HƏZRƏT ƏLİNİN (Ə) ƏBU-BƏKRƏ QARŞI DƏLİLLƏRİ
Mərhum Təbərsi «Ehticac» kitabında həzrət Əlinin (ə) Əbu-Bəkrə qarşı irəli sürdüyü dəlilləri nəql edir. Biz həmin söhbətə xülasə şəkildə nəzər salacağıq.
Əbu-Bəkrin xəlifəliyi müəyyənləşdikdən və ona beyət edildikdən sonra Əbu-Bəkr özünə bəraət qazandırmaq üçün xəlvətdə həzrət Əli (ə) ilə görüşdü və dedi: «Ya Əbəl-Həsən, and olsun Allaha, mənim bu işə meylim və tamahım yox idi. Nə də özümü başqalarından üstün bilirdim». Həzrət Əli (ə) buyurdu: «Bəs onda səni bu işə nə vadar etdi?» Əbu-Bəkr dedi: «Həzrət Peyğəmbər (s) buyurmuşdu ki, mənim ümmətimi Allah azğınlıqla bir yerə toplamaz. Mən də xalqın bir yerə toplandığını görüb Peyğəmbərin (s) buyuruğuna əməl etdim. Əgər bilsəydim ki, kimsə buna müxalifdir, qəbul etməzdim». Həzrət Əli (ə) buyurdu: «Mən də bu ümmətdənəm, yoxsa yox?» Əbu Bəkr dedi: «Bəli». Həzrət buyurdu: «Sənin xəlifəliyinə qarşı çıxan Salman, Əmmar, Əbuzər, Miqdad, Səd ibn İbadə və ənsardan bir qrupu bu ümmətdən idi yoxsa yox?» Əbu-Bəkr ərz etdi ki, bəli. Əli buyurdu: «Bütün bu şəxslər sənin xəlifəliyinə müxalif olduğu halda Peyğəmbər (s) hədisini hansı əsasla dəlil göstərirsən?» Əbu-Bəkr dedi: «Mən onların müxalifliyini bilmədim. Yalnız iş başa çatdıqdan sonra bundan xəbər tutdum. Qorxdum ki, özümü kənara çəksəm, xalq dindən uzaqlaşar». Həzrət Əli (ə) buyurdu: «Mənə de görüm, xəlifəliyi öhdəsinə götürən şəxsdə hansı xüsusiyyətlər olmalıdır?» Əbu-Bəkr dedi: «Xeyirxahlıq, vəfa, hiylədən uzaqlıq, ədalətin izharı, kitab və sünnədən xəbərdarlıq, dünyada zahidlik və dünyaya rəğbətsizlik, məzlumun haqqını zalımdan almaq, dində öncüllük, Peyğəmbərə yaxınlıq». Həzrət Əli (ə) buyurdu: «Səni Allaha and verirəm, bu sifətlər səndə var, yoxsa məndə?» Əbu-Bəkr dedi: «Bu xüsusiyyətlər sənin vücudunda var, ya Əbəl-Həsən». Həzrət Əli (ə) buyurdu: «Peyğəmbərin dəvətini hansımız daha tez qəbul etdik?» Əbu-Bəkr ərz etdi ki, sən». Həzrət buyurdu: «Bəraət surəsini müşriklərə sən oxudun, yoxsa mən?» Əbu-Bəkr bildirdi ki, sən. Həzrət buyurdu: «Peyğəmbər hicrət etdiyi vaxt ona canını sipər edən sən oldun, yoxsa mən?» Əbu-Bəkr ərz etdi ki, sən. Həzrət buyurdu: «Qədire-Xumda həzrətin buyuruğuna əsasən sənin və bütün müsəlmanların mövlası mənəm, yoxsa sən?» Əbu-Bəkr ərz etdi ki, sən. Əli buyurdu: «Quranda Allah və onun rəsulu ilə gələn vilayət sənin üçündür, yoxsa mənim üçün?» Əbu-Bəkr bildirdi ki, sənin üçün. Həzrət buyurdu: «Peyğəmbərdən nəql olunmuş mənzələt hədisi və Harunun Musaya nisbəti haqqında çəkilmiş məsəl mənim haqqımdadır, yoxsa sənin haqqında?» Əbu-Bəkr dedi: «Əlbəttə ki, sənin haqqında». Həzrət Əli (ə) buyurdu: «Mübahilə günü müşriklərlə mübahilə üçün Peyğəmbər məni və övladlarımı özü ilə apardı, yoxsa səni və övladlarını?» Əbu-Bəkr ərz etdi: «Sizi». Həzrət buyurdu: «Təthir ayəsi mən və mənim Əhli-beytim haqqındadır, yoxsa sən və sənin əhli-beytin?» Əbu-Bəkr ərz etdi: «Əlbəttə ki, sən və sənin əhli-beytin haqqında».
