Tədqiqatın predmeti və obyekti. Tədqiqat işinin predmetinin əsasında Azərbaycanda süni intellektin əmək bazarına tətbiqi istiqamətində yarana biləcək potensial təhlükələrin və problemlərin araşdırılması dayanır. Tədqiqat işinin obyekti kimi Azərbaycanda süni intellektin və avtomatlaşdırmanın əmək bazarına tətbiqi xüsusiyyətləri seçilmişdir.
Tədqiqatın metodu. Dissertasiya işinin yazılmasında analiz və sintez, eyni zamanda da induksiya və deduksiya metodlarından istifadə edilmişdir. Belə ki, analiz metodu kimi mövzu tam şəkildə götürülmüş və daha sonra fəsillərə bölünərək ayrı-ayrılıqda təhlil olunmuşdur. Daha sonra isə sintez metodu vasitəsilə bu fəsillər iqtisadi sistemdə birləşdirilmişdir. İnduksiya metodu vasitəsilə dissertasiya işi haqqında iqtisadi faktlar toplanmış, sistemləşdirilmişdir. Sonra isə deduksiya metodu vasitəsilə isə həmin toplanmış faktlar əsasında nəzəri nəticələr, ümumi prinsiplər, başqa sözlə desək, əməli fəaliyyət üçün lazım olan zəruri tövsiyyələr müəyyən olunmuşdur.
Dissertasiya işinin tədqiqatyönümlülüyünün artırılması məqsədilə reqressiya, korrelyasiya, eləcə də müqayisəli təhlil metodlarından da istifadə olunmuşdur.
Tədqiqatın öyrənilmə səviyyəsi.Süni intellektin mahiyyəti, eləcə də əmək bazarına tətbiqi xüsusiyyətlərinin tədqiq olunması müxtəlif xarici nəzəriyyəçilər tərəfindən, o cümlədən də Becker G., Cheese P., Andreas Savvides, Thanasis Stengos, N.G.Mankiw, D. Romer, D.N.Weil, Nelesh Dhanpat, Zanele P. Buthelezi, Marilyn R. Joe, Tshepo V. Maphela, Nonduduzo Shongwe, Маленков Ю.А., Орлов А.И., Орлова Л.А. və digərləri tərəfindən həyata keçirilmişdir.
Tədqiqatın informasiya bazası.Tədqiqat işinin informasiya bazasının əsasında yerli və xarici nəzəriyyəçilərin süni intellektin yaranması və formalaşması, eləcə də əmək bazarının inkişaf xüsusiyyətlərinə dair kitabları, məqalələri dayanır. Dissertasiya işinin yazılmasında internet informasiya resurslarına da müraciət olunmuşdur.
Tədqiqatın elmi yeniliyi.Dissertasiya işinin araşdırılması nəticəsində aşağıdakı yeniliklər müəyyən olunmuşdur:
Azərbaycanda süni intellektin əmək bazarına tətbiqinin inkişaf perspektivləri müəyyən olunmuşdur;
Kompüterləşdirilmiş avtomatlaşdırma və işsizliyin artması riski arasında əlaqə müəyyənləşdirilmişdir;
Azərbaycanda süni intellektin və avtomatlaşdırmanın əmək bazarına tətbiqi xüsusiyyətləri müəyyən olunmuşdur.