Nəzarət paneli.
Bəzi alətləri və ya funksiyaları istifadə edərkən bu panel vasitəsilə həmin funksiyaların bəzi parametrlərini tənzimləmək olar. Məsələn yazı alətini (type tool) aktivləşdirib sənədə mətn daxil edərkən Nəzarət Panelində yazıya aid olan bəzi xüsusiyyətlər aktivləşir. Bu zaman siz paneldən şrifti, onun ölçüsünü, stilini, rəngini və s. tənzimləyə bilərsiniz.
Alətlər paneli.
Alətlər paneli Adobe Photoshop-un ən güclü hissəsidir. Təbii ki, bunu bir az obrazlı ifadə kimi qəbul edin, çünki digər hissələr də kifayət qədər funksionaldır və onlar olmadan yaxşı bir iş ortaya çıxartmaq demək olar ki, mümkün deyil. Amma rus saytlarının birində uzun müddət aktiv istifadəçi olarkən şahidi olurdum ki, rəssam dizaynerlər başda fırça aləti olmaqla, cəmi bir neçə alətin köməkliyi ilə çox güclü foto-realistik rəsm əsərlərini necə çəkirlər. Ona görə də hər bir dizayner bu alətlərdən düzgün və yerində istifadə etməyi bacarmalıdır. Bu paneldəki müxtəlif fırçalar, seçim, korreksiya alətləri, ştamp, rəng və hərəkət etdirmə alətləri və s. dizayn işi zamanı bizə tez-tez yardım edəcək.
Sənəd.
Fotoşopda boş sənəd yaradarkən və ya yaddaşda olan hər hansı bir şəkli açarkən sənəd pəncərəsi aktivləşmiş olur. Bu hissə haqqında uzun danışmadan keçək növbəti hissəyə, çünki Adobe Photoshop-da sənədin yaradılması və onunla sadə əməliyyatlar haqqında növbəti dərsdə məlumat verəcəm.
Pəncərələr.
Adobe Photoshop-un nə qədər funksional və çoxşaxəli olduğunu görmək istəyən onun pəncərələrinə, oradakı funksiyalara sadəcə göz gəzdirməsi kifayət edər. Qatlarla primitiv əməliyyatlardan başlamış rəng korrkesiyasına kimi, fayl (şəkil, foto) haqqında müxtəlif informasiyalar, mətn, fırça, animasiya üçün çoxsaylı xüsusiyyətləri özündə əks etdirən pəncərələr bu proqramda işləməyi çox maraqlı bir prosesə çevirir. Bu pəncərələr və oradakı funksiyalar haqqında yeri gəldikcə çox söhbət açılacaq.
İlk öncə Fotoşopu açıb boş səhifə yaradırıq.
Ölçüsünü və faylın adını istəyinizə görə verə bilərsiniz.
Photoshop-da qradient rəng keçidləri əsasən iki formada çəkilə bilər. Birinci alətlər panelində yerləşən Gradient Tool (G) vasitəsilə.
Bu metodla fonu daha operativ rəngləmək olur. Amma özünəməxsus çatışmazlıqları da var ki, bu barədə az sonra.
Adobe Photoshop-un alətlər panelinin aşağı hissəsində iki rəng seçimi xanası mövcud olur. Foreground və Background Color, yəni ön və arxa rənglər. Adi halda ağ və qara olan bu rənglər fotoşopun bir sıra funksiya və effektlərində iştirak etdiyi kimi çox vaxt rəng keçidlərinin əsasını da təşkil edəcək.
Xanalardakı rəngləri dəyişmək üçün sadəcə onların üzərində klik etmək kifayətdir. Nəticədə bizə tanış olan rəng seçimi pəncərəsi açılır.
Gradient Tool (G) aktiv olduqda proqramın yuxarı hissəsində yerləşən Nəzarət Panelində keçidləri tənzimləmək üçün bir sıra parametrlər aktiv olur.
Onlardan əsasən ikisiylə daha çox iş görməli olacağıq. Solda yerləşən qradientin görüntüsü və
ondan bir az sağda olan keçidlərin növləri.
Qradient görüntüsünün sağ tərəfindəki kiçik ox işarəsini (qara üçbucaq) basdıqda hazır keçidləri görə bilərik.
Əgər onlardan hansısa bizi qane edirsə, üzərində klik etməklə seçib fonu rəngləyirik. Yox əgər fərqli bir effekt almaq fikrimiz varsa o zaman görüntünün birbaşa üzərində klik edirik.
Nəticədə Gradient Editor, yəni qradient redaktoru pəncərəsi açılmış olacaq.
Pəncərədəki Presets bölməsi hazır qradient formalarına cavab verir. Şəkildən də göründüyü kimi ilk keçid şablonları seçdiyimiz qırmızı rənglərə uyğun gəlir. Bir az aşağıda hazırlayacağımız qradientə ad vermək üçün Name bölməsi yerləşir. Amma ora nə isə yazmağa bir o qədər də ehtiyac yoxdur. Zamanımızı daha çox qradient üçün uğurlu rəng seçiminə xərcələməliyik.
Presets bölməsinin sağında yerləşən ox işarəsini basmaqla açılan menyudan da faydalanmaq olar. Burada qradientləri göstərən xanaların müxtəlif formaları, müxtəlif rəng keçidi şablonları
yerləşir.
Pəncərənin aşağı hissəsində rəng şkalası yerləşir. Şkalanın həm alt, həm də üst hissəsində qara oxları görə bilirik. Yuxarıdakı oxlar rəngin şəffaflığını müəyyən edirsə, aşağıdakılar birbaşa rəngi seçməyə kömək edir. Oxlardan brinin üzərində klik edərkən əmələ gələn rombşəkilli işarə isə keçidin orta nöqtəsini göstərir.
Şkalanın aşağı hissəsindəki ox işarələrini vurduqda ona məxsus parametrlər aktivləşir. Color bölməsinə daxil olmaqla keçidin rəngini seçə bilərik. Keçidlərə istənilən sayda aralıq rənglər də əlavə edib, sonra da silmək mümkündür. Bunun üçün sadəcə kursoru rəng şkalasından azacıq aşağı hissəyə gətiririk. Kursor “əl” şəkli aldıqdan sonra istənilən yerdə klik etməklə köməkçi oxu artırmış oluruq. Onu silmək üçünsə oxun üzərindən tutub yuxarı və ya aşağı hərəkət etdirmək yetər.
Dostları ilə paylaş: |