15-“İNZAR” AYƏSİ
“Şüəra” surəsinin 214-215-ci ayələrində buyurulur:
وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
“Ən yaxın qohumlarını qorxut. Sənə tabe olan möminləri qanadın altına al!”
Bu ayələr bütün İslam tarixçilərinin qeydə aldığı bir hadisədən söz açır. Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığına əsasən, bu məsələ şiə və sünnilərin nəzərində məşhurdur. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Bərra ibn Azibdən belə nəql edir: “Ən yaxın qohumlarını qorxut” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) qırx nəfərdən ibarət Əbdülmüttəlib övladlarını bir yerə yığdı və onlara süfrə açıb buyurdu: “Allahın adı ilə (süfrəyə) yaxınlaşın və yeyin!” Sonra südlə dolu bir qab gətirib buyurdu: “Allahın adı ilə için!” Ertəsi gün yenə onları bir yerə yığıb, süfrə başına dəvət etdi. Bu vaxt onları həm qorxudub, həm də müjdələyərək buyurdu: “Mən sizə dünya və axirət xeyri gətirmişəm. İslamı qəbul edin və doğru yola yönəlmək üçün mənə tabe olun!” Sonra əlavə edərək buyurdu: “Sizlərdən mənimlə (bu yolda) qardaş olmağa, mənə kömək etməyə, məndən sonra da əhli-əyalım arasında vəsim və canişinim olmağa, dinimi yaymağa kim hazırdır?”
Məclisə sükut çökdü. Həzrət bu sözü üç dəfə təkrarladıqdan sonra kimsə yox, məhz Əli (ə) ayağa durub dedi: “Mən bu işə hazıram!” Peyğəmbər (s) buyurdu: “Beləsə, mənim vəsim və canişinim sən olacaqsan!”
Məclisdə iştirak edənlər durub gedərkən, istehza ilə Əbu Talibə deyirdilər: “Get, oğluna (Əliyə) itaət et. Məhəmməd (s) onu sənin əmirin seçdi!”1
“Şəvahidut-tənzil” kitabının haşiyəsində bu hədis Abdullah ibn Abbasdan və Əbu Rafedən də nəql olunmuşdur.
Nisai “Xəsais” kitabında Rəbiə ibn Nacizdən belə nəql edir: “Bir nəfər Əliyə (ə) “Sənin, əmin oğlu Məhəmmədə (s) varis olmağına səbəb nə idi? Halbuki səndən öndə duran əmin buna layiq olmadı” deyə soruşduqda, Əli (ə) onun cavabında “Yovmul-inzar”ı (Peyğəmbərin (s) qırx nəfər qohumlarından ibarət təşkil etdiyi məclisi) vurğuladı və nəhayət, Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sizdən hansı biriniz mənə beyət etməklə mənim qardaşım, dostum və varisim olmaq istəyir?” Heç kim cavab vermədi. Mən ayağa qalxdım, halbuki hamıdan kiçik idim. Peyğəmbər (s) buyurdu: “Sən otur!” Peyğəmbər (s) sözünü üç dəfə təkrar etsə də, məndən başqa heç kim ona cavab vermədi. Axırda əlini mənim əlimə qoyub buyurdu: “Buna görə də əmimi deyil, əmim oğlumu özümə varis edirəm!”2
Məşhur tarixçi Təbəri də bu hədisi geniş şəkildə nəql etdikdən sonra yazır: “Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) işarə edərək buyurdu:
اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və itaət edin!” Camaat gülə-gülə (istehza ilə) ayağa qalxıb gedərkən, Əbu Talibə (Əlinin (ə) atasına) dedilər: “Məhəmməd (s) əmr etdi ki, sən öz oğlunun sözünə qulaq asasan və itaət edəsən!”1
Təbəri bu hədisi başqa ravilərdən də nəql etmişdir.
Diqqəti cəlb edən məsələ budur ki, Təbəri kimi əhli-sünnənin böyük tarixçi və müfəssiri “Tarix” kitabında2 bu hadisəni yuxarıdakı kimi qeyd etsə də, “Camiul-bəyan” təfsirində bu ayənin təfsirinə çatanda, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Sizdən hansı biriniz bu işdə mənə kömək edə bilər ki, sonra mənim qardaşım... sair və sair olsun!” Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri (s)! Mən sənə kömək edə bilərəm!” Peyğəmbər (s) də buyurdu: اَنَّ هذا اَخِى وَ كَذا وَكَذا: “Həqiqətən, bu mənim qardaşımdır... sair və sair”3
Gördüyünüz kimi, Təbəri Peyğəmbərin (s) buyurduğu “vəsiyyi və xəlifəti fikum” (Əli sizin aranızda mənim vəsim və xəlifəmdir) ifadələrinin yerinə “kəza və kəza” (sair və sair) sözlərilə kifayətlənir ki, məbada “vəsi və xəlifə” sözləri Əhli-beyt məktəbinin ardıcıllarının əlinə düşsün. Bunlar imam Əlinin (ə) xəlifəliyi üçün ən böyük dəlillərdir.
