınmağım ilə əlaqədardır.

Doğrusu, mənim tam siyahı yadımda deyil və bu üzdən də «Yeni Müsavat» qəzetinə verdiyim müsahibələrdən birində bu 16 nəfərdən sadəcə bir neçəsinin adını çəkmişdim (2).

M. H. Tantəkinin «Acı həqiqətlər»də təqdim etdiyi siyahı və bununla bağlı söylədikləri bir qədər fərqlidir. O yazır: «Xalqın məsələlərini dövlətlə müzakirə və həll etmək üçün tribunadaca komissiya yaradıb, onu mitinqə təsdiqlətdim. Komissiyaya aşağıdakı adamaları salmışdım:

1. Hatəmi Tantəkin,

2. Əbülfəz Əliyev,

3.Xəlil Rza,

4.Tağı Xalisbəyli,

5. Şamil Saleh,

6. Rüstəm Behrudi,

7. Nemət Pənahov,

8. Firidun Cəlilov,

9. Sevil Cahani,

10. Nurəddin Quliyev,

11. Mikayıl Mirzəyev,

12.Vurğun Əyyubov,

13. Bəhmən Sultanov,

14. Bəxtiyar Tuncay,

15. Sabir Yanardağ.



Xəlil Rza Ulutürk
Adları mitinqə səsləndirdiyimdə, vaxtilə tutulmasına rəğmən, yaxın beş-on nəfərdən başqa kimsə tərəfindən tanınmayan Əbülfəzi xalqa belə tanıtdırıb məşhurlaşdırdım: "xalqın ürəyindən fışqırıb çıxmış oğul". Komissiyanın üzvləri arasına Sabir Rüstəmxanlını salmamışdım. Xəlil xahişlə onu siyahıma saldırdı. Əlyazması şəklində olan siyahını bir neçə gündən sonra Sabir Rüstəmxanlının işçisi Rüstəm Behrudiyə verdim ki, maşınkada çapdan çıxartsın. Maşınkadan çıxan siyahıda nə görsəm yaxşıdır? Sabir Yanardağın adının üstündən mürəkkəblə xətt çəkilmiş, qabağına İsa Qənbərovun adı yazılmışdır. Heyrətə gəldim. Akademiyada bir yerdə işlədiyimiz Şərqşünaslıq İnstitutundan Ziya Bünyadovun kadrı (Ziyanı bizə Primakov direktor təyin etmişdi), hökumətpərəst bir gənc kimi tanıdığım bu adamın tərtib etdiyim siyahıya hansı qaranlıq əl tərəfindən yerləşdirildiyini R. Behrudidən bir türlü öyrənə bilmədim. Amma, çox güman, bu qaranlıq əl dövlətin sevimli kadrı olan Sabir Rüstəmxanlı idi. Siyahıda Şamil Salehin də adının üs-tündən xətt çəkilmişdi.

Sabir Rüstəmxanlı ilə İsa Qənbərovun milli hərəkatımızın içərisinə yerləşdirilməsinin tarixçəsi belə başlamışdır. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatı bu iki insandan yaxa qurtara bilməyəcəkdir.



Nemət Pənahlı
Həmin gün, yəni 9 iyunda Azərbaycan KP MK-nın ideoloji işlər üzrə yeni dövlət katibi Rafiq Zeynalov Elçin Əfəndiyevin kabinetində komissiyanı qəbul etdi. Novruz bayramını dövlətə bu görüşdə qəbul etdirmi-şəm. Lakin 1989-da dövlət tərəfindən onun ilk rəsmi bayram kimi tutulmasını görmək mənə qismət olmadı. Onu, adı Sumqayıt hadisəsinə qarışmış bir gənclə dəniz kənarındakı DTK-a həbsxanasının 1 №-li kamerasında qarşıladıq, qəzetdən şam düzəldib yandırmaqla.

Əbülfəz Elçibəy
Dövlət məqamları və onlara yaxın adamlarla sonrakı görüşlərdə komissiyanın başçısı kimi mən oldum yalan, Sabir Rüstəmxanlı ilə Firidun Cəlilov oldu doğru. Komissiyanı mənim əvəzimə onlar yönəltməyə başladılar. Başqa cür desək, dövlət mənimlə yox, onlarla hesablaşırdı.

