Sentyabr, 2012
TƏK QALMIŞ ANA
“Qaytar onun borcunu,
O borc sənin özünsən,
Özünü qaytar geri!”
Əli Kərimin “Qaytar ana borcunu” şeirindən
Bir ana döşəmədə dolanıb dizi-dizin ,
Gəzir övladlarının nə vaxtsa düşmüş izin.
Ancaq tapa bilməyir arayıb gəzdiyini,
Zaman həm izi silib, həm də qoxu, iyini.
Gör haçandır oğul – qız qapısını açmayır,
Nəvə-nəticələri qabağına qaçmayır.
Yerə ayaq dəyməyir, ətrafa isti nəfəs,
Geniş mənzil olubdur sanki bir zindan, qəfəs,
Ananın qocalıqdan tutulmuş ayaqları
İmkan vermir üz tutub gedə küçəyə sarı,
Yayın istisində də otaqdan çıxa bilmir,
Pəncərədən boylanıb həyətə baxa bilmir.
Birtəhər sürünərək qapının qabağına
Baxır solub-saralmış bağçasına-bağına.
Susuzluqdan çox ağac quruyub, odun olub,
Ilin yaşıl çağında həyət xəzəllə dolub.
Görüb bu mənzərəni qəlbi alışıb yanır,
Sanki zəlzələ olur-ev başına dolanır.
Əgər çölə çıxmağa olsa idi taqəti,
Bəlkə də göz yaşıyla suvarardı həyəti.
Ancaq nə eləsin ki, buna yoxdu imkanı.
Belə hala salmaya Tanrı heç bir insanı.
Əlinə götürsə də adi ağacdan əsa,
Nə toya gedə bilir, nə görüşə, nə yasa!
Dörd divar arasında yaşayır yana-yana.
Hərdənbir qonşular yalnız baş çəkir ona.
Hay salsa, harayını eşidib-duyanlar olmaz,
Çarpayıdan yıxılsa, yerinə qoyan olmaz,
Belə hallarla ana tez-tez üzləşib deyə,
Yorğan - döşəyini də endirib döşəməyə.
Hətta olmasa belə arabir ağır xəstə
O, bütün gecələri yatır döşəmə üstə.
Bilən yoxdur nə yeyir, bilən yoxdur nə içir,
Anları, saatları, günləri necə keçir?!
Qulluğunda dayanan, qayğısına qalan yox.
Salam verən bir yana, salamını alan yox!
Bir zaman beş nəfərə məskən olan ev-eşik,
İndi bir qarı şaxlar, bir də sakit bir pişik.
“Pişik” dedim, bu evdə o adi canlı deyil:
“Sədaqətdə, vəfada bənzəri yoxdur – deyir, –
Həmişə yanımdadır etibarlı dost kimi.
Hərdən başını qoyub dinləyir ürəyimi.
Məni tez başa düşür, hər sözümü anlayır.
Ağrıdan çırpınanda o da hey çavalayır.
Bəzi nankorlar kimi yeyib-içib əkilmir.
Xəstəni darda qoyub bir kənara çəkilmir.
Ac, susuz qalanda da çıxarmayır səsini,
Narahat eyləməyir taqətsiz yiyəsini.
Məndən ayrılır ancaq canım rahat olanda,
Onda da gəlib çıxır səsləyib , çağıranda.
Ona görə adını “Vəfalı” qoymuşam mən,
Son vaxtlar təkcə bu ad çıxır mənim dilimdən.
Başqa bir ad tapmıram çağırıb-səsləməyə,
Bir adam görürəmmi bir kəlmə söz deməyə?!
Unutmuşam bu evin doğmasını, yadını,
Vaxt vardı uşaqların səhv salırdım adını.
Axı onda bir deyil, düz üç nəfərdi onlar,
Bilmirdim necə keçir evdə saatlar, anlar.
Bir tapşırıq alırdım hərəsinin dilindən,
Dinclik tapa bilmirdim işin-gücün əlindən.
Di gəl ki, hər bir işi vaxtında çatdırırdım,
Hamısına can deyib, qulluğunda dururdum.
Bəzən gecələri də mən qalardım yuxusuz–
Övladlarım qalmasın səhər çörəksiz, susuz.
Ac qalsam da uşaqlar doyunca yeyərdilər,
Təzə paltar çıxanda birinci geyərdilər.
Bircə tələb var idi: Oxumaq! Təhsil almaq!
Bu Vətənə, millətə gərəkli övlad olmaq!
Ərim də usanmadan çalışıb – işləyirdi,
“Təki balalarımız xoşbəxt olsun!” – deyirdi.
Diqqətlə yanaşırdı hər arzuya, istəyə,
Uşaqlar təminatlı, rahat yaşasın deyə.
Nə dincliyi var idi, nə də istirahəti,
Günbəgün azalırdı, tükənirdi taqəti.
