FriDRİx engels sosiALİZMİn utopiyadan elmə doğru iNKİŞafi I



Yüklə 206,66 Kb.
səhifə4/4
tarix17.07.2018
ölçüsü206,66 Kb.
#56993
1   2   3   4

Əgər böhranlar burjuaziyanın müasir məhsuldar qüvvələri idarə etməyə daha qadir olmadığını göstərmişdisə, iri istehsal müəssisələri və rabitə vasitələrinin səhmdar cəmiyyətlərinin, trestlərin əlinə və dövlət mülkiyyətinə keçməsi burjuaziyanın bu məqsədə daha lazım olmadığını sübut edir. Kapitalistin bütün ictimai vəzifələrini indi muzdlu qulluqçular ifa edir. Kapitalist üçün bolluca gəlir götürməkdən, kupon kəsməkdən və birjada oynayıb bir-birinin kapitallarını ələ keçirməkdən başqa bir ictimai fəaliyyət qalmamışdır. Əvvəllər fəhlələri sıxışdırıb aradan çıxaran kapitalist istehsal üsulu indi kapitalistlərin özlərini də sıxışdırıb aradan çıxarır, doğrudur, hələlik onları sənaye üçün ehtiyat ordusu sırasına deyil, yalnız gərəksiz əhali sırasına salır.

Lakin məhsuldar qüvvələrin nə səhmdar cəmiyyətləri və trestlərin əlinə keçməsi, nə də dövlət mülkiyyətinə çevrilməsi bu qüvvələrin kapitalist xarakterini aradan qaldırmır. Bu, səhmdar cəmiyyətləri və trestlər barəsində tamamilə aydın görünür. Müasir dövlət isə yenə də yalnız elə bir təşkilatdır ki, onu burjua cəmiyyəti, kapitalist istehsal üsulunun ümumi xarici şərtlərini həm fəhlələrin, həm də ayrı-ayrı kapitalistlərin qəsdlərindən qorumaq məqsədi ilə özü üçün yaradır. Müasir dövlət hansı formada olursa-olsun öz mahiyyəti e'tibarı ilə kapitalist maşınıdır, kapitalistlərin dövlətidir, ideal bir məcmu kapitalistdir. Bu dövlət nə qədər çox məhsuldar qüvvəni öz mülkiyyətinə çevirsə, bir o qədər mükəmməl surətdə məcmu kapitalistə çevrilər və bir o qədər çox vətəndaşı istismar edər. Fəhlələr muzdlu fəhlə, proletar olub qalacaqlar. Burada kapitalist münasibətləri məhv edilmək deyil, əksinə ifrata, ən yüksək nöqtəyə çatdırılır. Lakin ən yüksək nöqtədə çevriliş baş verir. Məhsuldar qüvvələr üzərində dövlət mülkiyyəti münaqişəni həll etmir, amma onu həll etmək üçün rəsmi bir vasitəni, imkanı özündə ehtiva edir.

Münaqişənin həlli ancaq bundan ibarət ola bilər ki, müasir məhsuldar qüvvələrin ictimai təbiəti işdə təsdiq edilsin və, deməli, istehsal, mənimsəmə və mübadilə üsulu istehsal vasitələrinin ictimai xarakterinə uyğunlaşdırılsın. Bu isə yalnız belə bir yolla ola bilər ki, ictimai üsuldan başqa heç bir digər üsulla idarə edilə bilməyəcək qədər inkişaf etmiş məhsuldar qüvvələri cəmiyyət, heç bir dolayı yolla getmədən açıqca öz ixtiyarına keçirsin. Bununla da istehsal vasitələrinin və məhsulların ictimai xarakterindən, yə'ni indi istehsalçıların öz əleyhinə çevrilib istehsal və mübadilə üsulunu vaxtaşırı sarsıdan və kor-koranə fəaliyyət göstərən təbiət qanunu kimi zor gücünə və dağıdıcılıqla özünə yol açan ictimai xarakterdən istehsalçılar tamamilə şüurlu istifadə edəcəklər və bu ictimai xarakter pozğunluq və vaxtaşırı iflaslar törədən səbəbdən dönüb ən güclü bir istehsal vasitəsi olacaqdır.

