Sxem 1.3.
Turizm fəaliyyətində formalaşan dövriyyə vəsaitlərinin formulu
Mənbə: Ə.Q.Əlirzayev. “Turizmin iqtisadiyyatı və idarə edilməsi” 2010 dərslik vəsaitinin məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur.
Yuxarıda göstərilən sxemə əsasən deyə bilərik ki, bura Pul rolunda turizm məhsulunun yaradılması məqsədilə turizm müəssisələrinin avans şəklində əldə etdiyi maliyyə vəsaiti hesab olunur. Sxemdə qeyd olunmuş əmtəə isə turistlər üçün nəzərdə tutulmuş qeyri-maddi və maddi xidmətlərdir. Sxemdəki digər pul isə turizm müəssisəsinin istehsal etdiyi turizm məhsulunun satılması nəticəsində əldə olunmuş vəsaitdir. Dediklərimizi bir qədər də konkretləşdirsək, belə nəticəyə gələ bilərik ki, turizm müəssisəsi müştəridən pul formasında avans göturür və bu avans vasitəsilə əmtəəni formalaşdırır və son nəticədə əmtəənin satılması və ya realizə olunması nəticəsində mənfəət əldə etmiş olur.
Turizm müəssisələri üçün maliyyənin strukturu və tərkibi kifayət qədər əhəmiyyət kəsb edən məsələdir. Hər bir turizm müəssisəsinin və ya təşkilatının maliyyəsinin xarakterik cəhəti turagentliklərin və turoperatorların sayı ilə müəyyən olunur. Hər bir dünya ölkəsində turizm müəssisələrinin tərkibində turoperatorların və turagentliklərin bölgüsü müxtəlif nisbət əsasında həyata keçirilir. Məsələn, Rusiyada turizm müəssisələrinin tərkibinin 90%-ə qədərini turoperatorlar təşkil edirsə, yerdə qalan digər 10% turagentliklərin payına düşür. Turagentliklərlə turoperatorlar arasında müəyyən fərqlər vardır. Bu fərqlərdən ən başlıcası odur ki, turoperator dedikdə, turizm müəssisəsinin lisenziyalaşdırılmış bölməsi başa düşülür. Turoperator turizm məhsulun formalaşdırılması, həmin məhsulun hərəkətə gətirilməsi və satışı, eləcə də turların kompleksləşdirilməsini təmin edən turizm müəssisəsinin struktur vahidi hesab olunur. Turagentlik dedikdə isə, ekskursiya və turizm kanallarının axtarışı və satışı, eləcə də turizm-ekskursiya fəaliyyətinin davamlı inkişafını təmin edən informasiya, marketinq, reklam və digər bu kimi xidmətlərin göstərilməsini həyata keçirən vasitəçi təşkilat başa düşülür. Turagentliklərin turizm müəssisəsinin strukturundakı sayı əsasən dövriyyə vəsaitlərinin həcmində və strukturundan asılı olaraq müəyyənləşdirilir.
Turizm müəssisələrinin maliyyə resurslarının formalaşma mənbələri iki əsas xarakterik xüsusiyyətlə səciyyələnir. Həmin xarakterik xüsusiyyətlər aşağıdakılardan ibarətdir:[2]
Turizm bazarının subyektləri arasında formalaşan təsərrüfat əlaqələrinin xüsusiyyətləri əsasında;
Kredit və borc münasibətlərinin əsas xarakteri xüsusiyyətləri əsasında.
Turizm müəssisəsinin fəaliyyətində iki əsas anlayış-turizm məhsulunun satışı və turizm məhsulunun istehlakı anlayışları fərqləndirilir. Bu anlayışlar arasındakı əsas ferq onların realizə olunması vaxtı ilə əlaqədardır. Belə ki, turizm məhsulunun satışı çox əvvəl baş verir və bəzən yay fəslində istirahət etmək məqsədilə qış aylarından turizm məhsulu satılır. Bu, adətən qışda yay turizminin qiymətinin daha ucuz olması ilə əlaqədardır. Turizm məhsulunun istehlakı isə sırf istirahət zamanı, yəni turizm məhsulunun istifadəsi zamanı realizə olunur.
Turizm müəssisələrinin maliyyə mənbələri cəlb olunmuş maliyyə ehtiyatlarının mülkiyyət formasından asılı olaraq müxtəlif formada təsnifləşdirilir. Turizm müəssisələrinin maliyyə mənbələri arasında nəzərə çarpacaq dərəcədə turizm müəssisəsinin xüsusi vəsaitləri təşkil edir. Eyni zamanda da turizm müəssisələrinin maliyyələşmə mənbələri arasında xüsusi çəkiyə malik olan hissə isə kredit borcları hesabına əldə olunmuş maliyyədir. Belə ki, müasir iqtisadi şəraitdə demək olar ki, turizm müəssisəsinin maliyyə ehtiyatlarının 50%-i məhz kredit borclarının hesabına yaradılır.
Turizm müəssisələri və ya təşkilatları kredit borclarını əsasən, dövriyyə vəsaiti formasında həyata keçirir. Turoperatorların maliyyələşmə mənbələrinin 35%-i xüsusi ehtiyatları vasitəsilə təmin olunursa, digər 65% isə cəlb olunmuş maliyyə ehtiyatları tərəfindən təmin olunur. Turizm müəssisəsinin kredit götürmələrində əsas məqsəd isə həmin sözügedən kreditlərin yeni layihələrin və tikililərin reallaşdırılmasına sərf edilməsinə xidmət etməkdir.
Dostları ilə paylaş: |