(Filioğlu Vasi, 1995:31)
Göz atêrım: bu dolay
Ne gözäl, kıvrak giimni,
Yamaçlar, inip yola,
Karşılêêrlar geleni!
Soluêrım bol-bola,
Yutkunup damna-damna.
Güüs doymaz hiç bu solaa,
Tuz-taştan koparılma......
(Baş düverim)
“Benim Beşalmam”, “Bucak”, “Kısmet”, “Sevda”, “Ax, Kara deniz!” ,“Insanın ustalıı”, “Xoş gelmişin”, “Ko güller”, “Mamu” və b. şeirlərinin adları şairin mövzu və əhval-ruhiyyəsindən xəbər verir.
Stepan Stepan oğlu Bulgar (10.06.1953, Ukrayna Respublikası, Odessa vilayəti, Bolqrad rayonunun Kurçu kəndi). Qaqauz ədəbiyyatına nasir və naşir kimi daxil olmuşdur. Onun rəhbərliyi ilə qaqauz türkcəsində ilk ədəbi-bədii, tarixi, etnoqrafik jurnal - “Sabaa Ildızı” çıxır. Jurnalda çap olunan yazılar qaqauz ədəbiyyatının gəlişməsində (inkişafında) önəmli rol oynamaqdadır. Bu jurnalın sayəsində gənc istedadlar əsərlərini xalqa çatdıra bildiyi kimi, jurnal yeni nəslin ədəbiyyata gəlməsinə də yardımçı olur. Stepan Bulgar bir ara Qaqauz Yazıçılar Birliyinin sədri işləmişdir.
Unudulmuş qaqauzların taleyini daim diqqət mərkəzində saxlayan nasir tarixi mövzuya daha çox diqqət yetirir. Ikinci Dünya Savaşında Sovet dövləti tərəfindən mükafatlandırılan, lakin az təbliğ olunan insanlar haqqında yazmaqla onları ədəbi qəhrəmana çevirir. Hekayələrində ayrı-ayrı bölgələrdə yaşayan qaqauzların işlətdiyi, lakin ədəbi dilə keçməmiş şivə sözlərini gətirməklə ədəbi dili zənginləşdirir.
Yazıçı portret yaradarkən və personaj seçərkən xalq ənənələrindən – adamları ləqəblə, ayama ilə çağırmadan bacarıqla istifadə edir. Bu da elə ilk andaca oxucuda surətlərin xarakteri haqqında fikir formalaşdırır. Yazıçının əsərlərində xalqın gündəlik həyatından alınmış mövzular da çoxdur. Xəyanət, doğruluq, xəsislik, tənbəllik, dostluq, çalışqanlıq və b. məsələlər istər tarixi, istərsə çağdaş mövzularda yazdığı hekayələrdə özünə geniş yer tapmışdır.
Qaqauzlar arasında geniş yayılmış nağılların üzərində işləməklə onları yazılı ədəbiyyat nümunəsinə çevirmişdir. “Dev adamın oolu”, “Trakalı Öküz” kimi nağılları ilə çağdaş qaqauz ədəbiyyatına yeni bir üslub gətirmişdir. “Kaurma” povesti də nağıl üslubunda və etnoqrafik cizgilərlə zəngindir. Yazarın “O insan”, “Annadılmadık istoriya”, “Kırmızı küpa taşı” , “Ekmek için”, “Utancak”, “Kendi başına”, “Joltay məzarlıı” və başqa kiçik hekayələrinin dili sadə, mövzusu hər birimizin bildiyimiz hadisələrdən olsa da, daşıdığı məna yükü, təsir gücü böyükdür.
Dostları ilə paylaş: |