F S L 12. Alman tariX M KT BL R § almaniyada siyasi QT sadin
§5. KEYNS NƏZƏRİYYƏSİNDƏ QİYMƏT VƏ İNFLYASİYA. KEYNSÇİLİK VƏ ONUN ƏSAS CƏRƏYANLARI
İqtisadi siyasətində iqtisadiyyatın milli xarakterini qəbul edən Keyns öz tədqiqatlarında pul nəzəriyyəsinə xüsusi diqqət yetirmişdir. Ölkədə pul kütləsinin artırılmasının tərəfdarı olan Keyns onların istehsalda investisiya olunması üçün aşağı faiz dərəcələri ilə tətbiq olunması imkanlarını göstərirdi. Bununla yanaşı o qeyd edirdi ki. pul çatışmazlığı işsizliyin əsas səbəbidir. Pul kütləsinin artırılması, faiz dərəcələrinin aşağı salınmasını göstərən Keyns eyni zamanda qiymətlərin yüksəldilməsini də təklif edirdi. Bunu da xüsusən ticarətin və istehsalın genişləndirilməsinin mümkün amili hesab edirdi.
İnflyasiya ilə əlaqədar o göstərirdi ki, nə qədər ki, istehsal amillərinin tam məşğulluğu yoxdur, onların istifadə olunması səviyyəsi, pulun kəmiyyətinə uyğun olaraq dəyişiləcək, yox əgər oların tam məşğulluğu varsa, onda qiymətlər, pul məbləğinə uyğun dəyişiləcək.
Lakin səmərəli tələb, mövcud natamam məşğulluq şəraitində də, pul kütləsinə uyğun proporsiyada dəyişməyəcək. Çünki onun dəyişilməsi üç elementin uzlaşmasından asılıdır. Birincisi, likvidlik qrafikindən. Bu faiz normasının aşağı düşməsindən asılı olaraq, əlavə pul kəmiyyətini nağd saxlamaq istəyənləri əks etdirir. İkincisi, son səmərəlilik qrafikindən. Bu mövcud faiz normasının aşağı düşməsi ilə investisiyanın yüksəldilməsini əks etdirir. Üçüncüsü, multiplikatorlu investisiya qrafikdən. Bu mövcud investisiyanın artımının, bütövlükdə səmərəli tələbin yüksəlməsini əks etdirir.21 Resursların istifadə olunması səviyyəsi yüksəldikcə, onların səmərəliliyi aşağı düşəcək, istehsal xərclərinin kəmiyyəti yüksələcək. Bundan əlavə, müxtəlif növ istehsal olunan məhsulların elastiklikləri müxtəlif olduğundan, onların bir qisminin təklif olunması, resursların tam istifadə olunmasına qədər qeyri-elastik olacaq. Eyni zamanda resursların tam cəlb olunmasına qədər əmək haqqının artımı meyli, ayrı-ayrı işçilər üçün müxtəlif səviyyədə baş verəcək. Bütün bunları nəzərə alan Keyns qeyd edirdi ki, "mövcud istifadə olunmamış resurslar və qiymətlər şəraitində, biz sabit qiymət əvəzinə, praktiki olaraq resursların tam istifadə olunduğu şəraitdə pul məbləğinin proporsional şəkildə artan qiymətləri müşahidə edəcəyik. Bu qiymətlər məşğulluğun artımı ilə tədricən artır."22 Keyns qiymət nəzəriyyəsində, yəni pul kəmiyyətinin dəyişməsi ilə qiymət səviyyəsinin dəyişməsi arasındakı nisbəti, onlara təsir göstərən bütün mürəkkəb amillər qrupunun təhlili ilə aparırdı.
