Ayətullah Xamenei prezidentlik dövründən sonralar (təqribən 1987-ci ildə) tələbələrin təhsil vəziyyəti və dərs kitablarına görə çox nigaran idi. Ona görə də, yaxşı və münasib dərs vəsaitlərinin hazırlanması üçün Mədəniyyət İnqilabının Ali Şurasının sədri olaraq, bu məsələ ilə məşğul olmaq üçün bir komissiya yaratdı. O, iki həftədə bir dəfə bu komissiya ilə iclas keçirirdi. O zaman işlərinin çox ağır olmasına, müharibə və müdafiə məsələləri ilə məşğulluğuna baxmayaraq, çox ciddi şəkildə həmin məclislərdə iştirak edirdi. O zaman o, elmi müzakirələrdə elə bil elmi və nəzəri işlərdən başqa heç bir işlə məşğul deyildi. Bir gün müzakirə zamanı söhbət bir fəlsəfi məsələ üzərinə gəldi. İclasda fəlsəfə üzrə bir neçə mütəxəssis var idi. Onların fəlsəfi baxışları biri-birindən fərqlənirdi. O mövzu barəsində çox ciddi müzakirə baş verdi. Böyük Rəhbər öncədən heç bir hazırlığı və mütaliəsi olmadan müzakirəyə qoşuldu və çox mahir bir mütəxəssis kimi məsələni aydınlaşdırdı. Onun bu istedadı mənim təəccübümə səbəb oldu. Çünki bizə məlum idi ki, Məşhəd elm hövzəsində İslam fəlsəfəsi ilə məşğul olmurlar. Amma həmin gün şahid olduq ki, Böyük Rəhbər nəinki belə məsələlərə diqqətlə yanaşır, hətta çox kamil surətdə fəlsəfi məsələlər haqda məlumatlıdır və onları çox dəqiq şəkildə anlayır. Bu hadisənin baş verdiyi zamana və onun tutduğu mövqeyə diqqət edərkən, bizim üçün çox böyük əhəmiyyət daşıdığının şahidi oluruq. Çünki ölkənin siyasi problemlərinin və müharibə məsələlərinin çox qızğın bir dövründə, təbii ki, Prezident elm və fəlsəfi məsələlərlə məşğul olmur. Lakin Böyük Rəhbər zərurət olduğu təqdirdə ciddi bir fəlsəfi məsələni araşdırır və bu araşdırmanı çox gözəl şəkildə yerinə yetirir.