Bir gün iş yerindəcə o yumdu gözlərini,
Bizlərə çatdırdılar onun son sözlərini:
“Çatdırın uşaqlara, cəfakeş arvadıma
Bir ləkə salmasınlar mənim təmiz adıma.
Möhtac olmamaq üçün heç vaxt özgəyə, yada
Zəhmətlə yetsinlər hər arzuya, murada.!”
O andan mənim işim artıb birə-beş oldu.
Bu həyatda gördüyüm yalnız elə iş oldu.
Min əzaba qatlaşıb, böyütdüm uşaqları,
Beynimlə, bədənimlə mən qorudum onları,
Sonra arxalarınca həsrətlə baxa-baxa,
Bir-bir övladlarımı göndərdim oxumağa.
Mənim istəyimlə onlar təhsil aldılar,
Hərəsi bir şəhərdə lövbər salıb qaldılar.
Hər biri yaradaraq özü üçün ev-eşik,
Başladı mənzilinə sanki çəkməyə keşik.
Unutdular doğulub-böyüdüyü yerləri,
Daha bura gəlmirlər neçə illərdən bəri.
Əvvəllər sonbeşiyim hərdən gəlib-gedərdi,
İşlərimi görməkdə bir az kömək edərdi.
Fəqət o da sonradan sanki bezdi, yoruldu.
Məndən əlini üzüb, öz yarına sarıldı.
Başladı anasını yanına çağırmağa.
Söylədi: - Əlvida de çölə, meşəyə, dağa.
Gəl, sən də bizim kimi şəhərdə rahat yaşa,
Ayaqların dəyməsin ota, torpağa, daşa.
Mənsə razılaşmadım, qəbul etmədim bunu,
Yerinə yetirmədim oğlumun arzusunu.
Dedim: Ata bilmərəm bu kəndi, bu məskəni.
Ən çətin anımda da bu yer yaşadıb məni.
Alışmışam saf suya , təmiz dağ havasına;
Heç bir quş “pisdir” deməz öz doğma yuvasına.
Nə qədər ki mən sağam , bu ocaq sönməyəcək.
Evimiz bir gərəksiz məkana dönməyəcək.
İşıq süzüləcəkdir gecə pəncərəmizdən,
Ərimin ölməz ruhu razı qalacaq bizdən.
Bütün aləm görəcək silinməyib izimiz;
Nə qədər bu ev durur, demək, yaşayırıq biz”!
***
Müqəddəs adlar verib ana övladlarına.
İstəyib ki, oxşaya onlar öz adlarına.
Böyük oğul Əlidir, kiçik oğulsa Həsən!
Ağzında dilin yanar qızın adını desən.
Çaşar, heyrət eyləyər bunu söyləsən kimə;
Ona da bir dəyərli ad verib: Fatimə !
Belə adlar seçənə “əhsən” söyləsək də biz,
Yaranmış mənzərədən sarsılar ürəyimiz.
***
Bir dilçi alim kimi ad çıxarıbdır Əli,
Böyük hörmət qazanıb, hər yerə yetir əli.
Neçə gəncin, cavanın olub elmi rəhbəri.
Maraqla qarşılanır hər yazılan əsəri.
Onunla hesablaşır, məsləhətlər alırlar,
Nitqini dinləyənlər ona heyran qalırlar.
Hara getsə çəkirlər daim yuxarı başa,
Çoxu üçün dönübdür əsl dosta, yoldaşa.
Mühazirə desə də Əli ana dilindən,
Neçə ildir tutmayır anasının əlindən.
Bilmir necə yaşayır, bilmir necə dolanır,
Niyə onun göz yaşı sellər kimi bulanır?!
Kimdən dil öyrənibdir – çıxarıbdır yadından,
Fəqət hər gün danışır anasının adından.
“Ana” sözü işlədir, ananı xatırlamır.
Bir zamanlar halına yananı xatırlamır.
Gözəl avazla deyir, bayatını, laylanı,
Özünə sual etmir: “Bunu yaradan hanı?”
Bir zaman başı üstə layla oxuyan ana,
Bilmir ki, yola baxır həsrət qalaraq ona.
Toylarda sağlıq deyir anaların şəninə,
Amma doğma anası yadına düşmür yenə.
Belə saxta məhəbbət kimə gərəkdir axı?
Xoş söz deyərmi insan varsa belə günahı?
Qəlbindən, ürəyindən əgər qovmasa şəri.
Öz başına gələcək anaya etdikləri.
***
Həsən ali təhsilli tibb işçisi – həkimdir.
Kənddə kimdən soruşsan söyləyəcək o, kimdir.
Həkimlər arasında vardır xüsusi yeri.
Canlardan çıxardıbdır necə xəstəlikləri.
Çoxları ona baxır ümidlə, ehtiramla,
O, görür öz işini intizamla, nizamla.
Hər yerdə söhbət gedir fitri istedadından,
Halallıqla alınmış elmi, fəxri adından.