Həzrət Əli (ə) buyurdu: «Kəsa günü həzrət Peyğəmbər (s) mən və mənim əhli-beytim haqqında dua etdi, yoxsa sənin haqqında?» Əbu-Bəkr ərz etdi: «Sən və sənin Əhli-beytin haqqında». Həzrət buyurdu: «Həl əta» surəsində mənim haqqımda danışılır, yoxsa sənin haqqında?» Əbu-Bəkr bildirdi ki, sənin haqqında.
Əbu-Bəkr həzrət Əlinin aşağıda qeyd olunmuş bütün suallarına Əlinin (ə) dediklərini təsdiqləməklə cavab verdi. Həzrət Əli (ə) Əbu-Bəkrə buyurdu: «Xeybər günü Peyğəmbər bayrağı sənin əlinə verdi, yoxsa mənim əlimə? Əmr ibn Əbdəvədi öldürməklə onun bəlasını Peyğəmbər və müsəlmanlardan uzaqlaşdıran sən oldun, yoxsa mən? Həzrət Peyğəmbər Allahın əmri ilə Fatiməni sənə ərə verdi, yoxsa mənə? Həsən və Hüseynin, Peyğəmbərin təbirincə, «behişt ağalarının» atası sənsən, yoxsa mən? Behiştdə iki qanadı ilə mələklərə qoşulub pərvaz edən sənin qardaşındır, yoxsa mənim? Peyğəmbər möminlərin əmiri olaraq mənə salam verməyi tapşırıb, yoxsa sənə? Peyğəmbərə mən daha yaxınam, yoxsa sən? Peyğəmbər (s) Kəbədə bütləri sındırmaq üçün səni çiyninə qaldırdı, yoxsa məni? Peyğəmbər dünya və axirətdə səni öz bayraqdarı bildirib, yoxsa məni?»
Bəli, həzrət Əli ardıcıl olaraq Allahın ona əta etdiyi fəzilət və məqamları sadaladı, Əbu-Bəkr də onun dediklərini təsdiq etdi. Sonra həzrət soruşdu: «Bəs səni nə aldadıb ki, bu məqamı qəsb etmisən?» Əbu-Bəkr ağladı və dedi: «Ya Əbəl-Həsən, düz buyurursan. Bu günü mənə möhlət ver ki, bu barədə düşünüm». Həmin gecə Əbu-Bəkr yuxuda həzrət Peyğəmbəri gördü. O, Peyğəmbərə salam versə də, həzrət üzünü yana döndərdi. Əbu-Bəkr Peyğəmbərdən soruşdu ki, hansı göstərişinə əməl etməmişəm? Həzrət buyurdu: «Allahın və rəsulunun dost tutduğu kəslə düşmənçilik etmisən. Haqqı öz sahibinə qaytar». Əbu-Bəkr kimin haqq sahibi olduğunu soruşur. Həzrət buyurur ki, səni məzəmmət edən kəs! Əbu-Bəkr Peyğəmbərə bildirir ki, haqqı sahibinə qaytardım . . .
Əbu-Bəkr sübh tezdən həzrət Əlinin (ə) yanına gəlir və ərz edir ki, ya Əbəl-Həsən əlini aç, sənə beyət edim. O, yuxuda gördüklərini Əliyə danışır. Əbu-Bəkr əlini onun əli üstünə qoyub beyət edir. Bildirir ki, indi məscidə gedib yuxuda gördüklərimi danışacağam və tutduğum məqamı sənə təhvil verəcəyəm.
Əbu-Bəkr Həzrət Əlinin (ə) evindən çıxdıqdan sonra onun ardınca gəzən Ömərlə rastlaşır. Ömər soruşur ki, sənə nə olub, ey Peyğəmbər (s) xəlifəsi? Əbu-Bəkr əhvalatı danışır. Ömər deyir: «Səni Allaha and verirəm, ey Peyğəmbər xəlifəsi, bəni-haşimin sehrinə uyma. Bu onların birinci sehri deyil. Ömər o qədər danışır ki, Əbu-Bəkri öz qərarından döndərir. Əbu-Bəkr yenidən xəlifəlik fikrinə qayıdır.1
Dostları ilə paylaş: |