Film və telelayihədə montaj
(Menecment (kino və TV üzrə) I kurs magistr Hümbət İsmayılov)
Film : Gilas Ağacı (1972)
Janr : Dram / uşaq
Prodüser : “Azərbaycanfilm” kinostudiyası
Ssenari : Əkrəm Əylisli “Gilas ağacı” adlı əsərindən
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Rafiq Qəmbərov
Quruluşçu rəssam : Fikrət Əhədov
Montaj : A.Flimonova
Bəstəkar : Nazim Əliverdibəyov
Baş rollar :
Nigar – Sevinc İsmayılova
Sadiq – Soltan Məmmədov
Qulam – MəmmədRza Şeyzaman
Müşəfər – Leyla Bədrbəyli
Film müharibənin cəmiyyətin hər bir üzvünə yaş,cins məhdudiyyəti olmadan ciddi fiziki,mənəvi,maddi,psixoloji təsirindən,fəsadlarından bəhs edir. Xüsusilə xəyal aləmində yaşayan uşaqlar üçün xəyal qırıqlığını təsvir edir. Kənd həyatında xoş gün-güzərana, enerjili və təbii həyata,oyunlara öyrəşmiş azyaşlıların həyatının bir anda necə dəyişə biləcəyini göstərir. Həmçinin, kənar ideyalar olaraq maddiyat və mənəviyyatın müxtəlif insanlar üzərində müxtəlif təsirini nümayiş etdirir. Bir qism insan çətin anlarda belə vicdanı, halal əməyi,zəhməti qoruyaraq digər insanlara da maddi,mənəvi dəstək olur bəzi insanlar isə hər bir fürsəti mənfi yöndə dəyərləndirir hətta insanların ən çətin şəraitindən belə istifadə edəcək qədər alçala bilir. Bunların hər biri filmdə öz əksini tapır.
Filmin əvvəlində kadrarxası səs müşayiəti ilə kənd həyatının gözəlliyi,təbiiliyi təsvir olunur. Kadrda ağaclar,heyvanlar, səma,su göründükcə quş səsləri, uşaqların oyun,əyləncə səsləri eşidilir.
Uşaqların şən və maraqlı nəğmələr səsləndirərək oyunlar oynamağı,gilas toplamağı təsvir olunur.
Müharibənin başlamağını təsvir etmək üçün iri planda bir bulud çəkilir və yavaş-yavaş kadr uzaqlaşır, bütöv səma görünür. Bu zaman filmin əvvəlində olan xoş musiqi sədaları gərgin və həyəcanlı musiqi ilə əvəz olunur. Müharibənin başladığı isə tamaşaçıya əvvəlcə kadrarxası səs ilə çatdırılır.
Cəngi sədaları altında kəndin kişilərinin döyüşə yollandığı göstərilir. Ruhlandıran musiqi ilə ailələrin vidalaşması kimi kədərli kadrları birgə istifadə edərək qismən kontrapunt yaradılıb.
Qulam baba onun cavan vaxtına təsadüf etmiş I dünya müharibəsini əvvəlcə səslər ilə xatırlayır. Sonra isə keçmişi əks etdirən görüntülər ekranda görünür.
Müharibə davam etdiyi müddətdə filmi hüznlü və həsrətli musiqilər müşayiət edir.
Kadrarxası səs müharibənin illərlə davam etdiyini səsləndirir və bu zaman axışını göstərmək üçün gilas ağaclarının bar verməyindən istifadə olunur. Gilas ağaclarə 2 dəfə bar versə də - 2 il ötsə də müharibə hələ bitməmişdi.
Qadınlar sahələrdə çalışarkən uşaqlar onların yanına gəlir. Sonra isə Sadiq və Nigar (uşaqlar) əkin sahəsində yatır. Sadiq bu zaman yuxu görür. Yuxu səhnəsindən əvvəl Sadiq gözünü səmaya dikib ulduzları izləyir və sonra ekranda ulduzlar qalsa da səma onun yuxusu ilə əvəz olunur.
