02 sentyabr, 2008
Cismən itirsək də biz böyük şəxsiyyətləri,
Ruhən ölməzdin onlar, bizimlədir hər biri.
Onlardan miras qalan məsləhət, tövsiyələr
Ən çətin məqamlarda xalqa köməyə gələr.
SƏADƏTİN TƏMƏLİ
Ata-babalarımız
“azadlıq” deyə - deyə,
İllər boyu can atdı
çata müstəqilliyə.
Bu yolda canlar verib,
bu yolda canlar aldı.
Son mənzilə nə qədər
şəhidlər yola saldı.
Heç zaman azalmadı
azad olmaq həvəsi.
Neçə yol, neçə yerdən
qırdı toru, qəfəsi.
Tez – tez qırıb atsa da
qolundakı qandalı,
Çox zaman baş tutmadı
azadlıqla vüsalı.
Elə ki gün işığı
düşdü onun üzünə,
Vicdansız qonşuları
hücum çəkdi üstünə.
O, farsdan qurtulanda
rus şığıdı meydana.
Torpağımız bələndi
çox zaman qızıl qana.
Üstünə itlər deyil,
köpəklər də hürdülər.
Sərvətini talayıb,
rahat ömür sürdülər.
Türkü qul etmək üçün
çoxları birləşdilər,
Onu evindən qovub,
evində yerləşdilər.
“İstiqlal” deyənləri
bir – bir çəkərək dara,
Çalışdılar, əbədi
sahib olalar bura.
Ancaq boğmaq olmadı
bu millətin səsini.
Daim ortaya qoydu
möhkəm iradəsini.
Türk övladı söykənib
qeyrətə, cəsarətə,
“Yox!” – dedi köləliyə,
“Yox!” – dedi əsarətə.
***
Bu yurdun neçə - neçə
qəhrəmanı, igidi
Ömürlük dönüb oldu
azadlıq mücahidi.
Gündüz silah gəzdirirb,
gecə silahla yatdı.
Müstəqil yaşayaraq
arzu, murada çatdı.
Onlar sahib çıxaraq
bu torpağa, bu yerə.
İz qoyub, adlarını
saldılar tarixlərə.
Doqquzuncu yüzillik
Babəklə yadda qaldı.
O, yurda göz dikənin
canına lərzə saldı.
Zərbələr endirərək
Ərəb xilafətinə,
Asan gedən işini
burda saldı çətinə.
Açıq döyüşə girib
onunla neçə dəfə.
Vurdu ox, nizəsini,
qılıncını hədəfə.
Xalq vuruşa-vuruşa
yağıdan azad oldu.
Dərd-kədərdən qurtulub,
rahat, xürrəm, şad oldu.
Evində, obasında
çıxardı gur səsini,
Qəbul edə bilmədi
ərəb himayəsini!
Babək elə yaşadı
yadlar baş əydi ona.
Axırda da kişitək
ömrünü vurdu sona.
İşgəncələr verdilər,
qorxaqlıq eləmədi,
Çoxlarıtək diz çöküb,
mərhəmət diləmədi.
İşıq kimi, nur kimi
parladı axan qanı.
O, qiymətə mindirdi
doğma Azərbaycanı!
Təkcə öz xalqı deyil,
yad da bildi bu adı.
“Azərbaycan” deyəndə
Babəki xatırladı.
***
Xeyli zaman olmadı
xalqın sultanı, şahı.
Dağda qarı əritdi
onun kədəri, ahı.
Adamlar itirərək
öz doğma dövlətini,
Durub çəkməli oldu
özgənin minnətini.
Yurdu dağıdan oldu,
quranlar tapılmadı,
Vətənin keşiyində
duranlar tapılmadı
Bu torpaq xeyli müddət
verildi əldən - ələ,
Dövlətini yaratmaq
nəsib olmadı elə.
Yaddan qurtulmaq işi
ildən-ilə uzandı,
Bundan Vətən itirdi,
qarı düşmən qazandı.
Yurdumuzu talayıb,
adamları soydular.
Varı olan bir xalqı
ac-yalavac qoydular.
Yaxşı ki, mərd Eldəniz
çırmayıb qollarını,
Açdı doğma xalqının
bağlanmış yollarını.
Min yüz otuz altıda
o, arzu, kama çatdı;
Bu eldə Atabəylər
dövlətini yaratdı.