Mürəkkəb tədqiqat modelinə keçən Keyns göstərirdi ki, hər cür pul təklifinin artımı, qiymətlərin artımı ilə əmək haqqının yüksəldilməsi, istehlakın və məşğulluğun artımı həddi arasında fəaliyyət göstərəcək. Yəni pul təklifi yüksəldikcə, cəmiyyətin həyatında iki mühüm, bir-birini əsaslandıran və tədricən bir-biri ilə bir araya sığmayan iki meyar baş verir. Bir tərəfdən hamının istədiyi əmək haqqının yüksəlməsi, istehsalın miqyasının və məşğuluğun artması baş verir. Digər tərəfdən çoxlarının istəmədiyi, lakin labüd iqtisadi proseslərdən doğan qiymətlərin yüksəlməsi baş verir. Bu əsasdan da o, mütləq inflyasiya ilə yarım inflyasiyanı fərqləndirir. Burada əsas meyar məşğulluq səviyyəsi götürülür. Yəni tam məşğulluq şəraitində səmərəli tələbə cavab olaraq baş verən inflyasiya yarımçıq formada qəbul edilir.
Səmərəli tələbə görə əmək haqqının artımı ilə əmtəə və xidmətlərin qiymətlərinin artımını fərqləndirən Keyns göstərirdi ki, heç vaxt onlar eyni proporsiyada baş vermir. Burada o, qiymətlərin daha üstün artımı meylini göstərirdi. Uzun bir müddət ərzində qiymətlər həmişə artım istiqamətində dəyişilir.
Keyns qeyd edirdi ki, qiymətlərin sabitliyi və ya qeyri-sabitliyi uzun müddət üçün əmək haqqı vahidinin artım sürətinin istehsalın səmərəliliyinin artım sürətinə nisbətən üstünlüyü meylindən asılıdır.
Buradan da belə qənaətə gəlmək olar ki, Keyns öz əsərində istehsal xərcləri inflyasiyası nəzəriyyəsinin əsasını qoymuşdur. Yəni qiymətlərin artımı, tam məşğulluğu qədər baş verən əmək haqqının yüksəldilməsindən asılıdır. Ona görə də o, əmək haqqının hər vahidinə düşən səmərəli tələbi hesablamağa cəhd göstərirdi. Bununla da real səmərə ilə əmək haqqının artımına yönəldilmiş pulu fərqləndirirdi.
Keynsə qədərki, yeni klassik nəzəriyyədə tələbin və məşğulluğun artımının əsas mənbəyi əmək haqqının aşağı salınması hesab edilirdi. Bu meyli çox ətraflı tədqiq edən Keyns belə qənaətə gəlmişdi ki, ona o vaxt nail olmaq olar ki, səmərəli tələb parametrini əhatə edən üç amili, istehlaka yönümlülüyü, kapitalın son səmərəliliyini və faiz normasının aşağı düşmə meylini eyni vaxtda əhatə etmiş olsun. Lakin əmək haqqının aşağı salınması səmərəli tələbi yalnız o vaxt əhatə edir ki, o zaman faiz norması aşağı düşmüş olsun. Belə aşağı salınma səmərəsi isə yalnız pul təklifinin artımı sahəsində aparılan bank siyasətindən asılıdır. Keyns göstərirdi ki, bir halda ki, vəziyyət belədir onda əmək haqqının aşağı salınmasının nə mənası var. Çünki onun aşağı salınması bir çox sosial çətinlikləri törədir. Halbuki, bank siyasəti vasitəsi ilə faiz normasını aşağı salmaqla səmərəli tələbin artımına nail olmaq olar.
Bütün bunları nəzərə alan Keyns sübut etdi ki, səmərəli tələbin artımına əmək haqqının aşağı salınması deyil, onun sabit saxlanılması ilə nail olmaq olar.