Biz ictimai qüvvələri dərk etmədikcə və bunlarla hesablaşmadıqca, təbii qüvvələr kimi onlar da kor-koranə, zorakı, dağıdıcı fəaliyyət göstərir. Lakin biz bunları dərk etdikdə, bunların fəaliyyətini, istiqamət və tə'sirini başa düşdükdə, bunları öz iradəmizə getdikcə daha çox tabe etmək və bunların vasitəsi ilə öz məqsədlərimizə çatmaq yalnız bizim özümüzdən asılıdır. Bu, xüsusən indiki qüdrətli məhsuldar qüvvələrə aiddir. Biz bunların təbiətvə xarakterini başa düşməkdən tə'kidlə boyun qaçırdıqca–bunu başa düşməyə isə kapitalist istehsal üsulu və onun müdafiəçiləri mane olurlar,–məhsuldar qüvvələr bizim əksimizə, bizim əleyhimizə fəaliyyət göstərir, yuxarıda ətraflı göstərdiyimiz kimi, bizə hakim olur. Lakin onların təbiətini başa düşdüyümüz zaman onlar iblisanə hökmdar halından çıxıb birləşmiş istehsalçıların əlində itaətkar qula çevrilə bilər. Buradakı fərq, tufan zamanı ildırımlarda olan elektrikin dağıdıcı gücü ilə teleqraf aparatında və qövs lampasında özümüzə tabe etmiş olduğumuz elektrik arasındakı fərqin eynidir, yanğın ilə insana xidmət edən od arasındakı fərqin eynidir. Müasir məhsuldar qüvvələrlə, bunların, nəhayət, dərk edilmiş təbiətinə uyğun surətdə rəftar edildiyi zaman, istehsaldakı ictimai hərc-mərcliyin yerini həm bütövlükdə cəmiyyətin, həm də hər bir cəmiyyət üzvunün tələbatına uyğun olaraq istehsalın ictimai-planlı tənzimi tutacaqdır. Məhsulun əvvəlcə istehsalçını, sonra da həmçinin mənimsəyəni əsarət altına almasına səbəb olan kapitalist mənimsəmə üsulunun yerini o zaman, müasir istehsal vasitələrinin öz təbiətinə əsaslanan yeni mənimsəmə üsulu tutacaqdır; bir tərəfdən, istehsalı davam etdirmək və genişləndirmək vasitəsi olaraq məhsulların bilavasitə ictimai üsulla mənimsənilməsi, digər tərəfdən də yaşamaq və zövq almaq vasitəsi olaraq bunların bilavasitə fərdi üsulla mənimsənilməsi tutacaqdır.