Yenə türk övladları
keçdilər iş başına,
Onlar yiyəlik etdi
doğma yurd-yuvasına
Hücum edən düşmənin
qarşısını aldılar,
Bu ölkədə işləri
qaydasına saldılar.
Adamların üzündən
qalxdı kədər pərdəsi,
Lal olmuş dillilərin
bir-bir açıldı səsi.
“Türk” kəlməsi,“türk” sözü
hər tərəfə yayıldı.
Mürgüləyən igidlər
silkələndi, ayıldı.
Yaşamaqdan bezənlər
həyata vuruldular.
Dağ çayıtək süzülüb
saflaşıb duruldular.
Yenə əvvəlki kimi
götürdülər yarağı,
Artdı işə diqqəti,
yurda olan marağı.
Döndülər bu torpağın
qurucu sahibinə,
Dinsiz soydaşlar belə
gəldi imana-dinə.
Çoxu canı unudub
tutdu Azərbaycanı,
Bildi ki, yurd olmasa,
qorumaq olmaz canı!
Eldənizin dalınca
gəldi Cahan Pəhləvan,
Onun da işlərinə
baxanlar oldu heyran.
Ölkəsi çiçəklənib
döndü bir gülüstana,
O yaşadı yurduna
ürəkdən yana-yana.
Kəndlər, şəhərlər döndü
tikinti meydanına;
Hər yerdən sənətkarlar
pənah gətirdi ona.
Çoxu istedadını
ortaya qoydu burda,
Əzəmətli saraylar
bəş edildi bu yurda
Cahan adına layiq
işlər gördü cahanda.
İndi də göz sevinir
o işlərə baxanda!
...Onu əvəz elədi
qəhrəman Qızıl Arslan,
Onunçün də çalışmaq
əsla olmadı asan.
Yadlar üstünə düşüb
hər tərəfdən vurdular,
Müxalif qüvvələr də
qarşısında durdular.
Öz yaxın qohumları
taxtına çıxmaq üçün
Bu əyilməz insana
zərbələr vurdu hər gün.
Lakin o büdrəmədi,
dayanmadı, durmadı.
Ona daş atanları
qılınc ilə vurmadı.
Salıb müxalifləri
siyasətin toruna,
Elə onlarla birgə
davam etdi yoluna.
“Mən” yox, “vətən” deyərək
düşmən üstünə getdi,
Yadların caynağından
Dərbəndi azad etdi.
Hiyləgər gürcüləri
qovub öz diyarına,
Qoymadı əl uzada
yurdumuzun varına.
Qızıl Arslan xalqına
yaşatdı qızıl anlar,
Ancaq bu həqiqəti
dərk etmədi nadanlar;
Onu qətlə yetirib
bir gün öz yatağında,
Xalqı başsız qoydular
yurdun ağır çağında.
***
Döyüş meydanı oldu
çox zaman Azərbaycan,
Torpağın üzərində
şıram açdı axan qan.
Bu yerə hücum etdi
uzaq monqollar belə,
Zəif düşmüş ölkəni
onlar keçirdi ələ.
Yandı, evlər, saraylar.
obalar talan oldu.
Bərəkətli torpaqda
düşmənlər qalan oldu.
Ağalıq eylədilər
bu yerdə xeyli müddət,
Bir iş görə bilmədi
boğsa da xalqı hiddət.
Görüb bu mənzərəni
igidlər düşdü dərdə:
Nə eləmək olardı
Dövlət olmayan yerdə?!
Hirsindən, qəzəbindən
neçə ürək dayandı,
Silaha əl atanlar
qızıl qana boyandı.
Monqol çıxıb getməmiş
Teymur da hücum etdi.
Qəddarlıq eləməkdə
hamıdan öndə getdi.
Fərq qoymadı kimsənin
dininə, imanına;
Baxaraq ləzzət aldı
axan insan qanına!
Türk olsa da, neçə min
türkün başını vurdu.
Təbrizdə insanları
Hörüb divara–qırdı!
Əgər almasa idi
Tanrı onun canını
Hələ çox tökəcəkdi
adamların qanını,
Böyük sərkərdə kimi
tanınsa da dünyada,
Onu bizim xalqımız
nifrətlə salır yada.
Yalnız zəifləyəndə
Teymurilər dövləti,
Çinar kimi dikəldi
xalqımızın qaməti.
Qara Yusif elləri
toplayaraq başına,
Sahib oldu ölkənin
torpağına, daşına.
Qaraqoyunlu qoydu
dövlətinin adını,
Səadətə yetirdi
igid türk övladını.