Keynsin irəli sürmüş olduğu ideyalar elmi cəhətdən nə qədər tutarlı və metodoloji baxımından nə qədər dərk olunan olsa da, o bazar sistemli ölkələrin iqtisadçıları arasında birmənalı qəbul olunmadı. Onun "səmərəli tələb" nəzəriyyəsi, iqtisadiyyatın makro səviyyədə dövlət tənzimlənməsi, məşğulluq, faiz dərəcəsi, əmək haqqı, inflyasiya, pul-kredit və büdcə-vergi siyasəti, iqtisadi artım, böhranlar, iqtisadi tsikl və s. haqqında irəli srmüş olduğu ideyaları bir sıra ölkələrdə iqtisadçılar tərəfindən qəbul edilsə də, lakin onlar ona öz tənqidi mülahizələrini də bildirirdilər. Lakin Keynsin irəli sürmüş olduğu iqtisadi konsepsiya, D.Rikardo, K.Marks, L.Valras və A.Marşallda olduğu kimi, onu da tənqid hədəfinə çevirdi. Bütün tənqidlərə baxmayaraq dövr keçdikcə onun iqtisadi konsepsiyası öz həyatiliyini göstərirdi. Bu əsasdan da keynsçilik bir iqtisadi cərəyan kimi mövcud olmağa başlayır. Keynisçilik vahid bir istiqamət olmayıb, öz tətbiqində üç cərəyana bölünür. Birincisi, radikal islahatçı cərəyanı, başlıca olaraq inhisarçı dövlət kapitalizminin mənafeyini müdafiə edir. İkincisi, liberal cərəyan, bunlar da inhisarçılığı müdafiə etməklə kapitalist iqtisadiyyatının sabitliyini başqa vasitələrdə axtarmağa üstünlük verirlər. Üçüncüsü, sol keynsçilərdir ki, onlar da iqtisadi inkişafı əsaslı səmərəli tələb səviyyəsinə təsir göstərən milli gəlirin bölgüsündə görürlər.
Bu proses Keyns nəzəriyyəsinin keçən son 60 ili ərzində davam etmiş və onu müasir keynsçilik cərəyanına gətirib çıxarmışdır. Keynsin nəzəriyyəsi ilə müasir keynsçilik üst-üstə düşmür. Bütün elmi istiqamətlərdə olduğu kimi Keyns nəzəriyyəsi sadəcə təkrar olunmamış, ondan metodoloji əsas kimi istifadə olunmaqla, inkişaf etdirilmişdir. Bununla əlaqədar Keynsin özündə olmayan, oldüqca mütərəqqi elmi konsepsiyalar meydana gəlməyə başlamışdır.
Müasir keynsçilik cərəyanı haqqında danışarkən burada əsasən iki ölkənin ABŞ və Fransa iqtisadçılarının adını qeyd etmək lazımdır.
Amerikada Keyns nəzəriyyəsinin davamçılarından S.Xarrisi, E.Xanseni, C.Klarkın və b. qeyd etmək olar. Onlar öz əsərlərində Keynsin işsizlik və böhran, multiplikator, iqtisadiyyatın tənzimlənməsi və dövlətin həlledici rolu haqqındakı əsas müddəalarını qəbul etməklə, iqtisadiyyatda yeni cərəyan kimi, konkret spesifik şəraitə uyğun öz elmi konsepsiyalarını gətirdilər.
Bazar iqtisadiyyatının ən üstün cəhəti kimi nəzərdə tutulan özü-özünə tənzimlənmə ideyasını, Keyns öz "səmərəli tələb" nəzəriyyəsi ilə birləşdirərək sübut etdi ki, iqtisadi resurslardan yalnız dövlətin iqtisadiyyata müdaxiləsi ilə daha səmərəli istifadə etmək olur. Məhz bu əsasdan da Amerika məktəbinin nümayəndələri göstərdilər ki, iqtisadi konyukturadan asılı olaraq dövlət öz xərclərindən manevredici formada istifadə edə bilər.
Belə ki, iqtisadiyyatın yüksəldiyi şəraitdə investorlar məhdudlaşır. Lakin aşağı endiyi şəraitdə yüksəlir. Bununla əlaqədar olaraq dövlət büdcəsinin iqtisadi artımın, iqtisadiyyatın tənzimlənməsinin əsas mexanizmi olduğunu göstərirdilər.