Əhalinin böyük əksəriyyətini getdikcə daha çox proletarlara çevirən kapitalist istehsal üsulu, ölüm təhlükəsi qarşısında belə bir çevrilişi həyata keçirməyə məcbur olan bir qüvvə yaradır. İctimailəşdirilmiş iri istehsal vasitələrini getdikcə daha artıq bir dərəcədə dövlət mülkiyyətinə çevirməyə məcbur edən kapitalist istehsal üsulu özü bu çevrilişi etmək yolunu göstərir. Proletariat dövlət hakimiyyətini ələ alır və hər şeydən əvvəl istehsal vasitələrini dövlət mülkiyyətinə çevirir. Lakin bununla da o özünü proletariat olmaq e'tibarı ilə məhv edir, bütün sinfi fərqləri və sinfi əkslikləri, bununla birlikdə isə dövləti də bir dövlət olmaq e'tibarı ilə məhv edir. Keçmişdən ta indiyədək mövcud olan və sinfi əksliklər içərisində hərəkət edən cəmiyyətə dövlət, yə'ni istismarçı sinfin təşkilatı lazım olmuşdur ki, bu sinfin xarici istehsal şəraitini qorusun, deməli, xüsusən istismar edilən sinfi mövcud istehsal usulundan asılı olan əsarət (köləlkk, təhkimçilik, ya feodal asılılığı, muzdlu əmək) şəraitində zorla saxlasın. Dövlət bütün cəmiyyətin rəsmi nümayəndəsi idi, onun zahiri bir şirkət halında birləşməsi idi, lakin dövlət yalnız ona görə belə olmuşdur ki, öz dövründə bütün cəmiyyəti təkbaşına təmsil edən bir sinfin dövləti idi: qədim zamanlar quldarların, yə'ni dövlət vətəndaşlarının, orta əsrlərdə feodal zadəganların dövləti idi, bizim zəmanəmizdə isə burjuaziyanın dövlətidir. Dövlət, nəhayət, doğrudan da bütün cəmiyyətin nümayəndəsi olduğu zaman öz-özünü gərəksiz edir. Əsarətdə saxlanılmalı olan heç bir ictimai sinif olmayacağı zaman, sinfi hökmranlıq aradan qalxacağı, hər kəsin öz yaşayışı uğrunda apardığı mübarizə, yə'ni indiki istehsal hərc-mərcliyindən doğan mübarizə daha aparılmayacağı zaman və bu mübarizədən irəli gələn toqquşma və təcavüzlər aradan qaldırılacağı zaman,–əsarətdə saxlanmalı heç kəs olmayacaq, əsarətdə saxlamaqdan ötrü xüsusi qüvvə olan dövlətə də ehtiyac qalmayacaqdır. Dövlətin bütün cəmiyyətin həqiqi nümayəndəsi kimi çıxış edib görəcəyi birinci iş, yə'ni istehsal vasitələrini cəmiyyət adından öz ixtiyarına keçirməsi işi, onun bir dövlət olaraq görəcəyi son müstəqil iş olacaqdır. Dövlət hakimiyyətinin ictimai münasibətlərə qarışması bir sahədə o birinin ardınca lüzumsuz olacaq və öz-özünə aradan qalxacaqdır. Şəxsləri idarə etmək əvəzinə şeylər idarə» olunacaq və istehsal proseslərinə rəhbərlik ediləcəkdir. Dövlət «ləğv edilmir», o ölüb gedir. «Azad xalq dövləti» ibarəsinə, yə'ni təşviqat vasitəsi kimi müəyyən vaxtadək mövcud olan, nəticə e'tibarı ilə isə elmi cəhətdən əsassız olan ibarəyə də bu nöqteyi-nəzərdən qiymət vermək lazımdır. Anarxist adlananların dövləti günü bu gün ləğv etmək tələbinə də məhz bu əsasla qiymət vermək lazımdır.

Kapitalist istehsal üsulu tarix səhnəsinə qədəm qoyduğu zamandan bəri, bütün istehsal vasitələrini cəmiyyətin öz ixtiyarına keçirməsini, həm ayrı-ayrı şəxslər, həm də bütöv sektalar çox vaxt gələcəyin az-çox dumanlı bir idealı şəklində təsəvvür etmişlər. Lakin bütün istehsal vasitələrini cəmiyyətin öz ixtiyarına keçirməsi üçün lazım gələn əməli şərait yetişdikdə, yalnız bu zaman onu etmək imkanı yarandı, o,–tarixi bir zərurət oldu. Hər bir başqa ictimai tərəqqi kimi, bu iş də, siniflərin mövcud olmasının ədalət, bərabərlik və sairəyə zidd olduğunu dərk etmək nəticəsində deyil, sadəcə olaraq sinifləri ləğv etmək arzusu nəticəsində deyil, müəyyən yeni iqtisadi şərait sayəsində həyata keçirilə bilir. Cəmiyyətin siniflərə, yə'ni istismar edən və istismar olunan, hakim və məzlum siniflərə bölünməsi–istehsalın əvvəllər cüzi inkişafının labüd nəticəsi idi. Məcmu ictimai əmək hamının ən zəruri yaşayış vasitələrindən azacıq artıq məhsul verdikcə və, deməli, əmək cəmiyyət üzvlərinin böyük əksəriyyətinin bütün vaxtını və ya vaxtının çox hissəsini əlindən aldıqca, bu cəmiyyət labüd olaraq siniflərə bölünür. Yalnız icbari əməklə məşğul olan həmin böyük əksəriyyətlə yanaşı olaraq, bilavasitə məhsuldar əməkdən azad olan və cəmiyyətdə əməyi idarə etmək, dövlət işləri, məhkəmə, elm, incəsənət və i.a. kimi ümumi işlərlə məşğul olan bir sinif əmələ gəlir. Deməli, cəmiyyətin siniflərə bölünməsinin əsasını əmək bölgüsü qanunu təşkil edir. Lakin bu, siniflər əmələ gələrkən zorakılıq, soyğunçuluq, hiyləgərlik və aldadıcılığın tətbiq edilməsini əsla istisna etmir və hakimiyyəti ələ keçirmiş hökmran sinfin zəhmətkeş siniflər hesabına öz vəziyyətini möhkəmlətməsinə, habelə cəmiyyətə rəhbərlik etməyi kütlələri güclü istismar etməyə çevirməsinə mane olmamışdır.

