ƏBU-BƏKRİN XƏLİFƏLİYİ
Həzrət Əli (ə) Peyğəmbərin qüsl və kəfənlənməsini başa çatdırmamış bir şəxs gəlib dedi: «Ya Əli (ə), tələs, müsəlmanlar bəni-Saidənin səqifəsində toplanıb, xəlifə seçirlər». Həzrət Əli (ə) buyurdu: «Sübhanəllah! Bunlar necə müsəlmandır ki, Peyğəmbərin cənazəsi dəfn olunmamış rəyasət haqqında düşünürlər?!» Həzrət Əli (ə) sözünü başa çatdırmamış başqa bir şəxs daxil olub dedi: «Rəyasət məsələsi başa çatdı. Əvvəlcə mühacirlər və ənsar arasında mübahisə düşdü. Nəhayət, xəlifəlik Əbu-Bəkrə çatdı. Xəzrəc tayfasından bir qrup istisna olmaqla, hamı Əbu-Bəkrə beyət etdi». Həzrət Əli (ə) buyurdu: «Ənsar haqlı olduğunu necə sübut edirdi?» Ərz etdilər: «Onlar deyirdilər ki, əgər Peyğəmbərlik Qüreyşə məxsus olubsa, onlar da Peyğəmbəri (s) himayə edib əziyyət çəkdiklərindən imamət və xəlifəlik onların olmalıdır». Həzrət Əli (ə) buyurdu: «Mühacirlər ənsara qənaətbəxş cavab verdilərmi?» Ərz etdilər: «Ənsarı hansı cavab qane edə bilərdi?!» Həzrət Əli (ə) buyurdu: «Məgər ənsar unudubmu ki, Peyğəmbər dəfələrlə mühacirlərə ənsarla mehriban olub onlarla müdara etməyi tapşırıb?! Peyğəmbərin (s) bu buyuruğu ənsarın mühacirlərə tapşırılması dəlildir. Əgər onlar xəlifəliyə layiq olsaydılar bir başqasına tapşırılmazdılar.»
Sonra həzrət buyurdu: «Bəs mühacirlər öz haqlarını necə sübuta yetirdilər?» Ərz edildi: «Çox söz danışdılar. Sözlərinin canı bu oldu ki, onlar Peyğəmbər (s) sülaləsindəndirlər və xəlifəliyə ənsardan daha yaxındırlar». Həzrət Əli (ə) buyurdu: «Nə üçün mühacirlər öz sözlərinin üstündə dayanmırlar? Əgər onlar Peyğəmbər nəslindəndirlərsə, mən o nəslin meyvəsiyəm. Əgər xəlifəlik Peyğəmbərə (s) yaxınlıqla ölçülürsə, mən Peyğəmbərə (s) bütün cəhətlərdən daha yaxınam».
Əlinin (ə) xilafəti haqqında Quran ayələri və Peyğəmbər hədislərindən əlavə onun özünün uyğun buyuruğu da Səqifədə toplananlara cavab üçün kafi görünür.
Bəli, həzrət Peyğəmbərin cənazəsi torpağa tapşırılmamış Əbu-Bəkr xəlifə oldu. Əbu-Bəkrin xəlifəliyi əslində sübuta yetirilməmişdi. Ənsarın bir qrupu və başqaları, xüsusi ilə də haşimilər ona beyət etməmişdilər. Ömər Əbu-Bəkrə dedi ki, Peyğəmbərin əmisi və haşimilərin başçısı Abbas ibn Əbdül-Müttəliblə görüşüb onu beyət etməyə şirnikdirsin. Əbu-Bəkr dərhal Abbasla görüşdü və öz məqsədini ona açıqladı. Amma Abbas ona qəti cavab verdi və dedi: «Əgər sən özünü Peyğəmbərə aid etməklə xəlifəliyi haqqın sayırsansa, onda bizim haqqımızı puça çıxarırsan. Çünki Peyğəmbər (s) bizdəndir və biz ona hamıdan yaxınıq. Yox əgər müsəlmanların rəyi əsasında xəlifə olduğunu düşünürsənsə, biz daha öncül müsəlmanıq və sənə belə bir icazə verməmişik. Mənə vəd etdiyin var-dövlət bizə məxsusdursa, onu sən nə üçün sərf etməlisən?! Yox əgər öz malından vəd edirsənsə, bizim ona ehtiyacımız yoxdur. Möminlərin malından verməyi nəzərdə tutursansa, sənin belə bir haqqın yoxdur».
