Üçüncü hissə Əlinin (Ə) xilafət dövrü OSMANIN QƏTLƏ YETİRİLMƏSİNİN SƏBƏBLƏRİ
Əbdür-Rəhman ibn Ovf Osmana beyət etdiyi vaxt onunla şərt kəsmişdi ki, həzrət Peyğəmbərin (s) sünnəsinə və xəlifələrin qaydalarına əməl edəcək. Osman bu şərtləri qəbul etsə də, xilafət kürsüsünə oturduqdan sonra verdiyi sözə əməl etmədi.
Osman başda Əbu-Süfyan olmaqla bəni-Üməyyəni var-dövlət və məqam baxımından təmin etdi. Osmanın bəni-Üməyyə böyüklərinin iştirakı ilə qurduğu məclisdə Əbu-Süfyan belə dedi: «Xilafət kürsüsünü top tək bir-birinizə ötürün ki, başqasının əlinə düşməsin. Xilafət dünyəvi bir hakimiyyətdir və mən cənnət-cəhənnəmə inanmıram».1
Osman beytül-malı (dini büdcəni) öz qohum-əqrəbasına xərcləyir və rəhbər vəzifələrə öz nəsil nümayəndələrini təyin edirdi.
Əyalətlərin əhalisi Osmanın hakimlərinin əlindən boğaza yığılmışdı. Xalq Peyğəmbərin səhabələrinə, eləcə də, birbaşa Osmana şikayətlər ünvanlayırdı. Amma şikayətlər heç nəyi dəyişmirdi. Ona görə də müsəlmanlar xəlifənin ləyaqətsiz işlərinin qarşısını almaq qərarına gəlmişdilər. Osman xalqın malını qohum-əqrəbasına, yaxınlarına hədiyyə verirdi. Onun bu hərəkəti Peyğəmbər səhabələrini çox qəzəbləndirirdi. Ona görə də səhabələr bir araya gəlib qərar çıxardılar ki, Osmanın və onun hakimlərinin bütün ləyaqətsiz işlərini yazsınlar və ona məktubla müraciət edib ləyaqətsiz işlərdən çəkindirsinlər. Əks təqdirdə onu işdən kənarlaşdırmaq qərara alındı.
Məktub hazır olduqdan sonra Peyğəmbərin sevimli səhabəsi Əmmar Yasər onu Osmana çatdırdı. Osman məktubu nəzərdən keçirib etinasızlıqla bir kənara atdı və qulamlarına göstəriş verdi ki, Əmmarı cəzalandırsınlar. Hətta Osman özü də Əmmara bir neçə təpik vurdu. Əmmar aldığı zərbələrdən huşunu itirdi və sonradan ağır bir xəstəliyə düçar oldu. Bu xəbər tez bir zamanda İslam şəhərlərinə yayıldı. Osmana qarşı qəzəb dalğaları ölkəni bürüdü. Osmanın göstərişi ilə Mədinədən sürgün edilmiş Əbuzər Qəffari məclislərdə açıq-aşkar Osmanın əməllərini pisləyir, onun yolunu azdığını elan edirdi.
Osman bəni-Üməyyəyə böyük səxavət göstərirdi. Təkcə Mərvan ibn Həkəm və Zeyd ibn Sabitə beytül-maldan yüz min dinar hədiyyə vermişdi. Bunu eşidən Əbuzər öz etiraz səsini qaldırmışdı. Bu səbəbdən də Osman onu Şama sürgün etmişdi. Əbuzərin sözləri Osmanı çox qəzəbləndirmişdi. Əbuzər bir məclisdə xalqdan soruşmuşdu: «Caizdirmi ki, vali müsəlmanların beytül-malından başqasına borc versin?» Kəbul-əhbar demişdi: «Eybi yoxdur!» Əbuzər Kəbul-əhbara üz tutaraq belə etiraz etmişdi: «Ey yəhudi kişi və qadının oğlu dinimizi sənmi bizə öyrədirsən?» Əbuzər əlindəki əsa ilə Kəbul-əhbara bir zərbə vurmuşdu ki, başı yarılmışdı. Bu səbəbdən Osman onu Mədinədən çıxarıb Şama göndərmişdi. Deyilənlərə görə Əbuzər orada Osman və Müaviyədən əl çəkməmiş, xalq arasında bu adamların iç üzünü açmaqla məşğul olmuşdu. Müaviyə onu zindana salmış və Osmana məktub yazaraq bildirmişdi ki, Əbuzər xalqı sənin əleyhinə qaldırmaqla məşğuldur. Osman Müaviyəyə göstəriş vermişdi ki, Əbuzəri yalın dəvəyə mindirib işgəncə ilə Mədinəyə göndərsin. Müaviyə Osmanın tapşırığını yerinə yetirmişdi.