Beləliklə, cəmiyyətin siniflərə bölünməsi tarixən müəyyən dərəcədə haqq qazansa da, bunu yalnız müəyyən dövrdə və muəyyən ictimai şəraitdə qazanır. Cəmiyyətin siniflərə bölünməsinə səbəb istehsalın kifayət etməməsi olmuşdu və müasir məhsuldar qüvvələr tamamilə inkişaf etdikdə, o da məhv ediləcəkdir. Doğrudan da, ictimai siniflərin ləğv edilməsi üçün elə bir tarixi inkişaf pilləsi lazımdır ki, orada təkcə bu və ya başqa bir müəyyən hakim sinfin mövcud olması deyil, habelə ümumiyyətlə hər hansı bir hakim sinfin mövcud olması, deməli, cəmiyyətin siniflərə bölünməsinin özü də anaxronizm olur, dövrü keçmiş bir şey kimi meydana çıxır. Deməli, siniflərin ləğv edilməsi üçün istehsalın elə bir yüksək inkişaf pilləsi lazımdır ki, burada isqehsal vasitələri və məhsulların, bunlarla da birlikdə siyasi hökmranlığın xüsusi.bir ictimai sinif tərəfindən ələ keçirilməsi, təhsil və mə'nəvi rəhbərlik inhisarı nəinki lüzumsuz bir şey olur, hətta iqtisadi, siyasi və əqli inkişaf üçün bir maneə təşkil edir. İndi bu pillə əldə edilmişdir. Burjuaziyanın siyasi və əqli iflası hətta onun özü üçün də sirr deyildir, onun iqtisadi iflası isə müntəzəm surətdə hər on ildən bir təkrar olunur. Hər bir böhran zamanı cəmiyyət, istifadə edə bilmədiyi öz məhsuldar qüvvələrinin və məhsullarının ağırlığı altında əzilir və belə bir mə'nasız ziddiyyət qarşısında aciz qalır ki, istehsalçılar istehlak edə bilmir, çünki istehlakçılar çatışmır. Müasir istehsal vasitələrinə xas olan genişlənmə qüvvəsi kapitalist istehsal üsulunun vurmuş olduğu buxovları qırır. İstehsal vasitələrinin bu buxovlardan azad edilməsi məhsuldar qüvvələrin daim sür'ətlənən fasiləsiz inkişafı üçün və bunun sayəsində istehsalın özünün də əməli olaraq hədsiz dərəcədə artması üçün yeganə ilk şərtdir. Lakin bu kifayət deyildir. İstehsal vasitələrinin ictimai mülkiyyətə çevrilməsi nəinki istehsalın indi mövcud olan sün'i surətdə ləngidilməsini aradan qaldırır, habelə məhsuldar qüvvələrin və məhsulların birbaşa israf və məhv edilməsini də aradan qaldıracaqdır, zira hazırda bunların israf və məhv edilməsi istehsalın zəruri peykidir və böhranlar zamanı ən yüksək bir dərəcəyə çatır. İstehsal vasitələrinin ictimai mülkiyyətə çevrilməsi, bundan əlavə, indi hökmranlıq edən siniflərin və onların siyasi nümayəndələrinin hədsiz cah-cəlalını və israfçılığını aradan qaldırmaq yolu ilə cəmiyyət üçün xeyli istehsal vasitələri və məhsullar qoruyub saxlayır. İctimai istehsal yolu ilə cəmiyyətin bütün üzvləri üçün tamamilə kafi və gündən-günə daha da yaxşılaşan maddi həyat şəraitini tə'min etmək imkanından başqa, onların fiziki və mə'nəvi qabiliyyətlərinin tam azad inkişaf etməsini və tətbiq olunmasını da tə'min etmək imkanı ilk dəfə olaraq indi əldə edilmişdir, həm də indi o, həqiqətən əldə edilmişdir.

