ƏLİNİN (Ə) İMAMƏTİ HAQQINDA ETİBARLI SÖZ
Hicrətin onuncu ilində həzrət Peyğəmbər həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə üz tutdu. Həzrət Peyğəmbəri müşayiət edən adamların sayı haqqında müxtəlif rəqəmlər göstərilmişdir. Amma qəti şəkildə demək olar ki, bu səfərdə həzrəti bir neçə mindən çox müsəlman müşayiət edirdi. «Həccətul-vida» adı ilə məşhur olan bu həcc mərasimində Peyğəmbərlə gəlmiş xeyli müsəlman iştirak edirdi. Həzrət Peyğəmbər həcc əməllərini başa vurub Mədinəyə qayıdarkən zil-həccənin on səkkizinci günü Qədir-Xum adlanan məntəqədə dayandı. Çünki ona çox mühüm bir vəhy nazil olmuşdu. Bu vəhy bütün xalqa elan edilməli idi. Həzrət Peyğəmbər Allah-təalanın əmri ilə Əlinin (ə) vilayət və xilafətini xalqa bildirməli idi. Ayədə buyurulurdu: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanların şərindən qoruyacaq».1
Həzrət Peyğəmbər (s) göstəriş verdi ki, bütün hacılar bir yerə toplansınlar. Qabaqda gedənlər dayandı və arxada gedənlərin gəlib çatmasını gözlədi. Axı nə baş vermişdi?
Hamı bir-birindən nə baş verdiyi barədə soruşurdu. Görən həzrət Peyğəmbər (s) hacıları bu üzücü istinin altında nə üçün saxlamışdı? Yer o qədər isti və yandırıcı idi ki, bəziləri ayaqlarını, ətəklərinə bükmüş, dəvələrin kölgəsində oturmuşdular. Nəhayət, intizar başa çatdı. Hacılar bir yerə toplandıqdan sonra həzrət Peyğəmbər göstəriş verdi ki, minbər düzəldilsin. Həzrət hamının onu görə biləcəyi və səsini eşidə biləcəyi minbərə çıxdı. Əlini (ə) isə öz sağ tərəfində dayandırmışdı. Həzrət xütbə oxuyub Quran və itrəti haqqında tövsiyə verdikdən sonra buyurdu: «Məgər möminlərin işində mən onların özlərindən daha irəli deyiləmmi?» Ərz etdilər: «Bəli». Həzrət buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Pərvərdigara, onun dostunu dost tut, düşmənini düşmən. Ona yardım göstərənə yardım et, onu tənha buraxanı alçalt». Sonra həzrət göstəriş verdi ki, müsəlmanlar dəstə-dəstə Peyğəmbərin xeyməsi ilə üzbəüz xeyməyə daxil olub, Əlini (ə) canişinlik məqamına görə təbrik etsinlər. Onu birinci təbrik edən Ömər ibn Xəttab oldu. Ömər ərz etdi: «Bəh-bəh, ey Əli, sən bu gün artıq mənim və hər bir kişi və qadının əmirisən.1 Beləcə, həzrət Peyğəmbər (s) Əlini (ə) öz canişini təyin etdi və göstəriş verdi ki, bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.
Həssan ibn Sabit həzrət Peyğəmbərdən icazə istədi ki, Əlinin (ə) imamət və vilayəti, Qədire-Xumda Peyğəmbərə canişin təyin olunması haqqında bir qəsidə oxusun. Həzrət ona icazə verdi.
İslam Peyğəmbəri Qədire-Xumda
Üz tutub ümmətə verdi bir sual:
Sizlərin rəhbəri mən deyiləmmi?
Hamı təsdiq etdi, yox başqa xəyal.
Belə davam etdi sözünə həzrət (s):
Məni mövla bilən bilsin bu gündən
Mənim canişinim, öz ağası tək
Əlini (ə) tanımaq gərəkdir hökmən.
Həzrət Peyğəmbər (s) Həssanın şerini dinləyib buyurdu: «Ey Həssan, nə qədər ki, dilinlə bizə yardımçısan, daim ruhul-qüds tərəfindən təsdiqlənmişsən».
