Bu kitaba görə sizi "düşmən dəyirmanına su tökməkdə", xarici qüvvələrə işləməkdə günahlandırırlar. Bu fikirlərə cavabınız varmı? Öncə qavramların içəriyini deşmək və nə anlam daşıdığını tanımlamaq gərəkir. ”Düşmən” qavramına hansı bucaqdan durub baxmaq önəmlidir. Sovet və İran tarixçliyi bucağından baxıldığında mən gerçəkdən də düşmənəm və düşmən dəyirmanına su tökürəm. Azərbaycanın və İranda yaşayan Türklərin gələcəyi baxımından baxıldığında mən bir aydınladıcıyam. Tarixin aydınladıcısı. Yüzillərin qaranlığını aydınlatmaq toplumun alışdığı çirkin gələnəklərə qarşı gəlməkdir və bu çox təhlükəli işdir. Avropanın aydınlanma sürəcində yüzlərcə aydını sırf bu üzdən, yəni toplumun çirkin alışqanlıqlarına qarşı gəldiklərindən öldürdülər, yandırdılar. Mən özüm də İranda və ya Azərbaycanda olsaydım, bəlkə də indiyə öldürmüşdülər. Üzeyir Hacıbəylini, Mirzə Cəlili də düşmən, satılmış, kafir olaraq görmürdülərmi? Görürdülər. Məni düşmən adlandırmaqla sorun çözülməz. Mən bu aydınladıcı çalışmalaram böyük bir sürətlə davam edəcəyəm. Gəlsinlər mənim yazdıqlarımı düşüncələri ilə və tarixi qaynaqlarla çürütsünlər. Mən bu kitabda öz açıqlamalarıma daha çox önəm verirəm. Qalan şeyləri başqa araşdırmaçılar da qaynaqlardan çxırıb tərcümə edə bilər. Ancaq tarix yazmaq sadəcə olayların zamanını təsbit etmək deyil. Üç tarix anlayışı var: 1- Nəqli tarix. Olayların gerçəkləşdiyi zamanları təsbit edib nəql edər. Azərbaycanda və İranda və Şərqdə yayqın olan tarix yazarlığı budur. Bir sürü olayların tarixini təsbit etmək. 2- Elmi tarix. Olayların səbəbini, nəticəsini və səbəb-nəticə arasında olan münasibətləri araşdırar. Bu tarix anlayışı Azərbaycanda yoxdur. 3- Tarix fəlsəfəsi. ”Tarix nədir?” sualına cavab arar və bəlli bir dönəmi tarixin bütünlüyü içində incələyər, zamanların ideyalarını araşdırararaq həm tarixi aydınladar, həm də düşüncə ürətər. İndiki zamanı aydınlığa qovuşdurmaq çox önəmlidir. Mən bu üç metoddan yararlanmışam.