(Bir neçə rəqəm, hətta kapitalizm zülmü altında da müasir istehsal vasitələrinin son dərəcə böyük genişlənmə qabiliyyətinə malik olduğu haqqında təxmini təsəvvür oyada bilər. Ciffenin ən yeni hesablamalarına görə, Böyük Britaniya və İrlandiyanın bütün sərvətlərinin ümumi məçmusu yuvarlaq ədədlə göstərildikdə bu qədər idi:

1814-cü ildə 2200 milyon funt sterlinq = 44 milyard markaya

1865-ci ildə 6100 milyon funt sterlinq =122 milyard markaya

1875-ci ildə 8500 milyon funt sterlinq =170 milyard markaya

Böhranlar zamanı istehsal vasitələri və məhsulların məhv edilməsinə gəldikdə isə, alman sənayeçilərinin ikinci konqresində (1878-ci il fevralın 21-də Berlində) müəyyən edilmişdi ki, son böhran zamanı təkcə alman dəmir qayıran sənayesinin ümumi zərəri 455 milyon markaya çatmışdı.)

Elə ki, cəmiyyət istehsal vasitələrini öz ixtiyarına keçirdi, əmtəə istehsalı və bununla birlikdə məhsulların istehsalçılar üzərindəki hökmranlığı da aradan qaldırılacaqdır. İctimai istehsal daxilindəki hərc-mərcliyin yerini istehsalın planlı, şüurlu təşkili tutur. Hər kəsin öz yaşayışı uğrunda apardığı mübarizə aradan qalxır. Bununla da insan indi–müəyyən mə'nada həmişəlik olaraq–heyvanat aləmindən ayrılır və vəhşi həyat şəraitindən həqiqətən insan həyatı şəraitinə keçir. İnsanları əhatə» edən və bu vaxta qədər onlara hakim olan həyat şəraiti indi insanların hökmranlığı və nəzarəti altına keçir, insanlar cəmiyyətdə öz birliyinin ağası olmağa başladıqlarına görə, ilk dəfə təbiətdan hoqiqi və şüurlu hökmdarı olurlar. İnsanların öz ictimai fəaliyyətlərinin qanunları bu vaxta. qədəronlara yabançı olan, onlara hakim olan təbiət qanunları kimi onlara qarşı dururdusa, indi bu qanunlar insanlar tərəfindən işə tamamilə bələd olaraq tətbiq ediləcək və bununla da onların hökmranlığına tabe olacaqdır. İnsanların cəmiyyətdə birliyi bu vaxta qədər təbiət və tarixin zorla qəbul etdirdiyi bir şey kimi onlara qarşı dururdusa, indi bu, onların öz xüsusi azad işi olur. İndiyədək tarixə hakim olan obyektiv, yabançı qüvvələr, insanların öz nəzarəti altına düşür. Yalnız bu zamandan e'tibarən insanlar tamamilə şüurlu olaraq öz tarixlərini özləri yaratmağa başlayacaqlar, yalnız o zaman onların hərəkətə gətirdiyi ictimai səbəblər yüksək və getdikcə artan bir dərəcədə onların arzu etdiyi nəticələri də verəcəkdir. Bu isə bəşəriyyətin zərurət səltənətindən azadlıq səltənətinə sıçraması deməkdir.

