ƏLİNİN (Ə) MƏHƏBBƏTİ VƏ CAZİBƏSİ
Hər bir cəmiyyətin möhkəmliyi ondakı fərdlər arasındakı məhəbbət və cazibədən asılıdır. Məhəbbət və cazibə isə pak və sağlam qəlbdə tərbiyə oluna bilər. Bu sifətlərə malik olan insan başqalarına canıyananlıq göstərir, hətta onların asayişini öz rahatlığından üstün tutur. Həzrət Əli (ə) məhəbbət və cazibə məzhəri idi. O əzab-əziyyət çəkir, işləyir, alın təri axıdır, nəhayətdə öz zəhmətinin qazancını yoxsullara və imkansızlara sərf edirdi.
Həzrət Əli (ə) ehtiyaclılar üçün böyük bir sığınacaq idi. O, yetimlərə ata, dul qadınlara yardımçı, zəiflərə arxa idi. Xilafət dövründə gecələr evdən çıxar, qaranlıqda miskinlərə və kimsəsiz qadınlara xurma və çörək aparardı. Həzrət götürdüyü azuqə və pulu özünü tanıtdırmadan paylayırdı. Bu xeyirxah insanı kimsə tanımazdı.
Həzrət harada bir yetim görərdisə, mehriban ata tək nəvazişlə onun başını sığallayar, yemək və geyim alardı. Həzrət bir gün küçə ilə getdiyi vaxt çiynində məşk aparan bir qadın görür. Məşkin ağırlığından qadın ikiqat əyilmiş vəziyyətdə olur. Həzrət bu səhnəyə dözə bilməyib, məşki qadından alıb onun yanına düşür və bu ağır yükü mənzil başına çatdırır. Həzrət qadından dolanışıq vəziyyəti barədə soruşur. Qadın isə həzrəti tanımdan deyir: «Ərimi Əli (ə) döyüşə göndərdi, o da şəhadətə çatdı. Mən özümü və balalarımı saxlamaq üçün camaatın qapısında işlməyə məcburam». Qadının sözləri həzrət Əlini (ə) silkələyir. Sübh açılan kimi böyük bir zənbili buğda və xurma ilə doldurub qadının evinə aparır və deyir: «Mən dünən sənin məşkini götürən adamam». Qadın azuqəni alıb həzrətə təşəkkür edir və deyir: «Mənim övladlarım, yetim, başsız qaldılar. Əli (ə) ilə mənim aramda Allah özü hesab çəksin!» Həzrət evə daxil olub deyir: «Mən sənə xidmət üçün, savab qazanmaq üçün hazıram. Mən uşaqları saxlayım, sən çörək bişir». Qadın çörək bişirməklə məşğul olur, həzrət Əli (ə) isə dizi üstə oturub yetim uşaqları dalına mindirir və xəfif-xəfif ağlayır. Həzrət onların ağzına xurma qoyaraq deyir: «Ey mənim balalarım, əgər Əli (ə) sizin işinizə yaramasa, onu halal edin. Onun pis məqsədi olmayıb». Təndir hazır olduqdan sonra həzrət özünə deyir: «Ey Əli (ə), atəşin istiliyini hiss et, cəhənnəm odundan qorx. Yetimlərin və kimsəsiz qadınların halına yanmayanların vəziyyətindən xəbərdar ol». Bu vaxt qonşu qadın həyətə daxil olur. O, həzrəti tanıyıb, ev sahibəsinə onun kim olduğunu bildirir. Həzrəti tanıyan ev sahibəsi ona yaxınlaşıb peşimançılığını bildirir və üzr istəyir. Həzrət buyurur: «Sənin bu işdə təqsirin yoxdur. Yetimlərin və kimsəsizlərin halına yanmaq mənim vəzifəmdir».1
Həzrət xalqla ünsiyyətdə hədsiz dərəcədə sadə və mehriban idi. Onun böyüklüyü və təvazösü dillər əzbəri idi. Hətta düşmənlər həzrətin bu fəzilətlərini etiraf edirlər. Həzrətin qatı düşmənlərindən olan Müaviyə deyir: «Əgər mən məğlub olsam və Əli (ə) qalib gəlsə qorxum yoxdur. Çünki ondan üzr istəmək kifayətdir. O, böyük və mərhəmətli insandır».
Həzrət öz qoşununa daim belə deyərdi: «Heç vaxt qaçan düşmənin ardınca getməyin, yaralılara dərman verin, əsirlərlə xoş rəftar edin». Həzrət Cəməl döyüşündə qalib gəldikdən sonra Ayişəni böyük hörmətlə Mədinəyə göndərdi. Bu fitnəni törətməkdə payı olan Abdullah ibn Zübeyr, Mərvan ibn Həkəm və bir çox başqaları bağışlandılar.
Həzrətin məhəbbətindən pay almayan yoxdu. O, qatili haqqında belə buyurur: «Onunla keçinin, ac və susuz saxlamayın». Əlbəttə ki, bu sayaq hisslər yalnız həzrətin pak qəlbində yer tapa bilərdi. İbn Əbil-Hədid deyir: «Sübhanəllah! Bir insanda bu qədər fəzilət?! Əlinin (ə) şəxsiyyətinin bəyanı kimsənin gücü çatası iş deyil».
Dostları ilə paylaş: |