Əbuzər Mədinəyə gətirildikdən sonra Osman ona dedi: «Eşitdim ki, Şamda mənim ziddimə sözlər danışırsan». Əbuzər dedi: «Nə demişəmsə, düz demişəm. Mən bir müsəlmanam və öz əmr be məruf və nəhy əz münkər vəzifəmi yerinə yetirirəm». Osman Əbuzərlə mübahisə gücünə malik olmadığından onu Rəbəzəyə sürgün etdi. Hətta Mərvana göstəriş verdi ki, Əbuzər şəhərdən çıxarkən kimsə onu müşayiət etməməlidir. Əksəriyyət Osmanın qorxusundan Əbuzərlə görüşə gəlməsə də, həzrət Əli və bəni-haşimdən bir neçə nəfər başqası Əbuzəri yola salmağa gəldilər, onu ağuşlarına almaqla məhəbbətlərini bildirdilər. Əbuzər Rəbəzəyə çatdıqdan bir müddət sonra dünyasını dəyişdi.
Tarixçilərin yazdığına görə, Misir əhlindən bir qrupu Mədinəyə gəlib, Osmana qarşı çıxdılar. Təhlükə hiss edən Osman həzrət Əlidən (ə) kömək istədi. Həzrət Əli (ə) misirlilərə buyurdu: «Siz haqqı ayağa qaldırmaq üçün qiyam etmisiniz. Amma Osman sizinlə rəftarından peşiman olub və tövbə edib. O, söz verir ki, üç gün müddətində zalım hakiminizi dəyişəcək və istəklərinizi yerinə yetirəcək». Bundan sonra Osmanla misirlilər arasında müqavilə imzalandı. Misirlilər geri qayıdarkən yolda Osmanın Misirə doğru tələsik hərəkət edən qulamını gördülər. Onlar bu işdən şübhələndilər və qulamı saxlayıb onda axtarış apardılar. Osmanın qulamında Misir hakiminə ünvanlanmış məktub tapıldı. Osman Misir valisinə yazırdı: «Allahın adı ilə. Əbdürrəhman ibn Udəys Misirə çatanda ona yüz şallaq vur, başını və saqqalını qırx və uzun müddətə zindana sal. Bu hökmü Əmr ibn Huməq, Sudan ibn Həmran, Ürvə ibn Nəba haqqında da icra et». Misirlilər qəzəblənərək yenidən Osmanın yanına qayıtdılar və onu bu xəyanətinə görə təqsirləndirdilər. Osman belə bir məktub yazdığını inkar etdi və hər şeyi qulamın boynuna atdı. İddia etdi ki, qulam onun dəvəsini də oğurlayıb. misirlilər Osmanın hər sözə qarşı bir bəhanə gətirdiyini görüb onu xilafətə layiq bilmədiklərini söylədilər. Onlar Osmanın istefasını tələb edirdilər. Nəhayətdə, misirlilər məclisi qəzəblə tərk etdilər.1
Osmanın analığının qardaşı Vəlid ibn Uqbəni Kufəyə vali təyin etmişdi. Vəlid daim sərxoşluqla məşğul olan bir adam idi. Bir gün o sərxoş vəziyyətdə məscidə gəlib, sübh namazında pişnamaz dayanmış və iki rəkət əvəzində dörd rəkət namaz qılmışdı. Əbdüllah ibn Məsud ona rişxənd edərək demişdi: «Əmr öz səxavətini göstərdi və namazda da hədiyyə etdi».
Kufədən Mədinəyə gəlmiş nümayəndə heyəti Osmanla görüşüb onun nümayəndəsinin sərxoşluğu haqqında şikayət etdi. Onlar Vəlidin işdən kənarlaşdırılmasını tələb edirdilər. Osman dedi: «Siz ona böhtan atırsınız». Xəlifə Kufədən gələnlərin şikayətinə baxmaq əvəzinə onlara şallaq vurulmasını əmr etdi. Xalqa belə məlumat verdi ki, bu adamlar onun valisinə böhtan atdıqları üçün şəri meyarlarla cəzalandırılmışlar.
Həzrət Əli (ə) Osmanın bu əməlinə etiraz edib buyurdu: «Sən günahkar əvəzində şahidi şallaqladın». Həzrət öz yetərli dəlilləri ilə xəlifəni onun ləyaqətsiz əməllərindən xəbərdar etdi. Nəhayət, Osman çarəsiz qalıb Vəlidi işdən kənarlaşdırdı və onun yerinə öz əmioğlusu Səid ibn Ası təyin etdi. Osman hətta Peyğəmbərin Mədinədən çıxarıb Taifə sürgün etdiyi Həkəm ibn As və onun oğlu Mərvan ibn Həkəmi Mədinəyə qaytarıb vəzirlik mənsəbinə qaldırdı. Hansı ki, bu adamları əvvəlki xəlifələr də Mədinəyə buraxmamışdılar. Nəticədə Osman müsəlmanların ciddi etirazları ilə qarşılaşdı.
Osman əmisi oğlu Əbdüllah ibn Amiri Bəsrə və İran hakimliyinə təyin etdi. Misir hakimliyi isə Əbdüllah ibn Sədə tapşırıldı. Ömərin xəlifəliyi dövründə Şam hakimliyinə təyin olunmuş Müaviyə ibn Əbu-Süfyan Osmanın vaxtında öz yerini daha da möhkəmləndirdi və əzəmətli bir qəsr tikdi.