Tələb edirdim ki, komissiyanı Ə. Vəzirov özü qəbul etməlidir. Sabirlə Firidun bizi yönəltdi Ə. Vəzirovun yaxın adamı olan yazıçı Cəmil Əlibəyovun yanına. Bu adla ki, Ə.Vəzirovla görüşümüzü o, təşkil edəcəkdir.



Mikayıl Mirzə
C. Əlibəyovun Azərnəşrdəki otağında onun diktəsilə Firidun Cəlilovla Sabir Rüstəmxanlı Azərbaycan Kommunist Partiyasına komissiyanın adından məktub təşkil etdilər. Məktubda komissiya üzvləri partiyanın köməkçiləri kimi göstərilirdi. Buna əsəbiləşib dedim: "Mənim təşkil etdiyim komissiya partiyanın köməkçiləri yox, xalqın nümayəndələridirlər". Onlar bildiklərini etdilər. Durum belə olduqda, Bəxtiyar Tuncayla onlardan uzaqlaşası oldum. Buna baxmayaraq, Ə.Vəzirov komissiyanı qəbul edəndə mən də orada idim.

Ə.Vəzirovla görüşdə komissiya üzvləri xalqın problemlərini bir kənara tullayıb, öz məsələlərini həll etməyə başladılar. Kimi ev istəyir, kimi iş tələb edirdi və s. Ə. Vəzirova yaltaqlanmaq xirtdəyə qalxmışdı. Peşiman olmuşdum ki, gör kimləri xalqa vəkil etmişəm. Əlacım nə idi, gözə görünən "vətənsevərlər" bunlar idilər.

Ə. Vəzirovdan dövlətə təqdim etdiyim tələblərə cavab istədim. Konkret heç bir şey demədi, ümumi sözlər danışdı. Ona sual verdim: "Şəhərə niyə qoşun gətiz-dirmisiniz?" Cavab verdi ki, asayişi qorumaq üçün. Dərhal da əlavə etdi: "Sizi ayrıca qəbul edəcəyəm". Ancaq qəbul etmədi.

Görüşdə DTK-nın sədri Ziya Yusifzadə və respublikanın baş prokuroru İlyas İsmayılov da iştirak edirdi. Mitinq olayına görə universitetin bir müəllimi tutulmuşdu. Görüşün sonunda Z. Yusifzadədən onun buraxılmasını xahiş etdim. Buraxdırmağa söz verdi və doğrudan da buraxdırdı» (4).



Məlumat üçün bildirim ki, Ə. Vəzirovla görüşü təşkil edən F. Cəlilov və S. Rüstəmxanlı görüşdə iştirak edəcək adamların siyahısına məni və Neməti salmamışdılar. Həddən artıq radikal olduğumuza görəmi? Bəlkə də, «yuxarıların» məsləhəti beləymiş. Bunu dəqiq bilmirəm və heç vaxt da onlardan soruşmamışam.

Nurəddin Mehdixanlı
Maraqlıdır ki, Ə. Tahirzadə obyektiv olmaq üçün öz kitabında Hatəminin dilindən aşağıdakı sitatı verməyi də lazım bilmişdir: «Yaratdığım dönük, xəyanətkar  komissiya ətrafımdakı  bəzi gəncləri  tərəflərinə çəkmək yolu ilə 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir... Dövlət 1988-ci il 11 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əlilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq “Hatəmi, Hatəmi!” deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir” (5).