Dövlət büdcəsinin formalaşmasında vergilərin rolunu nəzərə alaraq, Keyns nəzəriyyəsinə tamamilə əsaslanaraq, amerikan iqtisadçıları hesab edirdilər ki, əhalidən tutulan vergilərin məbləği 25 faiz və bir qədər ondan çox ola bilər.
Keyns nəzəriyyəsində multiplikator prinsipi əsas yer tuturdusa və o, gəlirlərin artım səviyyəsinin investisiyalardan asılılığını göstərirdisə, lakin Amerika keynsçiləri əvvəlcə E.Xansen, sonra C.Klark və b. iqtisadiyyatda yeni akselerator prinsipini gətirdilər. Akselerator prinsipi multiplikator prinsipinin əksi olaraq, gəlirlərin artımı ilə investisiyanın artımını əks etdirir. Burada əsas diqqət istehsal müddətinə verilərək maşın və avadanlıqların genişlənməsi prosesi ilə əlaqədar irəli gələn real investisiyaya olan tələbin artması nəzərdə tutulur. Əgər multiplikator kapital qoyuluşunun artımı ilə müşahidə olunursa, lakin akselerator gəlirlərin artımının kapital qoyuluşunun yüksəldilməsi meyli ilə xarakterizə olunur.
Müasir təkrar istehsal nəzəriyyəsinin əsasında demək olar ki, amerikan iqtisadçılarının irəli sürdüyü akselerator prinsipi üstün yer tutur.
Qərbi Avropa ölkələrində faşist Almaniyası ilkin olaraq Keynsin iqtisadiyyatın dövlət tənzimlənməsi ideyasını qəbul etdi. Faşist nazir Y.Şaxt göstərirdi ki, Keynsin nəzəriyyəsi, milli-sosialist iqtisadiyyatının əsaslandırılması üçün olduqca yararlıdır. Lakin faşizmin təcavüzkarlığı, bu nəzəriyyənin ölkə iqtisadiyyatına tətbiq olunmasına əngəl törətdi.
Lakin 40-cı illərin əvvəllərində Fransa iqtisadi fikrində keynsçilik yer tutmağa başladı. Əgər bir sıra iqtisadçılar Q.Arden, P.Mendes-Frans, Keynsin nəzəriyyəsini heç bir düzəliş olmadan qəbul edirdilərsə, lakin F.Perru və b. dövlətin iqtisadiyyata müdaxiləsi ideyasını tənqidi şəkildə qəbul edirdilər. Xüsusən yeni investisiyaların stimullaşdırıcı vasitəsi hesab olunan borc faizinin tənzimlənməsini vacib hesab etmirdilər. Bununla əlaqədar fransız iqtisadçıları iqtisadiyyatın planlaşdırılmasına üstünlük verirdilər. Planlaşma ilə iqtisadiyyatın strukturuna və müvafiq artım sürətinə, eləcə də fasiləsiz investisiya prosesinə nail olmağın mümkünlüyünü sübut edirdilər.
Lakin bu planlaşmanı indikativ formada, yalnız dövlət sektorunda iqtisadiyyatın uzunmüddətli proqnozlaşdırılması ilə əlaqələndirirdilər. Heç cür kooperativ planlaşdırmaya yol verməməyi təklif edirdilər. Yəni iqtisadiyyatın həm dövlət, həm kooperativ, həm də xüsusi sektorunu vəhdət şəklində əhatə edən imperativ planlaşdırma direktiv, sosialist xarakter daşıdığından, onu iqtisadiyyata tətbiq etmək olmaz.
1950-ci illərdən başlayaraq Massaçust Texnoloji Universitetinin professoru Evsey Domar və Oksford Universitetinin professoru Robert Xarrod Keynsin iqtisadiyyatın dövlət tənzimləməsi mümkünlüyünü və imkanlarını nəzərə alaraq iqtisadi artım sürətinin daimi mexanizmini təmin edən yeni nəzəriyyə işləyib hazırladılar.