Bu xəbərin sübutu firqələr üçün o qədər aydındır ki, kimsə üçün inkar və şübhə yeri qalmamışdır. Çünki sünni tarixçiləri və təfsirçiləri öz kitablarında azca fərqlə bu barədə məlumat vermişlər. Onlar da təbliğ ayəsinin zil-hiccənin on səkkizinci günü Qədire-Xumda Əli haqqında nazil olmasını təsdiqləyirlər. Həzrətin (s) «mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır» buyuruğu sünni mənbələrində nəql olunmuşdur.1 Amma «Mövla» kəlməsi müxtəlif mənalara malik olduğundan bəzi sünni alimləri hədisdə mövla kəlməsinin dost mənasında işləndiyini bildirmişlər. Onlar uyğun hədisi «mən kimin dostuyamsa Əli (ə) də onun dostudur» mənasında qəbul edirlər. Bu mənanı ibn Səbbağ Maliki də öz «füsulul-muhimmə» kitabında bəyan etmişdir. Təəssüb səbəbindən həqiqəti görə bilməyənlərə cavab olaraq «mövla» kəlməsinin müxtəlif mənalarını nəzərdən keçirəcəyik. «Mövla» sözünün aşağıdakı mənaları vardır: İxtiyar sahibi, bəndə, azad olmuş, azad edən, qonşu, həmpeyman, həmand, şərik, yeznə, qonşu, nemətyetirən, dost, yardımçı. Bu mənalardan bəziləri Qurani-Kərimdə də işlədilmişdir. «Duxan» surəsində «mövla» sözü «qohum» mənasını bildirir: «Məhəmməd» surəsində isə «mövla» «dost» mənasında işlədilmişdir. Bu söz «Nisa» surəsində «həmpeyman», «Əhzab» surəsində «azad etmiş» mənalarını bildirir.
Amma bu mənalardan bəzilərini həzrət Peyğəmbərə (s) aid etmək olmaz. Çünki həzrət kimsənin qulu və həmandı olmamışdır. Əhəmiyyətli olmayan bir mövzuya görə həzrət Peyğəmbərin (s) insanları qaynar səhrada bir yerə toplayıb saxlaması inandırıcı deyil. İnanmaq olmur ki, həzrət Peyğəmbər (s) hacılara həzrət Əli (ə) ilə dostluq haqqında məlumat vermək üçün onları səhrada saxlamışdır. Peyğəmbərə (s) buyurulur: «Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan». Məgər sadəcə dostluğu bəyan etməmək bu qədər ciddi dəyərləndirilə bilərmi?! Əslində Peyğəmbərin (s) bu bəyanatı daha dərin mahiyyətə malikdir. Allah-təala ayənin davamında buyurur: «Allah səni insanların şərindən qoruyacaq». Məgər dostluq nəticəsində hansı nəticələr yarana bilərdi ki, Allah uyğun vədlə belə bir təhlükəni aradan qaldıracağını bəyan edə.
Digər bir tərəfdən mövla kəlməsinin dostluq mənasında təbir olunması dəlil tələb edir. Əks təqdirdə, belə bir mənalandırma üsul elminə zidd olar. Bu baxımdan yalnız «ixtiyar sahibi» mənasının dəlilləri vardır. Həmin dəlilləri nəzərdən keçirək:
Əvvəla, Allah-təalanın Peyğəmbərin bu işi görməsini onun risaləti üçün şərt bilməsi məsələsinin ciddiliyindən danışır. «Mövla» kəlməsinin yalnız «ixtiyar sahibi» mənası ciddi mahiyyət daşıyır. Əgər uyğun kəlməni ixtiyar sahibi kimi təbir etsək, söhbətin Peyğəmbərdən sonra kimin onun canişini olacağından getməsi aydınlaşar. Ayə Cöhfə yaxınlığındakı Qədire-Xumda nazil olmuşdur. Hacılar, adətən, Cöhfəyə çatdıqda bir-birlərindən ayrılaraq öz vətənlərinə yola düşürlər. Artıq onların bir yerə toplanması mümkünsüz olur. Əlbəttə ki, bu göstəriş Peyğəmbərə bir neçə gün əvvəl nazil olmuşdu. Amma onun dəqiq vaxtını təyin etmək çətindir. Həzrət Peyğəmbər (s) yaxşı bilirdi ki, həzrət Əli (ə) döyüşlərdə bir çox düşmənlərin həyatına son qoyduğu üçün həmin qətlə yetirilənlərin qohum-əqrəbası Əliyə qarşı kinlidir. «Allah səni insanların şərindən qoruyacaq» vədi də Əliyə (ə) qarşı kinin mövcudluğundan danışır.