İsa Qəmbər

Mənim komissiya üzvləri arasında yaranmış fikir ayrılığı haqqında düşüncələrim bir qədər fərqlidir və həmin düşüncələrimi vaxtilə «Yeni Müsavat» qəzetinə verdiyim müsahibəmdə qısaca belə anlatmışdım: «…Onu da deyim ki, elə ilk vaxtlardan qurumda iki qanad vardı – liberallar və radikallar. Radikal qanadın üzvləri əsasən gənclər olsa da, onlara Məhəmməd Hatəmi başçılıq edirdi. Mən də o qanaddaydım və biz liberallara qorxaq kimi baxırdıq. Əbülfəz Elçibəy, Firudin Ağasıoğlu, Sabir Rüstəmxanlı, Tağı Xalisbəyli orda idi…

Fikir ayrılıqları böyük mitinqlər başlayanda yarandı. Əslində iki qanaqdın ikisinin də məqsədi eyni idi, sadəcə onlar daha sakit mübarizə vasitələrini seçməyin tərəfdarı idilər, biz isə onların bu addımını vaxt itkisi, hətta xəyanət sayaraq konkret, kəskin tələblərin irəli sürülməsini doğru sayırdıq. 1988-ci ilin may ayında (müsahibəmdə «May ayı» ifadəsini səhv işlətmişəm – B. T.) mitinq təyin etmişdik. Mitinqdən 1 gün qabaq adını çəkdiyiniz polkovnik Eldəniz Əliyev məni görüşə çağırdı. Məqsəd bizi qorxutmaq, mitinqin də qarşısını almaq idi…

Bəxtiya Tuncay
…Eldəniz Əliyev təklif elədi ki, biz o zamankı Lenin Muzeyinin qarşısında görüşək. Fuad Ağayevlə Tofiq Rəsulova xəbər elədim ki, filankəslə flan vaxt, filan yerdə görüşəcəm, həbs edilsəm, xəbəriniz olsun. Polkovnik mənə dedi ki, bizdə dəqiq informasiya var, Moskva desant göndərəcək Bakıya, mitinqdəkiləri qıracaq, ondan sonra da biz təşkilatçılar olaraq sizi həbs edəcəyik. Bunu mənə dönə-dönə dedi, mən heç bir cavab vermədim, o da mindi xidməti maşınına, çıxdı getdi. Bu məsələdən az öncə Hatəmi mitinqləri aparmaq üçün 16 nəfərlik siyahı tutmuşdu. O gün 16-ların bulvarın qutaracağındakı çayxanada toplantısı olmalıydı. Biz polkovniklə ayrılanda iclasa hardasa 1-2 saat qalırdı. Gəldim çayxanaya, gördüm Nemət Pənahlı oturub. Ona olanları danışdım. Bəlli oldu ki, Neməti də çağırıb eyni sözləri deyiblər…

Nemətlə ortaq fikrimiz o idi ki, mitinq ləğv olunmayacaq. Çox keçmədi çayxanaya Vəkil Hacıyev, Aydın Məmmədov, səhv eləmirəmsə, Kamal Abdulla gəldi və onlar da bizi mitinq fikrindən daşındırmağa çalışırdılar. Görüş təyin olunana qədər mitinqləri idarə edən 16-lığın… üzvləri də gəldilər. Ancaq Hatəmi hələ yox idi. Onların heç biri demədi ki, KQB-yə çağırılıblar, ancaq hamısı bir ağızdan Eldəniz Əliyevin sözlərini danışırdılar – Moskva desant çıxaracaq, camaatı qıracaqlar, mitinq olmamalıdır. Nemətlə məndən başqa hamı belə deyirdi, o sıradan Elçibəy də. Bu 12 nəfər Neməti dilə tutmağa çalışdılar. Nemət də, yalan olmasın, 2 saat dirəniş göstərə bildi, ancaq axırda onun fikrini döndərə bildilər. Artıq hava qaralırdı və biz düşündük ki, Hatəmi gəlib çıxmadısa, demək onu həbs ediblər…

Sabir Rüstəmxanlı
(Amma) Məlum oldu ki, toplantı onun sadəcə yadından çıxıb. Biz (Mən – B. T.) ona deyəndə ki, (siyahıya saldığı dostları tərəfindən) rusların desant gətirəcəkləri təhlükəsinə görə («təhlükəsi» bəhanəsilə - B. T.) mitinqi təxirə salmaq qərarı var, o, dəhşətli dərəcədə əsəbiləşdi,  qərarı verənlərin ünvanına ağır ittihamlar dedi. (Faktiki olaraq, məndən başqa hamını çox pis təhqir elədi, onları vətən xainliyində günahlandırdı – B. T.) Mübahisə düşdü... axırda hamı dağılışdı, bircə Nemətlə Hatəmi qaldı. Mən də uzaqda yaşadığım üçün onlardan tez ayrıldım. Elə evə təzəcə çatmışdım ki, Hatəmi zəng eləyib sevinə-sevinə Neməti razı sala bildiyini dedi…» (2 ; 3).