Yönəldib ordusunu
o, tez-tez sağa-sola,
Aldı nə qədər şəhər,
aldı nə qədər qala!
Qoymadı düşmənləri
burda at oynatmağa,
Dedi: “Xalqım özünə
həm nökərdir, həm ağa!”
Sonra oğlu Cahan şah
çıxdı şahlıq taxtına,
Gözəl ömür yaşamaq
düşdü onun bəxtinə.
Xidmət etdi elinə
əsl vətəndaş kimi,
Camaat onu sevdi
bir böyük qardaş kimi.
O, eşitdi xalqının
harayını, səsini,
Hamıya arxa durdu,
böldü son tikəsini.
Xeyirxah işlərindən
usanmadı, bezmədi,
O, təkcə xəyanətə,
satqınlığa dözmədi.
Üzə ağ olanların
üstünə pərdə saldı.
Elə dərd verənlərin
özünü dərdə saldı.
Ömrünün sonunadək
xalqa xidmət elədi.
Yurdu sevənlər hər an
ona hörmət elədi.
Elə kəc baxanlara
vüqarla gərib sinə,
Öz adını yazdırdı
tarix səhifəsinə.
***
Hələ Qaraqoyunlu
tərk etməmiş meydanı,
Ağqoyunlu dövləti
silkələdi dünyanı.
Min dörd yüz əlli üçdə
qüdrətli Uzun Həsən,
Silah götürüb oldu
düşmən yolunu kəsən!
Elin qüvvəsi vardı
onun vuran qolunda,
Tər tökdü, qan axıtdı.
dövlətçilik yolunda,
Siyasət oyununda
çox vaxt qoşa zər atdı;
Xarici ölkələrlə
əlaqələr yaratdı.
Cəsarətli ər kimi
o tanıtdı özünü,
Avropa da eşitdi
“Ağqoyunlu” sözünü.
Üz tutaraq Şimala,
Cənuba, Şərqə, Qərbə
Söylədi: “Mən hazıram
daim döyüşə, hərbə,
Ancaq çox istərəm ki,
cahanda barış olsun,
Dinc yaşamaq uğrunda
Çarpışma, yarış olsun!”
Qohumluq yaradaraq
neçə hökmdar ilə,
Yadları doğma etdi,
düşməni aldı ələ.
Müstəqil görmək üçün
Azərbaycan elini.
Həm başını işlətdi,
həm də vuran əlini.
Sözün qüdrəti ilə
çoxunu ram elədi.
Onu eşitməyənin
başına od ələdi.
Özü “Uzun” olsa da,
söhbəti oldu qısa.
Onu eşitməyənlər
Batdı matəmə, yasa.
O, xalqın mürgüləyən
inamını oyatdı,
Onun boyuna baxıb
bu xalq özü boy atdı.
O döndü ağsaqqala,
işbilənə, adilə.
Azadlıq yollarında
boylandı mücadilə.
Xalqın əlindən tutub
köləlikdən qopardı,
Nə qədər bacardısa,
irəliyə apardı.
Gedəndə öz yerində
qoydu Yaqub Mirzəni,
Söylədi: “Ləyaqətlə
əvəz edərsən məni.
Nə qədər türk övladı
azad, sərbəst olacaq,
O qədər yaddaşlarda
adımız da qalacaq!”
Ancaq sona yenidən
pozuldu içlərimiz,
Ömrümüzə yük oldu
dərdimiz, kədərimiz.
Dövləti əldən verib,
həsrət qaldıq dövlətə,
Biz saldıq özümüzü
gündüz vaxtı zülmətə.
***
Xalq dözüb hər əzaba,
qəmə, ağrıya, dərdə,
Yenə dedi sözünü
min beş yüz elə birdə.
On dörd yaşlı Xətai
atılaraq meydana,
Ağsaqqallıq eylədi
çox mərdə, qəhrəmana.
Yaradaraq türkdilli
Səfəvilər dövləti,
Qaytardı özümüzə
itirilmiş şöhrəti.
Dərbənddən, Kərkükədək
böyük bir ərazidə
O qoymadı yad gəlib,
türkə ağalıq edə.
Qılıncın kölgəsinə
səslədi oğulları.
Qovdu ürəklərdəki
xiffəti, intizarı.
Öz başına tac qoyub,
yaddan vergi, bac aldı.
Gənc ikən müdrikləşib
Savalantək ucaldı.