Nəticə olaraq, şərh etdiyimiz inkişaf gedişinə qısaca yekun vuraq:

I. Orta əsrlər cəmiyyəti: Xırda fərdi istehsal. İstehsal vasitələri fərdi surətdə istifadə etmək üçündür, buna görə də onlar bəsitdir və kobuddur, xırdadır, az tə'sirlidir. Məhsullar istehsalçının özünün və ya onun feodal ağasının bilavasitə istehlak etməsi məqsədilə istehsal edilir. Yalnız, həmin istehlakdan əlavə istehsal bilavasitə istehlakdan artıq olduğu yerdə, bu artıq məhsul satılmalı olur və mübadilə edilir: deməli, əmtəə istehsalı yalnız əmələ gəlmək prosesindədir; lakin artıq bu zamanda da əmtəə istehsalı ictimai istehsal hərc-mərcliyini rüşeym halında özündə ehtiva edir.

II. Kapitalist inqilabı: Sənayedə, əvvəlcə sadə kooperasiya və manufaktura vasitəsi ilə çevriliş əmələ gəlir. Bu vaxta qədər dağınıq halda olan istehsal vasitələri böyük e'malatxanalarda təmərküzləşir və beləliklə də onlar fərdi istehsal vasitələrindən ictimai istehsal vasitələrinə çevrilir, lakin bu çevrilmə ümumiyyətlə və bötüvlükdə hələ mübadilə formasına toxunmur. Köhnə mənimsəmə formaları qüvvədə qalır. Kapitalist meydana çıxır: o, istehsal vasitələrinin mülkiyyətcisi sifəti ilə məhsulları da mənimsəyir və bunları əmtəəyə çevirir. İstehsal ictimai bir iş olur; mübadilə və bununla birlikdə məhsulların mənimsənilməsi isə fərdi bir iş, ayrı-ayrı şəxslərin işi olaraq qalır: ictimai əməyin məhsulunu ayrıca kapitalist mənimsəyir. Müasir cəmiyyəti bürümüş olan və iri sənayedə xüsusilə aşkara çıxan bütün ziddiyyətlərin irəli gəldiyi əsas ziddiyyət də məhz budur.

a) İstehsalçının istehsal vasitələrindən ayrılması. Fəhlənin ömrü boyu muzdla işləməyə məhkum edilməsi. Proletariatla burjuaziya arasında əkslik.

b) Əmtəə istehsalı üzərində hökmranlıq sdən qanunların fəaliyyətinin getdikcə daha çox aşkara çıxması və güclənməsi. Qarşısı alınmaz rəqabət mübarizəsi. Hər bir ayrıca fabrikdə işlərin ictimai təşkili ilə bütövlükdə istehsalda olan ictimai hərc-mərclik arasındakı ziddiyyət.

c) Bir tərəfdən maşınların təkmilləşdirilməsi rəqabət üzündən hər bir ayrıca fabrikçi üçün məcburi qanuna çevrilir və eyni zamanda fəhlələrin daim daha çox sıxışdırılıb fabriklərdən çıxarılmasına səbəb olur: sənaye üçün ehtiyat ordusu meydana gəlir. Digər tərəfdən: istehsal hədsiz dərəcə genişlənir ki, bu da hər bir fabrikçi üçün məcburi rəqabət qanunu olmuşdur. Hər iki tərəfdən–məhsuldar qüvvələr misli eşidilməmiş dərəcədə inkişaf edir, təklif tələbdən artıq olur, ifrat istehsal baş verir, bazarlar ağzına qədər dolur, hər on ildən bir böhranlar təkrar olunur, çıxılmaz bir dairə əmələ gəlir: bir yanda istehsal vasitələri və məhsullar artıqlıq edir, o biri yanda işsiz qalan və yaşayış vasitələri olmayan fəhlələr artıqlıq edir. Lakin istehsal və ictimai rifahın bu iki vasitəsi birləşə bilmir, çünki kapitalist istehsal forması məhsuldar qüvvələrin fəaliyyət göstərməsi, məhsulların isə dövr etməsi üçün bunların əvvəlcə mütləq kapitala çevrilməsini tələb edir, buna isə onların məhz artıqlığı mane olur. Bu ziddiyyət böyüyüb mə'nasızlıq dərəcəsinə çatır: istehsal üsulu mübadilə formasına qarşı çıxır. Beləliklə, burjuaziyanın öz ictimai məhsuldar qüvvələrini idarə etməyə daha qadir olmadığı aşkara çıxır.

d) Məhsuldar qüvvələrin ictimai xarakter daşıması qismən e'tiraf edilir, bunu kapitalistlər özləri də e'tiraf etməyə məcbur olurlar. İri istehsal və rabitə orqanizmləri əvvəlcə səhmdar cəmiyyətlərinin, sonra da trestlərin, daha sonra isə dövlətin mülkiyyətinə çevrilir. Burjuaziya lüzumsuz bir sinif olur; indi onun bütün ictimai vəzifələrini muzdlu qulluqçular ifa edir.