Beləliklə, ertəsi gün möhtəşəm bir mitinq oldu. Mitinq oldu, ancaq bu mübahisə Nemətlə Hatəmi arasında dərin bir soyuqluğun əsasını qoydu. “16-lığın” digər üzvləri də artıq Hatəmini düşmən gözündə görürdü (3).

Beləcə, liderlər qrupu mitinqlərin davamlılığına çalışan radikallara (M. Hatəmi və mən) və hakimiyyətlə əlbir olaraq, onların baş tutmamasına çalışan liberallara parçalandı. Xəlil Rza, Mikayıl Mirzə və Nemət Pənahlı bu qrupların heç birində deyildi. Liberallar 17 günlük Meydan Hərəkatı dövründə də onu pozmaq üçün çalışacaq və bunu «Mitinqi İdarə Komitəsi» adı altında edəcək, Neməti öz tərəflərinə çəkə bilmək üçün xeyli tər tökəcəkdilər. Xəlil Rza bundan sonra Mikayıl Mirzə ilə birlikdə əvvəllər olduğu kimi rayonlara gedib millətin milli ruhunu körümkləməklə məşğul olacaq, Bakıda izdihamlı yürüşlər təşkil edib ermənilərin işdən çıxarılması üçün çalışacaqdı.

Sözügedən komissiyanı öz xatirələrində Nəsir Ağayev də yad etmişdir: «…Bunlardan (mitinqlərdən – B. T.) birində Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rza Ulutürk xalqı hökumət strukturları ilə danışıqlarda təmsil etmək üçün 16 nəfərdən ibarət komissiyanın yarandığını bəyan etmişdilər. Bu komissiyaya Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rzadan başqa Əbülfəz Elçibəy, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə, Bəxtiyar Tuncar, Nurəddin Quliyev, Firudin Cəlilov (Ağasıoğlu), Rüstəm Behrudi, Vurğun Əyyubov, İsa Qəmbər və digərləri daxil idilər» (1, s. 183).

Firudin Cəlilov (Ağasıoğlu)
16-lıq arasında çıxan fikir ayrılığı, onların, ümumiyyətlə ziyalıların və hərəkatda az-çox rolu olan adamların iki qanada – radikallara və liberallara parçalanması barədə Nemət Pənahlı da özünün «Əbədiyyət yolunun yolçusu» kitabında yazır. O həmin günləri belə xatırlayır: ««Çənlibel»in fəaliyyəti genişləndikcə, nüfuzu artdıqca, dövlət buna qarşı tədbirləri də gücləndirirdi. Ona görə də dövlətin himayəsi altında ilk öncə Akademiyada «Gənc alimlər klubu» yaradıldı.

Sonradan Dağlıq Qarabağdakı hadisələrlə bağlı mitinqlər başladı. Və burada əsas rəhbər rolu «Çənlibel» oynayırdı. Bu mitinqləri «Çənlibel»in nəzarətindən çıxarmaq üçün kommunist partiyasının rəhbərliyi bütün vasitələrə əl atırdı. Bu tədbirlərdən biri də «Xalq Cəbhəsi»nin yaradılması idi. Dövlətin himayəsində və nəzarətində olan «Gənc Alimlər Klubu»nda, artıq eşitdiyimizə görə, «Xalq Cəbhəsinin Nizamnaməsi»ni hazırlayırdılar. Hər şey gün kimi aydın idi Öz nüfuzunu itirmiş Kommunist Partiyası və onun rəhbərləri gözəlcə anlayırdılar ki, onlar xalqı idarə edə bilməyirlər. Buna görə də ayağa qalxmış xalqı öz istədikləri istiqamətə yönəltmək üçün xalqın adından danışacaq süni bir təşkilata və liderə ehtiyac var idi. Biz, yəni «Çənlibel»in üzdə olan üzvləri «Çənlibel»in ümumi yığıncaqlarına qatılan ziyalıların bir qrupu ilə, demək olar ki, hər gün müxtəlif çayxanalarda görüşürdük… «Çənlibel»çilər bu fikirdə idi ki, mitinqləri davam etdirək. Ancaq son anda, çox zaman fikirlər toqquşurdu. Məsələn, birdən-birə Firudin Cəlilov deyirdi ki, mitinq keçirib təzə nə deyəcəyik? Və beləcə, bir-iki nəfər Firudin müəllimin sözünü tutanda münaqişə yaranırdı. Ən radikal mövqe tutan Hatəmi isə bu fikirdə idi ki, bunların hamısı düşməndir, hamısını qovmaq lazımdır. Bunların çoxu «Çənlibel»ə xüsusi tapşırıqla gəliblər.