Uşaqların oyun səhnələrindən birində poçtalyonun gəlişi göstərilir. Bu zaman uşaqlardan biri əllərini yerə qoyaraq başı üstə dayanır. Və poçtlayonun yaxınlaşdığını onun gözü ilə təsvir etmək üçün kamera da tərs tutulur. Poçtalyon həmin uşaq üçün “qara məktub” gətirir və gedişi təsvir olunanda kamera sürətlə dövr edir. Burada həmin uşağın həyatının dəyişməyi,dünyasının tərs fırlanmağı göstərilir.
Bu görüntüləri də həyəcanlı və kədərli musiqilər müşayiət edir.
Qulam baba dəyirmançıdır və böyük bir gilas bağı var. Müharibə boyu bütün kəndə əlindən gələn qədər ərzaq yardımı və mənəvi dəstək göstərir.
Bir gün yoldaşı Müşəfər nənə ona çay verərkən qəndin olmadığı göstərilir. Bu isə müharibənin uzun müddət davam etməyinin maddi zərərlərini göstərir.
Bir gün kəndə şən mahnılar oxuyaraq ,uzunqulaq ilə bir alverçi gəlir. Qulam babanın gilas ağaclarını görür,dadır və Müşəfər nənəyə müraciət edib onları satmağını təklif edir. Qarşılığında isə həm pul həm də ərzaq (çay,qənd və s.) təklif edir. Ərzaqları beh olaraq qoyub gedir.
Axşam Qulam baba evə gəlikdə Müşəfər nənə bu dəfə ona çayı qənd ilə təqdim edir. Qəndin hardan olduğunu bilmək üçün isə alverçi məsələsi aydınlaşır. Qulam baba buna kəskin etiraz edir, bağın uşaqlara aid olduğunu və onu heç kəsə sata bilməyəcəyini söyləyir. Müşəfər nənə isə :
- Eybi yox, mən çayı qəndsiz də içə bilirəm... deyərək ağlayır.
Qərarsız qalan Qulam baba “Necə istəyirsən et!” deyərək evi tərk edir və artıq dəyirmanda yaşayır. Uşaqlardan utandığı üçün onlara görünmək istəmir.
Alverçi gilasları alır və aparıb satır. Müşəfər nənə bu müddətdə pulu olsa da tək qalır. Və zamanla xəstələnir. Yataqda qalır. Bunu eşidən Qulam baba evə qayıdır və yoldaşına yardım edir. Ona baxa bilmək üçün məcbur olub özü də gilasları toplayıb bazara satmağa aparır. Bu zaman onların bağından gilas alan elverçi ilə rastlaşır. Lakin onu tanımır.
Bazardakı uşaqlar həmin alverçinin dəzgahına iştahla baxsa da alverçi onları qovur.
Qulam baba bunu görüb gilasları uşaqlara təmənnasız təqdim edir istədikləri qədər. Alverçi isə bunu görüb ora qaçır və uşaqları qovur. Sonra onun dəyirmançı Qulam olduğunu öyrənir. Qulam baba bu zaman onu rədd edir və uzaqlaşdırır. Burada maddiyat və mənəviyyata insanların reaksiyasının müxtəlif olduğu , onlara müxtəlif formada təsir etdiyini və hər kəsdə fərqli təzahür etiyini rejissor bizlərə göstərir.
Nigar ilə Sadiq bir təpəcikdə söhbət edərkən Nigar ac olduğunu bildirir. Sadiq isə onun üçün gilas tapacağını deyir və Qulam babanın bağına qaçır. Güclə gilas tapıb toplayır.Bu müddətdə Qulam baba evə qayıdıb həyətdə,gilas ağacının altında oturur. Yuxarıdan səslər gəldiyini eşidir və bir müddət sonra Sadiq o ağacdan yıxılır. Qulam baba ona dərhal yardım edir, evinə aparır. Bir müddət sonra Sadiqin anası təlaşlı halda ora gəlir və uşağını apararkən ağacı lənətləyir! Gilas ağaclarının qurumağını arzu edir.
Son səhnədə isə Qulam baba kədərli halda ağacı baltalamağa cəhd edir...Dayanır və ağaca sarılıb ağlayır...
Ağaca balta zərbəsi dəydikdə isə səmada quşların sürətlə qaçaraq uçuşduğu göstərilir...
Dostları ilə paylaş: |