III. Proletar inqilabı, ziddiyyətlərin həll olunması: proletariat ictimai hakimiyyəti ələ alır və burjuaziyanın əlindən çıxan ictimai istehsal vasitələrini bu hakimiyyət gücünə bütün cəmiyyətin mülkiyyətinə çevirir. Bu tədbirlə proletariat, məhsuldar qüvvələri, kapital olmaq e'tibarı ilə bu vaxta qədər onlara məxsus olan bütün xassələrindən azad edir və bunların ictimai təbiətinin inkişafına tam sərbəstlik verir. Bu vaxtdan e'tibarən qabaqcadan düşünülmüş plan əsasında ictimai istehsal mümkün olur. İstehsalın inkişafı, bundan sonra müxtəlif ictimai siniflərin mövcud olmasını anaxronizm halına salır. İctimai istehsal hərc-mərcliyi nə dərəcədə aradan qalxırsa, dövlətin də siyasi nüfuzu eyni dərəcədə ölüb gedir. Nəhayət öz şəxsi ictimai varlığının ağası olmuş insanlar bunun da nəticəsində təbiətin ağası, öz-özlərinin ağası–azad insanlar olurlar.

Müasir proletariatın tarixi vəzifəsi–dünyanı azadlığa çıxaran bu qəhrəmanlıq işini görməkdən ibarətdir. Proletar hərəkatının nəzəri ifadəsi olan elmi sosializmin vəzifəsi–bu çevrilişin tarixi şəraitini və bununla birlikdə bu çevrilişin öz təbiətini tədqiq etməkdən və, beləliklə də, bu qəhrəmanlıq işini görməli olan indiki məzlum sinfə, onun öz işinin şərait və təbiətini izah etməkdən ibarətdir.


F.Engels tərəfindən 1880-ci ilin yanvarında–martın birinci yarısında yazılmışdır.

Fransız dilində 1880-ci il martın 20-si, aprelin 20-si və mayın 5-də «La Revue socialiste» jurnalının 3, 4 və 5-ci №-lərində və 1880-ci ildə Parisdə ayrıca kitabça halında: «F. Engels. «Socialismeutopique et socialisme scientifique». Paris» çap edilmişdir.




1 Anabaptistlər və ya perekreşençilər, bu təriqətin üzvləri adamları şüurlu yaşa çatdıqda ikinci dəfə xaç suyuna salmağı tələb etdiklərinə görə belə adlandırılırdılar.

2 Engels «həqiqi levellerləri» (bərabərləşdiriciləri) və ya «dikgerləri» («yer qazanları»)–XVII əsr ingilis burjua iiqilabı dövründə kənd və şəhər əhalisinin ən yoxsul təbəqələrinin mənafeyini ifadə edən ifrat sol cərəyanın nümayəndələrini nəzərdə tutur. Onlar torpaq üzərində xüsusi mülkiyyətini ləğv edilməsi tələbini irəli sürür, ibtidai bərabərləşdirici kommunizm ideyasını təbliğ edir, bu ideyaları icma torpaqlarının kollektiv surətdə əkilib becərilməsi yolu ilə həyata keçirməyə çalışırdılar.

3 Engels hər şeydən əvvəl utopik kommunizm nümayəndələrinin əsərlərini–T.Morun «Utopiya» və T.Kampanellanın «Günəş şəhəri» əsərlərini nəzərdə tutur.