Neçə döyüşə girib,
zəfərlər əldə etdi,
İmdad diləyənlərə
daim güzəştə getdi.
Dağıdıcı qasırğa,
tufan olub əsmədi.
Namərd qonşular kimi
basdığını kəsmədi.
Elmi, mədəniyyəti
hər şeydən uca saydı,
Gözəl əməllərini
bütün dünyaya yaydı.
Dönərək bir məşələ
daim yandı, alışdı,
Türk dilinin gücünü
göstərməyə çalışdı.
Həm elə sahib oldu,
həm də ana dilinə.
Bəzən qılıncı qoyub
qələm aldı əlinə.
Gözəl əsərlər yazıb
əsl sənətkar kimi,
O həm də sözü ilə
fəth elədi aləmi!
Bir yerə toplayaraq
yurdun şairlərini.
Ehtiramla dinlədi
onların hər birini.
Haraya qədəm qoydu,
ayağı dəydi hara,
O, hörmətlə yanaşdı
bütün sənətkarlara.
Cəmi otuz yeddi il
oldusa da həyatda,
Onun gördüyü işlər
həmişə qaldı yadda.
Türkə meydan oxuyan
düşmən cəngavərləri,
Xalqın gücünü görüb
özü çəkildi geri.
Ərəb İraqınadək
Xətai yürüş etdi.
Dəstəsinin önündə
çox zaman özü getdi.
O, elinə bayraqdar,
qoşuna sərdar oldu,
Vətəninə, xalqına
layiq hökmdar oldu.
İki əsrdən artıq
durdu qurduğu dövlət!
Tarixə damğasını
vurdu qurduğu dövlət!
Adı, şanı, şöhrəti
oldu dillərdə əzbər.
Azərbaycan xalqını
tanıdı bütün bəşər.
***
Bir az sonra Əfşarlar,
Qacarlar hakim oldu.
Bu xalqın gülər üzü
Dərddən saraldı, soldu.
Onlar türk ola-ola
farsca danışdı, dindi.
Öz doğma torpağında
yada, özgəyə döndü.
Xəyanət eyləyərək
soykökünə, dilinə,
İran adı verdilər
qədim oğuz elinə.
Türk dilində yazana
rişxənd edib güldülər.
Böyük bir məmləkəti
xanlıqlara böldülər.
Xətainin qurduğu,
möhtəşəm türk ölkəsi
Günbəgün zəiflədi,
qaldı yalnız kölgəsi.
Çəkişmələr başladı
xanlıqlar arasında,
Güclü bir xalq yer aldı
zəiflər sırasında,
Dünən ona baş əyən
bu gün üzünə durdu,
Fürsətdən yaralanıb
köksünə zərbə vurdu.
***
Belə çətin məqamda
Qubalı Fətəli xan
Xilas etmək istədi
yurdunu bu bəladan.
Üz tutaraq xanlara:
“Gəlin birləşək!” – dedi–
“Yoxsa basılacağıq
hamımız tək-tək”, – dedi:
Çoxu məhəl qoymayıb
Fətəlinin sözünə,
Özü öz əli ilə
quyu qazdı özünə.
Onlar vətəni deyil,
düşünüb özlərini,
Bəzisi can itirdi,
bəzisi gözlərini!
Gözlü olanlar belə
kortək ömür sürdülər.
Doğma yeri, torpağı
yıxılanda gördülər.
Öz səhvini dərk edib
onlar anlayan zaman
Yurdun başı üstünü
artıq almışdı duman.
Yaxşıca silahlanmış
güclü rus qoşunları
Aşıb Qafqaz dağını
gəldi Cənuba sarı.
Düşmən sahib olanda
Gürcüstan ellərinə,
Bəylər, xanlar baxdılar
boş qalmış əllərinə.
Gördülər ki, silahı
harasa atıbdılar,
Yadlar irəli gedib,
onlarsa yatıbdılar.
Halları qalmayıbdır
düşmənlə döyüşməyə,
Qarışıbdır başları
əyləncə, yeməyə.
Onunçün yad önünə
duz-çörəklə getdilər;
Babəkin, Xətainin
ruhunu incitdilər.
***
Fəqət bu məqamda da
ərənlik edən oldu,
Düşmənin qarşısına
silahla gedən oldu.
Getdi xan olduğunu
düşmənə sübut edə,
Getdi ki, yağı görsün
onu qorxutmur hədə!