İqtisadiyyatda dinamik müvazinətın qorunması üçün bütün istehsal güclərindən və əmək resurslarından istifadə olunmasına əsaslanan daimi iqtisadi artım sürəti nəzəriyyəsi, Keynsin iqtisadi konsepsiyasından irəli gələn ən mütərəqqi elmi istiqamətdir.
Keyns nəzəriyyəsi, təkcə bir cərəyan kimi, yalnız 30-cu illərdən başlayaraq iqtisadi proseslərin tədqiqində tətbiq olunmaqla hüdudlanmayıb. 70-ci illərdən başlayaraq bu cərəyan yeni keynsçilik istiqamətlərində formalaşmağa başlamışdır. Düzdür, əvvəllər postkeynsçilik nəzəriyyəsi istiqamətində tədqiqatlar aparılırdısa, lakin 70-ci illərin sonundan başlayaraq yeni keynsçilik nəzəriyyələri meydana gəlməyə başladı. Bu nəzəriyyədə Keynsin qeyri-müvazinət modeli əsas yer tuturdu. Yeni keynisçilik nəzəriyyəsində qeyri-müvazinətlik, Valrasın ümumi müvazinətə konsepsiyası əsas götürülürdü. Burada bazar növlərinin qarşılıqlı əlaqədə olması və eyni vaxtda dəyişikliklərə məruz qalması ilə izah olunurdu ki, bu Keynsin qeyri-müvazinətlə bağlı gəlmiş olduğu fikri təsdiqləyirdi.
Bu istiqamətdə aparılan tədqiqatlar böyük uğur qazanmasa da, lakin nominal qiymətlərlə əmək haqqının sərt qovuşdurulması qeyri-müvazinətə və işsizliyə səbəb olacağı ideyası bir daha əsaslandırıldı.
Keyns nəzəriyyəsinə dəyərli töhfələr gətirən iqtisadçılardan Nobel mükafatı laureatları C.Tobini, F.Xanini, R.Lukası, C.Stiqlisi və b.-nı qeyd etmək olar.
Yeni keynsçilik nəzəriyyəsini neokeynsçilik nəzəriyyəsindən fərqləndirmək lazımdır. Çünki neokeynsçilik nəzəriyyəsinin nümayəndələri, müharibədən sonrakı illər ərzində iqtisadi tsikl və artım sahəsində tədqiqat aparanlar idilər.
Yeni keynsçilik nəzəriyyəsində əsas istiqamətlərdən biri də inhisarçılıq və qeyri-təkmil informasiya şəriatində iqtisadi proseslərin gedişatının qəbul olunmasıdır. İnhisarçılıq elementlərinin meydana gəlməsini bir qayda olaraq yeni keynsçilik nəzəriyyəsinin nümayəndələri istehsal olunan məhsulların yekcins olmaması ilə izah edirdilər.
Ümumiyyətlə, keynsçilik öz fəaliyyətinə görə üç istiqamətə bölünür: postkeynsçilik, neokeynsçilik və yeni keynsçilik.
Keynsçilik nəzəriyyəsinin əsas aparıcı istiqaməti postkeynsçilikdir. Belə ki, bu cərəyanın nümayəndələri "Keyns inqilabının əhəmiyyətini" hər vasitə ilə müdafiə edərək onu neoklassik səviyyəyə qaldırırlar.
Postkeynsçilik cərəyanının ən görkəmli nümayəndələrini Con Robinsonu, Nikalas Kaldoru və Pyer Sraffanı hesab etmək olar. Postkeynsçiliyə baxış, 1956-cı ildə iki iri sanballı işin dərc olunmasına təsadüf edir. Bunlardan biri C.Robinsonun dərc etdirdiyi "Kapital yığımı" əsəri və N.Kaldorun dərc etdirdiyi "Bölgünün alternativ nəzəriyyəsi" əsərləridir. 1960-cı ildə P.Sraffanın dərc etdirdiyi "Əmtəə vasitəsi ilə istehsal olunan əmtəələr" əsəri postkeynsçilik istiqamətinin bir cərəyan kimi tam formalaşmasına səbəb oldu.