Beləcə, biz yeni bir mitinqin planını müzakirə etdiyimiz bir zamanda Vəzirov özü mitinq elan etdi. Səhv etmirəmsə, iyun ayının 13-ü idi. Vəzirovun fitlə qarşılandığı, verdiyi vədlərin məsxərəyə qoyulduğu o mitinqdə biz – «Çənlibel»çilər, seyrçi kimi iştirak etdik. Hətta mitinqin gedişi zamanı Məhəmməd Hatəmini hər hansı bir «şuluqluq» etməsin deyə, tutb salmışdılar hökumət evinin həyətinə. Tağı Xalisbəyli də Məhəmməd bəyə yaxınlaşmaq istəyəndə, onu da həyətə qatmış və mitinq qurtarana qədər onları milis nəzarətində saxlamışdılar.

Mitinq bağlı elan edildikdən sonra camaat yerə oturaraq uzun müddət etiraz etdilər. Demək olar ki, heç kəs dağılmaq istəmirdi.

Mitinqdən sonra şəhərin müxtəlif səmtlərində ixtişaşlar oldu. Hətta «Xutor» deyilən yerdə bir erməni odlu silahdan atəş açaraq bir milisi göz görə-görə qətlə yetirdi ( 6, s. 129).

Bizim mitinq etmək cəhdimiz isə hələ ki, daxildən, yəni öz içimizdən pozulurdu. Hatəmi əsəbiləşirdi. Mənə dəfələrlə deyirdi ki, gəl bu satqınların hamısını qovaq. İkimiz bəsik. Sən fəhlə sinfinin nümayəndəsi, mən də ziyalı sinfinin. Hatəmi deyirdi ki, bunların hamısının dövlət təşkilatlarında əlləri var. Mən bütün bunların həqiqət olduğunu çox-çox sonralar anladım. Yatsaydım, yuxuma da girməzdi ki, «ziyalı»ların böyük əksəriyyəti «Çənlibel»in yığıncaqlarına xüsusi tapşırıqla gəlir və vaxtaşırı bu barədə müəyyən orqanlara hesabat yazır.

Hatəminin fikrincə, kütləni biz ikimiz idarə edə, onu öz arxamızca apara bilərdik. Mən isə bununla razılaşmırdım. Mən ətrafımızdakı ziyalı ordusuna arxalanırdım. Düzdür, onların içərisində «gözümün su içmədikləri» də az deyildi, amma düşünürdüm ki, «sel çör-çöpsüz, meşə çaqqalsız olmaz»…

«Çənlibel»də iki xətt var idi. Biri rəsmi dövlət xəttini müdafiə edən ziyalıların xətti, o biri isə «Çənlibel»in mövqeyindən, yəni milli mövqedən çıxış edən ziyalıların xətti…

İyun ayının əvvəllərində bizim aramızda daha ciddi təfriqə düşdü. Respublikada siyasi vəziyyətin gündən-günə gərginləşməsi siyasi addımların atılmasını zəruri edirdi. Hökumətin addımları xalqı qane etmirdi. Ermənilər durmaq bilmir, bizim hökumət isə gözləmə mövqeyi tutmuşdu, Moskvanın ağzına baxırdı. Bu, isə bizim fikrimizcə, xəyanətdən başqa bir şey deyildi. Xalqı mütləq ayağa qaldırmaq lazım idi. Həm yerli, həm də mərkəzi hökumətə yalnız bu yolla təsir etmək olardı. Amma mitinq məsələsində heç cür ortaq fikrə gələ bilmirdik. Nəhayət, uzun çəkişmələrdən sonra qərara aldıq ki, iyulun doqquzuna mitinq elan edək. Beləliklə, fəallar vasitəsilə bütün müəssisələrə və ali məktəblərə xəbər göndərdik.

