Əbülfəzl Hüseyni gənclərlə Gəmiqayada. Soldan: birinci sırada..., qahablı Məmmədhəsən, yaycılı Tağı Qasımov, Novruz, Əbülfəzl Hüseyni, arxa sırada: Oqtay Əsgərov (Daşoğuz), Famil
Əbülfəzl Hüseyninin dedikləri ilə rəsmi Sovet təbliğatı üst-üstə düşmədiyinə görə, rəsmi orqanların ondan narazılığı getdikcə artır. O isə, fikirlərini yazıb çap etdiməyin mümkün olmadığını gördükdə şifahi təbliğata geniş yer verir.
Senzuradan keçən şeirlərini “Məhəbbət alovları” adı altında çap etdirir. Bununla yanaşı, Nizami adına Ədəbiyyat İnstitutundakı mətnşünaslıq şöbəsinin əməkdaşı kimi farsdilli poeziya nümunələrini Azərbaycan Türkcəsinə çevirir, Azərbaycan sufi şairlərindən Şah İsmail Xətainin, Əbülqasım Nəbatinin əski əlifba ilə olan şeirlərini Kiril qrafikalı Azərbaycan əlifbasına çevirərək nəşr etdirir. Onun lirik Fars şairi, qəzəl ustası Hafiz Şirazidən çevirmələri 1967-ci ildə böyük tirajla “Seçilmiş şeirlər” adı altında çap olunur. Yazmış olduğu “Nəsimi” pyesi Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun Tədris Teatrında tamaşaya qoyulur.
Lenin haqqında, Oktyabr Sosialist İnqilabının ildönümləri münasibəti ilə yazılmış şeirləri Şərq şairlərinin şahlara yazdığı mədhiyyələrlə müqayisə etməkdən çəkinməyən alim ikincilərin daha əhəmiyyətli olduğunu söyləyir. Lenin və Oktyabr inqilabı haqqında yazılanların bədii dəyərinin də olmadığını açıq deyir. Hər il qəzet və jurnallara məcburi abunə yazılmasını, ali və orta məktəb tələbələrinin pambıq yığmağa göndərilməsini, iməcilik adı altında insanların küçə və meydanları süpürməyə, idarə və təşkilat işçilərinin, məktəb şagirdlərinin bayram paradlarına çıxmağa məcbur edilməsini insan haqlarının pozulması kimi dəyərləndirir.
Onun minbir zəhmətlə Naxçıvandakı Gəmiqaya dağına qalxaraq oradakı qayaüstü yazıları araşdırması heç də xoş qarşılanmır. Bu araşdırmanın xalqda milli şüuru yüksəltməyə xidmət etməsi, bu yerlərin qədim sakinlərinin Türklər olduğunu isbatlayan dəlillərin ortaya qoyulması Rus hakim dairələrinin xoşuna gəlmir. Onun Gəmiqaya qayaüstü yazıları haqqında yazdığı məqalə Moskva mətbuatında kəskin tənqid olunur.
Əbülfəzl Hüseyniyə qarşı təzyiqlər durmadan artır. O, tənqid və təhqirlərə cavab yazsa da, məqaləsini nəinki Moskvada, heç Azərbaycanda da çap etdirə bilmir. Uzun axtarışdan, cəhddən sonra dostlarının köməyilə məqaləsini 1985-ci ilin dekabrında Naxçıvandakı “Sovet Naxçıvanı” qəzetində çap etdirir. Qəzet həm də “Sovetskaya Naxiçevan” adı altında Rus dilində nəşr edildiyindən Əbülfəzl Hüseyinin məqaləsi tərcümə edilərək 1986-cı ilin yanvarında çap olunur. Məqalənin Rus dilində çap olunmuş variantı Moskvanın diqqətindən yayınmır. Oradan Azərbaycan KP MK-ya məqalə müəllifi və qəzet haqqında tədbir görülməsi göstərişi verilir. 1986-cı ilin oktyabrında Bakıda keçirilən Azərbaycan Kommunist Partiyasının plenumu heyvandarlığın qışa hazırlığı, yem tədarükü məsələlərinə həsr olsunsa da, məruzəci – Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov Əbülfəzl Hüseynini və onun məqaləsini çap etmiş “Sovet Naxçıvanı” qəzetini kəskin tənqid edir.
Bu tənqidə cavab olaraq Naxçıvan Vilayət Partiya Komitəsi “Sovet Naxçıvanı” qəzetinin fəaliyyətini yoxlamaq üçün xüsusi komissiya yaradır. Komissiyanın hazırladığı arayış Naxçıvan Vilayət Partiya Komitəsinin bürosunda geniş müzakirə olunur, qəzetin fəaliyyəti kəskin tənqid olunur, Əbülfəzl Hüseyninin məqaləsini çapa hazırlayanlar cəzalandırılır.
Bu basqılara dözə bilməyən Əbülfəzl Hüseyni 1987-ci ilin dekabr ayında Bakıda vəfat edir.
İki qızı vardı: Selvina və Şəlalə. Selvina atasından bir neçə il sonra dünyasını dəyişib.
Dostları ilə paylaş: |