Postkeynsçilik cərəyanının nümayəndələri Keyns inqilabını başa vurmaq üçün onun makroiqtisadi nəzəriyyəsinə əsaslanmaqla yanaşı, eyni zamanda iqtisadi proseslərin izahına qiymətqoyma və bölgüdən istifadə etməyə də xüsusi diqqət yetirirdilər.
Postkeynsçilik öz ideyasına, metodologiyasına və tədqiqat obyektinə görə üç istiqamətə bölünür. Bunlar monetar, kaletskiçilik və neorikardoçuluq istiqamətləridir.
Monetar postkeynsçiliyin əsas xüsusiyyəti, iqtisadiyyatda pulun rolunun gücləndirilməsi ilə bağlıdır. Pulun iqtisadiyyatda oynadığı müstəsna rolu nəzərə alınmaqla təkrar istehsal prosesinin artım və miqyasına olan təsir öyrənilmişdir. Keynsin pulun istehsalın miqyasına və məşğulluğun səviyyəsinə olan təsiri əsas meyar kimi qəbul edilmişdir.
Bu cərəyan əsasən ABŞ-da, İngiltərədə, Kanadada geniş vüsət almışdır.
Kaletskiçilik postkeynsçiliyin fərqləndirici xüsusiyyəti, Polşa iqtisadçısı Kaletskinin səmərəli tələbin qeyri-təkmil rəqabət şəraitində öyrənilməsi ideyasının əsas götürülməsi ilə əlaqədar olduğunun göstərilməsidir.
80-cı illərdə meydana gələn bu cərəyan əsasən İngiltərədə, Kanadada, Avstriyada, İtaliyada geniş yayılmışdır. Bu cərəyanın nümayəndələri Kaletskinin ardıcılları kimi, makroiqtisadi nəzəriyyənin mikroiqtisadi aspektlərinə üstünlük verirlər. Onlar əvvəla, Marşall elementlərini qəbul etmirlər. Halbuki bu cəhət monetar postkeynsçilikdə üstünlük təşkil edirdi. İkincisi, təsərrüfat dinamikası, qısamüddətli və tsiklik şəkildə götürülərək real vəziyyətə uyğun öyrənilir. Üçüncüsü bölgü proseslərinin təhlili sırf sinfi mübarizəyə uyğun aparılır.
Postkeynsçilik cərəyanının üçüncü istiqaməti olan neorikardoçülüğün fərqləndirici xüsusiyyəti Keynsin səmərəli tələb nəzəriyyəsinin, Rikardonun dəyər nəzəriyyəsi ilə birləşdirilməsi ideyasından ibarətdir.
Neorikardoçülüğun başlıca olaraq İtaliyada geniş yayılmasına baxmayaraq, o İngiltərədə və Hindistanda da öyrənilmişdir. Bu istiqamətin nümayəndələri, Keyns nəzəriyyəsinin gəlirlərin və istehsalın səviyyəsini müəyyən edən əmanətlərlə investisiya arasında olan nisbət ideyasını əsas götürürlər.
Bununla yanaşı bu istiqamət üçün əsas cəhət müvazinətin müəyyənləşdirilməsi prinsipinin üstünlük təşkil etməsidir. Müvazinətın baş verməsi əsasən tələb və təklif arasında deyil, istehsal və bölgü şəraitlərinin uzlaşdırılmasında görülür. Müvazinətin özü isə iqtisadiyyatın bütün sektorları üçün vahid və ya eyni mənfəət normasını müəyyən etməklə, ona vahid əmək haqqı səviyyəsinin yaradılması kimi baxılırdı. Əmək haqqının bu səviyyəsinin isə istehsalın həcminə və məşğulluğun səviyyəsinə təsir göstərdiyi qeyd edilirdi.