Osmanın bütün ləyaqətsiz əməlləri onun öz zərərinə tamamlandı. Nəhayət, bəni-Üməyyə üzərində hökmü zəifləyən Osman hakimiyyət cilovunu əlindən verdi. Məsələn, Müaviyə belə bir fikrə düşdü ki, mərkəzi hökumətə tabeçilikdən çıxsın və Şamı müstəqil bir mərkəzə çevirsin. Ona görə də Osman qiyamçılar tərəfindən hədələndiyi vaxt Müaviyədən yardım istədikdə Müaviyə hiyləgərlik işlədərək ona heç bir yardım göstərmədi və nəticədə Osman qətlə yetirildi. Müaviyə Yezid ibn Əsədin başçılığı altında bir dəstə adamı Mədinəyə göndərsə də, onlara göstəriş verdi ki, Mədinənin təqribən səkkiz fərsəxliyində yerləşən Zi-xəşəb adlanan məhəldə dayansınlar və xüsusi göstəriş gələnədək gözləsinlər. Amma həmin dəstə Osman öldürülənədək heç bir göstəriş almadı. Yalnız bu qətl baş verdikdən sonra onların geriyə dönməsi barədə əmr gəldi.
Xilafətin vəziyyəti günbəgün ağırlaşırdı. Səhabələr Osmana nə qədər nəsihət verirdilərsə də, heç bir faydası olmurdu. Bir dəfə də həzrət Əli (ə) müsəlmanlar tərəfindən nümayəndə olaraq Osmanın yanına getdi. Ona xeyirxahcasına nəsihətlər verdi, bu özbaşınalığın çox pis nəticələnəcəyi barədə xəbərdarlıqlar etdi. Amma Osman bu sayaq sözləri dərk etmək qüvvəsində deyildi. Hətta bir dəfə minbərə qalxaraq xalqı onun etirazları müqabilində hədələdi və öz valilərini müdafiə etdi.
Mədinə əhalisi vəziyyəti belə görüb çox qəzəbləndi. Küçələrdə açıq-aşkar Osman haqqında pis sözlər danışılırdı. Xalqın qəzəbini Təlhə, Zübeyr, Ayişə və Həfsə daha da qızışdırırdılar. Nəhayət, bu qiyam Osmanın evinin mühasirəyə alınması ilə nəticələndi.
Osman başa düşdü ki, Mədinə müsəlmanları ondan əl çəkən deyil. O, bəni-Üməyyə başçılarını bir yerə toplayıb onlarla məsləhətləşdi. Osmanın müşavirləri ona təklif etdilər ki, ətrafdan kömək istəsin, Şam və Bəsrə qoşununu Mədinəyə gətirib qiyamçıları yerində oturtsun.
Osman dərhal Şam və Bəsrə valiləri olan Müaviyə və Əbdüllah ibn Amirə bu barədə məlumat verdi. Əbdüllah Bəsrə məscidinə gedib, xalqı Osmana köməyə çağırdı. Amma kimsə onun istəyinə müsbət cavab vermədi. Müaviyə də yuxarıda qeyd olunduğu kimi bu işə ciddi yanaşmadı.
Müsəlmanlar Osmanın evinin mühasirəsini saatbasaat gücləndirirdilər. Belə ki, Osmanın ətrafla əlaqəsi tamamilə kəsilmişdi. Evdə içməli su qurtardığından Osman çarəsiz qalıb evin damına çıxmış və Əlinin (ə) harada olduğunu soruşmuşdu. Ona cavab verdilər ki, Həzrət Əli (ə) bu işə qarışmır. Sonra Osman su istədi. Amma ona müsbət cavab verilmədi. Osmanın susuz qalması barədə eşidən Həzrət Əli (ə) narahat oldu. Həzrət dərhal bir neçə məşk su hazırlayıb oğlu Həsənlə (ə) Osmana göndərdi. Həsəni (ə) haşimilər müşayiət edirdilər. Osmanın evini mühasirəyə alanlar bu qrupa hücum edib onlara mane olmaq istədilər. Amma Həsən və onun ətrafındakılar suyu Osman və onun ailəsinə çatdıra bildilər.
Müsəlmanlar elə güman edirdilər ki, onlar Osmanın istefa verməsinə nail ola biləcəklər. Ona görə də onlar növbəti xəlifənin kimliyi haqqında düşünürdülər. Hansı ki, nə Osman, nə də bəni-Üməyyə hakimiyyəti əldən vermək fikrində deyildi.
Qiyamçılar Osmanın Şam və Bəsrədən qüvvə istədiyindən xəbər tutdular. Ona görə də kömək gəlib çatmamış öz məqsədlərini həyata keçirmək istədilər. Nəhayət, müzakirələrdən sonra Osmanın sarayına hücum edib, səksən iki yaşlı xəlifəni qılınc və xəncər zərbələri ilə qətlə yetirdilər.
Osmanın qətli hicri 35-ci ildə baş verdi. Beləcə iyirmi beş illik çaşqınlıq yolu zahirən başa çatdı. Amma həmin dövrün acı nəticələri həmişəlik olaraq İslam və müsəlmanların ayağından asıldı.
Dostları ilə paylaş: |