HƏZRƏT ƏLİNİN (Ə) İMAMƏTİNİ TƏSDİQ EDƏN ƏQLİ DƏLİLLƏR
Birinci dəlil: Həzrət Peyğəmbərin (s) vəhy və Quran sahibi olması, yaranış sirlərindən xəbərdarlığı, kamal və əxlaq baxımından birinciliyi şiə və sünnilər tərəfindən yekdil olaraq qəbul edilmişdir.
Öncə qeyd etməliyik ki, həzrət Peyğəmbərin (s) canişini kim olursa olsun, düz adam olmalıdır. Bütün zəruri şərtləri kənara qoyub yalnız insanın düzlüyünü meyar götürək. Çünki düz olmayan adamın xalqın işinə qatışmaq haqqı yoxdur. Belə bir sifət adi insanlar üçün adi bir şey olsa da, müsəlmanların xəlifəsi üçün son dərəcə zəruridir. Düzgünlüyün əlamətlərindən biri budur ki, insan öz haqqına qane olsun. Amma iki şəxs bir məqama iddialıdırsa, onların hər ikisini düzgün saymaq olmaz.
Həzrət Peyğəmbərdən (s) sonra İslam ümməti arasında yaranan ixtilaflı məsələlərdən biri xilafət məsələsi idi. Peyğəmbərdən (s) sonra ilkin xəlifə şiələrin nəzərincə həzrət Əli (ə), sünnülərin nəzərincə isə Əbu-Bəkr olmalı idi. Həzrət Əli (ə) iddia edirdi ki, imamət məqamı ilahi bir məqamdır və həzrət Peyğəmbər (s) Allahın əmri ilə onu öz canişini təyin etmişdir. Əbu-Bəkr isə Səqifədəki şuranın qərarına əsasən xəlifəliyi öz haqqı sayırdı. Biz iki iddiadan birini qəbul etməyə məcburuq.
Məsələni riyazi baxımdan şərh etməyə çalışaq. Əgər şiələrin əqidəsini əsas götürsək, Əbu-Bəkri yalançı və xilafət məqamını qəsb etmiş adam kimi tanımalıyıq. Amma sünnilərin əqidəsini əsas götürdükdə, Əbu-Bəkri haqlı saymalı, həzrət Əlini (ə) yalançı kimi qəbul etməliyik. Biz sünnə əhlindən soruşuruq: «Əgər Əli (ə) düz adam deyildisə, nə üçün üç xəlifədən sonra xalq onun ardınca gəldi və xəlifəliyə məcbur etdi? Bəzi sünni alimləri şiələrin məntiqi qarşısında söz tapmayıb, bəhanə gətirirlər ki, həzrət Əli (ə) özü xilafəti istəməyib və Əbu-Bəkrin xəlifəliyi ilə razılaşıb. Amma onların nəzərinə çatdırmalıyıq ki, Əlini (ə) Əbu-Bəkrin yanına məcburi şəkildə gətirdilər. Fatimə dünyasını dəyişənədək həzrət Əli (ə) Əbu-Bəkrə beyət etmədi. İkincisi, məcburi beyəti razılıq saymaq olmaz.
İkinci dəlil: Tutaq ki, imamət ilahi məqam deyil və həzrət Peyğəmbər İslam ümməti üçün canişin təyin etməmişdir. Belə olduğu halda xəlifə seçimində bütün müsəlman qəbilələrinin iştirakı zəruri olur. Hansı ki, Xəzrəc, bəni-Haşim və bir çox məntəqə müsəlmanları şura məsələsindən xəbərsiz olmuşlar. Səhabələrin də bir çoxu Əbu-Bəkrə beyət etməmişdir. Əslində Səqifədəki şuranın qərarı bir fitnə idi. Burada Əbu-Bəkr, Ömər və Əbu-Übeydənin əvvəlcədən hazırladığı plan əsasında hərəkət edilirdi. Onların məqsədi haşimiləri xilafət məsələsindən kənarlaşdırmaq olmuşdu.
Əgər Səqifədə toplanmış şuranı həqiqi şura saysaq da, məsələ həll olunmamış qalır. Əgər xəlifəni xalq seçirsə, elə bir adam seçilməlidir ki, onun ruhani və əxlaqi keyfiyyətləri başqalarından üstün olsun. Sünnə əhlindən soruşuruq: «Ümmətin ən fəzilətlisi və üstünü kim idi? Şücaətdə, səxavətdə, mühakimədə, hikmətdə, elmdə, ədalətdə, təqvada və sair müsbət səciyyələrdə həzrət Əli (ə) üstün idi, yoxsa Əbu-Bəkr? Əgər həzrət Peyğəmbər (s) Əlinin (ə) fəzilətləri barədə dəfələrlə danışmışsa və sünnə əhli bu buyuruqları qəbul edirsə, nə üçün xəlifəliyə başqası seçilməli idi? Məgər Qəzzali, ibn Əbil-Hədid kimi məşhur sünni alimlərinin mövqeyi sünnə əhlinə məlum deyilmi? Onlar öz kitablarında yazırlar: «Əbu-Bəkr minbərə çıxıb dedi: «Bir halda ki, Əli (ə) sizin aranızdadır, məni azad buraxın. Mən sizin aranızda hamıdan üstünü deyiləm».
Bəli, həzrət Əli (ə) xilafətə daha çox layiq olmuşdur. Bütün digər şərtləri kənara qoyub sırf fəzilət baxımından məsələyə yanaşsaq, yenə də xəlifəlik Əlinin (ə) haqqı olur. Bəs necə olur ki, Əlinin (ə) üstünlüyünü etiraf edən bir şəxs xəlifə seçilir?
Müsəlmanların xəlifəsi ən üstün rəhbər və gözəl komandan olmalıdır. Rəhbərin qəlbində acizlikdən, qorxudan əsər tapılmalıdır. Bəs bu baxımdan necə, Əbu-Bəkr və Ömər üstündür, yoxsa Əli (ə)? Ühüd, Xeybər, Hunəyn döyüşlərində Əbu-Bəkrdən və Ömərdən sorağ yox idi. Həzrət Əli (ə) düşmənin sel tək hücum çəkən qoşununun qarşısında tək-tənha dayanıb, qılıncından od yağdırardı. Əgər həzrət Əli (ə) olmasaydı, İslam qoşununun müharibələrdəki qələbəsindən danışmağa dəyməzdi. Xəndək döyüşündə Ömər israr etdi ki, Peyğəmbər (s) müşriklərlə sülh bağlasın. Ömər Əmr ibn Əbdüvədin məğlubedilməz qəhrəman olduğunu səbəb kimi göstərirdi. Əmrin şücaətindən qorxan Ömər müsəlmanların ruhiyyəsini süstləşdirirdi. Amma həzrət Əli (ə) nəinki Əbdüvəddən qorxmadı, hətta onu dünya ilə vidalaşmağa vadar etdi. Məgər Ömər özü Əlinin (ə) şücaətini etiraf etməmişdirmi?
Bəli, sünnə əhli bütün bu suallar qarşısında acizdir.
Dostları ilə paylaş: |