Ümumiyyətlə, keynsçilik cərəyanının İngiltərədə, İtaliyada, Fransada, Kanadada və digər ölkələrdə geniş yayılmasına baxmayaraq, o əsasən ABŞ-da inkişaf etmişdir. Xüsusən bu istiqamətdə A.Xaninin və S.Xarrisin tədqiqatlarını qeyd etmək olar.
A.Xansen (1887-1975) "İqtisadi tsikllər və milli gəlir", "Keyns nəzəriyyəsinin rəhbər tutulması", "60-cı illərin iqtisadi problemləri" əsərlərində, S.Xansen (1897-1974) isə "Con M.Keyns iqtisadçı və siyasi xadim" əsərində Keyns nəzəriyyəsini inkişaf etdirmişlər. Onların tədqiqatları neokeynsçilik adı almışdır.
Neokeynsçilik üçün əsas xarakterik əlamət mövcud dövlət quruculuğu şəraitində işsizliyin və böhranın səbəblərini və onun iqtisadiyyatın dövlət tənzimlənməsi üçün daşıdığı əhəmiyyəti göstərməkdən ibarətdir. Bundan əlavə neokeynsçilik üçün xüsusi kapitalist bölməsinin inkişafını təmin etməkdən ötrü dövlət sifarişlərinin verilməsi xüsusiyyətlərinə diqqətin artırılması başlıca istiqamət kimi qəbul edilir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, keynsçilik nəzəriyyəsi postkeynsçilik, neokeynsçilik, yeni keynsçilik istiqamətində inkişaf etsə də, onların bir ümumi cəhəti vardır ki, o da Keyns nəzəriyyəsinin mövcud şəraitə uyğun olaraq inkişaf etdirilməsinə imkanın yaradılmasından ibarətdir.
Keynsin iqtisadi artım nəzəriyyəsi demək olar ki, artım nəzəriyyəsi sahəsində ediləcək bir sıra mühüm ümumi müddəaların əsaslanmasına imkan yaratmışdır. Bu istiqamətdə bir-birindən asılı olmayaraq ingilis iqtisadçısı R.Xarrodun və Amerika iqtisadçısı E.Domarın gəldikləri nəticələri xüsusi qeyd etmək lazımdır. Amerika iqtisadçısı D.Xemberqin təbirincə demiş olsaq, R.Xarrodun və E.Domarın artım modelləri, Keyns modeli çərçivəsində aparılan ilk ümumiləşmələri əks etdirən tədqiqatlardandır.
Belə ki, onların "iqtisadi dinamika" artım prosesini müəyyən edən amillərin rolunu qısa müddətdən uzun müddətə keçirə bilmişlər. Əgər Keynsin modelində milli gəlirin müvazinətinin formalaşması şəraiti əks olunursa, lakin R.Xarrodun və E.Domarın modelində milli gəlirin artım sürətini təmin edən müvazinətli və ya sabit məcmu şərtləri əks olunur.
İqtisadi artım nəzəriyyəsi mahiyyət etibarilə belə şəraitdə iki qrup amillərlə rastlaşır.
Birinci qısa müddət ərzində milli gəlirin sabit artım sürətini müəyyən edən şərtləri müəyyənləşdirmək, ikincisi isə bu vəziyyətdən asılı olan uzunmüddətli artıma imkan verən şərtləri əsaslandırmaq.
Sabit, daha doğrusu, qeyri-sabitli dinamik müvazinətli artım, əgər Keyns nəzəriyyəsi üçün xarakterik hal idisə, lakin Xarrod və Domar isə bu prosesi bilavasitə kapital qoyuluşu ilə və texniki tərəqqinin səviyyəsi ilə əlaqələndirirdilər.
Artıq qeyd etdiyimiz kimi, Keyns modelində artım problemi əmanət və investisiyanın nisbəti prizmasında öyrənilirdi. Əmanət və investisiya arasındakı müvazinət, dinamik müvazinəti xarakterizə edirdi.