7-də bir də toplandıq ki, mitinqdə nəzərdə tutulan çıxışlarımızı müzakirə edək, kimin nə deyəcəyini bir də dəqiqləşdirək.

Hatəmi nədənsə gəlib çıxmamışdı. Mitinqləri təşkil və idarə etmək üçün yaradılmış komissiyanın üzvləri Əbülfəz Əliyev, Firudin Cəlilov, Nurəddin Quliyev, Bəxtiyar Tuncay, İsfəndiyar Coşğun. İsmayıl Təriqpeyma, Bəhmən Sultanov, bir də mən sabahkı mitinqi müzakirəyə başladıq.

Toplaşanların əksəriyyəti mitinqi təxirə salmaq təklifi irəli sürdü. Bir xeyli mübahisə etdik. Axırda Bəxtiyar Tuncay və məndən başqa hamı yekdilliklə mitinqin təxirə salınmasını tərəfdarı oldu. Bəxtiyar Tuncay əsəbiləşib yığıncağı tərk etdi.

Mən bu təkliflə ona görə razılaşmırdım ki, artıq bir neçə dəfə mitinq keçirmək haqqındakı qərarımızı Əbülfəz Əliyevgil təxirə salmışdılar. Ona görə də bu dəfə mitinq haqqında qərar qəbul edilən kimi Hatəmi ilə birlikdə bütün müəssislərə əvvəlcədən xəbər göndərmişdik ki, bu dəfə mitinqi pozmaq mümkün olmasın. Ancaq yenə də bunlar açıq-aşkar mitinqi pozmağa çalışırdılar. Bu dəfəki bəhanələri də bu idi ki, iyun ayının 18-də Moskvada SSRİ Ali Sovetinin yığıncağında Qarabağ məsələsi müzakirə olunacaq. Yaxşı olar ki, o günə qədər mitinq keçirməyək. Çünki bu mitinqlərdə təxribat baş verə bilər və bu da Moskvanın bizə qarşı mövqe tutmasına səbəb ola bilər. Bir yana baxanda ağlabatan fikir idi, amma mən bu fikirlə razılaşmadım. Ona görə razılaşmadım ki, artıq gec idi, müəssisələrə mitinq barədə çoxdan xəbər göndərilmişdi.

Müzakirələrdə təkləndim və mübahisənin mənasız olduğunu görüb onlarla şərt kəsdim. Bildirdim ki, bundan sonra onlar bir də mitinq keçirməyin əleyhinə bir söz söyləsələr, onlarla əlaqələrimi büsbütün kəsəcəyəm. Bu şərtlə razılaşdım.

Dağılışmaq istəyirdik ki, Hatəmi gəldi. Söhbətdən hali olan kimi əsəbiləşdi, hamını xain elan etdi və sonda üzünü mənə tutaraq dedi ki, bunlar səni də yoldan çıxaracaq. Hatəminin mənimlə bu cür sərt danışmağa, əlbəttə ki, ərki çatırdı. Sözündən belə çıxdı ki, təkcə mənim razılığım kifayətdir. Bu birilər isə onsuz da qorxaq, yaltaq və satqın adamlardır. Nə isə Hatəmi dedi ki, mitinq, nəyin bahasına olrsa-olsun, mütləq keçirilməlidir. Razılaşmadım, Əbülfəzgillə şərt kəsdiyimi, onlara söz verdiyimi dedim. Amma Hatəmi sözlərimə qətiyyən əhəmiyyət vermədi.