Həzrət Əli (ə) baş verənləri son incəliyinədək anlayırdı. O başa düşürdü ki, səqifədə toplananlar sadəlövh xalqı aldatmışlar. Həzrət həqiqəti bəni-Haşim və öz səhabələrinə anlatmaq istəsə də, onun dəvətini yalnız kiçik bir hissə qəbul etdi.1
Əksər tarixçilər yazırlar ki, Əli üç gecə ardıcıl şəkildə müsəlmanların mənzillərində oldu. O öz haqqını bəyan edərək bu adamları beyət etməyə çağırdı. Həzrət müraciət etdiyi adamlardan cavab almadığı üçün öz evinin bir küncünə çəkildi.
Digər bir tərəfdən Ömər daim Əbu-Bəkrə deyirdi: «Nə qədər ki, Əlidən beyət almamısan, xilafətinin sütunları zəif olacaq. Yaxşı olar ki, onu beyətə məcbur edəsən. Belə etsən o biri haşimilər də sənə beyət edərlər».
Əbu-Bəkrin göstərişi ilə Xalid ibn Vəlid bir neçə nəfərlə, eləcə də, Əbdür-Rəhman ibn Ovf və Ömərlə Əlinin (ə) evinə gedib onun qapısını döydülər. Bildirdilər ki, onun Əbu-Bəkrə beyət etməsi məqsədi ilə gəliblər. Həzrət Əli (ə) onları qəbul etmədi və evə daxil olmalarına icazə vermədi.
Xalid ibn Vəlid yanındakılara göstəriş verdi ki, məcburi şəkildə evə daxil olsunlar. Onlar qapının bir hissəsini sındırıb evə daxil oldular.
Bu vaxt Əlinin (ə) yanında olan Zübeyr ibn Əvvam qılıncını çəkib onlara müqavimət göstərmək istədi. Amma iki nəfər Zübeyrin arxasını kəsdi və o birilər Əlini əhatəyə aldılar. Onu qolları bağlı halda Əbu-Bəkrin yanına gətirdilər. Həzrət Əli Əbu-Bəkrə müraciətlə buyurdu: «Ey Əbu-Quhafə oğlu, bu nə göstərişdi vermisən ki, bizi bu şəkildə yanına gətirsinlər və Peyğəmbər ailəsi ilə belə rəftar etsinlər?! Yoxsa Peyğəmbərin göstərişlərini yaddan çıxarmısan?» Əbu-Bəkrdən qabaq Ömər cavab verdi və dedi: «Səni bura gətirmişik ki, Peyğəmbərin xəlifəsinə beyət edəsən». Əli buyurdu: «Məntiq və dəlillə danışsaq daha yaxşı olar. Əvvəlcə mənə deyin ki, səqifədə ənsara qalib gəlməyinizin səbəbi nə oldu və hansı dəlillərlə onları qane etdiniz?» Ömər dedi: «Qüreyşin başqa qəbilələrdən və mühacirin ənsardan üstün olması dəlilləri ilə. Ən əsası isə mühacirlər həzrət Peyğəmbərə (s) daha yaxındırlar».
Həzrət Əli (ə) buyurdu: «Mən də elə sizin öz məntiqiniz əsasında rəftar edirəm. Başqa dəlillərim olsa da sizin öz dilinizlə danışıram. Əgər siz özünüzü Peyğəmbərə yaxın olduğunuz üçün haqlı sayırsınızsa, əgər xilafətin meyarı Peyğəmbərlə yaxınlıqdırsa, hamı bilir ki, mən Peyğəmbərə bütün ərəbdən daha yaxınam. Mən onun əmioğlusu, yeznəsi və iki nəvəsinin atasıyam». Ömər məntiqi cavab verməkdə aciz olduğundan dedi: «Əgər beyət etməsən səndən əl çəkməyəcəyik».
Həzrət Əli (ə) buyurdu: «Bir-birinizin işinizə yaxşı yarıyırsınız. Bu gün ona yardım edirsən ki, sabah xəlifəliyi sənə ötürsün. And olsun Allaha, mən ona beyət etmərəm. Çünki o mənə beyət etməlidir». Sonra həzrət üzünü ətrafdakılara tutub buyurdu: «Ey mühacirlər, Allahdan qorxun, Peyğəmbərin hakimiyyət və qüdrətini onun ailəsindən almayın. And olsun Allaha, biz Əhli-beyt uyğun məqama hamınızdan daha layiqik. Nəfsinizə itaət etməklə haqdan uzaq düşürsünüz». Beləcə, həzrət Əli (ə) beyət etmədən evinə qayıtdı və Fatimə (ə) dünyasını dəyişənədək evdə oldu. Yalnız Fatimənin vəfatından sonra beyət etməyə məcbur qaldı.
Dostları ilə paylaş: |