Bəli, bu da əhli-sünnənin Təbəri kimi aliminin təəssübkeşliyi və həqiqəti gizlətməsi idi! Görəsən, kitab yazmaq və Peyğəmbəri-əkrəmin (s) hədislərinə qarşı əmanətdarlıq budurmu? Görəsən, alim fikirləşmirdimi ki, bir gün gələcək, onun “Tarix” kitabındakı ifadələrini “Təfsir” kitabındakı ifadələrlə müqayisə edəcəklər? Doğrusu, bu sahədə Təbəri tək deyil, onunla eyni əqidədə olanlara çox rast gəlmək mümkündür.
Alusi “Ruhul-məani” kitabında bu rəvayəti naqis və natamam şəkildə nəql etdikdən sonra yazır: “Şiələr xilafətlə bağlı məqsədlərinə çatmaq üçün bu rəvayətə istinad edirlərsə, biz də onu təvil etməli, yozmalı, yaxud da onun saxta və zəif olduğunu deməliyik!”4
Bu məşhur təfsir aliminin sözləri adamı dəhşətə gətirir! O deyir ki, bu rəvayətin şiələrin xeyrinə qurtarmaması üçün onu təvil etmək, yozmaq, yaxud da saxta və zəif hesab etmək lazımdır. Belə çıxır ki, Quran, hədis və tarixi həqiqətləri təhrif etmək olar. Demək onların əqidələrinə münasib olmayan hədisləri gözüyumlu saxta və zəif hesab etməliyik! Şübhəsiz ki, bütün peyğəmbərlər və səmavi kitablar səhnəyə çıxsa da bu təfəkkür tərzinə malik şəxsin əqidəsini dəyişdirə bilməzlər.
Əhli-sünnənin hənbəli məzhəbinin rəhbəri Əhməd ibn Hənbəl isə “Müsnəd” adlı məşhur kitabında “Yovmul-inzar” hadisəsini, Peyğəmbərin (s) buyurduğunu belə nəql edir: “Kim mənim borclarımı ödəmək, vədlərimə vəfa etmək, mənimlə behiştdə və əhli-beytimin içərisində canişinim olmaq istəyir?” Əli (ə) Peyğəmbərə (s) müsbət cavab verib deyir: “Mən bu işi görərəm!”1
İbn Əbil-Hədid Mötəzili yazır: “Təbəri ”vəzirlik” hədisini (Əlinin (ə) vəzirliyini isbat edən yuxarıdakı hadisəni) “Tarix” kitabında Abdullah ibn Abbasdan, o da Əli ibn Əbi Talibdən (ə) belə nəql etmişdir: “İnzar” ayəsi nazil olandan sonra Peyğəmbər (s) məni (Əli (ə) çağırdı...” Sonra hadisəni geniş şəkildə yazır və nəhayət, Peyğəmbərin (s) bu kəlamını nəql edir: “Allah mənə sizi Onun dininə dəvət etməyi göstəriş vermişdir. Sizdən hansı biriniz bu işdə mənə yardımçı olsa, mənim qardaşım, vəsim və canişinimdir...”
Əli (ə) ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Mən bu işdə sənə vəzir və yardımçı olmağa hazıram!”
Peyğəmbər (s) buyurdu: “O mənim sizin aranızda qardaşım, vəsim və xəlifəmdir.”2
Diqqət yetirmək lazımdır ki, bu rəvayətdə və öncə qeyd etdiyimiz rəvayətlərin bir qismində işlənən “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən məlum olur ki, digər rəvayətlərdə qeyd olunan “əhl” sözündən də məqsəd eyni mənadır.
İbn Əsir3 “Kamil” kitabında da bu hadisəni hətta bir çox tarix və hədis alimlərindən daha geniş şəkildə nəql edərək yazır ki, Peyğəmbər (s) buyurmuşdur: “Sizdən hansı biriniz bu işdə mənə kömək etsə, o, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir” Heç kim cavab verməyib sakit durduğu zaman Əli (ə) dedi: “Ey Allahın Peyğəmbəri! Mən bu işdə sənə kömək edərəm!” Peyğəmbər (s) buyurdu:
اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتِى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
“Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Ona qulaq asın və tabe olun!”1
Bəli, İbn Əsirin nəql etdiyi bu hədisdə “xəlifəti fikum” (sizin aranızda mənim xəlifəm) ifadəsindən görünür ki, Peyğəmbərin (s) möcüzələrindən biri də Əlini (ə) on üç yaşında ikən özündən sonraya xəlifə kimi tanıtdırması idi. Kim deyə bilərdi ki, on üç yaşlı bir uşaq gələcəkdə varlıq aləminin ən böyük şəxsiyyəti, Peyğəmbərin (s) canişini olacaq?! Peyğəmbəri-əkrəm (s) isə bunu həm dəvətinin ilk çağlarında, həm də ömrünün sonunda (“Qədir-Xum” da) bəyan etmişdir. Məgər bunlar imam Əlinin (ə) imamətini sübut edən aydın dəlillər deyilmi?
Dostları ilə paylaş: |