H.B.ALLAHVERDİYEV
З.Т.МЯММЯДОВ
İNVESTİSİYA PROSESLƏRİNİN
TƏNZİMLƏNMƏSİ
(dərslik)
B A K I – 2003
Rəyçilər:
|
Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, i.e.d., prof. T.Ə.Quliyev, i.e.d., prof. A.B.Abbasov
|
Elmi redaktor:
|
i.e.d., prof. M.Meybullayev
|
Həsən Bəkir oğlu Allahverdiyev
«İnvestisiya proseslərinin tənzimlənməsi»
Dərslikdə investisiya proseslərinin tənzimlənməsinin nəzəri-metodoloji məsələləri, ölkənin milli iqtisadiyyatının inkişafında xarici investisiyaların rolu, investisiya və əsas fondların təkrar istehsalı, investisiya qoyuluşlarına tələbatın və onların strukturunun müəyyən edilməsi, investisiya proseslərinin tənzimlənməsinin iqtisadi mexanizmi, investisiya layihələrinin idarə edilməsinin əsasları, investisiya layihələrinin səmərəliliyinin müəyyən edilməsi və s. məsələlər öz əksini geniş tapmışdır. Dərslikdən bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr, aspirantlar, müəllimlər və həmçinin, bu problemlə maraqlanan elmi işçilər də istifadə edə bilərlər.
G İ R İ Ş
Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yüksəldilməsi, ümumimilli məhsulun strukturunda aparıcı sahələrin, xüsusilə, strateji sahələrin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir.
Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.
Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hələ 1994-cü ilin 20 sentyabrında imzalanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhəmiyyəti əvəzsizdir. Belə ki, 1999-cu ilin avqustunda «Əsrin müqaviləsi»nin beşinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyətə malikdir. Həmin sərəncamda göstərilir ki, Beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. «Əsrin müqaviləsi»nin imzalanması, Azərbaycanın müstəqil dövlət olaraq öz milli sərvətinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas yaratdı.
Beləliklə, beynəlxaq konsorsium yaradılaraq, indiyədək respublikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm prosesdə 14 xarici ölkədən 33 iri məşhur şirkətin iştirakı təmin edilmişdir. Hesablamalara görə bu mühüm saziş respublikada karbohidrogen ehtiyatlarından istifadə sahəsində ölkənin Xəzər regionunda aparıcı mövqeyə malik olacaqdır. Təhlil göstərir ki, indi-
yədək «Əsrin müqaviləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Ümumiyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il və daha çox müddətə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza təqribən 60 milyarda ABŞ dolları məbləğində investisiya qoyuluşları nəzərdə tutulur. Təhlil göstərir ki, Azərbaycanın müqavilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədər təşkil edir.
Respublikada geniş miqyas almış xarici ölkələrin investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsasən tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəçisi dövlətdir.
Bununla belə, mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyəti subyektlərinin müqavilə münasibətlərinə dövlət orqanlarının və vəzifəli şəxslərin həddən artıq müdaxilə etməsinə yol verilmir.
Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sərbəstdirlər. Deməli, buna görə də onlar respublikada ən səmərəli və perspektivli sahələrdən biri olan neft-qaz hasilatına investisiya qoymağa üstünlük verirlər. Məhz bununla bağlı, ən başlıca məqsəd bu istiqamətlərdə işlərin mümkün qədər daha da intensivləşdirilməsidir.
Qeyd etmək lazımdır ki, respublikada yaranan əlverişli siyasi, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi olan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar göstərir ki, xarici in-
vetisiya qoyuluşlarında dinamik, sürətli artım tempi mövcuddur. Belə ki, 1995-ci ilə nisbətən 1998-ci ildə investisiya qoyuluşlarının həcmi 3,7 dəfə artmışdır. İnvestisiya qoyuluşlarının 60-65 faizdən çoxu neft sənayesinin payına düşür. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən investisiya qoyuluşları da yüksək temp ilə artmaqdadır. Bununla yanaşı xarici firmalar tərəfindən sərf edilən investisiyaların da miqyasını genişləndirməklə xarici investiyaların məbləği də artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Britaniya və İranın firmaları investisiya qoyuluşlarında əsas rol oynayırlar. Buna 1995-ci ildə qəbul edilmiş «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu da geniş imkanlar açmışdır. Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır.
Məhz buna görə də ölkədə xarici investisiya fəaliyyətinin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici rolu və funksiyası daha da artmış olur.
Beləliklə, dərslikdə investisiya qoyuluşlarının dövlət tərəfindən tənzimlənməsinin elmi-metodoloji istiqamətləri kursun proqramına uyğun olaraq işlənmişdir. Həmin problemə dair respublikamızda ilk dəfə hazırlanmış dərslik ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Lakin ondan müəllimlər, aspirantlar və bu problemlə məşğul olan digər şəxslər də istifadə edə bilərlər.
Bununla belə, dərslikdə nöqsanlar da istisna edilmir. Dərsliklə bağlı irad və təkliflərini söyləyəcək oxuculara müəlliflər əvvəlcədən minnətdarlıqlarını birdirirlər.
Dostları ilə paylaş: |