Qurbanlıq
Bir para ailələrdə, uşağa xüsusilə, uşaq oğlan doğulanda qurbanlıq kəsmək vacib sayılırdı. İnanırdılar ki, uşağa kəsilən qurbanlıq qiyamət günü bir dəvəyə çevrilər, uşağı dalına mindirib, Sirat körpüsündən keçirdər. Uşaq üçün kəsilən qurbanlıq evdə, ya evə yaxın yerdə kəsilərdi. Onun qanını, dərisini, içalatını haman yerdə qoyurdular. Onun ətindən yekə qazanda bışirib, ona istiot, sarıkök töküb kasa-kasa paylayardılar. Bu qurbanlıq sümüklərini qurbanlıq kəsilən yerdə basdırardılar.
Dayə
Uşaq yuyundurulub bələndikdən sonra bir ağbəxt ana barmağının ucu ilə uşağın ağzına kərə sürtərdi. Onun ardınca uşağa çay qaşığı ilə qəndab verirdilər. Bu işi edən adam az yeyən olmalı idi ki, uşaq böyüyəndə yeyimcil qarınqulu olmasın.
Üç gün uşağa kərə ilə şuvərən, türüncü, nabat xakəsi verirdilər. Kərə uşağın qarnını təmizləmək üçün verilirdi.
Dördüncü gündən uşağa süd verilərdi. Bir neçə gündən sonra ana südü gəlirdi. Ana südü gec gəlsə, ya uşaq əmcəyi tutmasa o ac qalır, çığır-bağır salırdı.
Əyanlar körpə uşağı saxlamaq üçün taya (dayə) tutardılar. Uşağa inək südü vermək istəməzdilər. Bu süd uşağın sağlamlığını pozurdu.
Belə bir inancdan asılı olaraq, uşağa dayə axtaranda çalışırdılar dayə mümkün qədər nəcib, xoşxasiyyət, sağlam, boy-buxunlu, südlü olsun.
Dayənin yeməyinə çox diqqət yetirər, ona qüvvətli yeməklər verirdilər. Başının üstə noğul, paxlava, peşmək, mürəbbə, bu kimi enerji doğuran yeməklər qoyardılar.
Dayələri uşağı olub qalmayan, südü aşıb-daşan, öz uşağından əlavə ayrı uşağı da əmizdirən anaların içərisindən seçirdilər. Bu dayələr uşağın süd anası kimi tanınardı.
Uşağı öz doğma anasından savayı öz uşağına süd verən qadın əmizdirəndə, bu uşaq həmin arvadın yaşıd qızı, ya oğlu ilə süd bacısı, ya süd qardaşı sayılırdı. Bir sira ailələrdə bu qardaş-bacılığa çox hörmət qoyulardı.
Dostları ilə paylaş: |