Rus sərdarı ucadan:
“Təslim ol!” – deyə-deyə,
Məktublar göndərsə də
mərdlər yurdu Gəncəyə,
Əyilmədi Cavad xan,
durdu məğrur dağ kimi.
Dedi: ”Gəncəyə gələn
gələr bir qonaq kimi!
Bu məqsədlə qapımı
açmaq istəsə sərdar,
Buyurub gələ bilər –
gözüm üstə yeri var
Ancaq öz evimizi
yada təslim etmərik,
Ondan qorxub, çəkinib
biz güzəştə getmərik.
Əl çəkin hədələrdən,
əl çəkin bu inaddan.
Çıxarsanız yaxşıdır
Gəncə adını yaddan!
Nə qədər sağdır canım
burda xan olacağam,
Canımı verənədək
neçə can alacağam.
Gəncəyə hücum olsa,
gücümü görərsiniz.
Cəsədimin üstündə
şəhəri girərsiniz”
Belə cavab verərək
düşmənin sorğusuna,
Silahlandı – silahla
sözünü desin ona.
Rus sərdarı görərək
onun əqidəsini:
“Atəşlə kəsək, – dedi, –
bu türkün gur səsini”.
Dolutək güllə yağdı
şəhərin üzərinə,
Sakit Gəncə çayında
qan axdı su yerinə.
Yüzlərlə mərd gəncəli
vuruldu şəhid oldu,
Düşmən cəsədlərilə
yollar, küçələr doldu.
Rəşadətlə, hünərlə
vuruşaraq Cavad xan,
Müstəqillik yolunda
etdi canını qurban.
O görsə də düşmənin
silahını, sayını,
Özgələrə vermədi
öz azadlıq payını.
Tərk etmədi dünyanı
kölə kimi, qul kimi,
Öldü azad, müstəqil,
qeyrətli oğul kimi!
Onun yoluyla getdi
övladı Hüseynqulu.
O da dedi: “Düşmənin
heç vaxt olmaram qulu!”
Şəhid olmağı seçdi,
əsarəti seçmədi.
Çoxlarıtək yadların
tərəfinə keçmədi.
Onlar dönüb oldular
qəhrəmanlıq simvolu;
Sonradan çoxu keçdi
Cavad xan keçən yolu!
***
İyirminci əsrdə
Səttarxan çıxdı üzə,
İstədi müstəqillik
bəxş edə ölkəmizə.
Birləşib məsləkdaşı
igid Bağırxan ilə,
Dedi: “Bu xalq sonadək
yaşaya bilməz belə”.
Yurdun oğullarını
Cəm edərək başına,
Dönüb komandan oldu
silahlanmış qoşuna.
Ağır zərbələr vurub
şahın dəstələrinə.
Sahib oldu öz doğma
torpağına, yerinə.
İranın caynağından
alıb Azərbaycanı
Şahdan tələb elədi:
“Bizim dövləti tanı!”
İran şahı çağırıb
xarici qüvvələri,
İtirdiyi yerləri
almaq istədi geri.
Bir qan gölünə döndü
Cənubi Azərbaycan.
Yenə də mərd oğullar
getdi Vətənə qurban.
Hər kənddə, hər şəhərdə
şəhidlər sıralandı,
Səttarxanın özü də
döyüşdə yaralandı.
Şah dəstəsi pozaraq
onun müalicəsini,
Bir gün şəhid etdilər
boğmaq üçün səsini.
Ancaq uca millətin
səsi yenə ucaldı,
Ölümdən qorxmayanlar
şəhidlərdən güc aldı.
Bədəndə sağalmamış
dünən vurulan yara,
Millət ayağa qalxıb
axışdı meydanlara.
“İstiqlal!” sədaları
yenə ucaldı göyə,
Xalq silaha sarıldı
azadlıq alsın deyə.
Yurdun cəsur övladı
Məhəmməd Xiyabani
Çox xeyir əməllərə
olmaq istədi bani.
Uğurla yararlanıb
mətbuatın rolundan,
İrəli çəkmək üçün
tutdu xalqın qolundan.
Çox zaman arxalandı
elminə, savadına,
İstəmədi el düşə,
irticanın oduna.
Qoymadı üsyançılar
qoşunun üstə gedə,
Çox çalışdı dinc yolla
hər şeyi əldə edə.
Ancaq o da çatmadı
öz arzu, istəyinə;
İranda şah rejimi
qanlar axıtdı yenə.
Ərizə, müraciətlə
hürriyyət almaq olmaz!