4 Terror vaxtı–yakobinçilərin inqilabi-demokratik diktaturası dövrü (iyun 1793–iyul 1794-cü il).

5 Direktoriya (beş direktordan ibarət idi, onlardan hər il biri yenidən seçilirdi)–Fransada 1795–1799-cu illərdə icraiyyə hakimiyyətinin rəhbər orqanı; demokratik qüvvələr əleyhinə terror rejimini müdafiə edir və iri burjuaziyanın mənafeyini güdürdü.

6 XVIII əsrin axırlarında olmuş Fransa burjua inqilabının «Azadlıq. Bərabərlik. Qardaşlıq» şüarı nəzərdə tutulur.

7Nyu-Lanark (New Lanark)–Şotlandiyanın Lanark şəhəri yaxınlıqında pambıq əyirmə fabriki; yanında kiçik bir qəsəbəsi olan bu fabrik 1784-cü ildə yaradılmışdı.


8 Yüz gün–I Napoleon imperiyasının qısa müddətli bərpa dövrü, bu dövr onün Elba adasına sürgündən Parisə qayıtdığı gündən–1815-ci il martın 20-dən həmin il iyunun 22-də ikinci dəfə hakimiyyətdən əl çəkməsinədək olan dövrüdür.

9 1815-ci il iyunun 18-də Vaterloo (Belçika) yaxınlığında I Napoleon ordusu Vellinqtonun komandanlıq etdiyi ingilis-holland qoşunları və Blüxerin komandan olduğu Prussiya ordusu tərəfindən məğlub edilmişdi.

10 Bütün «Avropa qırmızı respublikaçılarının, kommunistlərinim və sosialistlərinin ünvanına» deyilmiş və 1848-ci il müvəqqəti Fransa hökumətinə, habelə «kraliça Viktoriyaya və onun məs'ul müşavirələrinə» göndərilmiş «Ağıllarda və praktikada inqilab» adlı müraciətdən.

11 1833-cü ilin oktyabrında Londonda Ouenin sədrliyi ilə kooperativ cəmiyyətləri və həmkarlar ittifaqlarının qurultayı olmuşdu, qurultayda rəsmən Böyük Britaniya və İrlandiya istehsallarının birləşmiş Böyük milli ittifaqı yaradılmışdı. Burjua cəmiyyəti və dövlət tərəfindən ciddi müqavimətə rast gələn İttifaq 1834-cü ilin avqustunda dağıldı.

12 Engels əmək məhsullarının ədalətli mübadiləsi üçün olan bazarları nəzərdə tutur, bu bazarlar İngiltərənin müxtəlif şəhərlərində fəhlələrin ouençi kooperativ cəmiyyətləri tərəfindən yaradılmışdı; həmin bazarlarda əmək məhsulları əmək kağız pulu vasitəsilə mübadilə olunurdu. Bu pulun vahidi iş vaxtının bir saatı idi. Lakin bu muəssisələr tezliklə iflasa uğradı.

13 Prudon 1848–1849-cu illər iiqilabı zamanı mübadilə bankı təşkil etmək üçün cəhd göstərdi. Onun Banque du peuple (Xalq bankı) 1849-cu il yanvarın 31-də Parisdə yaradılmışdı. Bank iki aya yaxın yaşadı. Fəaliyyətə başlamadan iflasa uğradı. Aprelin əvvəlində bank bağlandı.

14 Adını Misir şəhəri İskəndəriyyədən almış (Aralıq dənizi sahilindədir) eramızdan əvvəl III əsrdən eramızın VII əsrinə qədər olan dövr nəzərdə tutulur, İskəndəriyyə o zamankı beynəlxalq təsərrüfat əlaqələrinin ən böyük mərkəzlərindən biri idi. İskəndəriyyə dövründə bir sıra elmlər: riyaziyyat və mexanika (Evklid və Arximed), coğrafiya, astronomiya, anatomiya, fiziologiya və sair elmlər çox inkişaf etmişdi.

15 Seehandlung (Dəniz ticarəti)–1772-ci ildə Prussiyada yaradılmış ticarət-kredit cəmiyyəti. Bir sıra vacib dövlət imtiyazlarından istifadə etmiş və hökumətə böyük məbləğdə borc vermişdir.

Yüklə 206,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin