Qaysın Quliyev (Qulilanı) (1917, Kabarda-Malkar Respublikasının Yuxarı Çeqemdəki Juvungu kəndi-1985) Uşaqlıqdan xalq şeirinə böyük həvəs göstərən və onları əzbərləyən Qaysın ilk şeirini orta məktəbdə oxuyarkən yazmışdır. 1934-cü ildə isə “Qara xalq” qəzetində şeiri çap olunmuşdur. Bolşeviklərin malkar xalqını ağ günlərə çıxarması, sosializmin xalqlara bərabərlik, azadlıq, əmin-amanlıq gətirdiyini tərənnüm və keçmişi tənqid edən gənc Qaysının dünyagörüşünün formalaşmasında Moskva mühitinin rolu böyük olmuşdur. 1935-ci ildə A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti Institutuna qəbul olunan gənc şair axşamlar SSRI Yazıçılar Ittifaqının nəzdindəki Ədəbiyyat Institutunun ali ədəbiyyat kurslarında dinləyici kimi iştirak edir. O, burada tanınmış şair, yazıçı və ədəbiyyatşünaslarla sıx ünsiyyətdə olmaqla yanaşı, gələcəyin bir çox istedadlı şair və yazıçıları ilə də dostlaşır. Moskva təhsili gənc şairi 37-ci il irticasından qurtarır.
1940-cı ildə vətənə dönərək ədəbiyyat müəllimi işləməklə yanaşı, Nalçikdə “Salam ertenlik” (“Salam səhər”) şeirlər kitabını nəşr etdirir. Ikinci Dünya Savaşında Sovet ordusunun tərkibində faşizmə qarşı döyüşür. Savaşdan geri dönəndə artıq onun xalqı sürgündə idi. SSRI Yazıçılar Ittifaqı Q.Quliyevin Nalçikdə qalması və yaradıcılığını davam etdirməsi üçün hökumətdən icazə alsa da, o, xalqı ilə birlikdə olmağa üstünlük verir və Qırğızıstana gedir. Sürgündə də ardıcıl bədii yaradıcılıqla məşğul olan şairin əsərlərinin mətbuata çıxması əngəllənir. O, şeirlərini çox vaxt dostlarının və tanışlarının yanında saxlayır, qorxur ki, xüsusi xidmət orqanlarının əlinə keçər. 1957-ci ildə xalqı ilə birlikdə vətənə döndükdən sonra Moskvaya gedir, M.Qorki adına Ali Ədəbiyyat Institutunda təhsilini tamamlayır. Elə həmin il də onun sürgündə yazdığı şeirləri iki kitab halında çap olunur (Kuliyev Kaysın, 1958).
Q.Quliyevin poeziyası savaş dövrünün mücərrəd, pafoslu təsvirlərdən sadə və aydın misralara keçir, 1950-ci illərdə sanki yeniləşir, yer üzünün insanları və təbiətini üçün rahatsız olan bir filosofun düşüncələrinə çevrilir. Savaşdan qayıtmış şair-cəbhəçinin gözlərində dünya yeniləşmiş, onun ürəyinə yaxın və əziz olmuşdur. Şeirlərində şəxsi duyğu və həyəcanlarını, millət və vətən sevgisini anladan, təbiət təsvirlərinə üstünlük verən şairin əsərləri hakim dairələr tərəfindən müsbət qarşılanmır. Bütün bunlara baxmayaraq, şair 1961-ci ildə “Janngı kitap” (Yeni kitab), 1963-cü ildə “Kök çinarla” (Göy çinarlar), 1965-ci ildə “Jaralı taş“, 1967-ci ildə “Üyügüze igilik” (Evinizə yaxşılıq), 1969-cu ildə “Çumla qızaradılar” (Zoğallar qızardılar), 1972-ci ildə “Jer kitabı” (Torpaq haqqında kitab) şeir kitablarını çap etdirir. Bu kitablardan “Jaralı taş” (Yaralı daş) ona 1966-ci ildə M.Qorki adına Ədəbiyyat Mükafatını, “Jer kitabı” isə 1974-cü ildə SSRI Dövlət Mükafatını qazandırır.
Şair “Dərələrin nəğməsi“ (1946-51) silsilə şeirlərində və “Jaralı taş” kitabında öz xalqının tarixi keçmişindən, vətənpərvərlik və müdrikliyindən bəhs edirdisə, “Lenin haqqında dağlar dastanı”nda (1959-1960) V.I.Leninin ideyalarını tərənnüm edir və bu ideyaları bəşəriyyətin xilası kimi tanıtmağa çalışırdı (ASE, 1979:266, 3-cü cild). Onun “Jer kitabı”, “Aşham” (1975), “Tünene. Bugün” (Dünən. Bugün, 1977), “Uçup barğan kanatlar” (Uçub gedən quşlar, 1980), “Keçe bla tang” (Gecə ilə dan yeri) (1985) və b. kitablarında toplanan şeirlər insanların mənəvi zənginliyinə, xalqlar dostluğuna, yaşadığı bölgənin təbiət gözəlliklərinə həsr edilmişdir.
Ömrünün son illərində yazdığı və ya çoxdan yazıb, çap etdirmədiyi bəzi şeirlər ölümündən sonra Nalçikdə çıxan üç cildlik əsərlərinə, eləcə də 1997-ci ildə çap olunan “Tauvla turğan kadarda” (Dağlar duran qədər) kitabına daxil edilmişdir.
Dostları ilə paylaş: |