Mübarizə etməsən
arzuya çatmaq olmaz!
Məhəmməd Xiyabani
görüb bu vəziyyəti,
Söylədi: “Haqq yolunda
biz çəkək əziyyəti,
Təki gələn nəsillər
yaşasın rahat azad!
Gülsün bu xalqın üzü,
olsun öz evində şad!”
Ancaq o da işini
vura bilmədi başa,
Bütün arzu, istəyi,
niyyəti dəydi daşa.
Ömrünü sərf etsə də
belə nəcib bir işə,
İmkan tapa bilmədi
Azadlıqla görüşə.
Di gəl ki, yandırdığı
ocağın közü qaldı,
Millətinin yadında
“Azadliq” sözü qaldı.
***
İyirminci yüzilliyin
on səkkizinci yazı
Milləti razı saldı,
düşmənləri narazı.
Yollarda azadlığın
yaşıl işığı yandı,
Azərbaycan ölkəsi
müstəqillik qazandı.
Əllərdə dalğalandı
üçrəngli bayrağımız.
Çatdı bütün bəşərə
səsimiz, sorağımız.
Qatıldıq yurdu olan
millətlər sırasına.
Dava, məlhəm qoyuldu
Vətənin yarasına.
İnsanlar qul olmadı
başqasının əlində.
Danışdı, təhsil aldı
Azərbaycan dilində.
Çağladı alimlərin,
şairlərin ilhamı.
Öz yurudnda, elində
rahat yaşadı hamı.
Döndü bir həqiqətə
xalqın arzu, gümanı.
Bilindi insanların
əqidəsi, imanı.
El çırmadı qolunu
qurub-yaratmaq üçün.
Dövlətin özülünə
bir kərpic atmaq üçün.
Toy-bayrama çevrildi
azad eldə yaşamaq.
Qürur mənbəyi oldu
türk adını daşımaq.
Görərək xalqımızın
bilik, istedadını.
Yad söndürmək istədi
qəlbindəki odunu.
İyirmi üç ay durmadan
neçə tələ qurdular,
Qarşısında sədd kimi
dəstə-dəstə durdular
Tutaraq ayağından,
asılaraq qolundan
Döndərmək istədilər
onu doğru yolundan.
Aldatmaq istədilər
aldanmadı: “Yox! – dedi, –
Məni qorxuda bilməz
nizə, qılınc, ox!” – dedi.
Vüqarla sinə gərib
vurulan zərbələrə.
O, yolundan qalmadı
üz tutdu zirvələrə.
Əbədi olacaqdı
azadlıq baharımız.
Əgər olmasa idi
“milli” nadanlarımız.
Onlar yada aldanıb
eldə aranı qatdı,
Nişan, orden, medala
bütün ölkəni satdı.
Toplayaraq başına
qatil “bolşevik” ləri,
Ruslara təslim etdi
bBu torpağı, bu yeri.
Başlandı hər tərəfdə
işgəncələr, qətillər.
Bir-birinə calandı
ağrı-əzablı illər.
Adların arasında
çəkilmədi adımız.
Tutuldu, öldürüldü
minlərlə övladımız.
Doğma torpağımızı
yadlara payladılar,
“Hay”ları hər tərəfdən
bu yerə hayladılar.
Yaratmaq istədilər
türksüz türk torpaqları,
Ancaq başa çatmadı
bu çirkin arzuları.
Nə millət buna dözdü,
nə də Ulu Yaradan;
Süqut edib bu dövlət
bir gün çıxdı aradan.
Bu xalq yadlar içində
ərimədi, itmədi.
Azad olmaq uğrunda
mücadilə bitmədi.
İmkan yaranan kimi
özünə gəlib yenə,
Sahib oldu dilinə,
dininə, ölkəsinə.
Üçrəngli bayrağımız
torpağa kölgə saldı.
Azad eldə millətin
azad səsi ucaldı.
***
Vaxt gələcək həsədlə
çoxu baxacaq bizə,
Müstəqil ölkə qurmaq
düşüb qismətimizə.
Kölənin qulağı kar,
gözü kor, dili laldır.
Sevincdən ayrı düşmək
onunçün adi haldır.
Səadətin təməli
azadlıq, istiqlaldır.
Müstəqil yaşayana
hər cür nemət halaldır.
Onu qorumalıyıq
canımız getsə belə,
Yalnız azad yaşamaq
yaraşır bizim elə!
Dostları ilə paylaş: |