İmkanı olan kimi çıxaraq ekranlara,
Tibbi fikirlərini çatdırır insanlara.
Birisi xəstələnib düşən kimi çətinə,
Bir-bir əməl eyləyir onun məsləhətinə.
Qayğı, diqqət göstərir qızlara, qadınlara,
Bir qardaşdək növbəsiz xidmət edir onlara.
Indiyədək bir xəstə can verməyib əlində,
Nöqsan tapmaq çətindir işində, əməlində.
Fəqət xəstə anaya baxmaq yadına düşmür,
Öz övladlıq borcundan çıxmaq yadına düşmür.
Atı ildir görməyir onun solğun üzünü,
Eşitməyir dilindən “oğul” , “Həsən”sözünü.
Axı adətimiz var: Ailənin sonbeşiyi
Qalıb qorumalıdır doğma evi-eşiyi.
Niyə bunu etməyir, niyə dönmür geriyə?
Kənddə haray çəkirlər: “Həkim göndərin!” – deyə
Burdan gedən bir oğul qayıtmırsa bu yerə,
Kimlər gəlib baxacaq kənddəki xəstələrə?
Bu yerin hesabına uğur qazanan Həsən
Nə vaxt bu həqiqəti anlayacaq görəsən?
Yoxsa o versə belə başqalarına öyüd,
Burnundan gələcəkdir anadan əmdiyi süd!
***
Fatimə musiqiçi – tanınmış bəstəkardır,
Dildə - ağızda gəzən neçə mahnısı vardır.
Yarışların qalibi olubdur neçə dəfə.
Deyirlər nəğmələri çox vaxt dəyir hədəfə.
“Ana sevgisi” adlı möhtəşəm bir əsəri,
Konsertlərdə oxunur neçə illərdən bəri.
Tanınmış müğənnilər sifariş verir ona,
O da yüksək şəkildə işi yetirir sona.
Həmişə dəvət alır nüfuzlu tədbirlərə,
Vaxtında, vədəsində o yetişir hər yerə.
Yubanıb, gecikəni bəyənməyir, sevməyir:
“İnsan gərək dəvətə ciddi yanaşsın” –deyir.
Amma doğma kəndinə səkkiz ildir gəlməyir.
Tənha qalmış ananın əhvalını bilməyir.
Başından aşsa belə var-dövləti, sərvəti,
Anaya əl tutmağa olmayıbdır niyyəti.
Qadının əməyini unudubdur büsbütün,
Ömür sürür, yaşayır dünyada özü üçün.
Əlli yaşa çatsa da, yoxdur hələ ailəsi,
Kimsəni qızdırmayıb onun nəfəsi, səsi.
Sevgi nəğməsi yazır özü sevməsə belə,
Beləcə “xidmət” edir guya vətənə, elə.
Bir gün üzə çıxacaq onun saxtakarlığı,
Xalq görüb-tanıyacaq bu yalançı varlığı.
Kim ki, xəyanət edir öz doğma anasına
Qoy indidən başlasın matəminə, yasına.
***
Bir ana öz evində söykənərək divara
Baxır qapıya sarı – ürəyində dərd, yara.
Yox! Yox! O gözləməyir daha oğulu – qızı;
Çoxdan sönüb-gedibdir onun ümid ulduzu.
Əgər insaf eyləyib gəlsə övladlar özü,
Çətin onları seçə qarının yaşlı gözü.
O görkəmlər, o üzlər silinib yaddaşlardan –
Mənasız arzuları o çıxarıb başından.
Tabe olub zamanın hökmünə, gərdişinə
Diqqətini ayırıb öz gündəlik işinə.
İndi təkcə pişiyi durub-gözləyir ana,
Ac qalsa da, əlində yemək tutubdur ana,
Bu pişiyin qiyməti üç övladdan yuxarı.
Son anadək birlikdə onlar yaşaya barı.
Birinə bir şey olsa, dözməyəcək o biri;
Birgə olduğu üçün qalıblar sağlam, diri.
Onlara dayaq olan bu ülfət, etibardır.
Görün qoca dünyanın necə işləri vardır!
***
Dostlar, bu hadisədən payımızı götürək,
Özümüzü yaşayan analara yetirək.
Yapışıb əllərindən, saçlarını qoxlayaq.
Son anadək onların hörmətini saxlayaq.
Əlimizdən nə gəlir edək analar üçün,
Ən çətin işə belə gedək analar üçün.
Axı gələn qalmayır, gedən qayıtmır geri.
Heç olmasa bircə gün uzansın ömürləri.
Dayanaq ölənlərin məzarının başında,
Min dəfə rəhmət deyək – əlimiz başdaşında.
Birdəfəlik dərk edib, anlayaq, bilək bunu:
Heç vaxt ödəyə bilməz övlad ana borcunu!
Dostları ilə paylaş: |