Lakin Xarrod milli gəlirin artım sürəti ilə kapital qoyuluşunun artım süoəti arasındakı nisbətlə milli gəlirdəki əmanətlərin payı arasmındakı müvazinəti əsas götürmüşdür.
Xarrod qeyd edirdi ki, faktiki iqtisadi artım sürəti çox adamların cəhətlərindən və səhvlərindən asılı olaraq formalaşır.
Lakin hər bir artım, təbii artım səviyyəsi ilə hüdudlaşmalıdır. Bu da əhalinin artımından, mövcud iş qüvvəsinin təklifindən və istesalın texniki şəraitindən asılıdır.
Beləliklə, Keyns modelindən irəli gələn artım nəzəriyyələrini tədqiq edən iqtisadçılar belə qənaətə gəlmişlər ki, artım prosesinə imkan verən bütün amillər qarşılıqlı əlaqədədirlər. Bu da bir-birindən asılı olan iqtisadi əlaqələrin təkrar istehsalı sahəsində yeni istiqamətlərin meydana gəlməsinə səbəb olmuşdur.
Bütün bu deyilənləri ümumiləşdirib belə qənaətə gəlmək olar ki, Keyns səmərəli tələb nəzəriyyəsinin istehsalın, məşğulluğun tənzimlənməsinin keyfiyyətcə yeni konsepsiyasını yaratdı.
Bununla da o, birincisi, kapitalist iqtisadiyyatı üçün, ona qədər xas olan özü-özünü tənzimlənmə prinsipini rədd etdi. Göstərdi ki, kapitalist iqtisadiyyatında böhranlar baş verir. Səbəbi istehsal güclərindən, eləcə də əmək resurslarından tam istifadə olunmamasıdır. Sübut etdi ki, kapitalist iqtisadiyyatının müvazinətli inkişafı üçün təkcə bazar elementləri kifayət etmir.
İkincisi, o əsaslandırdı ki, cəmiyyətdə milli sərvətin artımı ilə, səmərəli tələbi qorumaq həm çətinləşir, həm də günün ən vacib məsələlərinə çevrilir. Gəlirlərin artımı, adamların əmanətlərə olan meylini gücləndirir.
Üçüncüsü, o sübut etdi ki, əmanətlərlə investisiyanı fərqləndirmək lazımdır. Çünki kapital yığımında əsas rolu əmanətlər deyil, investisiya oynayır. Əmanətlərlə investisiya arasında müvazinəti yaratmaq əslində iqtisadi aktivliyi təmin etmək deməkdir. Əgər əmanətlər investisiyadan azdırsa, iqtisadi aktivlik aşağı düşür. Əks istiqamətdə isə, yəni əmanətlər investisiyadan çox olarsa, onda iqtisadi aktivlik yüksəlir. Çünki hər bir əmanətin real məşğulluq səviyyəsindən, faiz dərəcəsindən asılı olaraq investisiya olunmaq imkanı var.
Dördüncüsü, makroiqtisadi təhlillə əlaqədar olaraq, onun irəli sürmüş olduğu ideyalar, müasir iqtisadi siyasətin formalaşmasına, xüsusən müasir keynsçilik cərəyanın qüvvətlənməsinə səbəb oldu.
Beşincisi, Keynsin iqtisadi ideyaları təkcə klassik bazar sistemli ölkələr üçün deyil, eyni zamanda bazar iqtisadiyyatına keçən ölkələr üçün də xüsusi əhəmiyyət kəsb edir. Ona görə də dünyanın bir sıra ölkələri öz milli iqtisadi inkişaf konsepsiyalarında Keynsin makroiqtisadi tənzimlənmə nəzəriyyəsindən irəli gələn ideyalardan da istifadə edirlər. Hazırda Azərbaycanda iqtisadi inkişaf prosesinin həyata keçirilməsində Keyns nəzəriyyəsindən irəli gələn müddəalardan istifadə olunur.