İkincisi, həzrət Peyğəmbər mövla mövzusunda danışmazdan qabaq «mən sizin ixtiyar sahibiniz deyiləmmi», deyə soruşur. Hamı həzrətin belə bir məqama malik olduğunu təsdiqləyir. «Mövla» kəlməsinin ixtiyar sahibi mənasında olması həmin bu cümlədən aydın görünür.
Üçüncüsü, həzrət Peyğəmbər (s) Əlinin (ə) mövlalıq məsələsinə toxunduqdan sonra göstəriş verir ki, Əliyə (ə) əmir ünvanında salam verilsin. Əgər məqsəd dost olsaydı, həzrət Peyğəmbər (s) buyurardı ki, ona bir dost olaraq salam verin. Ömərin «mənim mövlam hər bir kişi və qadının mövlasıdır» deməsi də həzrət Əlinin vilayətini təsdiqləyir.
Dördüncüsü, ən məşhur sünni kitablarında da yazılmışdır ki, ilahi fərmanın bəyanından sonra bu ayə nazil olmuşdur: «Bu gün dininizi kamil etdim və sizə olan nemətimi tamamladım. Bir din olaraq sizin üçün İslamı bəyənib seçdim».1
Həzrət Peyğəmbər (s) buyurur: «Dininin kamilləşməsi, nemətlərin tamamlanması, mənim risalətimə və məndən sonra Əlinin (ə) vilayətinə Allahın razılığına təkbir!»
Beşincisi, haqqında danışılan ayədən qabaq Allah-təala buyurur: «Kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun».2
Kafirlər və müşriklər elə düşünürdülər ki, Peyğəmbərin oğlan övladı olmadığından o dünyasını dəyişdikdən sonra din də aradan gedəcək. Amma Allah əmri ilə Əlinin Peyğəmbərə (s) canişinliyi bəyan olunduqdan sonra onların bütün ümidləri puça çıxdı. Düşmən anladı ki, bu din həmişəlikdir. Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, həzrətin buyuruğundakı «mövla» kəlməsi vilayət və canişinlik mənasında işlədilmişdir.1
Bəli, mövla sözünün uyğun buyuruqdakı yeganə həqiqi mənası «ixtiyar sahibi»dir. Başqa mənalar məcazidir və onların təsdiqi üçün dəlillərə ehtiyac var. Üsul elminə əsasən həqiqət məcazidən irəlidir. Bir sözlə, «mövla» kəlməsi hədisdə, «ixtiyar sahibi» mənasını daşıyır.
Deyilənlərdən əlavə, bu mərasimdən sonra Həssan ibn Sabitin oxuduğu qəsidə mövla sözünün həqiqi mənasını aydın göstərir. Həssan öz qəsidəsində həzrət Peyğəmbərin dili ilə Əlinin (ə) canişinliyi haqqında, onun ümmətə imaməti barədə məlumat verir.
Əgər «mövla» sözü «dost» mənasında olsaydı, həzrət Peyğəmbər (s) Həssanın qəsidəsinə etiraz edərdi. Hansı ki, Peyğəmbər (s) Əlinin (ə) imam və canişin adlandırılmasına etiraz etmir, hətta Həssan haqqında xoş sözlər söyləyir.
Çıxış yolu görməyən bəzi sünni alimləri bu mənanı etiraf etməyə məcbur olmuşlar. Onlar bildirirlər ki, həzrət Peyğəmbər (s) Qədire-Xum günü Əlinin vilayət və canişinliyini elan etmişdir.2
Dostları ilə paylaş: |