Açığı onun məni də onlarla bir tərəziyə qoyması, kəskin danışması mənə bərk toxundu. Təxminən gecə saat üçə qədər mübahisə etdik. Axırda Hatəmi ilə şərt kəsdim. Mitinqi onunla birlikdə keçirəcəyimi, amma bundan sonra onunla bütün siyasi əlaqələrimi kəsəcəyimi söylədim. Fikrimin qəti olduğunu anlasın deyə, dedim ki, hətta Azərbaycanın taleyi ikimizdən asılı olsa belə, səninlə heç vaxt əməkdaşlıq etməyəcəyəm. Razılaşdı, ayrıldıq» (6, s. 129-134).

Şübhəsiz ki, tarixi hadisələri dəqiq öyrənə bilmək üçün bir neçə mənbəni müqayisəli şəkildə gözdən keçirmək lazımdır. Əks təqdirdə səhvlər qaçılmazdır. Məsələn Ədalət Tahirzadənin 16-lıqla bağlı yazdıqları ilə Nemət Pənahlının söylədikləri arasında xronoloji fərq var. Hatəminin yazdıqları xronologiya baxımından Tahirzadənin yazdıqları ilə üst-üstə düşdüyündən Nemət bəyin tarix məsələsində kiçik səhvə yol verdiyi qənaətindəyəm. Özüm isə həmin tarixi unutduğum üçün bir şey deyə bilmirəm.

Bu hal bir daha sübut edir ki, bir neçə mənbəni müqayisəli şəkildə gözdən keçirmək vacibdir və bu mənbələrdən biri də, şübhəsiz ki, «Acı həqiqətlər»dir. Hatəmi həmin kitabında sonrakı hadisələri öz baxış bucağından belə təsvir edib: «9 iyun mitinqində tribunadan meydana vərəqə dağıdılmışdı ki, ayın 11-də Azadlıq meydanında mitinq olacaq. Mitinq oldu, ancaq adam çox az gəlmişdi. Mitinqçilər meydandan 3-cü mikrorayonun yanındakı çoxlu erməni yaşayan xutorun üstünə getdilər. Burada erməni bizim bir milisi güllə ilə öldürür. Ölüm olayı Bakıda durumu gərginləşdirdi.

Milisin dəfnində mən, Əbülfəz Əliyev, Tağı Xalisbəyli iştirak etdik. Tağı Xalisbəyli heç yaxşı iş görməyib, general Kamil Məmmədovu təhqir etdi, onun milislərinin yanında. Qəbiristanlığa gedib-gəldiyimiz yol boyu general bizi provokasiyaya çəkib tutmaq istəyirdi. Onun xatasını başımızdan güc-bəla ilə rədd etdim.

İyunun 13-də Azadlıq meydanında dövlət özü mitinq təşkil etdi. Mitinq başlanandan qurtarana qədər məni hökumət evinin həyətində gizlicə tutuqladılar. Yanımda milis zabitlərindən ibarət bir neçə gözətçi qoymuşdular. Tağı Xalisbəyli təsadüfən həyətə daxil olub mənə yaxınlaşanda onu da tutdular.

Mitinq bitincə, dövlət başçıları tribunanı tərk etdilər. Amma xeyli adam meydanda qalıb, mitinqi dövlət əleyhinə davam etdirdilər.



Həmin bu gün axşam hərbiçilərlə mitinqçilər arasında şəhərin içində toqquşma çıxdı. Mənə danışılanlara görə karateçi cavan bir qız təkbaşına 9 əsgərlə vuruşurmuş (adını bilməsəmdə mən o qızı tanıyırdım). Qəzəblənmiş mitinqçilər erməni adlarına küçələrin lövhələrini qırıb tökdülər. Zakirlə Koroğlu (Qardaşxan) bu işdə böyük fəallıq göstərdilər» (4).


Qaynaqça


  1. Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.

  2. Çənlibelin Manifesti. «Yeni Müsavat» qəzeti. 2 dekabr 2014.

  3. Çənlibelin Manifesti II – Yaxın keçmişin sensasion gizlinləri. 3 dekabr 2014.

  4. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  5. Milli qurtuluş” qəz., 4 sentyabr 1993.

  6. Pənahlı N. Əbədiyyət yolunun yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.

  7. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).

  8. Tantəkin M. H. Sehirli nağılların onqon və əsatiri surətləri. Bakı, Şirvannəşr, 2004.


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə